Vikinin Ulisesi zifaf gecəsi qapı dalında qoymağı

Vikinin Ulisesi zifaf gecəsi qapı dalında qoymağı
5 mart 2014
# 12:43

Bir neçə gün öncə qatıldığım qızğın müzakirənin çək-çevir obyekti milli seriallarımız idi. Dostlarım məsələni belə qoymuşdular: Bu sahədə çatışmayan nədir? Müsbət və mənfi cəhətlər hansılardır?

Hətta baltanı dibindən vuranlar da vardı: Serialımız var ki, hələ nəsə də çatışmaya. Yox, bu cür köklü-köməcli inkarla qətiyyən razı deyiləm! Serialımız var! Ancaq...

Çox-çox əvvəllərin söhbətidir. Hələ onda milli serialımızın izi-tozu yoxdu, hələ türk diziləri dəbə minməmişdi.

Qonşuluğumuzda tək yaşayan ortayaşlı bir qadın rusca bilmədiyindən hər axşam bizə seriala baxmağa gələr, anamın yanında oturub hər dəqiqə başı soruşardı: “bajı nə dedi, bajı nooldu?”

Deməli, o məşhur “Mehriban düşmən” serialının növbəti bölümü verilirdi. Xulyodan əli çıxan Viki əlacsız qalıb sevmədiyi rəssam Ulisesə ərə getdi. Toy gecəsi də getdi girdi otağına, qapını daldan bərk-bərk kilidləyib kəlləni atıb yatdı. Ulises də qaldı qapını çöldən sığallaya-sığallaya...

Adəti üzrə serial boyunca fasiləsiz “bajı nə deyir, bajı niyə elə elədi, bajı nooldu” suallarını yağdıran qonşumuz başqa aləmdə idi. Üzünə baxanda elə bilirdin dünya uçub, o da qalıb altında. Əllərini də bir-birinə kilidləyib sinəsinin altına elə sıxmışdı ki, deyirdin bəs indicə barmaqları şaqqıltı ilə qırılıb düşəcək yerə.

Bölüm elə bu yerdə qurtardı, qadın da həmən ayağa qalxıb getdi. Səhər açıldı, ondan xəbər çıxmadı, axşam düşdü, yenə görünmədi. Gecə də pəncərəsində işıq yanmadığından lap nigaran qaldıq, durub getdik dalınca. Qapını bir neçə dəfə döydük. Cavab vermədi. Handan-hana gözləri şişmiş, başı sarıqlı, ayaq üstdə güclə dayanaraq qapını açdı. Dedik, yəqin rayondakı qohumlardan pis xəbər alıb. Dili güclə söz tuturdu: “Gecə ki, Viki o gədəni qapının dalında heylə “qaroyla” günə qoydu ha, bax o vaxtdan özümə gələ bilmirəm. Təzyiqim nətər qalxıbsa, bütün günü başımı yerdən qaldıra bilməmişəm”.

Oxucum, bu məqamda toy gecəsi qapı dalında nakam qalan bəyin halına acıyan qadına rişxənd eləməyə tələsmə, çünki serial dediyin zatən bu sadə və həm də sadəlövh xalq üçündür. Ona reaksiya belə olmadısa, demək ki, o serial alınmayıb.

Mənim bacım aktrisadır – Şəbnəm Hüseynova. Rövşən İsaxın “Pərvanələrin rəqsi” serialında çəkilmişdi. Filmdə belə bir səhnə var idi ki, qız intihar etmək üçün gedib dayanır bir dəmir yolunda, gözlərini yumur, əlləri ilə qulaqlarını qapayır, qatar görünür və bölüm bitir.

Və telefonumuz zəng çalır: “Qatar qızı vuracaq?”

Beləcə, günlərlə cıqqırı çıxmayan telefonumuz düz bir həftə, növbəti bölümə qədər susmaq bilmədi. İllərdir üzünü görmədiyimiz, adını unutduğumuz, hansı bağlarla qohum olduğumuzu belə yadırğadığımız kim varsa ev telefonumuzu tapıb zəng edirdilər: “Qatar qızı vuracaq?”

Məncə insanlar bu qədər narahat ola biliblərsə, deməli “serialımız yoxdur” fikri absurddur.

Gələk çatışmayanlara. Məncə cəmi iki əksiyi var.

Bizim serialların bircə “bajı nooldu”su çatışmır. Texnikanı, vəsaiti bir tərəfə qoyaq. Bizim serialları aparıb uzaq Afrika səhralarında kiməsə göstərsən ordan bir insan oğlu qalxıb “bajı nooldu” soruşmaz.

Və!

Bizim ən reytinqli serialımızda belə elə bir kişi qəhrəmanı, “geroy” yoxdur ki, bir qız ona “otval” verəndə tamaşaçının qanı başına sıçrasın!

Elə qəhrəman yoxdur ki, o ölsə, tamaşaçının şəkəri qalxsın!

P.S. Əksinə, sevinəcəklər ki, “Yaman şit idi, yaxşı oldu!”

# 6340 dəfə oxunub

Müəllifin son yazıları

# # #