Yeddi yaşlı oğlum dəlləkliyi necə öyrəndi?

Vüsal Bağırlı

Vüsal Bağırlı

7 sentyabr 2022
# 15:30

Kulis.az Vüsal Bağırlının yeni yazısını təqdim edir.

Divanda oturub futbola baxırdım. Ekranda “A” seriyası, əsrarəngiz İtaliya çempionatı, Milan derbisi. Tifozi ilə ağzına kimi ilə dolmuş hər iki kluba məxsus şərikli arenada “İnter” “Rossyoner”ləri qəbul edirdi. Sürəkli alqış sədaları altında baş tutacaq oyun ərəfəsi qızğın atmosferdən, vəd olunan maraqlı seyrin, unudulmaz futbol keyfinin sorağı gəlirdi.

Mən bütün diqqətimi ekranda baş verənlərə topladıqca hiss edirdim ki, balaca Nurxan yanımda ora-bura vurnuxur, bir yerdə qərar tutmadan sağıma-soluma keçir, hərdən diqqətlə məni süzür, saçıma, başıma baxır. Əhəmiyyət vermədim. Fikirləşdim ki, eybi yox. Yəqin, ya şəklimi çəkmək istəyir, ya da nəsə soruşmaq.

Birdən, o sakitcə mənə yaxınlaşdı, əlini dizimə qoydu və havaya kiçik, saymazyana bir replika tulladı:

– Ata, saçların yaman uzanıb a...

Gözlərim, diqqətim TV-də sol əlimi qeyri-ixtiyari başıma, saçlarıma çəkdim.

“Hə, düz deyir, gərək bərbərə baş çəkim!?..”

Sonra Nurxan o biri otaqdan bəzi şeyləri, ləvazimatları gətirib yan-yörəmə düzməyə başladı. Ehtiyatı əldən vermədən, sağ gözüm ekranda, sol gözümü qıyıb ona baxdım. Hərəkətlərinə diqqətlə fikir verdim.

Müxtəlif oyuncaqlar gətirib ətrafına düzmüşdü. Plastmass qayçı-daraq, güzgü və oyuncaq maşınka. Bərbər ləvazimatları.

Yenə əhəmiyyət verməməyə çalışdım, öz-özümə “qorxusu yoxdur, qoy oynasın” fikriylə, diqqətimi yenidən derbiyə cəmlədim.

Artıq hesab açılmışdı. Ekranın mərkəzində ağır zədə almış oyunçulardan biri, uzunsaçlı, uzunburunlu, sırğalı oyunçu yerə uzanıb, sancılanmış adamlar kimi üz-gözünü turşudub ağrıdan qıvrılarkən, onun komanda yoldaşı hakimlə qızğın mübahisə edir, nəsə başa salmağa çalışır, rəqib oyunçular isə acgözlüklə su içirdilər. Su onların ağız-burunlarından süzülüb islanmış çayırın üzərinə tökülür, otların arasında şeh damlaları yaradırdı.

Nurxan isə öz məşğuliyyətində idi. O, bir sürü şey-şüyü, özünün oyuncaq ləvazimatlarını əlinə götürüb hiss olunmadan, ehtiyatla, sinə-sinə düz divanın təpəsinə dırmandı. Oradan da yavaşca boynuma adladı. Əslində, boynuma dırmanmadı, bədənlə başı birləşdirən, qida qəbulu zamanı ağızda mədəyə körpü rolunu oynayan vacib orqanı əməlli-başlı mindi. Ayaqlarını aşırıb boynumda elə oturdu, sanarsan yarış madyanını yorğalamışdı.

Sonradan tərpənməyimə, göz açmağıma imkan vermədən, cəld işə başladı.

Darayır, qayçılayır, ağzı ilə “dığğğ” səsi çıxararaq guya saç qırxan maşını işə salırdı. Saç qırxmaq işini elə imitasiya edirdi, elə bil əsl sənətkar, mahir bərbər, usta dəllək çalışır. Dodaqaltı zümzüməylə, qayçını şövqlə havada oynadaraq, elə sürətlə, elə iti işləyirdi, ən usta bərbər belə ona həsəd aparardı.

Televizorda isə gərgin anlar yaşanırdı. Hakim oyuna nəzarət etdiyini sübut etmək üçün qırmızı, sarı vərəqləri noyabrda tökülən xəzan yarpağı kimi sağa-sola səpələyirdi. Mübahisə epizodlarında, zədəli oyunçunun yaratdığı qısa fasilələrdə italyalı oyunçular plastik qablardan su içir, növbə ilə hakimə yaxınlaşır və jestlərin imkan verdiyi ən qızğın əl-qol hərəkətləri ilə ona nəyisə başa salmağa çalışırdılar. Belə, geniş jest dili ilə italyansayağı danışıq və söhbət tərzi oyuna özünəməxsus dramatik çalar qatırdı. Effektiv jestlər insan həyatını yaxşı mənada dəyişir, ona azacıq romantik və rəngarəng çalarlar qatırdı.

Sonra hakim üç dəfə onbirmetrlik zərbə təyin etdi, on iki ofsayt qərarı çıxardı və nə az, nə çox, düz beş dəfə VAR-a baxmalı oldu. Hərdən operator qəzəbli, üz-gözündən söyüşlər yağdırdığı hiss olunan müxtəlif tamaşaçıları önə çəkib, yaxına gətirir, oyunun həyəcanını birə-beş qaldırırdı.
Bəzən kadra cazibədar qadınlar da düşürdülər. O qaraqaş, qarasaç, yarıçılpaq, temperamentli Milan gözəlləri. Amma bütün yayındırıcı, çaşdırıcı epizodlara baxmayaraq, mən bütün diqqətimi oyuna yönəltməyə səy göstərir, adrenalinli, həyəcanverici hücum futbolundan zövq almağa çalışırdım.
Derbi həyəcanı qarşılaşmanı püskürməyə hazır vulkanik həddə qədər qızışarkən, qollar ard-arda sıralanır, mübarizə gərginləşir, rəqabət dərinləşirdi.

Birdən bədənimin yuxarı əzalarında dərin bir yüngüllük hiss etdim. Boynum, başım, bədənimin bütün perimetri boyu rahatca dönürdü. Demək ki, Nurxan harasa yox olmuş, mövqeyini tərk etmiş, çıxıb getmişdi.

Amma hara?

Kəsəsi, sevincim, şadyanalığım uzun çəkmədi. Qəflətən o, yenə üfüqdə peyda oldu və öz köhnə vərdişi ilə yenə gəlib boynuma dırmandı. Elə bil dəvə minmiş sarvanbaşıydı, karvanı səhradan keçirirdi. Özüylə yeni ləvazimatlar, oyuncaqlar gətirmişdi. O, bala-bala işləyir, mən də qıdı-qıdı, eyni maraqla, aşırı hərisliklə derbiyə baxırdım.

Birdən hiss etdim ki, nəsə düzgün getmir, işlər qaydasında deyil. Vəziyyət fırıqdır.

Çünki başımın üzərindən müxtəlif qəribə səslər eşidilir, metal, dəmir şaqqıltısı gəlirdi.

Şaqq, şaqq!

Çiynimə, boynuma, sinəmə intensiv və sürəkli şəkildə tüklər, qırxılmış saç topaları tökülürdü. Mən tük topasını əlimə götürüb nəzər rakursuma yaxınlaşdırdım.

Bu tüklər əsl tük idi. Öz tüküm.

Elə bil məni yerimdə elektrik cərəyanı vurdu, zəmidə ilan çaldı, dirsəyimə ütü basdılar. Divandan, oturduğum yerdən dik atıldım. Hövlank ayağa qalxdım.

Nurxana baxdım. O, əlindəki nikeli parıldayan qayçını havada bərq vuran parıltıyla oynadaraq, azacıq pərt halda üzümə gülümsəyirdi.

Əlimi başıma atdım, ürəyim soyumadı, qaçıb güzgüdəki tanınmaz hala düşmüş əksimə inanılmaz heyrətlə tamaşa etməyə başladım.

Nə görsəm yaxşıdır?

Başım əməlli-başlı qırxılmış, saçlarım tən ortadan göz-görəti azalmışdı.

Başımın sol yarımkürəsi Ekvadorun ekvatorial Amazon meşələrini, sağ yarımkürəsi isə susuzluqdan cadar olmuş Atakama səhrasını xatırladırdı.

# 2384 dəfə oxunub

Müəllifin son yazıları

# # #