Ayrılıqdan sonra

Ayrılıqdan sonra
27 avqust 2012
# 10:01

- ...axırda da ayrıldılar...

- Sonra? (Bizim cəmiyyətdə bu sualsız ötüşə bilməzsiz!)

- Sonra biri öz yoluna davam etdi, o biri isə... O biri isə keçmişdən qopa bilməyib xatirələr içində eşələnməyə başladı. “Nədən alınmadı”, “əskiyim nəydi” suallarını cavablayıb yenidən başlamaq yerinə, Facebook-da məskən salıb başladı onun dalınca gələnə-gedənə, tanıyana-tanımayana, “like” edənə-etməyənə, şərh yazana-yazmayana öz məhrəmindən, müqəddəsindən danışmağa...

Tərk edildiyini qüruruna sığışdırmayan OĞUL bir status altında ONA, özünə və münasibətlərinə nələri sığışdırdı...

Bəli, belədir bu günün dramı... Belədir bu günün uğursuz məhəbbət tarixçələri... Belədir bizim insanların keçmişlərinə olan hörməti... Belə başlayır bizim ayrılıqdan sonralar...

Onun necə biri olduğunu bilmək istəyirsənsə, ayrıl, sonra səninlə necə davranmasına bax və gör kimi sevmisən! Ya itirdiyin üçün utan, ya sevdiyin üçün!

Dünənə qədər varlığıyla nəfəs aldığı, namusu saydığı qadının bütün həyatını detallarla bu gün üzünü görmədiyi “dost”ları ilə müzakirə edir bu günün insanları...

Dostlar da nə dostlar... öz həyatlarını günortaya qədər yaşaya bilməyən uğursuzlar, dərdlərinə bir şam belə yandırmayan maymaqlar, ayıblarını örtə bilməyən acizlər, halal çörəyini qazana bilməyən əfəllər başlayır onun məhrəmi haqda ağzına gələni asıb-kəsməyə. Balaca araşdırma aparsan görəcəksən o müzakirədə iştirak edənlər anasına oğul, bacısına qardaş, qadınına kişi, övladına ata ola bilməyən natamam virtual namus dağarcıqları, atasına qız, qardaşına bacı, ərinə qadın, övladına analıq etməyə bacarığı və çox şeyi çatmayan KÜÇƏ ƏHLİ!

Zatən bu adamlar başqa nəyi müzakirə edə bilərlər özgə həyatından başqa? Onların fikri özləri kimi uğursuz və atılmışlardan başqa kimə gərəkdir axı?

Realda halal qadınını və kişisini bütün paytaxtla paylaşan “genişürəkli” insanın hikkəsini, ancaq başqasının məhrəmini müzakirə etmək sakitləşdirə bilər axı.

Facebook istifadəçiləri yaxşı bilir, bir də görürsən doğulanda adına üç-dörd qurban kəsilən kişi adlı məxluq, bir qız ona “otval” verib deyə əlinə dəsmalı cüt-cüt alıb ağlayır və ya 7 başlı əjdahaya dönüb hər tərəfə od püskürür... Nə var, nə var natamamlığı ucbatından bəyənilməyib, tərk edilib...

Səni kişi deyib sevdilər ki, belə status yazasan: “Ölsən də aliment verməyəcəm, get neyləyirsən elə”? Hələ bu azmış kimi bir də ömründə bir coraba yamaq olmayanların şərhi: “Vermə qaqaş, canı çıxsın, necə boşanıb, elə də saxlasın uşağını”.

Bizim statusların yarısı keçmişindən çoxdan silindiyimiz sevgilərə ithaf olunur... Görünür ki, sevməyi, layıq olmağı, onu qazanmağı bacarmadığımız kimi, unutmağı da bacarmırıq... Onsuzluqda çabalaya-çabalaya boğuluruq, tanımadığımız “dost”lar da tamaşamıza yığışıb, süqutumuzla vaxt öldürür, lağlağı edir.

Ən yanlış sevgilərin belə ürəyin ən gizli bir küncündə yaşamaq haqqı var! Sevgimizin haqqın verək, amma şərəfimizi itirmədən... Bu daha gözəl olur axı!

Bütün əxlaqsızlıqlarına “neyləyim, anam mənə sol döşündən süd verib” statusu ilə haqq qazandıran OĞULlar da var, qoy bu övladı doğmaqla ən azı “fiqura”sını korlayan anaların günahlarını Allah bağışlasın...

Ah... Ah... Ah!

Axı dünyanın o başında oğlunuz yaşda bir uşaq (və ya Sizin kimi bir kişi, ya bir kişinin oğlu) öz biznesini qurub Sizin kimi avaraların göz yaşıyla milyon qazanır, Siz bir tərkedilişlə yerlə yeksan olursuz...

Toparlanın cənablar! Sizi yerdən “like” dostlarınız toplamayacaq. Onlar sadəcə Sizin ayaq altında sürünməyinizi “like” edəcəklər...

P.S. Aramızda hələ də “ərim kişi çıxmadı” deməkdən utanıb ata evinə qayıda bilməyən qadınlar var və onların hamısının qarşısını ayrılıqdan sonralar kəsir. Çünki biz öz dərdimizə kor, başqalarınınkına qarşı isə çox amansızıq.

# 4066 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #