Ciyərimə yığılan su

Ciyərimə yığılan su
30 iyul 2012
# 09:36
Atamın vəfatından bir neçə il sonra mən hərbi xidmətə yollandım. O vaxt artıq ixtiyar yaşında olan kövrək anam təmtək qaldı. Uzaq Naxçıvana düşmüşdüm, əlim çatmır, ünüm yetmirdi. Amma bizi xilas edən məktublar oldu, hər həftə anamdan məktub alırdım, hər həftə ona məktub yazırdım. O məktubların hamısını qoruyub saxlayıram, qayıdıb gələndən sonra o məktubları sətirbəsətir, cümləbəcümlə yenidən oxudum və gördüm ki, bu məktublarda bizim ana-bala kimi bütün ömür boyu etmədiyimiz, amma hər ikimizin ehtiyac duyduğumuz isti, məhrəm, pünhan söhbətlər yer alıb.

Üzbəüz surətdə bəlkə də heç vaxt biz o söhbətlərə, o dərinliklərə qədər gedib çıxa bilməzdik. Aramızdakı uzaqlıq zaman-zaman içimzdə yığılıb qalmış məhrəm duyğuların bəndini qırmışdı. Anama məktublar yazırdım:

“Anacan! Son vaxtlar birgə olduğumuz bir şəkil var,- o fotonun surəti tez-tez gözlərim önünə gəlir. Atam, sən və mən- körpə oğlan uşağı... Üçümüzün birlikdə olduğumuz ilk və sonuncu şəkildir bu foto. Bir daha heç vaxt üçümüz birlikdə olmayacağıq. Bəlkə də bu foto atamın, sənin və mənim –üçümüzün də ömrünün ən xoşbəxt anıdır. Mənə elə gəlir ki, heç vaxt özünüzü bu şəkildəki kimi bəxtəvər saymamısınız. Qəribə də olsa, o şəkildə üzünüzdə olan ifadəni – xoşbəxt təbəssümü mən sonralar heç birinizin üzündə görmədim. Bu xoşbəxt anı tutub saxlayan fotoqraf da artıq həyatda yoxdur.

İllər keçəcək, heç birimiz həyatda olmayacağıq. Amma bu şəkil qalacaq-dünyada, yer üzündə nakam taleli bir ailənin yeganə nişanəsi kimi...

...Biz nə vaxtsa görüşəcəyik, yenə birlikdə olacağıq- o şəkildəki kimi. İntəhası, başqa görkəmdə, ayrı qiyafədə. O anların şəklini çəkən olmayacaq daha... Gözlərdə kədər olacaq, təəssüf olacaq, qəzəb olacaq... Bu dünya bizi xoşbəxt edə bilmədi. Tfu bu dünyanın üzünə!

Daha o şəklə baxmaqdan qorxuram!..”

04 sentyabr, 2003-cü il.


Mən əsgərlikdən qayıdandan iki il sonra anam dünyasını dəyişdi, bu boyda dünyada tək-tənha qaldım. Nəhayət, 2008-ci ildə evləndim və mənim toyumda şair Əlisəmid Kür söz deyərkən “indi sən o şəklin üzünə baxa bilərsən!” söylədi.

Anamın mənə yazdığı məktubları vərəqləyirəm, qəhər məni boğur. O, mənə belə cavab yazımışdı:

“Əziz balam!

Sentyabrın 4-də yazdığın məktubu aldım. Elə məktubu səndən birinci dəfədir alıram. Məktubu oxudum. Qəribə məzmunlu idi.

Təzədən elə bil hər şey yeniləşdi, kövrəldim, hər şey gözümün qabağında dayandı...

Həyat etibarsızdır. Dünya puçdur. Şəkilləri əbədidir, buna söz yox. Olmuşları unutmaq olmaz. Nə etməli?.. Allah atana rəhmət eləsin! Uşağım, kədərlənmə.

Səni bağrıma basıram!

Oğlum, gələndə mənə yaz, nə vaxt gələcəksən? Səni gözləyirəm.

(Xəttim ilan-qurbağadır? Bağışla!)”

Bu məktubun sonunda 17 sentyabr, 2003-cü il tarixi göstərilib. Mən anamın “üslubuna” toxunmadım, necə yazıbsa, eləcə bura köçürdüm. Bu məktubları oxuduqca yenidən özümə əzab, işgəncə verdiyimi bilirəm. Anamın nəfəsi hopmuş bu kövrək məktublar əlimi də, içimi də yandırır. Yeganə övladından ötrü son dərəcə narahat olan ananın çarəsiz çırpınışları, bununla belə, yazdığı məktublarda oğluna dözüm arzulaması indinin özündə də məni bərk həyəcanlandırır. Özünün təsəlliyə, qayğıya ehtiyacı olduğu halda balasına təsəlli verir, nikbin ruh aşılayır.

Hər bir insanın həyatı ədəbiyyat üçün xammaldır. Öz həyatının aşkar-gizli məqamlarını, düşüncələrini geniş publikanın nəzərinə çatdıran adam oxucunu öz haqlılığına inandırmaq inadında olan insanlar cərgəsinə düşmək təhlükəsiylə üzləşir. Bəndəniz də bu təhlükədən sığortalanmayıb, bu kimi hallar bəzən müəllifin əleyhinə işləyir və ömür tarixçəsinin yazılmasıyla bağlı məmnunluq hissindən onu məhrum edir.

Məncə, bu qeydlərdə zərrə qədər də özünü haqlı çıxarma cəhdləri, özünə bəraət qazandırmaq meyli yoxdur və bundan sonrakı nəqletmə prosesində də olmayacaq. Nə necə olubsa, eləcə, artırıb-əksiltmədən yazmağa çalışıram və ancaq yaddaşıma arxalanıram. Yazı prosesində az qala tamamilə unutduğum hadisələr qəfildən şüur axınına qoşulub yaddaşıma qayıdır. Bu yazıyla mən həm də yaddaşımı sınağa çəkirəm, yaşımın azlığına rəğmən gördüklərim, yaşadıqlarım, başıma gələn hadisələr beş ömrə bəs edər. Keçmişə qayıdıb nələrisə saf-çürük etmək, xatırlamaq, yada salmaq, xatirələrin tozunu almaq olduqca yorucu işdir.

“Mənə bu məktubu o şəkil yazdırdı; ömrümüzün ən parlaq xatirəsi olan, bir əlcə kağızda donub qalan anın cazibəsi, sehri yazdırdı. O şəkillə bağlı nisgil əbədi olaraq mənim ürəyimdə dolaşacaq. Son nəfəsimə qədər mənimlə olacaq.

O şəkil xoşbəxtliyimizin zirvəsi imiş... Ölüm, itgilər hələ sizdən çox-çox uzaqdadır. Qarşıda yaşanacaq illər var. Hər ikiniz qucağınızdakı körpəyə ümidlə, sevgiylə, gələcək həyatın barı-bəhrəsi, sevinci kimi baxırsınız... Taleyin sizinçün hazırladığı oyunlardan hər ikiniz xəbərsizsiniz...”

04 sentyabr, 2003-cü il


Bu məktubu hospitalda yatanda yazmışdım. Düz bir ay idi ki, Batabatdan birbaşa buraya göndərilmişdim, uzun müddət zirzəmiyə oxşar rütubətli kazarmada yatmağım öz işini görmüşdü; ciyərlərimə su yığılmışdı. Düşünürdüm ki, daha işim bitib, mənimki də bura qədərmiş. Fizioterapiya şöbəsində yatırdım, həkimim kapitan Eldəniz Yusifov idi. Çox gözəl insan idi, mənə xüsusi hörməti vardı. Hospitala yerləşdirilən günün səhərisi rentgenə yolladılar, məlum oldu ki, ciyərimə su yığılıb. Diaqnoz qoyuldu: Qeyri-vərəm mənşəli eksudativ plevrit!

Şoka düşmüşdüm. Eldəniz həkim az qala bütün vaxtını mənə sərf edirdi ki, depressiyadan çıxım. “Sən hələ cavansan, bu sahənin mütəxəssisi olan bir həkim kimi sənə deyirəm, burda qorxulu heç bir şey yoxdur, düzgün müalicə alandan sonra tamamilə sağalacaqsan, inan mənə”. O, istəyirdi və cani-dildən çalışırdı ki, mən ona inanım. Deyəsən, yavaş-yavaş inanmağa başlayırdım. Eldəniz həkim mal iynəsinə oxşayan yekə şprisi qabırğamın altına yeridib ordan üç litr su çəkdi və bundan sonra tədricən dirçəlməyə başladım.

Hospitalda iki aydan çox qaldım və çıxanda özümü çox gümrah hiss edirdim. Neçə il sonra “Vətəni köndələn əsgər” poemasında yazmışdım:

...məndən həyatı aldılar,
tam təslim halına gəldim,
başının altına çəkic qoyub yatanların
simfoniyasını oraqla cızdım
nəmli divarlara...
Donan sükut deyir:
Unut, unut, unut!
Hər şeyi unut!..
# 1352 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #