Bütün qızların eyni adamı sevdiyi zamanlar

Bütün qızların eyni adamı sevdiyi zamanlar
8 sentyabr 2014
# 11:12

Kulis.az "90-lar" layihəsi çərçivəsində Vüsalə Məmmədovanın "Bütün qızların eyni adamı sevdiyi zamanlar" yazısını təqdim edir.

Layihənin digər yazıları:


Qan Turalı: Atalarımızın erməni sevgililəri

Şəhriyar del Gerani: Qvadalupenin şalvarındakı inqilab

Gülnarə İlham: Bacısıyla öpüşən qardaş...

Nuranə Abbasova: Qızlarımızın evdə qalmaq qorxusu

Kənan Hacı: Yataq otağımdakı Sibel Can

"#90-lar" yazmaq istədim... və dərhal da fikrimdən daşındım, çünki bu yalnız 90-lardan çox-çox uzaq və xəbərsiz olan yeni, kreativ dediyimiz bir nəslin işarəsidi. Onlar qalaq-qalaq kitab oxusalar, bir-neçə dildə təmiz danışsalar da, bir karandaşla bir audiokasseti bir-biri ilə nə bağladığını yüz il qala tapa bilməzlər! Nə qədər baş sındırsalar da, bu onların ağlına gəlməz...

90-lar idi... İl girər-girməz qərənfillər sevgililərin həyəcanlı, səksəkəli əlində son bəxtəvər günlərini yaşayırdı... Cəmi bir neçə gündən sonra onun ünvanı dəyişəcəkdi... Bir də heç vaxt oğlan sevdiyi qıza qərənfil bağışlamayacaqdı...

90-lar idi... Müəllimimiz bir cüt ağlayan qərənfil rəsmi çəkməyi tapşırmışdı, divar qəzeti hazırlayırdıq... Yaşıdımız, şəhid İlqar İbrahimovun xatirəsinə şeirlər əzbərləyirdik...

90-lar idi... Artıq “müstəqillik” deyirdilər, amma hələ də müstəqil ola bilmirdik, həyətə düşmək üçün evdəkilərdən icazə alırdıq...

90-lar idi... Sinfimizə bir oğlan gəldi. “Xocalıdandı, şəhər blokadada olduğu üçün ailəsi ilə Ağdama, xalasıgilə köçüblər, bir müddət burda oxuyacaq” dedilər...

90-lar idi... Xocalıdan bizə qatılan o gəlmə şagird kimi biz də başqa-başqa siniflərdə oxumağa getdik... Beləcə, 7 məktəb dəyişib bir attestat aldıq...

Anam təcili yardım stansiyasında həkim işləyirdi. İki gündən bir gecə növbəsində qalırdı. Hər dəfə növbədən sonra danışırdı: “...Səhərə qədər vertolyotla yaralı daşıyıblar. Xəstəxanalara yerləşdirmişik... Neçəsi yanımızda keçindi... Birinin qolunu yanına qoymuşdular. Özü ilə saxlayırdı ki, bəlkə Bakıda yerinə yapışdıra bildilər...” Onda da 90-lar idi...

Şəhidlər Xiyabanına gedəndə sahibini gözləyən boş məzarlar görürdük... Tezliklə yeni məzarlar qazılırdı... Üçrəngli bayrağımız başımız üzərinə qalxar-qalxmaz çiyinlərə enmişdi, tabut-tabut dalğalanırdı... Ölkədəki bütün qızlar birini sevirdi – Çingiz Mustafayevi... 90-lar idi...

Jurnalistika ən prestijli peşəyə çevrilmişdi. Yeniyetmələr Çingiz kimi jurnalist olmaq istəyirdi... 90-lar idi...

İlk dəfə idi ki, tanış-bilişi olmayan abituriyentlərin də məhləsinə gün işığı düşürdü. Kasıb balaları test üsulu ilə universitet tələbəsi ola bilmişdilər… Bu, təhsildə inqilab idi və bu inqilab insanlara müstəqil ölkənin vətəndaşı olmağın fərəhini daddıran iki-üç amildən biri idi… 90-lar idi…

İran saqqızı uşaqların əldə tuta biləcəyi yeganə arzu idi. İmkanı çatan uşaqlar saqqızın özünü çeynəyib kağızını toplayır, çatmayanlar isə onların kolleksiyasına tamaşa eləmək üçün yaşıdlarının bir neçə buyruğuna əməl etməli olurdu... Məsum gəlinciklərimizin yerini vulqar barbilər tutanda da 90-lar idi...

Televizorda “Varlılar da ağlayır”, “Sadəcə Mariya” göstərəndə, Radio “Sara”da Çelik “Köylü gözəli” oxuyanda da...

Qızlar saçlarını bacardıqca çox yolub “naços” çolkalar düzəldəndə, incə çiyinlərini cəngavər çiyinləri kimi qabardanda da 90-lar idi...

Kişilər çox bədxərc idi, üç kişiyə kostyum çıxacaq parçadan bir şalvar tikdirib geyirdilər... “Prapitka” deyilən üst geyimi var idi, bahalı həzz idi. Ailədə bir nəfərin onda gəzməsi bütün ailənin baş ucalığı idi. İmkanlı ailələrdə əkiz uşaqlar kimi ər də, arvad da “prapitka” geyinirdi...

90-lar idi... Şəhəri yaxşı tanımırdım. O vaxtlar Bakı indi gördüyünüz bəzəkli Bakı deyildi. Şəhərdə vur-tut bir-iki gözəgəlimli bina var idi, hamısının da üstünə teatr yazılmışdı. Mən də o sözü oxuyub elə bilmişdim bəzəkli binaların içində də teatr var... Sənədlərimi İncəsənət Universitetinin “Dram və kino sənəti” fakültəsinə vermişdim...

Bitirəndə də 90-lar idi... Universitet məzunları üçün “təyinat” deyilən mühüm mərhələnin son nəfəsi idi... Məni təyinatla Şəkiyə göndərdilər... Getmədim... Diplomumu almaq üçün şəhər teatrlarından birinə getməli oldum...

Bir də gördüm o yaraşıqlı binalardan birinin səhnəsində “paklona” çıxıram, zalda anşlaqdı... və yenə də 90-lar idi...

P.S. Bir az qarışıqlıq oldu, qüsura baxmayın. 90-ların insanı yaxşı xatırlayır, o qədər qarışıq dövrlər idi ki, xatırlayanda da kələfin ucu itir... Dolaşır... Gücünü, gülüşünü, inamını itirməmək üçün zamanla o qədər o illəri unutmağa çalışırsan ki, sonralar xatırlayanda bax belə... qırıq-qırıq, qırış-qırış xatırlayırsan... qarış-qarış yox...

# 4556 dəfə oxunub

Müəllifin son yazıları

# # #