Varlılar və kasıblar necə gülür?

Xəyyam Rəfili, yazar

Xəyyam Rəfili, yazar

11 aprel 2022
# 13:20

Kulis.az Xəyyam Rəfilinin “Gülümsəyin, cənablar, gülümsəyin!” yazısını təqdim edir.

Cəlaləddin Rumi deyirdi ki: “insanın necə gülməyindən onun tərbiyəsini, nəyə gülməyindən isə səviyyəsini anlaya bilərsən”.

Demək ki gülmək, diqqət yetirməli olduğumuz məsələlərdən olmalıdır. Mən də diqqət yetirdim və qəribə şeylər kəşf elədim.

Bu gün kim necə gülür? Kim necə gülmək istəyir amma hələ gülə bilmir? Kim kimdən sonra, kim də kimdən əvvəl gülür və gülməlidir də?

Gülərkən insanın çıxartdığı səslər gülən adamın maddi vəziyyətinə və tutduğu vəzifənin yüksəkliyinə görə dəyişir. Məsələn: ən varlı, yaxud vəzifəli adamlar “A” səsindən istifadə edirlər. Yəni HA-HA-HA şəklində gülürlər. Əgər onların yanında vəzifəcə aşağı olan biri varsa, onun ən cəsarətli gülüşü “E” səsi ilə olur. Yəni HE-HE-HE şəklində. Lakin eyni adam rəisinin yanında deyil, öz tabeçiliyində olanların yanında ürəklə “A” səsli gülüşdən istifadə edir, altdan-altdan da yanındakıların hansı hərflə güldüklərini diqqətlə izləyir. Bundan o, kimin onun yerində gözü olduğunu anlaya bilər.

Əlbətdə, “E” səsi ilə gülən adam bir gün hamının yanında ürəkdən “A” səsi ilə gülmək arzusunu da heç vaxt unutmur. Lakin bu “xöşbəxtlik” hamıya nəsib olmadığı üçün bəzən ömrünün sonuna qədər “E” ilə kifayətlənir.

Bir də var “İ” səsi ilə gülənlər. Bunlar rəislərinin patronunun yanında gülməyə cəsarət edənlərdir ki, onların da cəsarəti yalnız Hİ-Hİ-Hİ şəklində ortaya çıxır. Buna el arasında “qımışmaq” deyirlər. Ən qəribəsi də odur ki, bu ardıcıllıq heç vaxt pozulmur. Yəni istər başdan, istər ortadan və istərsə də axırdan bir hərf düşərsə, o boşluq dərhal doldurulur, nəticədə HA-HA-HA, HE-HE-HE, Hİ-Hİ-Hİ ardıcıllığı qorunub saxlanılır.

Hə, bir də “O” səsi ilə gülənlər var. Bu “O” səsi ilə gülənlər ən aşağıdakı pillədə olanlar olsa da onlar hamıya və hər şeyə gülürlər. Ən ürəkdən isə öz siniflərindən olanların yanında rəislərinin dalınca HO-HO-HO şəklində gülməkləri olur. Onlar nadir hallarda hərf dəyişdirirlər. Çünki özlərindən yuxarıda olanlarla bir yerdə olmaqdan qaçırlar. Lap olmaq istəsələr belə artıq HA-HA-HA, HE-HE-HE və Hİ-Hİ-Hİ gülüşlərindən sonra HO-HO-HO-nun heç yeri yoxdur deyə, susurlar. Amma onlara bir gün HA-HA-HA ilə gülmək nəsib olarsa, bu başqa bir HA-HA-HA olacaq. Elə güləcəklər ki, özlərindən sonrakılar ən azı iki hərf aşağıdan gülməli olacaq. Həm də uzun illərin vərdişi olduğu üçün “O” səsini tərgitmək çətin olur. Ona görə də onu bir yerə dürtmək lazımdı. Nəticədə OHA-OHA-OHA kimi bir gülüş alınır (hamınızdan üzr istəyirəm, OHA ilə gülənlərdən başqa).

Biz isə, sadə ölümlü dünyalılar bu mənzərəyə baxıb, eləcə gülümsəyirik. Yəni bizim gülüşümüzdə said səslər yoxdur. Bax belə.

Dostum Azər Qismət demiş: “Gülümsəyin cənablar, gülümsəyin!”

P.S. HA-HA-HA və HE-HE-HE ideyasını Qoqoldan oğurlamışam. Özünün xəbəri olmadığı üçün bir sıxıntı yoxdur. HA-HA-HA…

# 3110 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #