Kəramət Böyükçölün sirri nədədir? - Müsahibə

Kəramət Böyükçölün sirri nədədir?  - Müsahibə
10 iyun 2023
# 11:10

Kulis.az Vüqar Vanın “Kəramət Böyükçöllə xəyali müsahibə”sini təqdim edir.

Yaxınlarda Kəramət Böyükçölün yeni “Elçibəyin sirri” adlı kitabı çapdan çıxdı. Kitab yazıçının mərhum Əbülfəz Elçibəylə xəyali müsahibəsi, söhbətidir. Kitabı oxuyandan sonra qərar verdim ki, mən də Kəramət Böyküçöldən xəyali bir müsahibə alım və görüm Kəramət Böyükçölün sirri nədir?

– Salam Kəramət, necəsən?

– Narahat.

– Nə üçün? Təzə kitabın “Elçibəyin sirri” yaxşı satılır axı. Yazıçı üçün bundan gözəl şey nə ola bilər?

– Kitab yaxşı satılır. On gündən artıqdır kitab çıxıb, təxminən, mindən çox satılıb. Mən başqa şeyə görə narahatam.
Kitablarımı satmaqda məqsədim təkcə pul qazanmaq deyil. Çünki məqsədim pul olsa, mənim üçün bu ölkədə onun çox asan yolları var.

Pul üçün bu qədər çətin bir yolu niyə seçirəm? Əsas məqsədim kitabımın oxunması və bir yazıçı kimi məni tanımağınızdır. Sosial şəbəkədə zarafat, ciddi, ya qeyri-ciddi, gülməli, ağlamalı paylaşımlar ani hisslərimizi ifadə edir, ancaq kitab mənim düşüncələrimdir.

Haqqımda hər cür söz-söhbətlər danışa bilərlər, yaza bilərlər, fikirləşə bilərlər. Mənim o söz-söhbətlərlə uğraşacaq halım, heyim yoxdur. Mən kitab yazım, kitab satım, onla-bunla boğuşum, neyləyim? Vallah, bir də görürsən, haqqımda başdan ayağa şər və böhtandan ibarət bir yazı yazırlar, yazının ora-burasından bir-iki cümlə oxuyub ürək qoyuram.

Nə deyim? Durum onunla boğuşum? Bir də görürsən, biri adımı da tag edib mənə söyüş söyür. Yenə ürək qoyuram. Neyləyim, mən də ona söyüm? Ciddi bir tənqid ola, hə, qolunu çırmayıb, oturub cavab verəsən, maraqlı da müzakirə olar.

"Elçibəyin sirri" məni ifadə edən kitabdır. Məni bir yazıçı kimi səmimi sevgisi, səmimi nifrəti və səmimi şəkildə məni tanımaq istəyən adamlara bu kitabımı almağını və oxumağını çox istərdim. Oxumayacaq, sadəcə mənə dəstək üçün almaq fikrindəsinizsə, almayın.

Çünki belə bir dəstəyə ehtiyacım yoxdur. Təkcə maddi gəlir əldə etmək fikrim olsa, bundan ötrü kitab yazmaram, açıq deyərəm ki, mənə dəstək olun və ya özümə başqa yollar seçərəm.

– Kəramət, nə üçün kitabın üz qapağında öz şəklini tam vermisən, Elçibəyin şəklini yarımçıq?

– Elçibəyin sirri ordadır.

– Mən kitabı oxuduqca düşünürdüm ki, bəlkə, Kəramət Elçibəyin hansısa cavabında qərəzli davranıb? Yaxud haradan bilmək olar ki, Elçibəy düz danışır, yoxsa səhv?

– Mən bu kitabı yazmazdan əvvəl Elçibəyin bütün müsahibələrini, videolarını, yazılarını, fəaliyyətini, həyatını araşdırmışam.

Bu araşdırmaları onun fikirlərini əsas tutaraq təxəyyülümdə canlandırmış və ünsiyyət vasitəsi kimi söhbətə çevirmişəm.

Bunu ona görə söhbətə çevirmişəm ki, oxucu kitabı oxuyanda çətinlik çəkməsin. Amma tarixi faktlara əsaslanan məlumat ala bilsin.
Oxuduqdan sonra mühakimə etməli, fikir yürütməli, tənqid etməli olan insan fikirləşir ki, sonra gəlib alaram.

Kitabı oxumayacaq olanlar isə mənə yazı yazmağı, Elçibəyə isə siyasətçi olmağı öyrədir. İndi həmin oxuculara mənim bir sualım var: Tolstoy “Hərb və sülh”ü yazanda Napoleonla görüşmüşdü?

– Oxucuların yerinə sualını mən cavablandırım. “Hərb və sülh” roman-epopeyadır. Süjet xətti, strukturu, qoyduğu məsələnin bədii həlli və qəhrəmanları var.

Ona görə də Tolstoyun “Hərb və sülh”ü yazanda Napoleonla görüşməməyi normaldır. Çünki bu janrın tələbi deyil. Bəs sən kitabını yazarkən hansı janrın üslub və forma xüsusiyyətlərinə riayət etmisən?

– Kitab tarixi faktlara əsaslanan xəyali müsahibədir.

– Belə çıxır ki, kitabın müəllifi ya yoxdur, ya da sən və Elçibəydir?

– Vüqar, sən istedadlı oğlansan. Rolan Bartın “Müəllifin ölümü” adlı məşhur essesi var. Mətndən müəllifin kənarlaşdırılması təkcə, tarixi fakt, yaxud yazı effekti deyildir. Bütün müasir mətn özülünə kökünə qədər dəyişir və yenidən yarananda elə yaradılır və oxunur ki, müəllif bütün səviyyələrdə kənarlaşdırılmış olur.

Hər şeydən əvvəl zaman perspektivi başqa şəklə düşür. Belə hesab edilir ki, müəllif kitabı beynində, fikrində bəsləyir, ondan əvvəl mövcud olduğu üçün əzab çəkir, onun üçün yaşayır, bu sanki atanın oğuldan əvvəl gəlməsi kimi bir şeydir.

– Heç nə başa düşmədim.
Kitabda bir çox yerlərdə görürdüm ki, Elçibəy səni tərifləyir? Niyə özünü Elçibəyə təriflətmisən? Bəlkə, o səni tanısaydı, haqqında başqa şeylər düşünərdi?

– Elçibəy məni harda tərifləyib? O deyir ki, sosial şəbəkələrdə istedadınla “taksavatlıq eləmə”. Qələmini çörək ağacı kimi minib-çapmaqla məşğul olma. Kitab yaz! Deyir ki, çoxlu oxu. İstedadını daima cilala. Xarici dillər öyrən. Özünü iti saxla. Sən çox işıqlısan.

Ölməyinə, közərməyinə, içindəki işığın sönməyinə imkan vermə. Deyir ki, içindəki işığı böyük ocağa çevir. Tonqa qala. Səni başqa xalqlar da oxusun. Ölkəni təmsil et.

– Bunu sənə Elçibəy deməmişdən qabaq, Seymur Baycan da demişdi.

– Seymur deyib deyə, Elçibəyə qulaq asmayım? Bunlar, onsuz da, mənim bildiyim şeylərdir.

– Kəramət, kitabın arxa fonunda, arxa səhnəsində bir giley-güzar, peşmanlıq, gənclik səhvlərinə geri qayıtmaq hiss elədim... Üstəlik, təkcə, sən yox, eyni zamanda, Elçibəy də daim gileylənir.
– Düz hiss etmisən. Bayaq dedim, sən çox istedadlı oğlansan. Bunu hər adam tuta bilməzdi. Bu sualı mənə verdiyin üçün təşəkkür edirəm.
“Elçibəy niyə gileylənir?” sualına, məncə, kitabda kifayət qədər əsaslı cavablar var. Oxuyanlar biləcəklər.

Ona görə də istərdim öz gileylənməyimin cavabını verim.
Mənə yazılan rəylərə bax. Hər gün məni nə qədər adam ifşa etməyə çalışır. Bu yaxınlarda bir nəfər yazmışdı ki, Kəramət sən yazıçı deyilsən, sosial media fenomenisən. Mən də ona cavab verdim ki, çox sağ ol, heç olmasa bunu etiraf edirsən.

Nədən danışıram, danışım, mütləq məni harasa aparıb calamağa çalışacaqlar. Biri deyir, ona işləyirsən, biri deyir, buna işləyirsən, biri deyir, atana işləyirsən, biri deyir, babana işləyirsən. Fakt, sübut, tutarlı bir səbəb isə yoxdur.

Təbəssümümüzü oğurlayıblar. Yazdıqlarımı oxumadan hamı mənim haqqımda bir fikir sahibidir. Düzdür, heç kimi məcbur edə bilmərəm ki, məni sevsin. Amma xalqın öz yazıçısına qarşı münasibəti istər-istəməz məni narahat edir.

Mən küçələrdə kitablarımı sataraq dolanan bir yazıçıyam. Kitabımı küçədə 10 manata satıram. Mağazalar isə bunun 40 faizini özlərinə istəyirlər. Kitabın birini də nəşriyyat 3-4 manata çıxarır. Adətən nisyə çap elətdirirəm. Satdıqca pulunu ödəyirəm.

Daha nisyə də çıxarmırlar. Dostlarımdan, ərkim çatan adamlardan borc alır, satdıqca da yavaş-yavaş qaytarıram. Hər kitabın 4 manatını mağazaya, 3-4 manatını da nəşriyyata versəm, özümə 2-3 manat qalır. Ona görə də küçələrdə kitab satıram. Nə müstəqil naşir institutu var, nə ədalətli şərtlərlə işləyən bir kitab mağazası, nə də yazı yazıb normal qonorar alacağımız sayt, jurnal, dərgi. Mən gileylənməyim, bəs kim gileylənsin?

İçimdəki torpaq saflığına heç vaxt xəyanət etməmişəm. Bu yerə kimi öz zəhmətimlə, əməyimlə gəlmişəm. Yazmışam və yazdığımı özüm satmışam.

– Kəramət, içkini atandan sonra kütlənin gözündə “Kefli İsgəndər” obrazını itirəcəyindən qorxmurdun?

– Asif Atanın yaxşı bir sözü var. Deyir, mən insanı imtinalarından tanıyıram...

– Çox müdrikləşmisən, ancaq aforizmlərlə danışırsan.

– Kefli İsgəndər obraz idi. O əsər yazmaq iqtidarında deyildi. Sadəcə içib danışır, heç bir missiya, vəzifə yerinə yetirmirdi. Özümü aldatdığımı dərk edəndən sonra düşündüm ki, Kefli İsgəndər obrazından xilas olmaq lazımdır.

– Mən kitabı bəyənmədim. Sözün açığı, bəyənməmək də deyildi. Ayrı bir şey gözləyirdim. Roman, povest və s. Amma müsahibə oxudum.

– Orxan Pamuk haqqında ağzına nə gəldi danış, gör səni eşidər? Eşitməz. Niyə? Çünki çox böyükdür. Səsin ona çatmaz. Sənin gücün ancaq mənə çatar. (gülür)
Zarafat edirəm, Bu da sənin oxucu fikrindir. Mən durub səninlə dalaşası deyiləm ki, niyə mənim kitabımı bəyənməmisən? Özün bilərsən. Sən istedadlı bir yazıçısan. Kifayət qədər püxtələşmisən. Bundan sonra elə yazaram, sən də bəyənərsən.

– Təşəkkür edirəm. Xoş sözlərin üçün minnətdaram. Sonda oxuculara nə demək istəyirsən?

– Elmlər Akademiyasının parkında Türk Dünyası Kitab Festivalı keçirilir. Mən də orda kitablarımı satıram. Həm sərgiyə gəlsinlər, ölkənin mədəni tədbirlərində iştirak etsinlər, həm də mənim kitablarımı alsınlar.


# 6599 dəfə oxunub

Müəllifin son yazıları

# # #