Çingiz Abdullayevin fabulası ətrafında

Çingiz Abdullayev, yazıçı

Çingiz Abdullayev, yazıçı

27 oktyabr 2022
# 17:00

Kulis.az Vüqar Babazadənin “Çingiz Abdullayevin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Bu yazı 45 yaşında Xalq yazıçısı seçilən, Məkkədə, Mədinədə, Kərbəlada, Qüdsdə, Məşhəddə olmuş, İmam Hüseyn aşiqi, axirətin olmağını çox istəyən, amma hər şey bu dünyadadır deyən, dünyada adına 6 qadın klubu olan, 32 dildə, 30 milyon kitabı nəşr olunan, güləş üzrə Bakı çempionu, Azərbaycanda ilk dəfə notbukda kitab yazan yazıçı olduğunu iddia edən, atası Respublika prokuroru, ən sevdiyi yazıçı Rey Bredberi olan, balı çox sevən, Qırğızıstanda ona həsr olunmuş “Dronqo” klubu olan, “Neftçi” Futbol Klubu Müşahidə Şurasının sədri, İnterpolun fəxri səfiri, “Pen-klub”un saxta prezidenti, hüquq elmləri doktoru, yazıçı, publisist, detektiv romanlar müəllifi Çingiz Abdullayev haqqındadır.


Çingiz Abdullayevin "dünya şöhrəti"

“Mən şəkərbura deyiləm ki, hamı bəyənsin” deyən Çingiz Abdullayevin ölkəmizdə belə bir profili var:

“Dünya şöhrətli yazıçı”.

Əgər Çingiz Abdullayev dünya şöhrətli yazıçıdırsa, niyə bir dənə də olsun Beynəlxalq festivala dəvət almır? Niyə hansısa Beynəlxalq ədəbi mükafatlardan birinə layiq görülmür? Nə üçün Beynəlxalq müsabiqələrin bir dənəsinə jüri üzvü kimi dəvət olunmur? Niyə “Netflix”də kitablarını ssenariləşdirib serillar, filmlər çəkmirlər? Hanı Çingiz müəllimin prestijli, samballı dünya şöhrətli ədəbi jurnallara, saytlara, dərgilərə müsahibələri? Niyə dünyada onu hansısa məşhur verilişə dəvət etmirlər? Onun kitabları haqqında nə üçün dünya şöhrətli ədəbi tənqidçilər bir dənə məqalə yazmırlar? Niyə heç kim onun kitablarını təhlil etmir?

Dünya şöhrətli yazıçıdırsa, hanı dünyada “ən çox satılanlar” siyahısındakı məlumatları? Dünya şöhrətli yazıçıdırsa, hansı ədəbi jurnal onun haqqında, ən azı “valehedicidir” sözünü yazıb? Dünya şöhrətli yazıçının dünya şöhrətli tərcüməçiləri, dünya şöhrətli redaktorları olur. Hanı bu adamlar? Dünya şöhrətli yazıçıdırsa, hansı dünya şöhrətli nəşriyyatlarla əməkdaşlıq edir? Dünya şöhrətli yazıçıdırsa, ədəbi agenti kimdir? Dünya şöhrətli yazıçıdırsa, hansı dünyəvi problemə toxunub? Dünya şöhrətli yazıçıdırsa, nə üçün Bukerin uzun siyahısına düşmür? Dünya şöhrətli yazıçıdırsa, niyə Beynəlxalq kitab sərgilərində, kitab fuarlarında iştirak etmir? Dünya şöhrətli yazıçıdırsa, Salman Rüşdini, Herta Mülleri, Orhan Pamuku, Elif Şafakı, Llyosanı, Etqar Kereti tanıyan, oxuyan oxucular Çingiz Abdullayevi də tanıyırlarmı?

Nə qədər istəyirsiz uzada bilərəm. Amma bu sualların bir cavabı var: Çingiz Abdullayev dünya şöhrətli yazıçı deyil.

Dünya şöhrətli yazıçı olmaq üçün ilk növbədə dünyada tanınmalısan. Onu bizdə evdar qadınlar, qarakurtkalı, çolkalı oğlanlar və tələbə qızlar oxuyur. Dünyada bəs kim oxuyur? Uzağı post-sovet ölkələrində, Rusiyada kimsə metroda cibinə atar ki, yolda vaxtını öldürsün. Belə dünya şöhrətli yazıçı olar? Avropada itətök detektiv yazıçı var. Daş atırsan, gedib detektiv yazıçıya dəyir. Özü də hamısı Çingiz müəllimdən qat-qat yaxşı yazır. Neynirlər Çingiz Abdullayevi? Kimə lazımdır onun yazdıqları? Kimə lazımdır onun Dronqosu?


Çingiz Abdullayev və PEN klub

PEN bütün dünya yazıçılarını birləşdirən bir təşkilatdır. Abreviatura ingiliscə "playwrights" (Drammaturqlar), "essayists" (Oçerk yazıçıları) və "novelists" (Roman yazıçıları) sözlərindən əmələ gəlib. “Pen” həm də ingiliscə qələm deməkdir. Bir çox ölkədə qurumları fəaliyyət göstərir.

2011-ci ildə AYB-nin mətubat xidmətinin açıqlamasına baxaq:

Azərbaycan Yazıçılar Birlyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib

AYB-nin mətbuat xidməti bildirib ki, "Pen-Klub"un prezidenti Maqsud İbrahimbəyov ərizə ilə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və "Pen-Klub"un İdarə Heyətinə müraciət edib. O, yaradıcılıq planlarının çoxluğunu əsas gətirərək "Pen-Klub"un prezidenti vəzifəsindən azad olunmasını istəyib.

Maqsud İbrahimbəyovun xahişi nəzərə alınıb. Uzun illər "Pen-Klub"un vitse-prezidenti vəzifəsini daşıyan Çingiz Abdullayev "Pen-Klub"un prezidenti seçilib.


Beləliklə, Çingiz Abdullayev Pen-klubun prezidenti seçilir və yaxın tarixə qədər özünü Pen-klub Azərbaycanın prezidenti kimi qələmə verir. Daha sonra PEN açıqlama verib bildirir ki, PEN-in Azərbaycanda mərkəzi yoxdur. 2010-da rəsmən bağlanıb.

PEN-in original adında "klub" sözü yoxdur.

Sən demə, Çingiz müəllim 2011-ci ildə "PEN Klub Azərbaycan" adlı QHT yaradıbmış.
Sən demə, 10 ildir ki, Çingiz müəllim camaatı aldadırmış.
Sən demə, Tşyingyıs muallim olmayan qurumun, olmayan prezidenti imiş.

Əgər, doğrudan da, Çingiz Abdullayev iddia etdiyi kimi PEN-in prezidentidirsə, hanı o PEN klub? Nə iş görür? Və dünya Pen-i tərəfindən niyə ciddiyə alınmır?

Məsələni bir daha dəqiqləşdirmək üçün “PEN İnternational”ın prezidenti Burhan Sönmezə, Avropa koordinatoru Aurelia Dondoya, PEN-in mərkəzlər direktoru Olga Mukhaya maillə rəsmi müraciət etmişəm. Əgər cavab versələr, məmnuniyyətlə, məktubu olduğu kimi yazının içinə əlavə edəcəyəm.

Çingiz Abdullayev və biznes

Müsahibələrində “mənim bir dənə də olsun, dükanım, biznes yerim yoxdur” deyən Çingiz Abdullayev AYB-yə məxsus binanın alt mərtəbəsini ayda 8 min manata kirayə verirdi. Əvvəllər, binanın altında “26”lar adlı gecə klubu fəaliyyət göstərirdi. Hazırda isə Azərbaycan Yazıçılar Birliyinin alt mərtəbəsində “İnferno” adında bar işləyir.

Şərhi oxucular buraxıram.

Bu da həmin müqavilənin şəkli.

Çingiz Abdullayev və Azərbaycan dili

Bəlkə də, bu yazını rus dilində yazmalı idim ki, Çingiz müəllim oxuyub nəsə başa düşsün. Çünki o Azərbaycan dilində bilmir. Adicə məişət dilində azərbaycanca danışmağa qadir deyil. Çingiz müəllim kitablarını rusca yazır, onun Azərbaycan dilində olan kitablarının hamısı tərcümədir. Çingiz müəllim nəinki Azərbaycan dilində bilmir, heç Azərbaycan dilində yazmağı da bacarmır. Bir Xalq yazıçısının Azərbaycan dilini bilməməyi sadəcə dəhşətdir.

Yazıçının işi dillədir. Əgər dili bilmirsənsə, nə yaza bilərsən?

İyirmi ildir eyni şeyləri təkrarlamaq, İmam Hüseynə aşiqlik etmək, qadınların sevgisi ilə öyünmək, 30 milyon kitabının tirajını hər yerdə vurğulamaq, mediaya nifrətli münasibət, onu tənqid edən adamlara qarşı sağlam olmayan mövqe... Vallah, bu, yazıçılıq deyil. Çingiz müəllim kommersantdır, “karinnoy” Bakılıdır, şəhər uşağıdır, əməkçidir. Amma yazıçı deyil.

Nu, Çinguz muallim, slava Boqu! Axu siz bilmelusuz! Bilmelusuz ki, yaziçi kitab oxumalidur, yaziçi kimi bacaramlidur davranmaği. Əsəbləşməmlidur jurnalistlərə. Su verməlidur ağlayan uşaqlara. Baxali heyat yaşaya-yaşaya, qinamamlidur xalqi. Xər yerde fikir verməlidur danışığina. Yaziçi estafet daşiyanidur xalqun. Oy, Tşyingyıs muallim, siz örnək olmaq xalqa. Olmaz yoxsa yazıçı bele.

Sonda fürsət düşmüşkən Ələkbər Əliyevin Çingiz müəllim haqqında yazdığı yazıdan bir hissəni burda tirajlamaq yerinə düşərdi.

Anar Məmmədxanovun KVN-lərinin intellektual yükü, Çingiz Abdullayevin kitablarının intellektual məzmunundan daha ağırdır.

Çingiz Abdullayev, kitablarının janrına lağ edənləri intellektual ağırlığı altında əzə bilmir, çünki intellektual ağırlığı yoxdur. Kimsə onun dilindən bir ağıllı söz eşidibmi indiyə qədər? Çingiz Abdullayevin qəhrəmanı Dronqo Çingiz Abdullayevdən daha ağıllıdır.

İddia etdiyi yüksəklik ilə faktiki intellektual görünüşü arasındakı uçurumu görməlidir Çingiz Abdullayev. Mətnin məsuliyyətini dərk etmək lazımdır. Onun kabinetində qəşəng kitabxana var və bu kitabxana, qatı açılmamış kitablarla doludur. Məndəki təəssürat belədir ki, Çingiz Abdullayev o kitabların əksəriyyətini oxumayıb.

Öz müsahibələrində Ç. Abdullayev xalis “anti-literatura”dır. Onun müsahibələrdə dedikləri də kitabları kimi “ştampovka”dır, əsəbpozucu təkrarçılıqdır. O gərək özünə müsahibə verməyi qadağan etsin.


# 24519 dəfə oxunub

Müəllifin son yazıları

# # #