Alınlarında bir söz yazılıb: “uğursuz” – Vüqar Van

Alınlarında bir söz yazılıb: “uğursuz” – Vüqar Van
28 mart 2024
# 15:00

Kulis.az Vüqar Vanın “Fədakarlar” adlı yeni yazısını təqdim edir.

Evimizdən bir az aralıda əlli-yüz nəfərlik həcmi olan stadion var. Azarkeş tutumu az olsa da, standartlara cavab verir, çox səliqəli, yaxşı stadiondur. Bu stadionda ikinci-üçüncü liqanın komandaları səfər oyunlarını keçirirlər, stadionu olmayan əyalət komandaları, bəzən də uşaqlar məşq edirlər. Bir sözlə, stadiondan maksimum istifadə olunur.

Çoxdandır günortalar tək əyləncəm bu stadiona gedib rayon komandalarının oyunlarına baxmaqdır. Qabaqcadan oyunların siyahısını öyrənmirəm, bilirəm ki, ya hər gün oyun var, ya da məşq. Təxminən, qırx dəqiqəlik piyada yolum var. Bilet satılmır deyə, oyunlara baxmaq pulsuzdur. Heç stadiona girmədən də oyunlara tamaşa etmək olar. Adətən mən də belə edirəm. Stadionun yanında balaca təpəlik kimi bir yer var. Ora çıxıb, ayaq üstə oyunlara baxıram. Girib oturacaqlarda oturmuram. Oyunlara belə baxanda özümü daha rahat hiss edirəm.

Demək olar ki, oyunlara məndən başqa gələn adam olmur. Gələnlər də ya oyunçuların qohumları, tanışları olur, ya da stadionun arxasındakı binada yaşayan, heç bir işi-gücü olmayan qoca kişilər. Onlar da çox vaxt oyuna baxmırlar, oturub mürgüləyirlər. Maksimum həcmi yüz nəfər olan stadionda zorla on nəfər azarkeş tapmaq olar ya olmaz.

Bəzən futbolçularla söhbət etməyə imkanım olur. Hamısı rayonda, yaxud Bakıda işləyirlər. Heç kəs futbolçuluqla dolana bilmir. Başqa yerdə işləyə-işləyə oyunlara çıxırlar, məşqə gəlirlər, yağışa, qara, günəşə baxmadan tər tökürlər, rayonlarının adı üçün mübarizə aparırlar. Əksəriyyətinin yaşı otuza yaxındır. Hamısı əsas liqaya çıxmağı, böyük pullar qazanmağı, şöhrətli olmağı, qızğın azarkeş dəstəyini arzulayır.

Amma təəssüf ki, çox zəif oynayırlar. Futboldan az-maz başım çıxır deyə, meydanda olanları anlayıram, təkcə topun dalınca qaçan adamlara baxmıram. Bu oyunla onlar nəinki əsas liqaya, heç ikinci-üçüncü liqaya da layiq deyillər. Oyunçular qeyri-peşəkar olduqları üçün adi səhvlərə yol verirlər, texniki-təminatları zəifdir, peşəkar məşqçiləri yoxdur, sponsor tapa, yaxşı oyunçular transfer edə bilmirlər, oyunlara azarkeş diqqəti yoxdur, HEÇ KİMİN VECİNƏ DEYİLLƏR. Özləri özləri üçün oynayırlar.

Onların sifətlərinə diqqətlə baxıram. Heç cür başa düşə bilmirəm ki, yaşı otuzu haqlamış, kifayət qədər həyat təcrübəsi olan bu kişilər nə üçün heç vaxt baş tutmayacaq bir ümidə, arzuya görə həyatlarını zay edirlər. Kimisi işdən icazə alıb gəlir, kimisi müdirdən danlaq eşidəcəyini bilə-bilə tez çıxıb məşqə çatmağa çalışır, kimisi uşaqlarına, ailəsinə ayıracağı vaxtdan kəsib oyuna gəlir. Axı onlar heç vaxt başqa ölkələrdəki kimi əsl futbolçu ola bilməyəcəklər. Böyük klublar onları transfer etməyəcək. Azərbaycanda belə onları heç kim tanımayacaq. Bunları bilə-bilə nə üçün hələ də futbol oynayırlar? Nə üçün gözlərində, sifətlərində hələ də bir mənasız ümid var?

Halbuki onlar futbol oynamağın əvəzinə gedib bankda işləyə, restoran aça, bizneslə, ticarətlə məşğul ola bilərdilər. Heç kimin vecinə olmayan ikinci-üçüncü sort liqada oynaya-oynaya qocalıb, əldən düşməkdənsə, ömrünü borc-xərc, səfalət, kasıblıq içində keçirməkdənsə, mənasız əyalət oyunlarına bu qədər vaxt ayırmaqdansa, daha ciddi, daha pul gətirən işlə məşğul olar, ailələrini yaxşı evlərdə saxlayar, özləri bahalı maşın alar, analarının dişlərini dəyişdirib qızıldan edər, atalarının ödünü götüzdürər, evə balkon artırar, uşaqlarını rus sektoruna qoyar, hər il bir ölkədə yay tətili keçirər, bahalı restoranlarda şam yeməyi yeyər, övladlarının toyuna ən tanınmış müğənniləri gətirər, nəslin ən hörmətli adamı olardılar. Amma onlar ömürlərinin başını bihudə arzularla qatır, heç bir dayağı olmayan ümidlərdən yapışırlar.

Onların alınlarında yekə bir söz yazılıb: “UĞURSUZ”.

Onlar nəyə görə öz həyatlarını fəda edirlər? Onlar nə üçün mübarizə aparırlar?

Azərbaycanlılar bilə-bilə onlara əzab verərək sanki belə deyirlər: “Ölün, canınız çıxsın. Oyunlarınıza gəlməyəcək, sizi tanımayacağıq. Formalarınıza pul verməyəcəyik. Sizi saymayacağıq. Haçansa dünyaya çıxsanız, onda, bəlkə, diqqət ayırarıq. İndiki halda isə siz çox hörmətsiz adamlarsınız. Sizdən zəhləmiz gedir. Siz ki həyatınızı futbola qurban verirsiniz, onda buyurun, sizi ölümcül silahımızla vururuq: Total iqnor! Siz axı kimsiniz? Pullarımız aşıb-daşsa belə, sizə sponsor olmayacağıq. Sizin oyununuza pul verməkdənsə, formalarınızı almaqdansa, sponsor olmaqdansa, pullarımızı çölə atarıq, yandırarıq. Amma sizə kömək etməyəcəyik. Sizə kömək etsək, ölərik”.

Əyalət komandalarının oyunları isə davam edir. Onlar üçün fərqi yoxdur, azarkeş var, yoxsa yox. Sponsor tapılacaq, yoxsa tapılmayacaq. Uduzacaqlar, yoxsa qalib gələcəklər. Əsas liqaya çıxacaqlar, yoxsa ömürlərinin axırına qədər ikinci liqada çürüyəcəklər. Harasa transfer olacaqlar, yoxsa olmayacaqlar. Onlar həmişəki kimi heç nəyə baxmayaraq, futbol oynamağa davam edirlər.

Havaları isindikcə heç nəyə fikir vermədən futbol oynayan bu adamlar daha da kədərli olurlar... adsız formalarda ora-bura qaçaraq özünü ancaq doxsan dəqiqə dəyərli hiss edən futbolçular, daima kepka taxaraq sanki hamıdan gizlənməyə çalışan qoca, susqun, qarınlı, törəboy, uğursuz əyalət komandalarının uğursuz baş məşqçiləri, stadiondakı boş oturacaqlar, həyatları alınmayan, qərarları ilə heç nəyi dəyişməyən yan xətt hakimləri, fitini də ürkək-ürkək çalan baş hakim, topu vurandan sonra gətirməyə gedən topdaşıyan-futbolçular, ara-sıra əlcəklərinə tüpürüb, əllərini bir-birinə möhkəm vuran qapıçılar, uğursuz komandanın əsas heyətinə düşə bilməyən ultra uğursuz köməkçi heyətin futbolçuları, rəngi getmiş mərkəz nöqtəsi, rayondan durub Bakıya komandaya dəstək olmağa gələn bir ovuc alovlu rayon sakinləri...

# 7948 dəfə oxunub

Müəllifin son yazıları

# # #