Yazmadığım statuslar

Yazmadığım statuslar
2 oktyabr 2012
# 05:00
Biz qalan binanın kasıb bir gözətçisi var. Yaxşı adamdı. Yaxşı da vurandı! Balaca bir iş icabı kişiyə bir araq söz vermişdim. Amma heç cür fürsət tapıb sözümü yerinə gətirə bilmirdim. O günü səhər tezdən işə gələndə rastlaşdım köhnə dostumla:

- Sabahın xeyir!

- Sabahın xeyir, qadan alım!

“Qadan alım” ifadəsini elə şirin dedi ki, ixtiyarsız əlimi cibimə apardım və bir beşlik çıxarıb gözətçinin ovcuna basdım. O, gülümsündü, bığlarından xoşbəxtlik töküldü. Amma beşliyi almadı, üzümə baxıb buyurdu:

- Müəllim, madam ki, əlini cibinə salmısan, bir beşlik də qoy üstünə, qonağım olacaq, urus arağı almalıyam!

Bir söz deyə bilmədim, əlim yenə ixtiyarsız cibimə gedib ikinci beşliyi çıxardı...

Əclaf rus arağı adıyla “zakuska” pulunu də məndən çıxardı. Və qəribədir ki, onun bu yalanına aldandığıma qəti əmin oldu.

...Nə yapalım, “zakuska”nı mən halal eləyim, arağı da xristianların allahı! Bizim allaha qalsa, işini-gücünü buraxıb bu bədbəxtin yeyib-içdiyini burnundan tökəcək!

***

Köhnə jurnalist dostlarımdan biri mənə zəng eləmişdi. Qəfil bu sualı verdi:

- Son vaxtlar nə yazırsan?

Qəfil sual, qəfil cavaba layiqdir:

- Status!

Dostum çaşdı, məlum oldu ki, onun Facebook haqda heç bir anlayışı yoxdur. Mən kiçik bir zarafat üzündən uzun-uzadı izahat verməli oldum.

***

Hərdən mənə elə gəlir ki, Allah bu qədər insanın kitaba-dəftərə sığmayan ah-naləsini yükləmək üçün yanında uzunqulağa oxşayan mələklər saxlayır.

***

Axundovun Şahbaz bəyi Mirzə Cəlilin İsgəndərinin oxuyub gələndən sonrakı aqibətini bilsəydi, Dərviş Məstəli şaha dönə-dönə minnətdar olardı!

***

Füzuli ilə Axundovun müqayisəli təhlili aparılıb bütün mahiyyəti ilə cəmiyyətə ötürülsə, vətəndaş müharibəsi baş verər. Nizami ilə Axundovun ziddiyyətlərini qovuşdurmaq isə əsl tərəqqi yaradar. Dünyada dəqiq bildiyim çox az həqiqətlərdən biri budur!

***

Dəprəm binasını xatırladan ürəyimin dağıntıları altından bir səs eşidirəm. O səsi diqqətlə dinləyib yazmam gərək! O səsi xilas etməm gərək!

***

Laçında pələng pəncəsi ilə ad çıxardan bir qohumumuz qocalıqdan əriyib quru ağac budağını xatırladan əllərinə baxıb dedi: “Həyat ermənidən qəddardır!”

***

Bərk xəstələnmişdim. Həyəcanla dərman hazırlayan, ayağımı isti suya qoyan, boynumu ovxalayan, bir sözlə başıma pərvanələr kimi fırlanan həyat yoldaşıma baxıb dedim:

- Ölüb eləsəm çox ağlama, uzun müddət yas saxlamağını da istəmirəm. Məndən sonra ürəyin istəyən birinə ərə gedə bilərsən... Halallıq verirəm...

Qadın maraqla sifətimə baxıb dedi:

- Demək istəyirsən ki, mən ölsəm, evlənərsən?!

***

O günü belə bir status yazmışdım:

“Hər səhər evdən işə götürməyə bir alma verirlər mənə... Bugünkü bir az iri oldu, cibimə qoya bilmədim. Metronun girişində polis almaya şübhə ilə baxıb sehrli çubuğu ona yaxınlaşdırdı. Birdən gözləri bərəldi və həyəcanla dedi: "Almanın içindən qadın səsi gəlir!"

Statusun səhəri günü, adi bir məişət konusunda məndən inciyən xanımım işə götürəcəyim vacib əşyaların yanına iri bir alma qoymuşdu...
# 1806 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
Vida məktubu

Vida məktubu

16:30 25 iyul 2024
Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

15:00 25 iyul 2024
# # #