Bakı damır, ayaqqabım cırıqdı, işə gecikirəm...

Bakı damır, ayaqqabım cırıqdı, işə gecikirəm...
21 dekabr 2021
# 13:50

Uzaq Suraxanı bölgəsinin yağışlı havasına pəncərəmi açıram. Yox, bu çox pafoslu oldu. Onda gəlin belə deyək. Bu gün yağış yağır. Əvvəlcə fikirləşdim ki, mən bu gün nə istəyirəm? Dərhal da ağlıma gəldi. Çoxdandır nə istədiyimi tapa bilmirdim. Deməli, hikmət yağışda imiş.

İstəyim odur ki, qalın odun peçinin yanında – fonda mütləq peçin cızırtılı səsi – yorğana girib, çay içə-içə yatmaq, kinoya baxmaq, kitab oxumaq. Bu boyda dünyadan bu gün yalnızca bunu istədim.

Bu nə mənasız, məzmunsuz bir arzudur? Adam niyə odun peçinin yanında uzanıb çay içmək istəsin? Özümü odun peçi təfəkkürlü bir insan kimi hiss etdim. Utanmaz-utanmaz buna romantika adı da qoymaq istədim ki, bəlkə, vəziyyətdən çıxaram. Bu arzumla əmin oldum ki, mən heç vaxt – (bu cümləni yazmağa ərindim. Lütfən tamamlaya bilirsinizsə, siz tamamlayın). Gəlin burda pauza verib, bir səhnə quraq.

Mən dünyanın ən zəngin iş adamlarından biriyəm. Türk qardaşlarımız demiş, "ünlü iş adamıyam". Görək belə olan halda necə olacaq.

Uzaq Suraxanı bölgəsinin yağışlı havasına pəncərəmi açıram. Yox, bu da çox sönük qaldı. Gəlin belə deyək. Uzaq Parisdə nəmli Eyfeli görən balkonuma çıxıram. Az sonra xidmətçi viskimi gətirir. Viskimi qurtumlayaraq avokadodan bir dilim götürürəm.

Başqa bir şey fikirləşə bilmədim. Mənim zənginlik xəyalım Parisdə viski içərək, avokado qurtumlamaqdır. Onu da hansısa serialda, kinoda filan görmüşəm, heç özümün deyil.

Lənət şeytana, Bakı damır, ayaqqabım deşikdir, işə gecikirəm.

Yağış mənim üçün həmişə kədər və nisgil əlaməti olub. Başıma düşən hər damcı ilə xatirələr canlanır və indiyə qədərki həyatım sürətlə gözümün önündən keçir. O qədər sürətlə keçir ki, “bir kino lenti” kimi ifadəsini belə işlətməyə çatdıra bilmirəm.

Əgər mütləq nəyinsə lenti kimi gözümün önündən keçəcəksə, olsa-olsa bu cizgifilm lenti olar. Çünki, bu lentə o qədər əzablı və mənasız xatirələri sığışdırmışam ki, o xatirələr qalıb kifləndikcə cizgifilmləşib, yəni həm gülünəsi, həm də daha əzablı şeylər olub.
Başıma düşən hər damcı yadıma da düşür. Yadıma düşənlər isə, çoxdandır yaşamadığımı xatırlamağıma səbəb olur. Çoxdandır yaşamıram, dostlarım. Çoxdandır həyatda qalmışam.

Yağışlı havada ya Flora Kərimova, ya da Aydın Saninin mahnıları yadıma düşür.

“Bir axşam,
Taksidən,
Düşüb
Yağışa...”

“Dayanıb yol kənarında,
Büzüşüb tir-tir əsəndə,
Məni axtar darıxanda”.

Ay qəlbini qırdıqlarım, bircə ona görə rahatam ki, yağış eyni zamanda hamımızın başına yağır.

# 3603 dəfə oxunub

Müəllifin son yazıları

# # #