Bizi mühasirəyə aldılar - Astana təəssüratları

Bizi mühasirəyə aldılar -  Astana təəssüratları
7 fevral 2022
# 11:00

Kulis.az Vüsal Bağırlının "Astana qalası-dastan şəhər..." adlı yazsını təqdim edir.

Proloq hissə

Təxminən beş il bundan əvvəl, dostum Sənanla Astanaya səfər etmişdik. Təəssüratlar tükənməz idi. Müşahidələrim, gəzib gördüklərim, səyahət bitdikdən sonra məni qələmə sarılmağa vadar etmişdi. O, vaxt paytaxtın adını hələ dəyişməmişdilər. Şəhər dünyada sadə, dilə, ürəyə yatımlı, anlaşıqlı bir adla tanınırdı.

Astana.

İndi, yaxın-uzaq Qazaxıstanda bu yaxınlarda baş vermis hadisələr fonunda, qəflətən həmin yazılarımı xatırladım. Kompüterimi ələk-vələk edib qeydlərimi fayl qovluqlarının birindən tapdım, təkrar oxudum və aradan keçən müddətə baxmayaraq yazının hələ də aktuallığını saxladığını gördüm.

İndi isə həmin təəssüratlarımı oxuculara təqdim edirəm.

Hekayət hissəsi

Dostumla marketdən iki balmuzdak (dondurma) alıb Milli Muzeyin arxasındakı prospektə çıxırıq. Artıq Bakı ilə Astana arasında ilkin fərqlər üzə çıxır. Küçələr tər-təmizdir. Gül kimi. Yerdə sellofan torbalar, butulkalar, siqaret qutuları, kötükləri bir tərəfə, heç tum qabığı belə gözə dəymir.

Yanımızdan ötən gənc astanalıdan mərkəzi stadiona necə getmək lazım olduğunu soruşuram. Yolun o biri tərəfinə keçib, 50 saylı marşrutu gözləməyimizi, taksiyə hədər pul sərf etməməyimizi, qənaəti məsləhət görür. Onun söylədiklərinə əməl edirik.

İbtidai, sütül landşaftlı ərazidə tikilmiş hörüklü, hipermüasir, günəş şüası altında parıldayan, İşıldayan binaların arasından sivişib dayanacağa çatırıq. Birdən həmin gənc astanalının qaçaraq təngnəfəs bizə sarı gəldiyini görürəm. Nəfəsini nizamlamağa çalışaraq, qırıq-qırıq kəlmələrlə üzrxahlıq edir:

– Bağışlayın, mən sizə düzgün izah etmədim, axı şəhərdə başqa stadionlar da var!? Siz hansını deyirdiniz?

Ona mərkəzi stadiona, yəni, “Astana Arena”ya gedəcəyimizi söyləyirik və bir daha minnətdarlıq bildiririk. O da istiqaməti nəhayət düz izah etdiyini anlayaraq, üzündə razı ifadə ilə əks tərəfə yönəlir.

Dayanacaqdakı monitora baxıb nəqliyyatın mənzilbaşına nə vaxt çatacağını dəqiqləşdirdik. Bir azdan avtobus gəlir. Qrafikə uyğun, zərgər dəqiqliyi ilə.

İçəri keçib konduktorun yanında dayanırıq. Astana avtobuslarında sərnişinlərlə kontakta, danışığa, ünsiyyətə yalnız onlar girə bilərlər. Yetənə yetən, yetməyənə daş atan, yerli-yersiz hər şeyə müdaxilə edən, damağından siqareti əskik olmayan, parovoz kimi tüstüləyən Bakı sürücüsündən fərqli, astanalı sürücülər yalnız öz işi ilə məşğul olurlar. İkiəli sükandan yapışaraq avtobusu idarə edir, bütün diqqətini yola, yalnız yola yönəldirlər. Çünki əsas vəzifələrinin insanları, vətəndaşları sağ-salamat mənzil başına çatdırmaq olduğunu yaxşı anlayırlar. Konduktor doxsan təngəmizi (əlli qəpik) alıb, əvəzində qəbz uzadır və mənzil başına çatan kimi bizi xəbərdar edəcəyinə israrla söz verir.

Şəhər nəqliyyatında musiqiyə, radioya səs verməyə qəti icazə verilmir. Sonsuz tıxaclardan, kobud sürücülərdən, basabasdan, boğanaq istidən, tərdən bezən, hər an hiddətə, əsəbə hazır olan, hər xırda sözdən qıcıqlanan Bakı sərnişinindən fərqli, Astana sakini daha mehriban və xoşrəftar təsir bağışlayır.

Şəhərin yaşıl parkları, geniş küçə və prospektləri gözümüzün önündən axaraq keçir. Bakı ilə fərq göz-görətidir. Burada küçələrdə addımbaşı zibil qalağına yaxud sıra ilə boy verib uzanan şadlıq saraylarına rast gəlməzsən. Hər yaşayış binasının həyətində idman guşəsi, uşaqların əyləncə, oyun meydançası var.

Bax o bəzəkli binanın üzərinə “Şaştaraz” yazılıb. Yəni, bərbərxana. Sağ tərəfdəki “Dəmxana” yazılmış yer isə kafedir. Avtobus arxayın sürətlə küçələrdən şütüyür, vitrajlar və vitrinlər bir-birini əvəz edir. “Dərixana” - aptek, “Dəpətxana” - ictimai tualet, “Sululuq salonu”- gözəllik salonudur.

Aul alaçığını xatırladan “Xan-Şatır” ticarət mərkəzinin arxasından sağa buruluruq. Konduktor xəbərdarlıq edir, növbəti dayanacaq “Astana Arena”. Biz düşməyə hazırlaşırıq.

***

Göz oxşayan müasir üslubla tikilmiş otuz min yerlik stadionun həndəvərinə çatanda artıq günortaya az qalırdı. Arenanın ön qapıları bağlı olduğundan başqa bir giriş tapmaq ümidi ilə dostumla arxa tərəfə dolandıq. Ağ rəngli, tünd pəncərəli budkaya yaxınlaşıb, tutqun şüşə arxasındakı siluetə, mühafizəçiyə içəriyə daxil olmaq istədiyimizi bildirdik. O, əlindəki ratsiya ilə yarı qazax, yarı rus dilində kiminləsə uzun-uzadı danışdı və başıyla içəri keçməyimizə işarə etdi.

“Astana Arena”-nın girişində üzündəki hiyləgər ifadə ilə, təxminən, əlli yaşlarında dolu, tosqun bir kişi gümrah, işgüzar addımlarla bizə yaxınlaşdı və özünü təqdim etdi:

– Stadionun direktoru Erlan Jumjaev. Əziz qonaqlarımı ürəkdən salamlayıram. Gəlin çıxın da, sizi gözləməkdən lap gözümün kökü saraldı ki?!

Sonra arxada dayanmış bir dəstə adama tərəf qaş-göz oynadıb him-cim etdi. Bu dəm hündürboylu, pəzəvəng div-cangüdənlər bizi hər tərəfdən mühasirəyə aldılar və növbə ilə yaxınlaşıb bir-bir əl görüşdürlər.

Gözlənilməz qarşılanmadan, təmtəraqlı mərasim ab-havasından özümüzü tamam itirdik. Dostumla bir-birimizə baxıb çiyinlərimizi çəkdik.

“Görəsən, nə məsələdir?”.

Direktor əliylə ardınca gəlməyimizə işarə edir və biz dinməz-söyləməz, quzu kimi dəhliz boyu itaətlə irəliləməyə başladıq.

O, meşin üzlüklü qapıya yaxınlaşıb onu şəstlə açdı, bizi sinəsiylə itələyib geniş qəbul otağına saldı. Otağın ortasına qoyulmuş nəhəng dəyirmi masanın üzəri müxtəlif şirniyyatlar, biskvit və tort məmulatlarıyla dolu idi. Şıq geyinmiş cavan katibə qızlar masadakı fincanlara işgüzar təbəssümlü, işvə əhvallı çay, kofe süzürdülər.

Əlüstü bizim çaya, yoxsa kofeyə üstünlük verəcəyimizi dəqiqləşdirən direktor, cəld yan tərəfə, kabinetinə sivişdi. Divardakı güzgüdən onun bəzənib-darandığını və boğazına tələsik qalstuk dürtüşdürdüyünü sezdik.

Bizi fikir götürdü. Təmtəraqlı mərasim nə üçündür? Axı bizi niyə belə qarşılanırıq? Nə məsələdir? Heç nə anlamırıq. Özümüzü itirmişdik, nə etmək lazım olduğunu bilmirdik.

Bir müddət keçdi, direktor üzündəki kefi kök ifadə ilə yanımıza qayıtdı və top kimi yumru qarnını irəli verib kreslosuna yayxandı:

– Vəziyyət necədir uşaqlar? Mənim işlərim çox, vaxtım azdır. Yubanmadan keçək əsas məsələyə. İndi məni başa salın, müsahibəni burda götürəcəksiniz, ya stadionda? Bəs diktofon, mikrofonu harada quraşdırmaq istəyirsiniz?

Biz əvvəlcə heç nə başa düşmədik, amma sonra məsələnin nə yerdə olduğunu tədricən anlamağa başladıq. Heç demə, səhər erkən Erlan bəyə Türkiyə idman mediasını təmsil etdiklərini bildirən iki nəfər zəng edir və onunla götürmək, müsahibə almaq niyyətində olduqlarını bildirirlər. Həmin görüş bizim oraya yetişdiyimiz ərəfəyə təyin olunduğundan, heç demə direktor bizim həmin türk jurnalistləri olduğumuzu zənn edibmiş.

İndi sular durulanda və aydın olanda ki, biz tanınmış media qurumunun jurnalisti deyil, adicə turistik, Erlan bəyin üzündə bir anlıq çaşqın, əsəbi mimika yarandı. Yanaqları titrədi, göz qapaqları əsəbi şəkildə səyridi. O, qaş-qabağını düyünləyib acıqlı pərtliklə bizi süzdü. Xoşagəlməz vəziyyət otaqda, “qu desən qulaq tutduracaq” səssizlik yaratmışdı.

O, dilxor halda qaşlarını çatıb bir xeyli fikrə getdi. Sonra masanın üzərindəki düyməni basıb yarı qazax, yarı rusca nə isə dedi və bayaq bizi qarşılayan boynuyoğun pəzəvənglər otağa daxil oldular.

İçəridə dava-dalaş ab-havası hökm sürürdü.

Əbəs yerə uşaq vaxtı oxuduğum hansısa özünümüdafiə döyüş təlimini gözümün qarşısına gətirməyə çalışırdım. Çünki dostumla köməkləşsək bütün pəzəvənglər bir yana, onların birinin belə qolunu dirsəkdən qatlaya bilməzdik.

Bu zaman ikimiz də eyni anda, sinxron şəkildə danışmağa başladıq:

– Cənab direktor, vallah-billah bizim heç nədən xəbərimiz olmayıb. Yalnız meydançaya baxmaq istəyirdik, vəssalam. İndi isə buna ehtiyac yoxdur. Yaxşı olar ki, biz gedək.

Arada dərin qatlı, uçurum kimi dibsiz səssizlik yarandı. Ətrafa ölü matəm sükutu çökdü.

Birdən, o, üzümüzə baxaraq ürəkdən qəhqəhə çəkdi:

– “Yo mayo bratanlar”, siz canlara dəyən oğlanlarsız və mənim əziz qonağımsınız. Sizi heç yerə buraxan deyiləm. Arenada istədiyiniz qədər vaxt keçirə bilərsiniz, hətta istəsəniz futbol da oynayın. Amma bir şərtim var.

Təlaşla bir-birimizi süzdük.

“Şərt? Nə şərt?”.

Direktor, stolunun siyirməsini çəkib azca qurdalandı və əlində tutduğu toy dəvətnaməsinə bənzəyən düzbucaqlı kağız parçalarını bizə uzatdı:

– Sizi bir neçə saatdan sonra başlayacaq “Astana”- “Aktau” görüşünə dəvət edirəm. Baxın a, gecikməyəsiniz...

Otaqdan çıxıb, arxamıza baxmadan, yavaşca aradan çıxdıq. Amma axşamkı oyuna təşrif buyurmağı da unutmadıq.

Məlumat hissəsi

Burada hər tərəf o qədər rəvan, o qədər düzdür ki, sanki gözəgörünməz, sehrli bir əl, mala ilə dörd bir tərəfi, min kilometrlərlə ərazi boyunca hamarlayaraq düppədüz edib.

Birdən, qəflətən bu nəhəng düzənliyin, çölü-biyabanın ortasında göydələnlərin metal və şüşə parıltısından bərq vuran, nağıl kimi ilğım-şəhər peyda olur.

Dünyanın ən qəribə şəhərlərindən birinə, Astanaya xoş gəlmisiniz.

Geniş, ucsuz bucaqsız düzəngahın ortasında, karvan yollarının astanasında, girişində ucalan hipermüasir hündürmərtəbələr göz oxşayır. Bu, “Dünya Şəhəri” (YUNESKO) öz sovetlər dönəmi keçmişi (Selinoqrad) və ambisiyalı, nikbin əhvallı gələcəyi ilə öyünməyi bacarır.

Sual yaranır. Nəyə görə paytaxt kimi Qazaxıstanın əsrarəngiz yerləri deyil, bu quru, kontinental iqlimli çöllük, darıxdırıcı landşaft seçilib?

Rəsmi mənbələrdə, almanın cənubdan şimala atılması ilə estafetin Alma-Atadan Astanaya ötürülməsi, paytaxtın dəyişdirilməsi, seysmoloji, təbii-tektonik proseslərlə əlaqələndirilsə də, əsas məqsəd ölkənin ucqarlarına diqqətin artırılması, iqtisadiyyatın, ictimai-siyasi, mədəni proseslərin şaxələndirilməsi və yayılması idi. Burada, etnik və dini harmoniyanın, tarazlığın saxlanılması vacib şərt kimi nəzərə alınırdı.

