Kinonun inkişafı üçün nə lazımdır?

Kinonun inkişafı üçün nə lazımdır?
3 avqust 2012
# 10:16
Məsələn, təklif edirəm ki, rejissor peşəsi seçənlərə Kristofer Nolanın “Following” filmi tədris edilsin.

Nolan ingilis rejissorudur.

1970-ci ildə doğulub. 28 yaşında ilk tammetrajlı filmini “Following”i çəkib.

Filmin çəkilişləri ona nə az, nə çox 6 min dollara başa gəlib.

Halbuki, Azərbaycanda hər qısametrajli filmə ayrılan büdcənin həcmi 20-30 min manat civarındadır.

Üstəlik, bu büdcəylə əksər hallarda da ortaya urvatlı film çıxarılmır.

Nolan təcrübəsində bir daha göstərdi ki, rejissor hər şeydən öncə nə istədiyini biləcək.

Kreativ olmasa uğurlu nəticəni əldə etməyəcək.

Minimum büdcə daxilində xəyal gücünü işə salacaq. Başqa sözlə desək, böyük maliyyə vəsaiti tələb edilən kadrlarda, maliyyəyə ehtiyacı olmayan və ya az məsrəfli priyomlar, ifadə vasitələri tapacaq.
Axı, məhdud imkanlar beynin daha çevik işləməsini təmin edir. Təbii, beyni olanlar üçün.

Qorxmadan, çəkinmədən eksperimentlərə gedəcək.

“Following” alternativ kinodur. Festivallarda mükafatlar alıb.

Ssenarini də rejissor özü yazıb. Mövzu da bizə yad deyil.

Noir stilində lentə alınan triller gənc yazıçının polisə verdiyi ifadə ilə başlayır. O, tənhalıqdan küçədə insanları müşahidə edir, həm də əsərləri üçün xammal toplayır, sonda isə maddi ehtiyac onu cinayətkarlığa sürükləyir.

Zəruri qeyd: Film prokatda 40 min dollardan çox gəlir götürüb.

Dünən 114 yaşını qeyd edən qos-qoca kinomuzun inkişafı üçün daha nə lazımdır? Məsələn, tələbələrə usta rejissorların master klasslarının tədrisi.

Əminəm ki, “Fokus” jurnalının son sayında “Pedro Almodovardan kino dərsi” tələbəyə daha çox bilgi verəcək, nəinki nəzəri, akademik mühazirələr, yaxud “Əhməd haradadır” filminin yaranması tarixindən danışmaq.

Kino sənətində dirçəlişin hansısa kino təşkilatlarının, qurumların yox, kreativ düşünən, məmurluq iddiasından uzaq, ənənəvi yaradıcı qaydaları pozan qrupların, çoxlu studiyaların meydana gəlməsinin hesabına olacağına inanıram. Necə ki, Avropa kinosu təcrübəsində bunu təsdiqlədi.

...Bu arada Azərbyacan kinosu 114 yaşını Elxan Cəfərovun Qarabağ müharibəsindən danışan “Dolu” filminin premyerası ilə qeyd etdi. E.Cəfərovun filmləri ayrı yazının mövzusu olduğundan bir-iki məqamı deməklə kifayətlənəcəm.

Müharibəni yaşayan Aqil Abbasın sseanrisi tamaşaçıya o dövrün gerçəkliyini bir daha görmək imkanını verir. Döyüş səhnələri keyfiyyətli həll olunub. Musiqidən ifrat istifadə olunsa da, təhkiyə daha çox “ekşn” üzərində qurulsa da, ümumiyyətlə, müharibə fonunda insan taleyi xətti dərin işlənilməsə də, hər halda “Dolu”ya hər bir azərbaycanlının baxması vacibdir. Əsas odur ki, filmdən sonra təəssürat qalır.

Tədbirdə bu sahədə külüng çalmış, saç ağartmış kino işçilərinə mükafat da verildi.

Məncə indiki halda Azərbaycan kinosuna ən böyük mükafat - prokatı olmayan kinomuzun uzərindən verginin götürülməsi, ildə 3-5 qısa filmi istehsalata buraxmaqdansa, 20-30, lap 40 ssenarinin kiçik büdcələrlə maliyyələşdirilməsi, bununla daha çox rejissora öz potensialını göstərmək şansının verilməsi olardı.

Bu həm də ona görə vacibdir ki, əvvəl-axır dialektikanın dəyişməyən - kəmiyyətdən keyfiyyətə keçmə qanunu reallaşacaq.
# 5400 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #