Sırtıqlığın fabulası ətrafında

Şəhriyar del Gerani, Vüqar Babazadə

Şəhriyar del Gerani, Vüqar Babazadə

14 oktyabr 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin “Sırtıqlığın fabulası ətrafında” adlı yazısını təqdim edir.

Xahiş edirəm, fikrimi sizə izhar etmək üçün mənə onca dəqiqə icazə verəsiniz. Fikrim bir az genişdir.

Bütün xoşbəxt dostlarım bir-birinə bənzəyir, bədbəxt dostlarımın isə hərəsi bir cür bədbəxtdir. Son zamanlar müşahidə edirəm ki, qələm dostlarım, simsarlarım yazıdan, ədəbiyyatdan uzaq düşüb. Hərənin bir problemi var.

Elə bilirsiniz ki, hərənin bir problemi yoxdur? Var. Hərənin nəinki bir problemi, hətta bir neçə problemi var. Buna görə də istedadlı, zəhmətkeş qələm dostlarımın, yazı adamlarının ədəbiyyatdan, yazı-pozudan uzaq düşməsinə dəhşətli dərəcədə məyus oluram.

Belə qərara gəlmişəm ki, bundan sonra bəzi yazılarımı ədəbiyyatdan, yazıdan uzaq düşən, stimulunu itirən dostlarıma həsr edim ki, onlar həvəslənsinlər. Yazmaq yadlarına düşsün. Üstəlik, onların üslubunda, onları təqlid edərək yazacam. Bu yazını könül sirdaşım, istedadlı şair, əziz dostum Şəhriyar del Geraniyə həsr edəcəm və çalışacam ki, onun tərzində bir yazı yazım. Çünki Şəhriyar da özündən asılı olmayan səbəblərdən yavaş-yavaş yazıdan, ədəbiyyatdan uzaq düşmək astanasındadır. Kompüteri oğurlanıb, yaza bilmir. Bu yazını əziz dostumu ruhlandırmaq üçün yazıram. Özü də Şəhriyarfason.

***
Oxumayanlar mütləq oxusun! Əjdər Olun “Yazıçı Namiq Abdullayevin axırı” adında möhtəşəm bir portret hekayəsi var.

Əjdər Ol yazır:

“Bir dəfə şaxtalı havada Namiq müəllimə rast gələn şair Vaqif Bəhmənli qələm dostunun başıaçıq olduğunu görüb soruşur:

– Namiq müəllim, belə soyuqda başın üşümür?

Namiq müəllim ona tərs-tərs baxıb cavab verir:

– Nöş üşümür, adam döyüləm?!”

Sualın təbiiliyi ilə cavabın absurdluğu o qədər bir-birini tamamlayır ki! And içərəm buna, vicdan haqqı, əgər bizim dövrdə yaşasaydı, Somerset Moem “Korlar” pyesində bu detalı məmnuniyyətlə işləyərdi.

Çox adama elə gəlir ki, adamdır. Amma elə deyil. Çox adama elə gələ bilər. Nə olsun? Bu primitiv bir şey deyil. Primitiv görürsünüzsə, onda bir də oxuyun. Nə demək istədiyimi, başa düşəcəksiniz.

Sırtıq və özünü hər yerə dürtüşdürən adamlar var. Ən qorxduğum, ən çəkindiyim adam növüdür sırtıq, özünü hər yerə dürtüşdürən, özünü hər yerə soxan, heç şeydən utanmayan, həyasız, arsız, üzlü adamlar. Mənim sırtıq adamlardan xoşum gəlmir. Həya niqabını üzündən götürüb arsızlaşıb, sırtıq olub, sürtülüb. Hər şeyin bir həddi olmalıdır. O cümlədən, sırtıqlığın da. Əgər bir adam sırtıqlıqda həddini aşsa, həmin adam kimə lazımdır? Şəxsən mənə, lazım deyil. Adamın sırtığından, dananın da mozalan tutmuşundan zəndeyi-zəhləm gedər.

Bibim Vatsap statusunda belə bir aforizm yazmışdı. İndiyə kimi oxuduğum ən gözəl cümlə idi. Qalaq-qalaq kitabdan, səhifə-səhifə məqalədən daha faydalı bir söz idi. Qorxmayın sizə də deyəcəm. Bunu deməkdə məqsədim odur ki, hikmət bəzən ən mənasız yerlərdə, ən lazımsız situasiyalarda, heç gözləmədiyin adamlarda olur.

Oturub 100 il fikirləşsəydim ki, Vatsapda bibimin statusundan nəsə öyrənəcəm, ağlıma gəlməzdi. Gərək hamıdan nəsə öyrənməyi bacarasan. Bəli, bibim yazmışdı ki, “Ya sırtıq olmalısan, ya dərdsiz. Ya “mənim nəyimə lazımdı?” deməyi öyrənməlisən, ya da “sənin nəyinə lazımdı?” deməyi”.

Doğrudan da, əl-əlbət, bu elə bir hikmətli kəlamdır ki, adam oxuyub dərin düşüncələrə qərq ola bilər. Bibim bu nəticəyə necə gəlmişdi, bilmirəm. Necə belə müdrik bir status qazanıb, anlamıram. Özü də nə Dostoyevski oxuyub, nə Tolstoy oxuyub, nə Balzak oxuyub. Heç nə oxumayıb. Sizə qəribə gələ bilər. Amma mən nə edim ki? Bu belədir. Bu belədirsə, mən nə edə bilərəm? Heç nə. Heç bir kitab oxumadan həqiqətin ən ali və adi zirvəsinə dırmanan bibim bu işığa, yəqin ki, həyat təcrübəsi ilə yiyələnib.

Üzsüz olanı, üzü olmayanı heç kim sevmir, iki üzlü olanı da heç kim sevmir. Gərək, bir üzlü olasan. Bir üzlü olmasan, heç kim səni sevməyəcək.

Abraham Linkolnun yaxşı bir sözü var. İndi deyəcəksiz Abraham Linkoln kimdir? Yaxşı sualdır. Bilməyənlər ola bilər. Bu normaldır. Əgər Abraham Linkolnun kim olduğunu bilmirsinizsə, girib internetdə axtarış yerinə yazın ki, “Abraham Linkoln kimdir?”. Beləliklə, onun kim olduğunu öyrənəcəksiniz. Üstəlik, Abraham Linkoln da yazmağı bilmirdi, hərfləri tanımırdı.

Nəsə, qayıdaq mövzumuza, mövzumuzdan uzaqlaşmayaq. Abraham Linkolna dair ayrıca yazımız olacaq. Abraham Linkoln deyirmiş ki, “mənim ikiüzlü olduğumu deyirlər. Heç ikiüzlü olsaydım, bu üzümü istifadə edərdim?”. Olduqca dərin mənalı, dərin qatlı bir ifadədir. 100 faiz gözünün ucu ilə görənlər ibrət dərsi götürdülər özlərinə.

Elə bilirsiz bir üzlü olmaq asandır? Xeyr, əfəndim. Ən çətin peşə, ən zorlu iş, ən mürəkkəb sənət bir üzlü olmaqdır. Bir üzlü adamlara qibtə edirəm. Onların hansı yolla olur, olsun, dəyişməməyinə, üzlərini qoruyub saxlamalarına, bir üzlü qalmalarına hörmətlə yanaşıram. Yaşasın bir üzlü adamlar və rədd olsun sırtıqlar!..

Oxucular sual verə bilər ki, sırtıq adamları necə tanımaq olar? Yaxşı sualdır. Çox adam elə bilir ki, sırtıq adamları tanımaq asandır. Amma bu belə deyil. Sırtıq adamları tanımaq çətindir, məharət tələb edir. Sırtıq adamları bir neçə yolla tanımaq mümkündür.

1) Gülüşlərindən

Sırtıq, özünü hər yerə dürtüşdürən adamları ən yaxşı gülüşündən tanımaq olur. Sırtıq ki güldü, vəssalam, dərhal başa düşürsən ki, bu sırtıqdır. Oyan-buyanı yoxdur, bu, xalis sırtıqdır. Bu gülüşü bir az, çox xırda həyat təcrübəsi olan adamlar dərhal tuta bilərlər. Sırtıqlıq elə bir şeydir ki, ona xas olan adamdan qabaq özü gəlir. Sırtıq gülüşünü dərhal tanımaq olur. Sırtıq, ikiüzlü, həyasız, özünü hər yerə dürtüşdürən adamları tanımaq üçün çox oxumağa, çox bilməyə və çox gəzməyə ehtiyac yoxdur. Özünü hər yerə dürtüşdürdən, özünü hər yerə soxuşduran, sırtıq adamları tanımaq üçün öz içini təmiz saxlasan kifayət edir. Öz için saf, bərraq qalsa, dərhal çirklənmiş, ləkələnmiş adamı daxilindən tanıyacaqsan.

2) Hər şeyi istəyirlər

Sırtıq adamlara fikir versəniz, görərsiniz ki, sırtıqlar hər şeyi istəyirlər. Nə görürlər, arsız-həyasız-abırsız kimi istəyirlər. Gözlərinə nə görünür, istəyirlər ki, onların olsun. Bir dəfə təzə kurtka almışdım, sırtıq bir dostum dedi ki, bunu ver mənə, nə qəşəng kurtkadı. Əlim qaldı üzümdə. Adam nə qədər sırtıq ola bilər? Bu hansı dərəcəli həyasızlıqdır? Çox qısa müddətdən sonra kurtkam faciəli şəkildə cırıldı. Bu hadisədən sonra həmin dostumla əlaqəmi kəsdim, rədd elədim getdi işinin dalınca. Mənə lazımdı?

Siqaret alırsan, deyir birini də mənə ver, şalvar alırsan, deyir, ver mən də geyinim, yemək yeyirsən, gəlib bir tikə çörək götürür, batırır sənin yeməyinə, nə bilim, maşın alırsan, deyir, ver axşamlar Bolt-a qoşulum, ev alırsan, deyir ki, gəlim bir otağında qalım, pulun olur, deyir ki, bir az pul ver mənə. Axırda qorxursan ki, arvad alasan, deyə ki. Nəsə, əstağfürullah.

Oxucularımız məni bağışlasın, bu, əslində, mən deyiləm. Daha doğrusu, həqiqi mən deyiləm. Mənə belə şeylər yaraşmaz. Özü də verdikcə daha çox istəyirlər. Verdikcə səni sümürürlər. Verdikcə sənin iliyini də gəmirirlər. Yaxşı niyyəti öz mənfəətlərinə çevirirlər. Adamın yaxşılığından, onu loxlamaq üçün istifadə edirlər.

3) Günahı başqasının üstünə atırlar

Ən sırtıq adam öz günahını başqasının üstünə adamdır. Özlərinin bariz şəkildə olan xətasını götürüb başqasının boynuna atan adam dünyanın ən sırtıq adamıdır. Adam gərək öz günahından boyun qaçırmasın. Özünü günahları ilə qəbul etsin. Səhv edəndə də gərək insan kimi qəbul edəsən, bundan dərs çıxarasan, nəticə hasil edəsən. Eşşək heç öz günahını başqasının boynuna atır? Yox, təbii ki. Eşşək düşür palçığa, demir ki, mən düşməyəcəkdim, sahibim mənə çox odun yükləmişdi, ayağım büdrədi palçığa düşdüm. Deyir ki, eybi yox, gələn dəfə düşmərəm. Bu analogiyadan belə çıxır ki, sırtıq adamlar eşşək qədər də deyillər.


4) Çox danışırlar

Sırtıq adamlar çox danışan, hərzə olur. Mən hələ ömrümdə sakit, mədəni sırtıq adam görməmişəm. Sırtıq adam o qədər danışır ki, sənin qulaqlarından qan gəlir. Özünü hər yerə dürtüşdürməyindən, özünü hər yerə soxmağından, öz həyasızlığını fərasət kimi qələmə verməyindən gen-bol danışır. Sırtıq adamın üzü astarıyla yer dəyişdirib. Astarı üzüdür. Çox adam elə bilir ki, üzlə astar yer dəyişə bilməz. Amma elə deyil. Nə olsun çox adam elə bilir? Bu o demək deyil ki, üzlə astar yer dəyişə bilməz. Üzlə astar yer dəyişə bilər. Sırtıq adamların üzü astarı ilə yer dəyişib.

Sırtıq adamdan danışdıq, sözüm ona, insan gərək sırtıq olmasın. Haqqını tələb etməklə həyasızlığı, hərzəliklə çox danışmağı, istəməklə sümürməyi ayır edə bilsin. Günəşi küləş kimi başa düşməsin. Sırtıq adam olmaq asandır. Sırtıq olmağa nə var ki? Xaraktersiz ol, vəssalam. Xaraktersiz olub, bunun fərqində olmaq dünyanın ən asan işlərindən biridir. Üzülməmək, qırılmamaq, utanmamaq çətin bir şey deyil. Amma üzülmək, qırılmaq, utanmaq çətin bir şeydir. Hər adam üzülə, qırıla, utana bilmir.

***

Əziz dostum, təpədən dırnağa qədər şair olan Şəhriyar del Geranini bu yazıyla yazmağa, oxumağa, ədəbiyyatdan uzaq düşməməyə səsləyirəm. Çünki bizim bundan başqa heç nəyimiz yoxdur. Bayaq da Namiq Abdullayevdən bica yerə söhbət salmadım. Son günlər bütün yazar dostlarımı Namiq Abdullayev kimi görürəm. Əziz dostum, axı sən yazmışdın ki, mənə elə gəlir, hərəmiz bir az Namiq Abdullayevik. Allah necə haqdı...

Yazını sonda şairlə kiçik bir xatirəmi danışaraq bitirmək istəyirəm.

İstanbulda Heybəli adasında dənizin sahilində uzanmışdıq. Balaca uşağı olan ailə bizim yanımızdan keçirdi. Şəhriyar uşağı göstərib, dedi ki, “uşaq necə Şərifə (Şərif Ağayar) oxşayır e, kopya Şərifdi, yox?”

- Həə, kopya Şərifdi - cavab verdim.

Uşaq bir qram da Şərifə oxşamırdı.


# 2515 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #