Lal qızın sevgi hekayəti

Lal qızın sevgi hekayəti
6 avqust 2012
# 11:41
Qapı döyüldü, açdım. Orta boylu, əsmər, uzun saçlı bir qız idi. Əlindəki telefonu mənə uzatdı. Mən nə olduğunu anlamamış danışmağa başladı. Daha doğrusu, danışmağa çalışmağa.

Qız lal idi. Sözləri çox çətinliklə tələffüz edirdi desəm doğru olmaz. Sözlərin baş hərflərini deyib, davamını gətirməyə, bir yandan da jestləriylə məni başa salmağa çalışırdı.

Lal insanla danışmaq təcrübəm olmasa da qızın deməyə çalışdıqlarını anlayırdım. Doğru anladığımı dəqiqləşdirmək üçün də dediyi hər sözü ona təkrarlayıb, başı ilə təsdiq etməsini gözləyirdim.

Belə başa düşdüm ki, bacısıgilə qonaq gəlib. Nə zamansa qohumlarıgilə qonaq gedəndə orada bu qızı bir oğlan görüb. Oğlan qızın nömrəsini kimdənsə alıb. Və bir gün sonra qıza zəng edib. Qız danışa bilmədiyi
üçün telefona cavab verməyib. Zənglərinə cavab verilmədiyini görən oğlan qıza mesajlar yazıb. Və beləcə mesajlaşıblar. Oğlan görüşməyə məcbur edəndə, onsuz da bu barədə heç kimə deməyən qız çarəsizlikdən bizə gəlib.

Məndən xahiş edirdi ki, zəng edib oğlana qızın adından “Bu nömrəyə zəng etmə. Cavab verə bilmirəm” deyim. Bunu etmədim. Qıza bunun doğru olmadığını onu üzmədən dedim. Dediklərim qızın xoşuna
getmədi deyəsən, başı ilə təşəkkür edib, getdi.
İki gün sonra yenə qapı döyüldü. Qapını açdım. Əlində telefon, "Mesaj yaz ki, daha məni narahat etmə" deyə başa salmağa çalışdı, yenə də jestlərlə və bəzi sözləri telefona yazaraq. Bunu niyə özünün etmədiyini soruşdum, “Mən yaza bilmərəm” dedi dolmuş gözlərlə üzümə baxıb və mənə,
oğlana qətiyyən onun lal olduğunu deməməyimi tapşırdı. Dediyini etdim, mesajı yazdım.

Qız getdi və axşam yenə gəldi. Telefonunu mənə uzatdı, yazılanı oxumağımı tapşırdı öz “dili” ilə.

Yazırdı:
“Danışa bilmirəm deyə mənə uşaq kimi davranırlar. Sanki ağlım yoxdur, nə də hisslərim. Mən hər şeyi anlayıram. Özümü lazımsız hiss edirəm. Haqlıydın, belə etməyim doğru deyildi. Kiminsə hissləriylə oynamaq mənə yaraşmazdı. Amma mənim də sevilməyə, dəyər, diqqət
görməyə çox ehtiyyacım var. Xəstəyə, lazımsız adama, uşağa edilən diqqətə ehtiyyacım yoxdur. Mən xəstə deyiləm. Ailəm də daxil heç kəs məni nəzərə almır. Çünki lalam, danışa bilmirəm. Oğlan elə vaxtda qarşıma çıxdı ki, özümdən asılı olmayaraq onunla mesajlaşdım. Gerçəyi ortaya qoymaq üçün bir neçə dəfə cəsarətlənmişəm. Amma lal olduğumu desəydim, o da məni sevməyəcəkdi. Ya mənə yazığı gələcəkdi, ya da onu aldatdığım üçün mənə nifrət edəcəkdi, indikindən daha çox... Qoy, onun üçün həmişə yaxşı qız olaraq qalım. Bilməyini istəmədim. Sən də çox sağol, məni dinləyib, kömək etdiyin üçün”.

Mesajı oxuyub bitirəndən sonra, telefonunu əlimdən alıb, getdi. Heç nə deyə bilmədim. O da, mən də eləcə susduq.

Düşündüm, hissləri olmayan kimdir, sağlam adlanan bizlər, ya sayəmizdə özlərini lazımsız, utancaq, tək hiss edən onlar?
# 1760 dəfə oxunub

Oxşar xəbərlər

Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
#
#
# # #