Şəhərin hər tərəfində məşhur arxitektorların imzasıyla möhürü vurulmuş möhtəşəm binalarla rastlaşırıq. Elə bil ki, onlar bir-biri ilə yarışa girərək qışqırırlar:

“Yalnız mənə bax, mən daha gözələm”

Astananın şəhər-planı məşhur yapon arxitektor Kurokavaya məxsusdur. 1999-cu ildə keçirilən müsabiqə zamanı onun təbiətlə simbioz və harmoniyaya əsaslanan bioformalı, metobolizm stilli konstruktiv ideyalarını Nursultan Nazarbayev şəxsən bəyənmişdi. Bunların arasında britaniyalı arxitektor, İmperator və Pritskerov mükafatları laureatı Norman Fosterin yaratdığı “Xanşatır”ı (Xan Çadır) xüsusilə qeyd etməyə dəyər. Bu memarlıq alaçığının ölçüləri olduqca (127000 m2) qeyri-adidir. Hündürlüyü isə nə az, nə çox düz 150 metr. Xüsusi kimyəvi örtük binanı buranın xarakterik vıyıltılı, qorxunc, şaxtalı qış küləyindən qoruyur və uyğun mikro klimatı təmin edir. Onun içərisində kiçik çay, saxlanması üçün ilboyu 35 dərəcə istilik tələb olunan və xüsusi olaraq Maldivdən gətirilmiş qumu olan çimərlik, biznes və ticarət mərkəzləri var. Bu unikal inşaat nümunəsi hətta eko-tikililərin dünya reytinqinə də düşməyə macal tapıb.

Fosterin arxitektoru olduğu digər bina isə “Sülh və Əmin-amanlıq” sarayıdır. Nəhəng piramida formalı, müxtəlifməqsədli mədəniyyət mərkəzi qalereyaları və konsert zalları ilə doludur. Burada həmçinin ekşn-döyüş janrlı filmlərin beynəlxalq kinofestivalı da keçirilir.

Paytaxtın yeni məkana köçürülməsini, xoşbəxt həyata qədəmi simvolizə edən, xalq arasında “Çupa-Çups” qülləsi adlandırılan “Bayterek”in içərisində ağac qlobus var. Onun üzərində 17 müxtəlif din nümayəndəsinin imzalı avtoqrafı bütün dünya dindarlarının birliyinə işarədir.

Liftləri qəribə trayektoriyalarla hərəkət edən Maliyyə Nazirliyinin pul bankomatı formasında ucalan binası da diqqəti cəlb edənlər siyahısındadır. Şəhərdə səfirlik və konsulluqlar “diplomatik məhəllə” adlandırılan yerdə, dövlət idarələri isə tam fərqli yerdə toplanıb.

Astanada böyük məscidlər (Nur Astana, Həzrət Sultan), kilsələr (Müqəddəs Uspeniya), sinaqoqlar (Beyt Rahel Habad Lyubaviç) ölkədə sağlam dini əlaqələrin, tolerantlıq münasibətlərin simvolu sayılır.

Şəhərin ən gözəl, görkəmli binalarından biri də Kabanbay Batır prospektində yerləşən Nazarbayev Universitetidir. Ümumiyyətlə, xaricdə təhsil alan qazax gənclərin bir çoxu karyera qazanmaq üçün həvəslə Astanaya qayıdır, biznes və dövlət sektorlarında işləyirlər. Xaricdə təhsil alan tələbələrin bütün xərclərini dövlət ödəyir, ancaq burada bir şərt var-təhsil müddəti bitdikdən sonra gənc mütəxəssis vətənə dönməlidir.

Şəhər əhali tərkibinə görə də gəncdir. Şəhərdə gəzərkən, əlli yaşdan yuxarı insanlarla nadir hallarda rast gəlmək olur. Kötükləmiş, bünövrə bağlamış sovet-inzibati-bürokratik idarəetmə yanaşması ilə bazar iqtisadiyyatının tumurcuq kapitalizm əlamətlərinin toqquşduğu bu qeyri-adi, “oyuncaq” şəhərdə təmizlik və səliqə-sahman göz oxşayır. Bizim Bakıda görməyimizə adət etdiyimiz siqaret kötüyü, tum qabığı, sellofan torbalardan burada əsər əlamət belə yoxdur.

Çöllüklərin sonsuz boşluqlarını doldurmağa çalışan, tikinti tempinə görə MDB-də birinci yerdə gedən, sərhədlərini və əhalisini durmadan genişləndirən, artıq Sinqapurla, Dubayla yarışmağa can atan, əsası qazax forpostu kimi 1830-cu ildə qoyulan Astanada insan qəribə hisslərlə üz-üzə qalır.

# 2956 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #