Dövrün ölçü vahidi

Dövrün ölçü vahidi
17 aprel 2023
# 14:30

Kulis.az Vüsal Bağırlının “Dövrün ölçü vahidi” adlı yeni yazısını təqdim edir.

Dostum mənə bir hekayə tövsiyə etmişdi. Oxudum. Müəllif Valentin Rasputin. Hekayə çox gözəl qələmə alınıb. Sadə, oxunaqlı yazı üslubu, dərin məna. İnsanı ruhunun dərinliklərinə qədər mütəəssir edən sətirlər.

Bu o hekayələrdəndir ki, hər kəsin oxuması vacibdir.

Mövzu nədir?

Müharibə yenicə bitib. Aclıq, kasıblıq. Pul yox, qida az. Ana təkbaşına övladlarını böyüdür. Min əziyyətlə, zəhmətlə. Amma bu da kifayət deyil. Çünki uşaqlardan biri digərlərindən seçilir. O biliyə, savada can atır. Dərslərini yaxşı oxuyur. Kitabla yatıb-durur. Kənd məktəbi isə dördillikdir.

Əlacsız ana göz yaşları içində onu tam təhsil üçün uzaq rayon mərkəzinə göndərir. Başqa uzaq qohumu olan ailəyə təhvil verir. Boz mühit, qibtə, eqoizm. Uzaq rayon, yad məktəb və balaca, on bir yaşlı uşaq. Volodka dərslərini yenə oxumağa çalışır, amma aclıq, pulsuzluq, ehtiyac onu zərərli vərdişlərə vadar edir, qumara qurşandırır. Yemək pulu, qida, ərzaq ehtiyacı qumar oynamaqla çıxır.

Hekayənin əsas kulminasiya nöqtəsi gözəl fransız dili müəlliminin baş qəhrəmana diqqət, qayğı göstərməsindən başlayır. Fransız dili müəllimi, gənc qadın uşağa kömək etməyə qərar verir və hadisələr daha dramatik çalarlar alır. Müəllim Lidiya Mixaylovna ətrafdakı soyuq, laqeyd insanlardan seçilir. O mərhəmətlidir, nəcib qəlbə malikdir. O, Volodkaya ana kimi qayğı göstərir.

Əgər ortada kimliyi təsdiqləyəcək əməl görünmürsə, şərəf, sevgi, ləyaqət hissi, yaxına kömək barədə boğazdan yuxarı kəlmələrə, bəlağətli kəlmələrə ehtiyac yoxdur.

Hekayəni oxuduqca, məndə elə təəssürat yarandı ki, mən bu əhvalatla tanışam. Amma necə, nə vaxt? Onu harda oxumuşam? Çox düşündüm. Heç nə xatırlaya bilmədim. Ta o vaxta qədər ki, Yutubda təsadüfən “Fransız dili dərsləri” filminə rast gəldim. Yəni hekayənin film variantına. Bu, bəlkə də, heç təsadüf də deyildi. Nə barədəsə düşünürsənsə, haqqında danışırsansa, internetin onu addımbaşı sənin qarşına çıxarması artıq adi haldır.

Epizodlar mənə hər şeyi xatırlatdı. Yadıma düşdü, filmə uşaq vaxtı, anamla birlikdə baxmışdım. O vaxtlar elə mənim də Volodka kimi təxminən on bir yaşım olardı. Ona görə də, tamaşa edərkən, özümü film qəhrəmanının yerinə qoyur, hadisələri, ağri-acını balaca Volodkanın hissləri ilə yaşayırdım. Elə anam da məni o uşağa bənzədirdi.

Filmdə belə epizod var. Oğluna baş çəkmək üçün rayon mərkəzinə gəlmiş ana nəhayət maşına minib kəndə, evə qayıtmaq istəyir. Anadan ayrılmaq istəməyən, Volodya isə ağlaya-ağlaya maşının ardınca qaçır, qışqıraraq, onu da aparmasını xahiş edir. Həmin yerdə, mən də ağlayırdım, özü də hər baxdığımda. Dəfələrlə.

İndi qloballaşma dövrüdür. İnternet, sosial şəbəkələr, virtual həyat, istehlak acgözlüyü, inanılmaz imkanlar və ən başlıcası, azadlıq dövrü. Amma bütün bunları əldə etmək üçün sadəcə bir şey lazımdır.

Pul!

Müasir dövrün ölçü vahidi puldur. Yalan, riyakarlıq, laqeydlik və ikili standartlar, qəddar və mərhəmətsiz kapitalizm. Hər şey bunun üzərində qurulub, pulun və kapitalın.

Biz dolaşığa düşmüşük, boz sistemin kor-koranə quluna çevrilmişik. Yolu, cığırı bilmədən, məqsədsiz hərəkət edirik. Zombi kimi. Elə vəziyyətdəyik ki, yaxşını pis, pisi yaxşı kimi qəbul edirik.

“Fransız dili dərsləri” hekayəsi isə o hekayələrdəndir ki, burada pisin də, yaxşının da yeri dəqiqdir.

Çox zaman əsərin süjet xəttinə çəkilmiş film, orijinal əsərlə müqayisə edilir. Həmişə də əsər filmdən daha maraqlı, daha dolğun təsir bağışlayır. Amma bizi nümunədə hər şey tam fərqlidir.

Bu mənada bəlkə də yeganə haldır ki, Yevgeni Taşkovun 1978-ci ildə çəkdiyi “Fransız dili dərsləri” filmi təsir gücünə, təbiiliyinə, emosional çalarlarına, dramatikliyinə tərbiyəvi əhəmiyyətinə görə yazıçı Valentin Rasputinin “Fransız dili dərsi” hekayəsinə uduzmur. Əksinə, bəzi epizodlarda daha güclü təsir bağışlayır.

Hər kəsə hekayəni oxumaq, filmə baxmaq və iki sənət əsərini, şedevri müqayisə etmək tövsiyə olunur.

# 1834 dəfə oxunub

Müəllifin son yazıları

# # #