Oxucu yazır, yazar oxuyur

Oxucu yazır, yazar oxuyur
21 avqust 2012
# 09:00
İllər öncə televiziyada eynəkli bir kişi gördüm. Qəribə baxışları, fərqli danışıq tərzi, intellekt və ideya fışqıran siması, əllərinin xaotik, lakin maraqlı hərəkətləri ilə məni televizorun önünə mismarladı. O zamanlar bir damcı fərqli məlumata, fərqli cümləyə susamış halda bu kişinin verilişlərini mütəmadi izləməyə başladım. Sonra məqalələrini. Sonra da “Nekroloq”unu. Və nəhayət, son illərdəki “konspiroloji” mətnlərini.

Təbii ki, söhbət Həmid Herisçidən gedir. O Həmid Herisçi ki, bir zamanlar “posmodernizmi” Azərbaycana gətirdiyini iddia edirdi. İndi də ədəbiyyatda konspirologiyanı dartıb ölkəmizə gətirdiyi ilə öyünməkdədir. Özünü həm postmodernizmin, həm də konspirologiyanın ustası olan Umberto Ekoya bənzətməkdədir (Zənnimcə, konspiroloji ədəbi mətnə Ekovari yanaşmaya ayrıca yox, məhz postmodernizmin bir texnikası kimi baxmaq lazımdır).

Həmid bəyin bu yolçuluğu, məqalələrindən izlədiyim qədəri ilə, özünün və atasının İran inqilabçıları ilə tanışlığını, onların “gizli” sirlərini, fədailərlə bağlı bildiklərini bizə nəql etməklə başladı. Sonra bura nasizmin gizlinləri, “KQB” – İran, “SS” – İran, superdövlət Amerikanın gizli oyunları filan əlavə olundu. Maraqlı idi. Ən azından bu mövzularda ilk dəfə idi ki, belə maraqlı dillə danışılırdı. Amma bir yerə qədər.

Yenə də bunları kənardan baxıb bir az gülüşlə, bir az ciddiyyətlə, saf-çürük edərək, bir oyun göstərməklə kifayətlənsəydi, maraqla oxumağa davam edərdik. Amma Həmid Herisçinin artıq müsahibələrində də yazdıqlarına səmimi-qəlbdən, şübhə yeri qoymadan inandığı hiss olunur. Burda artıq icazə verin, Həmid Herisçinin ciddiliyinə də, intellektuallığına da böyük bir şübhə duyaq.

“Bizimyolinfo.com” saytındakı son müsahibəsində (15.08.2012) lap gül vurub Hemid Herisçi. Dünyanın axırı, dərviş zəlzələləri, “terrekenez”, ekstrasenslər, sonuncu imamın zühuru...və bütün bunlara müəllifin səmimi inancı. Və Zaxariyya Siçin (Zecharia Sitchin) kimi qeyri-ciddi, alimlər tərəfindən “iqnor” olunan birisinə ciddiyyətlə istinad etmək. Hər şey aydındır.

Dünyanın axırı məsələsinin Müqəddəs Kitabdan gəlmə bir tərcümə səhvi olduğu artıq əksəriyyət tərəfindən qəbul edilib. Nə mənada? İbranicədə "the end of the age" (eranın sonu) anlamına gələn ifadə Günəşin balıq bürcündə olma erasının bitməsinə işarədir. Bundan sonra dolça bürcü gəlməlidir. Sonrakı dillərə tərcümələrdə "dövrün, eranın sonu" ifadəsi "dünyanın sonu" kimi gedib, sonradan düzəlişlər olunub. Bu söhbətlər heç əslində İncil ilə başlamır. Yəni daha qədimdəki sivilizasiyalar bunu müşahidə edirdilər. Qədim insanlar vaxt bolluğundan səmanı müşahidə edib, oradakı prosesləri izləyirdilər, ulduz kombinasiyalarını nəyəsə oxşadıb öz təsərrüfatlarına, məişətlərinə uyğun adlandırırdılar. Karl Saqanın yaxşı fikri var. Deyir, əgər indiki dövrdə bürclərə ad verilsəydi, insanlar onları soyuducu, avtomobil filan adlandırardı.

Hər yerdə bilinən bir məlumat olduğu üçün bunu misal olaraq yazdım. Astroloq, astrofizik olmadığımdan detalları bilmirəm. Və Həmid Herisçi də bilmir. Bilməyi vacib də deyil. Amma min illər öncə insanların uydurduqları şeyləri indi həqiqət kimi inanıb öz oxucusuna təqdim etmək iki cür yozula bilər: müəllifin tənəzzülü və oxucuya yuxarıdan aşağı baxmaq, “sən mənim dalğama girə bilməmisən” demək.

Hər yer doludur bu tip söhbətlərlə. Həm də lap təzələri çıxıb. Həmid bəysə hələ köhnə söhbətlərdən danışır. Nəsə deyəndə də, deyirlər hələ o dalğaya girə bilməmisiniz, Həmid Herisçini anlamaq hər adamın işi deyil.

Həmid Herisçinin fikirləri maraqlı ola bilər, amma danışdıqları ciddi faktlara söykənmir, daha doğrusu, ayrı-ayrı faktlar arasında gərəksiz əlaqələr qurmağa çalışır. Qurandan möcüzə tapıb çıxaranlar da, nə bilim falçılar da, məşhur Zirəddin də eyni məntiqlə danışır. Dünyada belə yazarlar var, konspiroloji mətnlər yazmağa çalışırlar guya, bunların ən öndə gedəni Den Braundur (Dan Brown) ki, onun da ciddi yazarlar arasında çəkisi yoxdur.

