Arif Quliyevin “aktyorluğu”

Arif Quliyevin “aktyorluğu”
4 oktyabr 2012
# 09:24
Diktafona danışıb, sonra təkzib etmək xəstəliyi

Həyatımız büsbütün böyük bir şou səhnəsinə çevrilib, hər kəs də aktyordur, oynayır. Hər birimiz nə vaxtsa qismən də olsa rola giririk. Amma bu qədəri deyəsən artıqdır... Elə bir sahə yoxdur ki, orda şou oynanılmasın, artıq aktyorluq edənlə etməyəni seçmək mümkünsüz olub. Bilmirsən kim nüsxədir, kim orijinal.

Aktyorluq edən aktyordan danışıram. Aktyor Arif Quliyev xəstəxanadan evə buraxıldı, Allah şəfasını versin, sağ-salamat idi, yaddaşını itirənə də oxşamırdı. Niyə yaddaş məsələsini qabartdım, çünki aparıcının ona - yaddaşınızı itirməyinizlə bağlı gəzən şayiələrə nə deyirsiniz ? – sualına hörmətli aktyorumuzun cavabını olduğu kimi verirəm: “Mən jurnalistə demişəm ki, yaddaş kitabçamı itirmişəm, o, da yaddaş sözünü saxlayıb, kitabça sözünü atıb. Nəticədə yayılıb ki, mən yaddaşımı itirmişəm”.

Bu yerdə adam ona böyük də olsa lap “bərəkallah ” demək istəyir. Əvvəla bir informasiya ki, rəsmi şəkildə onun özünün dilindən rəsmi, ciddi saytda gedib, ona şayiə demək sadəcə naşılıqdır. İndi keçək Arif Quliyevin necə məharətli aktyor olmasına, həm də səhnədə deyil, həyatda.

Onun yaddaşını itirməsi barədə informasiyanı mən vermişəm. Altından da kişi qızı kimi öz imzam gedib, peşə adətim belədir. Verdiyim informasiyanın altından öz imzam getməyəcəksə - yəni onun məsuliyyətini daşıya bilməyəcəmsə informasiyanı sadəcə vermirəm. İndi mənə verdiyi informasiyanı sizə təqdim edirəm, necə deyib elə: “Təzyiqim normallaşıb, amma hələ də ayağa qalxanda başım gicəllənir. Əsas müalicəni isə yaddaşıma görə alıram, çünki təzyiqimin oynaması yaddaşımda problem yaradıb. Həkimlər çalışırlar müalicə etsinlər ki, xatırlayım, görüm kiməm, nəçiyəm, harda işləmişəm. Yaddaşım düzəlməsə rolu əzbərləyib kinoya da çəkilə bilmərəm”. Görün, “bərəkallah” düşür ya yox?

Bu adam niyə belə eliyir? Sevimli sənətkarların qoy bu dəfə şəninə xələl gəlsin, o qədər onların şərəfini uca tutub haqqlarında şişirdilmiş yazılar vermişik ki, onlar da elə biliblər ki, bunlar elə özləri “şişmandılar”.

Arif Quliyev gördü ki, xəstələnmək bəzi həmkarlarına düşdü, maddi vəziyyətləri birə beş artdı. Uzun müddət xəstəxanada xəstə yatmaq isə daha düşərlidir, yastıqlarının altından böyük məbləğ əksik olmur. Allah heç kimə göstərməsin, heç kimə arzu olunası hal da deyil, amma sən demə, bu şou səhnəsində bunu arzulayanlar da varmış. Yaddaş barədə şişirtmə məlumat vermək Arif Quliyevin gözlədiyi nəticəni vermədi. Bu halda işin altından çıxmaq üçün günahı jurnalistin üstünə atmaq ən asan çıxış yoludur.

Son vaxtlar bu qəbilli hadisələrlə rastlaşanda çox təəccüblənirəm. Ya mətbuatda çalışdığım bu 16 ildə mən fil qulağında yatmışam ki, belə şeylərin fərqində olmamışam, ya da bunlar sadəcə “yeni ixtiralardır”. Kinoşünasla oturmuşuq, diktafon qoşuludur, mən sual verirəm, o, cavablandırır. Mənim gənc rejissorlara münasibətiniz necədir? – sualıma kinoşünas iki nəfər yaşlı rejissorun adını çəkib deyir ki, onlar artıq özlərini təkrar edirlər, yeni heç nə demirlər, yeni fikri deyə bilən gənclər var, yeri onlara versinlər. Mən də müsahibəni köçürürəm və təbii ki, bu fikri də yazıram, çünki həm müsahibə əsasında olan söhbətdir, həm də əslində düzgün fikirdir-kinoşünas fikridir. Səhər həmin kinoşünas zəng eliyir ki, o fikri mən sənin üçün demişdim, onu niyə yazmısan? Gəl indi bunu başa sal ki, siz axı diktafonun qoşulu olduğunu bilirdiniz, həmin sualı sizə niyə verdiyimi də həmçinin. Bilməli idiniz ki, mən sizdən müsahibə alıram axı, sözü bişirib deyəydiniz, burda jurnalistin nə günahı? Əgər diktafondan kənar etdiyimiz söhbətləri yazsaydım günahkar sayılardım, bu halda cənablar, özünüzdəki səhvləri düzəldin, lütfən. Mən hər hansı bir informasiyanı peşəmdən irəli gələn cəldliklə göydə tutacam, getməsini istəmədiyiniz infonu mənə ötürməyin.

Bəzən yanımda məqsədli şəkildə deyildiyini anladığım informasiyanı yazmamışam, çünki bunların şousunda iştirak etmək həvəsim olmayıb. Daha müsahibə zamanı verdiyim suala aldığım cavabı yazmağıma kimin nə sözü ola bilər?!

Çox rastlaşırıq belə hallarla. Ona görə deyirəm ki, hamı oynayır, gəl indi ayırd elə kim roldadır-səhnədədir, kim real həyatda?

Heç olmasa, bir şeyi nəzərdə saxlayın cənablar, aktyorluq peşədir, həyat tərzi deyil. Onu həyat tərzi hesab edirsinizsə, günah bizdən-o barədə yazan jurnalistdən getdi. Bir də sözü deyəndə unutmayın ki, diktafon adlı bir silah mövcuddur ki, bəd ayaqda qoşub deyilənləri dinləmək olur.
# 2358 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #