"Qarabağ"ın qələbəsinə sevinməyən vicdansızlar

"Qarabağ"ın qələbəsinə sevinməyən vicdansızlar
5 noyabr 2021
# 11:36

Anadır arzulara hər zaman "Qarabağ"...

Dünən, noyabrın 4-ü, 4-cü gün və 4-cü turda “Qarabağ”ımız səfərdə Qazaxıstanın “Kayrat” komandası ilə qarşılaşdı. Qitə miqyaslı turnirlərdə mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ”, Konfrans Liqasının IV turunda meydanda, soyuq havada İbrahima Vadji və Abdullah Zubirin qolları ilə rəqibinə 2:1 hesablı qələbə ilə qalib gəldi. Və biz də sevindik.

Sevindik demişkən, onsuz da, bu xalqın futbol sevincini və xoşbəxtliyini illərdir öz çiyinlərində daşıyan yeganə klub Qurban Qurbanovun rəhbərlik etdiyi komandadır. Amma bu qələbəni həzm edəcək vicdan yiyəsi olmayan adamlar da var. “Qarabağ” uduzanda olur Ağdam təmsilçisi, udanda olur ölkənin fəxri. Mən bunu heç cür başa düşmürəm. Adam necə öz ölkəsinin komandasının qlobal miqyaslı uğuruna sevinə bilməz, sevinmək istəməz? Elə adamlar getsinlər, qurban olsunlar Qurbanın bir gülüşünə. O güləndə, bütün Azərbaycan xalqı da gülür.

Üstəlik, “Bazel” klubunun səfərdə Omonia ilə 1:1 hesablı bərabərliyə razı olması “Qarabağ”ı qrupda həm liderliyə yüksəltdi, həm də qrupdan çıxmağını rəsmiləşdirdi.

Futbol Azərbaycanın ciddi və böyük problemlərindən biridir.

Mən hər dəfə milli komandanın oyununa böyük ümidlərlə gedib, suyu süzülmüş formada qayıdıram. Və bu hal, minlərlə insanın başına gəlir. Biz hər zaman dəstəyimizi verəcəyik, amma sizin də bu insanları bu qədər üzməyə haqqınız yoxdur axı. Həyat, onsuz da əziyyətlidir, heç olmaya milli komandanın qələbələrinə sevinək.

Mənim üçün dünyada ən kədərli mənzərə komandasına dəstək olmağa gəlmiş bir azarkeşin hələ oyun bitməmiş stadiondan çıxıb getməyidir. Bu mənzərə məni dəhşətli dərəcədə qüssələndirir. Dünya gözümdən düşür, axı ümid ən sonda ölür... Ümidin ölməyinin əyani sübutudur bu mənzərə.

Azərbaycanı bir qartala bənzətsək (şərti olaraq yox), futbol onun yaralı qanadıdır. Bu qanadı sarımaq, düzəltmək üçün dövlət əlindən gələni əsirgəmir. Təsadüfi demirəm. Bu yaxınlarda prezident İlham Əliyev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov ilə yeni stadionun açılış etdi. Hətta Prezidentimiz Elxan Məmmədovun qoruduğu qapıya on bir metrlik cərimə zərbəsindən qol da vurdu. Di gəl ki, futbolumuz inkişaf etmir və biz dünya səviyyəsində, dünya miqyasında futbol oynaya bilmirik.

Gəlin kefimizə soğan doğramayaq. “Qarabağ”ın əzmkar qələbəsi münasibətilə futbol azarkeşlərini bir daha təbrik edirəm.

“Qarabağ” bu mövsüm Avrokuboklarda məğlub olmayıb:

10 oyun:

7 qələbə

3 bərabərlik

Çox əla statistikadır. Arzulayaq ki, ardı gəlsin!

# 6015 dəfə oxunub

Müəllifin son yazıları

# # #