Universitetə hücum edən silahlı manyak

Universitetə hücum edən silahlı manyak
5 oktyabr 2021
# 10:30

Kulis.az 5 oktyabr - Müəllimlər Günü münasibəti ilə Vüsal Bağırlının “Müəllim fədakarlığı” yazısını təqdim edir.

Bir neçə gün bundan əvvəl Rusiyanın Perm şəhərində silahlı insident baş verdi. Dinc təhsil ocağına, dövlət universitetinin binasına daxil olan silahlı şəxs dərsə gələn gənc tələbələri gülləboran etdi.

Ölənlər, yaralanalar oldu.

Ovçu ədası ilə universitet həyətində o tərəf, bu tərəfə gedən manyakın, sosial şəbəkələrdə videogörüntüsü da yayıldı. O rahat, sərbəst şəkildə gəzişir, qarşısına çıxanı sərrast atəşlə yerə sərirdi. Lap filmlərdəki kimi.

Sonradan, qatilin elə universitetin öz tələbəsi, 18 yaşlı Timur Bekmnasurov olduğu aşkara çıxdı və o, həbs edildi. Amma, bütün bu dəhşətli qanlı olay fonunda, mənim marağımı, diqqətimi cəlb edən səbəb bu deyil, başqa idi.

Təsəvvür edin, əli silahlı şəxs ölüm saçır. Ətrafda güllə yağış kimi yağır, ölənlər, yaralananlar, hündür mərtəbələrdən aşağı tullanıb qurtulmağa can atanlar, xilas üçün yerə uzanıb ümidsiz şəkildə kömək diləyənlər...

Bu qan donduran dəhşətli məqamda, universitetin rus dili və ədəbiyyatı müəllimi, professor Oleq Siromyatnikov halını pozmadan, heç nə olmayıbmış, əhəmiyyətli bir şey baş verməyibmiş kimi davranır və adi qaydada dərsinə davam edir.

Tələbələr ona öz həyatlarının təhlükədə olduğunu, qorxduqlarını, çıxıb getmək istədiklərini izah etməyə çalışırlar. Amma, çifayda..

O, bir kimsənin dərsi tərk etməsinə imkan vermir və hətta zarafatından da qalmır.

- Yaxşı, oxumaq istəmirsiniz, oxumayın, mən sizi məcbur edə bilmərəm. Amma, kimsə indi auditoriyaya daxil olsa və sizi silah gücünə dərs oxumağa məcbur etsə, bu sizcə yaxşı olar?

Müəllimin belə qəribə davranışını görüb, istər-istəməz düşüncəyə dalırsan.

Görəsən, bu, nədir? Fədakarlıq, yoxsa tələbələrin həyatını mənasız riskə atacaq ağılsız qərar?

Hər halda, mən fədakarlıq olduğunu düşünürəm. Çünki, müəllim ilk baxışdan fərqinə varılmayan məntiqlə, düşüncə ilə hərəkət edir. Atışma baş verdiyini anlayan kimi, güllə səslərini eşidən an, dərhal, yubanmadan sinfin dəmir qapısını kilidləyir. Bununla da, çox güman ki, həm özünün, həm də digərlərinin həyatını xilas edir.

Kim bilir, bəlkə də uşaqlara çıxıb getməyə izn versə idi, onlar birbaşa qatillə üz-üzə gələcəkdilər? Yaxud, sinifdən çıxan tələbələri, pusquda dayanmış qatil arxadan rahatca gülləylə biçəcəkdi?

Bəs, bizdə necə? Görəsən, belə, həyatını riskə ataraq, fədakarlıq etməyi bacaran müəllim varmı?

Suala birmənalı cavab vermək asan deyil. Təhsilin, tədrisin bütün problemləri ilə birlikdə, hər halda, belə müəllimlərin düşündüyümüz qədər az olmadığı qənaətindəyəm.

Professor Oleq Siromyatnikovun inanılmaz davranışı, soyuqqanlı qərarı barədə oxuyanda, yadıma öz müəllimim düşdü.

Bizə riyaziyyat və həndəsəni tədris edən Əlibala müəllim.

O, öz şagirdlərinin həyatını xilas edəcək hansısa fədakarlıq etmişdimi? Ya sinəsini güllə qarşısına verəcək qədər, nəsə qeyri-adi görünəcək əməllə seçilmişdimi? Yox, qətiyyən. O başqa işin ustadı idi.

Əlibala müəllim əksəriyyətimiz üçün mürəkkəb, çətin başa qavranılan dərsi, sadə, loru dildə izah etməyi gözəl bacarırdı. Asan mənimsənilən, sadə, rahat dillə.

Bununla o, məndə ən axsadığım fənnə, riyaziyyata, həndəsəyə dərin həvəs və maraq oyatmışdı. Riyaziyyatı elə başa salırdı, elə bil, Çexovun hekayəsini danışırdı.

Əlibala müəllim məktəbdəki dərsindən əlavə, bizi həm də evində hazırlaşdırırdı. Beş nəfərlik qrup idik. Dörd oğlan, mən, İlqar, Mirsaleh, Emin və Taciyə adlı qız.

Tüklü ovurdları batıq, almacıq sümükləri çıxmış, olduqca arıq, fiziki cəhətdən zəif insan olan Əlibala müəllim bizə, gücü-qüvvəsi tükənənə, bütün enerjisi bitənə qədər dərs keçirdi. O, bütün zehni gücünü ortaya qoyurdu.

Teoremlər, tənliklər, funksiyalar, ifadələr. Saatlarla oturub onu dinləyirdik. O isə, yazırdı-pozurdu, başa salırdı, izah edirdi.

Usanmadan, bezmədən.

Acıq, hövsələsizlik göstərmədən, səbirlə, təmkinlə suallarımıza bir-bir cavab verirdi, anlamadığımız tənliyi təkrar başa salırdı. Yorulsa, əldən düşsə, bunu üzündə, hərəkətində büruzə verməməyə çalışırdı.

Maraqlı insan idi Əlibala müəllim. Hobbiləri var idi. Balıq tuturdu, rəsm çəkirdi, qədim sikkələr toplayırdı.

Bəzən dərsin ortasında əlini qaldırıb, kiçik fasilə elan edirdi. Sonra barmağını ağzına aparıb susun işarəsi verirdi. Sükut yaranırdı. Hiyləgər, gülümsər baxışlarını bizə zilləyib, ayağa qalxırdı. Pəncərəyə yanaşıb, pərdəni çəkirdi.

Pərdənin arxasında gizlətdiyi butulkadan “stoliçnaya”dan, yanındakı qranirli çappa stəkana soyuq və şəffaf araq süzürdü. Tam doldururdu. Heç dodaq yeri də saxlamırdı.

Əvvəl üzr istəyir, sonra, “sizin sağlığınıza” deyir, üz-gözünü turşudub, acı, zəqqum mayeni birnəfəsə başına çəkirdi. Sonra da pencəyinin dirsək qolunu ağzına tutub iyləyirdi.

Bununla da fasilə bitirdi. Əlibala müəllim, yeni enerji, yeni qüvvə ilə dərsə, məşğələyə başlayırdı.

1994-cü ilin yayında bizim məşğələlər bitdi. Əlibala müəllim başqa bir qrupu tədris etməyə başladı, biz isə test imtahanı verib müxtəlif ali məktəblərə qəbul olunduq.

Birinci kursu bitirmək ərəfəsində idim. Təsadüfən, metroda eyni qrupda hazırlaşdığımız uşaqlardan biriylə rastlaşdım. Görüşdük, hal-əhval tutduq. Bikef görünürdü. Səbəbini soruşdum və acı xəbəri də ondan eşitdim.

Əlibala müəllim dünyasını dəyişmişdi.

Əlibala müəllimin səhhətində ailəsindən, yaxınlarından gizlətdiyi ciddi problemin olduğunu yalnız onda bildim. Büruzə verməsə də, heç demə. misilsiz əzm və iradə göstərərək, bizə dərsləri elə bu cür, sağalmaz xəstəliyə düçar vəziyyətdə tədris edirmiş və aqibətinin necə olacağını da əvvəlcədən anlayırmış.

O vaxtdan, Əlibala müəllim xatirəmdə, əsl fədakarlıq nümunəsi göstərmiş pedaqoq kimi əks olunmuşdur.

# 5212 dəfə oxunub

Müəllifin son yazıları

# # #