“Xocalı ayı”: Sükutun səsi – Tural Cəfərli

“Xocalı ayı”:  Sükutun səsi – Tural Cəfərli
4 fevral 2022
# 14:00

Xəbər verdiyimiz kimi, Kulis.az “Xocalı ayı” elan edib. Fevral ayı boyunca saytımıza göndərilən Xocalı haqda şeir, hekayə və esseləri çap edəcəyik.

Kulis.az “Xocalı ayı” çərçivəsində Tural Cəfərlinin “Sükutun səsi” şeirini təqdim edir.

Xocalıda həyatını itirmiş 5 yaşlı Səlim üçün

Əllərini yarpaq bildi,

Meşənin ağacları...

Qırmızı papağın

May böcəyinə bənzədi,

Qarın üstündə...

Ayaq izlərini tapan olmadı,

Heç gizləndinmi, heç yıxıldınmı...?!

Qanad açıb uçdunmu, uzaqlara...?!

Kaş yaşın çataydı, ömrün yetərdi,

İşlədə biləydin bir suç, bir günah...

Necə ağladın ki,

səni eşitmədi, səni duymadı?

Hər şeyi bilən Allah...?!

Gizlənqaç oynadın bəlkə özünlə?

Ya güldün, oyunmu bildin gecəni...?!

Süd dişini buğda bilib quşlarmı apardı?!

Nənənin belinə sarıdığı şal,

İsti saxladımı səni o axşam...?!

Bitmək bilmədimi o zülmət gecə,

Niyə tələsmədi zaman bir azca...?!

Niyə Ayın üzü tutulmadı heç,

Niyə səni görüb qara buludlar

Daş olub düşmədi dolu yerinə...?!

Susmalı deyildi o gecə -

Nə dağlar, nə çaylar,

Bəlkə də susmadı,

danışdı, ağladı, bağırdı -

Bütün təbiət, bütün var olan...

Öz dilində, öz səsində...

Biz eşitmədik, duymadıq, bilmədik...

# 1678 dəfə oxunub

Müəllifin son yazıları

# # #