Basabas, sıxlıq, tər iyi, bir-birinin belinə çıxan adamlar - Bakı metrosu

Basabas, sıxlıq, tər iyi, bir-birinin belinə çıxan adamlar - Bakı metrosu
5 yanvar 2023
# 14:00

Kulis.az Vüsal Bağırlının “Metroya minməyin və düşməyin əlahiddə fəsadları” adlı yazısını təqdim edir.

Axşamlar metroda sərnişinlərin evinə, eşiyinə qayıtdığı pik saatlarda, yaxud sübh tezdən hamının işə-gücə getdiyi vaxtlarda etiket qaydalarının, mədəni davranışların, xoş qılıqların, ilıq təbəssümlərin heç bir dəyəri, mənası qalmır.

Ey sərnişin, insan kimi davranmaq mənasında indiyədək öyrəndiklərini, rəftar, xoş münasibət üçün etdiklərini, hər şeyi unut getsin.
Burada şəraitə uyğun davranmalı, xarakterini, xasiyyətini büsbütün dəyişməlisən. Əgər vaqona zor-birtəhər minib, evinə, eşiyinə salamat getmək istəyirsənsə, dəvə kimi kinli olub, gənə kimi tutacaqdan yapışmalısan. Qabalıq etməli, hamını, hər kəsi vəhşicəsinə tapdalamalı, qarşına çıxanı itələməli, uşağı, qocanı əzməlisən.

Söyüş söyməli, kobudluq etməli, dirsəyin, dizin, “muskul”unla özünə yol açmalısan.

Gücün var, zorun var, metroya giriş.
Yoxundur, haydı sürüş.
***

Səhərdir. Vaqondayam. İşə tələsirəm. 20 yanvarda qatar dayandı. Bir tərəfdə içində olduğum ağzınadək dolu vaqon, digər tərəfdə ağız-bığız dopdolu perron. İzdiham, insan kütləsi əlindən ayaq qoymağa, nəfəs çəkməyə yer yox. Adamlar o qədər çoxdur ki, elə bil bütün Bakı əhlini zor-xoş yerin altına doldurmusan. Perrona o qədər adam toplaşıb, adama elə gəlir paytaxtda 4 milyon deyil, 240 milyon sakin yaşayır.
Bu dəm qapılar açıldı. Bir də baxdım, nə düşən rahat düşə bilir, nə minən düz əməlli minir. Heç kəs, keç kəsə aman vermir. Yol güzəşt etmir. Heç güzəşt etmək fikrində də deyil. Beləcə qatar qapısı açıq vəziyyətdə dayanmışkən, perron əhli, vaqon əhli üz-üzə dayanıb, baxışır və bir-biriylə qızğın söhbət edir.

- Bir az sıxlaşın minək də.

- Ə buna bax, nə sıxlaş? Hara sıxlaşım? Yer var? Görmürsən preslənmişik bir-birimizin üstünə?

- Ala nə gic-gic danışırsan? Yer var, özü də nə qədər istəsən. Orta bomboşdur, keç ora dedim sənə...

- Korsan, ya özünü korluğa vurmusan? Burda boş yer görürsən? Gəl göstər boş yeri..

- Gəlib tapsam, qanın getdi…

- Yer tapıb sıxlaşmayanın var-yoxuna…

- Söyüş söymə blət… Yoxsa daha betərini deyərəm, yeddi qatından keçər..

- Yaxşı də, özünüzü uşaq kimi aparmayın. Görmürsünüz camaat işə-gücə tələsir?

- İçəridən gələn iyə bax e, sən Allah. Püff, adamın ödü lap ağzına gəlir.

- Elə demə, sən Allah, indi qusacam...

- Vay mən düşə bilmirəm, qaldım burda, kimsə qarnıma basır, axı mən hamiləyəm?!

- Hamiləsən, get doğum evinə də, burda nə itin azıb?!

- Ay aman işə gecikirəm...

- Vay dədə, əlim qapıda qaldı

- Əşi tərpən də zalımın oğlu... Maşinist elə bil lülə qurudur.

***

28 May. Metronun içi. Axşamdır. Artıq iyirmi dəqiqədir alaqaranlıq peronda gözləyirəm. Yorğunam, evə getmək istəyirəm, amma, yazıq günümə, gedə bilmirəm. Dopdolu vaqonlar taqqatuqla bir-bir gəlir, dayanır, qapısını fısıltıyla açır-yumur, amma nə düşən var, nə də minən. Elə basabasdır ki, qapıdan keçmək o yana, içəri addım qoymaq belə qeyri-mümkün.

Vəziyyət ümidsizdir, hal-qəziyyə kritik. Kimsə replika atır.

- Bir az ortaya sıxlaş də...

- Ala qaqaş, demək asandır e, gəl bax gör nə vəziyyətdə dayanmışam. Yer var burda?

- Gələ bilsəm, elə minərəm də.

Minmək mümkün deyil, elə düşmək də...

Fasiləsiz işləyən eskalatorlar isə yeni sərnişinləri dəstə-dəstə perrona doldurur, doldurur...

Yeni gələnlər, çar-naçar köhnələrin arxasında dayanır. Adamlar kor-koranə bir-birlərinin üstünə qalaqlanır. Burda basabas, sıxlıq adi qarşılanır. Artıq bayaqdan içəridə olan köhnə sərnişinlər fəhmlə indilərdə gələcək vaqonun qapı mövqeyini təxmin etməyə çalışırlar. Belə edirlər ki, hərgah bəxtləri gətirsə, bəlkə qatarın içinə girə bildilər.

Metro nəzarətçisi əlini tərpədir, qışqırır, bağırır, polis adamları metro yolundan kənarda dayanmağa dəvət edir.

İzdihamın tən ortasında növbə gözləyirəm. Məndən öndə dayanmış adam tanışı ilə nə barədəsə qızğın söhbət aparır. Deyib-gülür. Onun yüksək əhvalı, özündən razı görünüşü məni qıcıqlandırır. Elə bilirəm o bununla mənə, "bax, səndən öndəyəm, səndən daha şanslıyam" mesajını ötürür. Arxamda dayanmış adam ehtiyatla, qorxa-qorxa mənə sarı əyilir, üzr istəyib, saatı soruşur. İndi özünü dartmaq növbəsi mənimdir. Mən isə əlimə düşmüş şansı məmnuniyyətlə əldən qaçırmır, ona çiynim üzərindən saymazyana cavab verirəm.

- Yeddi tamam.

O başını tərpədir, tələsik razılığını bildirir.

Biz gözləyirik, elə hey gözləyirik. Vaxt keçdikcə hamı bir-birinə isinişir. Daha bir az da keçir, yad simalar doğmalaşir, hamı yaxın, qohum olur.

İçəridəki bütün sərnişinlər ayaq üstdə sıx-sıx, qarın-qarına dayanmış, hər şeydən bezib yorulmuş, peronun havasız, boğanaq mühitində bir-birimizi nəfəsdən gələn sarımsaq, ucuz ətir, tütün, qoltuqaltı tər iyinə qonaq etmişkən, özümüzü o yerə qoymur, amansız rəqabət mühitində darxımamaq naminə baş qatmağa çalışırıq.

Yanımdakə gənc oğlan əlindən tutduğu qızın qulağına nəsə pıçıldayır. Qız gülümsəyir, başını tərpədir, alnına tökülmüş saçlarını incə hərəkətlə geri atır. Ana qucağında ağlamsınan körpəsini ovundurmağa çalışır. İdmançı bədənli hündür kişi tərpənməz dayanıb. Onu sanki sanki iynə ilə keyidiblər, canlı insanın mum fiquruna döndəriblər. O, qalın qaşlarını düyünləyir, qımıldanmadan, ətrafdakı olaylara qəti fikir vermədən heykəl kimi düz qabağına baxır.

Tələbə qız qulaqcıqdan dinlədiyi musiqinin ritmiylə başını yelləyir, çiyinlərini tərpədir. Orta yaşlı dolu qadın, gözlərini yumub, asta-asta nəfəs alır. O elə ayaqüstə mürgüləyir, işdə canına hopmuş hədsiz yorğunluğu dəf etməyə çalışır. Biri telefonda mesaj yazır, digəri feysbukda qurdalanır, üçüncüsü şahmat oynayır. Mən isə köhnə vərdişimlə, ən yaxın dostumu, əzəli yol yoldaşımı çantamdan çıxarıram, yarımçıq qaldığım yeri tapıram və kitab oxumağa başlayıram.

Hara tələsirəm e, onsuz da bu gecə burdayam...

***
Yenə metrodayam. Nəhayət qatara minib, geri qayıdıram. Yenə basabas, yenə sıxlıq. Vaqonun hər kvadrat metri uğrunda qızğın, amansız mübarizə.

Elə bil fırtınadır.

Birdən hər şey sakitləşdi. Anidən fırtına səngidi. Sunamilər yatdı, dalğalar yox oldu. Qapılar bağlandı. Nəhayət minə bildiklərini anlayan xoşbəxt sərnişinlər sakitləşdilər.

Nə xəbər? Bəs vaqon yola düşdü. İnsanlar bir-birinin qucağında, belində, mehriban, deyə-gülə atmosferdə, hamımız yola düşdük.

Qatar tam sürət yığdığı anda qəflətən gözlənilməz hadisə yaşandı, qaranlıq tunelin düz ortasında maşinist əyləci basdı. Zəncirvari reaksiya baş verdi.

Bu cür ətalətli ləngəri, qəfil dayanmağı gözləməyən biçarə sərnişinlər, kimi dal-dalı, kimi bir-birinin üstünə aşdılar. Lap domino daşı kimi səpələndilər.

Aydındır ki, mən də yıxıldım. Özü də lap pis yıxıldım. Böyrü üstə. Kiminsə üstünə yumalandım. Kiminsə tünd, boğucu tər iyi verən ağır cəmdəyi üstümə uzandı və bu vəziyyətdə, hamı bir-birinə qalaqlanmış şəkildə bir müddət qaldıq.

Bir anlıq sükut yarandı. Sonra ara-sıra səslər, nalələr eşidildi. Kimsə zarıdı. Kimsə ayağını tutub ufuldadı. Lap altda qalan bir qadın qışqırdı, “vay canım çıxdı”. Yerə yıxılmış bir qız isə, düşdüyü yöndəmsiz vəziyyətə qəşş edib, uğundu.

Adamlar yavaş-yavaş, bir-birindən tutub, kömək edə-edə ayağa qalxdılar. Ən qəribəsi də, ayağa qalxanlar nədənsə üst-başlarını çırpırdılar. Hamı özünü elə aparırdı, elə bil toz-torpaq içindən eşələnib qalxıblar.

Qatar hərəkətə gəldi, dartınıb, gərnəşib, ehtiyatla irəliyə doğru can atdı. Yola düşdük. Salonda elan eşidildi. Maşinist sərnişinlərə səslənirdi.

“Hörmətli sərnişinlər, hərəkətə olan qatarın zəruri səbəblərdən qəflətən dayanma ehtimalını nəzərə alaraq, ehtiyatlı olmağı, tutacaqlardan möhkəm yapışmağı tövsiyə edirik”.

Mən bayaq yıxılarkən zədələnmiş dirsəyimdən ovxaladım.

“Eh, boş-boş zəvzəyincə, bunu vaxtında desəydin?!”

# 3875 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #