XXI əsrin insanları

XXI əsrin insanları
16 iyul 2012
# 11:00

Mədəniyyət və Incəsənət Universitetinin birinci kursunda oxuyanda sənət müəllimim tapşırmışdı ki, diqqətinizi formalaşdırmaq üçün hər gün öz müşahidələrinizi yazın. Ən azı bir hadisəni mütləq qeyd edin. O vaxtlar hadisələrə ev tapşırığı kimi baxırdıq. Xüsusi ilə də qrup yoldaşlarımla bir yerdə olarkən nəsə baş verəndə az qalırdıq əllərimizlə bir-birimizin gözlərini bağlayaq ki, bu hadisə “mənim olsun”. Bu, lap heyvanların meşədə ov bölüşdürməsinə bənzəyirdi... Şişirtmirəm, o vaxtlar bu günkü kimi dörd tərəfindən hadisə seli axmırdı... Necə də olsa, XX əsr idi...

İllər keçdi... Düzdür, bizim heç birimiz rejissor olmadıq. Bizə qalan ancaq müşahidələrimiz oldu... Bir də vərdişlər... Məzun olandan sonra dəftərləri arxivimə atdım. Amma uzun müddət maraqlı nəsə görəndə onu yazmaq üçün kağız axtarırdım... İllərlə bunu da unutdum... Necə də olsa artıq XXI əsrin insanı idim. Kağız-qələmlə gəzəsi deyildim ki...

Son aylarda üzləşdiyim iki müşahidəmi yazmaq istəyimi də ötən əsrdən qalma vərdiş sayaq... Bunlar XXI əsrin kişisi və qadınıdır... XX əsrdə qələmə aldığım müşahidələrim arasında belələri hələ yox idi... Onları yeni əsr yetişdirib...

Müşahidə 1
İşə gedirdim. Avtobusda sürücü durmadan danışırdı. Mövzu sərnişinlərin savadsızlığı idi. Piyadalar haqda lap təhqiramiz danışırdı:

- Siqnal da verirəm, veclərinə deyil. Bunlar üçün gərək təzə çıxan “Ho-ha, ho-ha” siqnallarından bağladım...

Artıq radioda xəbərlər başlamışdı. Günün ilk xəbəri illərdir eşitdiyimiz cümlələrlə başladı: “ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır”.

Sürücü sərnişinlərdən fərqli olaraq savadını və xəbərə biganə qalmadığını göstərmək üçün konduktordan soruşdu:

- Monitorinq nədi ki?

Konduktor:

- Hər nədisə, yaman tez-tez keçirdirlər.

Sürücü:
- Özüdə yaman yaxşı yerlərdə keçirdirlər ey. Təmiz havası olan yerlərdə.

Radioda isə xəbər davam edirdi: “Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Xristo Xristov, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Antal Herdiç və Uilyam Praroy keçirəcəklər”.

Sürücü adları eşidəndə oxuyub-yazmayan millətin təəssübün çəkirmiş kimi əllərini sükandan çəkərək bir-birinə çırpdı:

- Günü bunlar görür eyy....

Müşahidə 2

Əsrarəngiz proqramları olan televiziya kanallarımızın birində aparıcı qapını döyür və qapını “üçün-dördə” ölçülü hicablı bir xanım açır. Söhbətdən məlum olur ki, bu xanım 25 il əvvəl Bakı toylarının ən tanınmış simalarından olub və ailə qurandan sonra oxumayıb. Anası da müğənni imiş. Deyir ki, anamın necə güclü səsi var idisə, ona “tank” deyirdilər. Üç oğlu olduğunu deyir. Aparıcı soruşur:
-Bəs yoldaşınız indi oxumağınıza mane olmur?

- İndi o mənə nə deyə bilər ki? Mənim nə boyda oğlanlarım var.
- İndi yoldaşınız özü hardadı?
- Hazırda ağır xəstədir, anasıgildə yatır.

Reklamlardan sonra xanım hicabını açıb, bəzənib-düzənib, süfrə başına yığdığı müğənnilərə mahnı oxuyurdu... Əcəba, “anasıgildə olan ağır xəstə”dən xəbərmi gəlmişdi?

# 1306 dəfə oxunub

Müəllifin son yazıları

# # #