Həmid bəyin özünü bənzətdiyi Umberto Eko belələrinə "şeytançılar" deyir. "Fuko rəqqası" əsərində də yaxşıca lağ edir bunlara. Gəl ki, Həmid Herisçi heç bu “şeytançılar” kimi ortaya bol mətn də qoya bilmir. Yenə də müəllifin yazdıqlarına inancına qayıdıram. Den Braun belə müsahibələrində bir bədii mətn yazdığını, əksəriyyətinin həqiqətə uyğun olmadığını deyir. Zatən əsərlərinin sonunda da hadisələri təbii, ağlabatan səbəblərlə bağlayır.

Düzdür, Həmid Herisçinin ədəbiyyatdakı, fəlsəfədəki intellektual bazası imkan verir ki, maraqlı insan olsun, yazdıqları oxunsun, amma nə olsun? Bir dostum deyir ki, qatığın qara olduğunu sübut eləmək istəyir, bu da hər adamın işi deyil. Qatığın qara olduğunu sübut etmək kimə gərəkdir? Qatıq ağdı, vəssalam. Qatığın qaralığını sübuta cəhd etmək üçün fəlsəfənin ya əvvəlində olmalısan, ya da lap sonunda.

Ədəbiyyatla bağlı heç, buna şübhə yoxdur ki, Həmid Herisçi mütaliəyə, özünəməxsus düşüncə tərzinə malikdir. Amma konkret konspirologiya sahəsində ciddi intellektə, məlumatlara sahib olduğuna inanmıram. Məncə, olması da mümkünsüzdür. Bildiyim qədəri ilə rus dilindən başqa mükəmməl bildiyi xarici dil yoxdur ki, başqa dildəki müxtəlif mətnləri araşdırsın, mən hələ latın, yunan dillərini demirəm. Ciddi astroloji müşahidələr aparacaq texnologiyaya malik deyil. Ya da biz bilmirik, bəlkə də dünyanın məşhur kitabxanalarında, qədim mətnlərin saxlanıldığı məkanlarda araşdırmalar aparır? Gedib şumer lövhələrini oxuyur, ya da CİA və keçmiş KQB arxivlərinə birbaşa girişi var? Həmid Herisçi bağışlasın bizi, hazırda Həmid Herisçinin yalnız internetdən araşdıraraq arxeoloji qazıntılar üzrə elmi əsər yazan tarixçi alimlərimizlə heç bir fərqi yoxdur. Fındığın üstündə “allah” sözü axtaran, elmi kəşflərin 1400 il qabaq Quranda yazıldığını deyən, “Sahib-əz-Zamanın” dönüşünü səbirsizliklə gözləyən, hələ də ulduz falının insan taleyinə təsirinə inanan “alimlər”dən, altı aya tarixi roman yazan yazarlardan heç bir fərqi yoxdur. Heç özünü Mehdi elan edən, dünyadakı hər şeyi masonların idarə etdiyini söyləyən, gizli təşkilatların ən qatı sirlərindən kitablar yazan Harun Yəyhadan da fərqlənmir.

Təbii ki, beynimizin həcmi kiçik, ala bildiyimiz informasiya, qəbul edə biləcəyimiz həqiqətlər azdır. Yəni hər şey ola bilər, başqa planetdən varlıq da gələ bilər, dünya bir gün milyardlarla ulduzların biri ilə toqquşub məhv ola bilər, ya da böyük partlayışdan sonrakı genişlənmə nəticəsində indidən milyon il sonra yer tamam başqa hal ala bilər. Bəlkə də doğrudan dünyada gizli qüvvələr var, onlar bizi idarə edirlər. Amma inanın, bu nə bizim, nə Həmid Herisçinin, nə onun bəhs etdiyi “fədailər”in, dərvişlərin, “terrekenez”şünasların xörəyi deyil. Həmid bəy ezoterizmə də iddia etməsin. Milyardlarla pulların xərcləndiyi, son texnologiyaların dəstəyindən istifadə edən ciddi elmin yanında ezoterizm necə gülməli görünürsə, Həmid Herisçinin “fikir və araşdırmaları” da ezoterizmin yanında elə görünür.

Sonda yenə də Ekonun “Fuko rəqqası”ndan bir misal gətirərək yekunlaşdırıram. Təsadüfən tapılmış bir yazıdakı mesajları oxuyaraq böyük bir macəraya girən, Gül-Xaç, Məbəd Cəngavərləri, Opus Dei, qədim heretiklər, druidlərdən tutmuş mason lojalarına qədər hər şeyi araşdıran, təhlükələrlə üz-üzə qalıb özlərini ölümə atan qəhrəmanlardan biri Casaubon sonda arvadının üzə çıxardığı həqiqətlə üzləşir - əslində yazı bir mesaj yox, sadəcə alış-veriş siyahısı imiş...

Və beləcə, balaca ədəbiyyatımızın Həmid Herisçi erasının bitdiyinə şahid olmaqdayıq. Təəssüf!

P.S. Bu yazı ordan-burdan bir-iki məlumat öyrənib onu nümayiş etdirmək istəyən birisinin nəyəsə iddiası deyil. Sadəcə, daimi oxucularından birinin Həmid Herisçiyə Həmid Herisçidən şikayəti və təəssüfüdür.

Rəşad Səfər
# 1760 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #