O, əsl yazıçıdır - Vüqar yazır...

Cavid Ramazanov, Vüqar Babazadə

Cavid Ramazanov, Vüqar Babazadə

10 iyul 2022
# 10:00

Kulis.az Vüqar Babazadənin "Amanabən romanının fabulası ətrafında" adlı yazısını təqdim edir.

I FƏSİL
Tənqid insanın özünə deyil, sözünə yönəlməlidir. Danışığı danışandan, davranışı davranandan ağlımızda ayırmağı bacarmalıyıq.

Roman xoasun üç qığılcımı ilə başlayır:

1-ci qığılcım: Polislər, onların davranışı, danışıqları, təsvirləri, hərəkətləri.

2-ci qığılcım: Sökülən, məhv və tərk edilən bir məkan, boş evlər, köçkün insanlar, hərzə və mənfəətçi məhəllə dükanının yiyəsi, qəhrəmanın təsadüfən gördüyü divara yazılmış "SOVETSKİ MƏLƏSİ, BİZ ÇIXMIRIĞ" yazısı.

3-cü qığılcım: Hələlik evini niyə tərk etmədiyini bilmədiyimiz qəhrəman – İlyas. Bütün qonşuları və ətrafdakı insanlar evlərini təhvil verib gediblər. Onun polislərlə müticəsinə danışığı, köçüb gedən qonşularının xiffətini çəkməyi, bu mübarizədə özünəinamsızlığı, dükandan aldığı zavod çörəyi, kolbasa və xama, evini tərk etmək üçün verilən iki gün möhlət xaosun bir azdan başlayacağını oxucuya yavaş-yavaş hiss elətdirməyə başlayır.

Sovetskinin tarixi fonu və romanın adının (amanabənd) ilk fəsildə işlənməyi yaxşı priyomdur. Mən belə şeyləri sevirəm. Yazıçı ilk fəsildəcə oxucunu tərkinə mindirir. Artıq çoxlu konfliktlər var. Üstəlik, bu konfliktlər süni deyil, hər şey öz-özünə baş verir. Cümlələr cəsarətli, dil və hərəkətlər isə rəvandır.

Məhəllə dükanı sahibinin və dostunun ətraflı təsvirləri yoxdur. Bu, əlbəttə ki, yaxşı deyil.

II FƏSİL
Tənqid gerçəklikdən ayrılmış hazır həqiqətlər üzərində qurulmamlıdır

I fəsildən II fəsilə keçid olduqca uğursuzdur. I fəsildəki "siqaretini yandırdı və tavana baxa-baxa xatirələrə daldı" cümləsi ilə biz 2002-ci ilin, isti bir avqust gününə, İlyasın yeniyetməliyinə qayıdırıq. Belə köntöy zaman keçidi olmur. Bu cür keçid oxucunu karıxdırır və kələfin ucunu itirməyə səbəb olur. Bu, təxminən, ona bənzəyir ki, hansısa dostunla görüş təyin edirsən, görüşə gələndə məlum olur ki, sən demə, görüş dünən imiş. Zaman keçidi uğursuz alınanda, danışılan əhvalatlar və hadisələr də adama kartondanmış kimi gəlir.

Zaman keçən kimi bir neçə təhlükəli və təhlükəsiz minaya rast gəlirsən. Hansılar ki, ya fəslin sonunda partlayır, ya da hələlik müəmmalı olaraq qalır.

Birinci mina:
10-cu sinifdə oxuyan yeniyetmə İlyasın anasına adı ilə müraciət etməyi.

Bu mina növbəti səhifələrdə həm ananın xarakterinin yavaş-yavaş açılmasına, həm İlyasın həyatına, həm də onların ana-bala münasibətinə işıq tutur. Biz öyrənirik ki, İlyasın anası siqaret çəkir və içki içir. Oğluna qarşı laqeyd olmasa da, ortada düz-əməlli bir ana-oğul sevgisi yoxdur.

İkinci mina:
İlyasın qonşusu Zeynəb xala ilə "deyirlər Sovetskini də sökəcəklər" cümləsi.
Bu mina artıq birinci fəsildə partlayıb, amma bütün hallarda uğurludur.

Üçüncü mina:
İlyasla anasının məhlələrinə yenicə köçmüş qonşularınım qızları haqqında danışdıqları vaxt, ananın dediyi cümlə:
"Gözəl qızların gözəl taleyi olmur, başlarına mütləq bir nəsə bir bədbəxtlik gəlir".

İkinci fəsil, əsasən, yeniyetmə İlyasın seksual düşüncələri, xatirələri, sevgi tarixçəsinin başlanmasından bəhs edir. Sovetskinin aydın və canlı təsviri də öz yerində.
Biz bu fəsildə öyrənirik ki, İlyas artıq 10-cu sinifdən amanabəndliyə başlayıb. O, özünü doğulub-böyüdüyü adamların və məkanın içində narahat hiss edir, özgələşir, yosun kimi bir yerdə qərar tuta bilmir. İlyasın atasından, ümumiyyətlə, danışılmır.

Sovetskidə yaşayan adamların münasibəti, qonşuluq prosesləri, köhnə Bakının təsviri, öpüşmək üçün yeganə yer olan bulvardakı hadisələr çox rəngli və al-əlvandır.
Məhəlləyə yeni qonşular gəlir və onların qızları, deyilənə görə, çox gözəldir. Ən balacası olan Şəhlanı İlyas artıq görüb və unuda bilmir.

"PlayStation" təsviri olduqca təbii idi. Müasir tələblərə cavab verən roman görəndə elə bilirəm dünyanı mənə verdilər. Üstəlik, hiss olunur ki, müəllifin "PlayStation" oynamaqdan yaxşı başı çıxır. Əgər belədirsə, mən Cavidi duelə dəvət edirəm.

Bir neçə lazımsız və soyuq cümlə:
• Qızıyla bir yerdə yaşasalar da, permanent münaqişə vəziyyətindəydilər.
• Çəngəl götürüb salata cinahlardan diaqonal hücumlar etməyə başladı.

III FƏSİL
Danışığın axarı və axırı çevərdəki danışıq mədəniyyətindən və təkrarlama mədəniyyətindən asılıdır. Kontekst önəmlidir.

Yay artıq bitir və dərslər başlayır. İlyasın, əslində, özünəqapanıq, utancaq, sakit təbiətli və mütaliəli uşaq olduğu ortaya çıxır. Bu sifətlər, birinci fəsildəki yetkin İlyasla səsləşir. Artıq başa düşmək olur ki, İlyas bədbəxtdir. Di gəl, nə qədər rutin həyatının stereotiplərini qırmağa çalışsa da, (anasının göstəriş üçün ona dünya ədəbiyyatını zorla oxutdurması və İlyasın bir müddətdən sonra bundan imtina etməsi, saçını "polboks" formada kəsdirməsi, üzünü qırxması, Şəhlaya vurulması) buna nail ola bilmir. Əsl İlyas elə budur. Sakit, mədəni, utancaq.

3-cü fəsildə İlyasın anasının da xarakteri yavaş-yavaş, ilmək-ilmək açılır. Biz öyrənirik ki, sən demə, o redaksiyada işləyən dostlarına özünü göstərmək üçün kitab oxuyur və oxuduqlarını da yarımçıq saxlayır. Aşiq olduğu bir adam var. Bu məşuq Vəfanı döyür.

Axır ki, İlyasın atasından söz açılır. O ölüb. Üstəlik, bu ölüm çox mənasız bir ölümdür. Ondan danışmağa dəyməz.

Şəhla isə öz yerində. Hiss olunmadan kədərli bir məhəbbət hekayəsi başlayır.

Cavid Bakı zəlzələsini, çoxlu xatirələrini və bir yeniyetmənin cinsi istək dövrünü səlis yazıb.

IV FƏSİL
Eyni sözün, ya da onun başqa dilə tərcüməsinin, eləcə də sözün deyiliş yönünün bir çevrədə keçərli olması (mədəni sayılması, müsbət təsir göstərə bilməsi), onun başqa çevrələrdə də keçərli ola biləcəyini heç bir halda şərtləndirmir.

IV fəsil daha çox İlyasın monoloqlarından ibarətdir. Cavid müasir romançılığın bir çox qaydalarına dəqiqliklə riayət edir. Hər 3 səhifədən bir məkan, zaman və hadisələr dəyişir. Darıxmaq mümkün deyil.

Bu fəsildə İlyasın özünü cəmiyyətə və özünə təsdiq etmə cəhdləri, özüylə olan davasını görürük.

Bir qızın üzərindən öz şəxsiyyətini təsdiq etmə çabaları... Bütün abzaslar, bütün cümlələr tanışdır.

Yenicə köçmüş sirli ailə haqqında heç kim heç nə bilmir. Hamı özünü başqasının üzərindən təsdiq etməyə çalışır. Zeynəb xala təzə köçən qonşular üzərindən (mənim oğlum da deyir ki, Rusiyada evlənmək olmur, uşaqlar pozulub), İlyasın anasının redaksiyadakı işçilər üzərindən, İlyas Şəhla üzərindən, sinifdəki avara uşaqlar İlyasın üzərindən, hətta Şəhla da İlyasın üzərindən.

İlyasın daxili monoloqları kursivlə yazılıb. Bu, gözəl priyomdur. Çünki hər dəfə "o fikirləşdi, o ürəyindən keçirdi, o düşündü" kimi yersiz qəliblərdən istifadə etmədən də, axıcı təhkiyədə qəhrəmanın monoloq dediyini başa düşmək olur.

Məktəb mühiti, uşaqların hərəkətləri, qəhrəmanın əzabları, get-gedə düyünlənən Şəhla xətti oxucunu daima iynə üstə saxlayır. Adama elə gəlir ki, sən də amanabəndsən. Nəsə bir şey baş verməlidir.

V FƏSİL
Qaytarıcı tənqiddə subyekt obyektdən üstün sayılır, obyektin cavabsız olması güman edilir. Bir anlayış başqa bir anlayışla qarşılaşdırılır. İdeyaların güclü və zəif cəhətləri üzə çıxardılır.

İlyasın təsadüfən tanıdığı və dostlaşdığı Həmid peysər çıxır. Bu halda İlyas da "qanunlara" əməl edib, peysərlə dostluq etməkdən imtina edir. Beləliklə;
Bir müddətdən sonra məhəllənin lotu uşaqları Vəfaya görə İlyasa da peysər damğası vururlar.

Həmidə qarşı edilən ədalətsizlik bumeranq effekti ilə İlyasa qayıdır. O və oxucu qəti əmin olur ki, İlyasa peysər damğası məhz anası Vəfaya görə vurulub. Bir yeniyetmənin peysər söyüşünə görə keçirdiyi təlatümlər, yaşadığı lazımsız həyəcanlar dəqiq təsvir olunub.

Peysər, söyüş leksikonunda ən ağır söyüşlərdən biridir. İndinin özündə də peysər söyüşünə görə cinayət törədənlər var. Ümumiyyətlə, ləyaqət hissi o zaman alçalır ki, insan özünü alçaldır. Yoxsa kiminsə sənə söyüş söyməyi ilə yox. Nəsə, bunlar yaralı yerlərdir. Qazıb qan çıxarmayaq, qayıdaq romanımıza.

İlyas xarici təsirlərdən yorulub, axırda anasını sözlə zəhərləmək qərarına gəlir. İlyasın "sən heç vaxt nə yaxşı ana, nə yaxşı arvad, nə yaxşı övlad olmusan" cümləsindən sonra ana-oğul münasibətləri gərginləşir.

Ümumiyyətlə, 100 səhifədir ki, amanabəndliyin əsas və vurucu xətti ana-oğul münasibətləri üzərində qurulub. Hələlik mənə görə İlyas-Vəfa xətti, İlyas-Şəhla xəttindən daha maraqlı və daha canlıdır.

Hazırkı cəmiyyətimizdə ana-oğul münasibətlərindən yaxşı analogiyalar aparıb, əsərin müəyyən hissələrini gözəl təhlil və tənqid etmək olar. Amma bu yazı tənqid yazısı yox, analiz yazısıdır. Mən, əsasən, bəyəndiyim kitablar haqqında yazmağı sevirəm. Üstəlik, yazı gördüyünüz kimi ənənəvi analiz yox, fərqli üslubda yazılır. Hər fəsli oxuduqca yaranan fikirlərimi yazıram. Ola bilsin ki, başqa səhifələrdə yazdığım şeylər olmasın. Amma, hər halda, bu bir oxucu fikridir.

VI FƏSİL
Tənqidin və təhlilin məqsədi tənqid və təhlil olunanı düzəltmək, tənqidçini haqlı çıxarmaq olmamalıdır. Niyyətin mahiyyətə mane olmasına yol vermək olmaz.

İlyasın Şəhla ilə olan imtahanı davam edir. Bu fəsilə qədər özümü sıxıb saxlamışdım, aşağıdakı cümlələri yazmaq üçün götür-qoy edirdim. Amma bu fəsildə tamamilə qərara gəldim ki;

Müəllif romandakı hər şeyi incə detallarına qədər təsvir edir. Amma bu təsvirlər izafi deyil, canlıdır, təbiidir, koloritlidir. Romana bir dəfə istifadə üçün daxil olan qəhrəmanların belə təsvirləri bollucadır. Bu təsvirləri oxuyanda, elə bilirdim ki, şip-şirin, sup-sulu bir portağal yeyirəm. Bir sözlə, Cavid yaratdığı dünyanın hər bir detalını təsvir edir ki, oxucuda heç bir sual işarəsi qalmasın. Bu da şübhəsiz ki, böyük zəhmət tələb edir. Mən müəllifin çəkdiyi əziyyəti başa düşürəm.

VII FƏSİL
Tənqidin təsiri keçici olmamalı, uzunvadəli fayda verə bilməlidir.

Payızın gəlişi ilə İlyas içindəki təlatümləri anlaya bilmir. Onun özünü tapmaq istəyi içində narahatedici bir nəğmə kimi səslənir. (Simmetriya xəstəsi olduğunu düşünür, əşyaları insanlardan daha çox sevdiyini fikirləşir) Şəhla-İlyas xətti yavaş-yavaş inkişaf edir. Gah hansısa pis qüvvə ilə ("Qazança" Rövşən) münasibət sual altına düşür, gah da qısa-qısa baxışlarla hörülür. İlyasın daxilindəki enerjini nəyə sərf edəcəyini qəhrəmanla birlikdə axtarırıq.

Romanda yaxşı işlənmiş bullinq mövzusunu da gərək mütləq vurğulayaq.

VIII FƏSİL
Tənqidin yönü ensiz olmalıdır. Uzağı görmək lazımdır.

Retrospektiv dayanır və biz yenidən İlyasın böyüklüyünə qayıdırıq. Qulu artıq Germaniyaya getməyə hazırlaşır. Onun İlyasla danışığında bizə bəzi şeylər aydın olur. İlyasın bədbəxt olmağı, evini tərk etməməyi, zamanə adamı olmaması, bir qıza ilişdiyinə görə pis günə düşməyi və s. Təm-tək qalan İlyas atasını, anasını, köhnə günləri, uşaqlığını xatırlayaraq bizi yenidən öz müəmmalı və kədərli keçmişinə aparır.

IX FƏSİL
Faktların doğruluğu, onlara yanaşmada qərəzlilik gətirməməlidir.

İlyas, nəhayət, heç kimə demədiyi sirrini Quluya açır. Sirr Şəhla məsələsidir. Belə qərara gəlirlər ki, Qulunun Şəhla ilə eyni sinifdə oxuyan tanışı qıza İlyasın sevgisindən danışsın. Belə də olur. İlyasın sevgisini Şəhlaya deyirlər. "Heç gözləmədiyi anda" Şəhladan zəng gəlir və görüş üçün sabaha vədələşirlər.
Amma bizim tanıdığımız saf və çəkingən İlyas özünü tamam itirir. İlyasın saflığına qarşı sinif yoldaşı Ruslanın "dvijeniya"lılığı qoyulur. Ruslan məktəbin ən gözəl qızı ilə sevgili olmaqla bərabər, öz siniflərindəki qızları da əlləyir. Bu cür mənzərələr İlyası dərindən sarsıdır.

X və XI FƏSİL
Çevrə genişliyi görüntünün dərinliyini azaldır, yanılma risklərini artırır. Nəticədə dözümsüzlük yaranır.

Axır ki, cütlük ilk dəfə görüşür. Hər şey çox gözəl keçir. Öpüşürlər, danışırlar, gülürlər. İlyasın özünə inamı artıb. Artıq ona peysər deyən uşaqları vecinə almır.
Təəssüf ki, belə məhəbbət günlərində Vəfa yoxa çıxıb. Onun haqqında yalnız bir neçə cümlə Şəhlanın və İlyasın ağzından eşidirik. Yaxşı olardı ki, bu cür xoşbəxt anlarda İlyasın Vəfa ilə münasibətini də öyrənək.

Ümumiyyətlə, müəllif hadisələri elə hörüb ki, artıq qəhrəmanlar, hekayə, üslub haqqında nəsə fərqli bir şey yoxdur. İndən belə süjet topu özüyçün fırlanır və fırlandıqca böyüyür. Fərdlərdən çıxıb ailələrə, ailələrdən çıxıb mühitə və məhəlləyə, məhəllədən çıxıb şəhərə tərəf götürülür.

Bir problem var ki, hər səhifədə dığırlana-dığırlana böyüyən süjet topası axırda İlyasın başına düşəcək. Türk qardaşlarımız demiş, fırtına öncesi səssizlikdir. Hər şey yaxşıdırsa, deməli nəsə bir şey baş verəcək.

XII FƏSİL
Dərin düşünmək üçün baxış bucağını daraltmaq lazımdır.

İlyasın bihudə hərdəmxəyallığı heç bir işə yaramır. O gah şair olur, gah yazıçı, gah universitetə hazırlaşır, gah da heç bir şey etməmək qərarına gəlir. Nəticədə bütün bu "gah"larla İlyas özünü axtarır, amma heç cür tapa bilmir.

Şəhlanın "evdə təkəm, istəyirsən gəl" xəbəri ilə onlar nəhayət ki, rahat şəkildə öpüşə və bir sıra kiçik seksual akt həyata keçirə bilirlər. Şəhlanın da xarakteri yavaş-yavaş açılır. O, özünə inamlı, cəsarətli, ehtiraslı, çoxbilmiş və ağıllıdır. Bunların isə İlyasa heç bir dəxli yoxdur. Batareyanın mənfi və müsbət tərəfləri kimidirlər. Qətiyyən aralarında oxşarlıq yoxdur, amma hansısa qüvvə onları birləşdirir.

XIII və XIV FƏSİL
Nəsə fakt sayılırsa, onun doğruluğu qəbul olunmalıdır.

Ehtiraslı görüşdən sonra birdən-birə Şəhla İlyasdan soyumağa başlayır. Əslində, bu çox sürətlə baş verir. “Niyə?”, “Nə oldu?”, “Nə tez?” kimi sualları təkcə İlyas özünə yox, həm də oxucu Şəhlaya vermək istəyir. Qız tamamilə İlyasdan uzaqlaşıb. Üstəlik, xeyli vaxtdır. Amma İlyas ondan durduq yerə gələn ayrılığın səbəbini soruşa bilmir. Həm buna cəsarət etmir (hər şeyin bitdiyi reallığını eşitmək istəmir), həm qızı tək tuta bilmir (ataları daha da sərt rejimə keçib), həm də Şəhla buna şərait yaratmır (onu saymır, görmək istəmir).

İlyas bir dəfə Qulu ilə parkda oturarkən anasının bir maşından düşdüyünü görür. Anasının sevgilisi olan "o kişini" yenidən görür. Biz "o kişini" tanımırıq. O kişini kitabdan qova bilmirik, neçə ildir bizdə qalır. Bəlkə, kişi Vəfanın yeni əridir. (Bilə-bilə şitlik edib, bu hissələri Aqşin Yeniseyin şeirifason yazdım)

XIV fəslin, 187 və 188-ci səhifələrində Qulu Bakıdakı heykəllərdən danışmağa başlayır. Ki, Bakıdakı heykəllərin hamısı şair-yazıçılara məxsusdur. 1 il əvvəl Əkinçi adlı Yutub kanalında "müasir Azərbaycan ədəbiyyatının problemləri" mövzusunda bir müsahibəsi var, Cavid müəllimin. Orda da bu heykəl məsələsindən danışır. Ovaxtdan yadımda qalmışdı. Oxuyandan sonra yadıma düşdü ki, mən bunu Caviddən hardasa eşitmişəm.

Düzü, bilmirəm bu yaxşı haldır, yoxsa pis. Amma mənə elə gəldi ki, Cavid bu fikrini o qədər bəyənib ki, kitaba da salmağı lazım bilib. Özündən plagiat buna deyirlər. Hər halda, olmasa da olardı. Bir az məyus oldum.

XV FƏSİL
Praktik tənqiddə faktual korluq yarana bilər.

İlyas nəhayət, Şəhla ilə danışmaq, ondan soyuqluğunun səbəbini öyrənir. Qız isə deyir:

"Hər şey qurtardı, mən başqasını sevirəm".

Və, bir ay keçir heç nə baş vermir. Daha bir ay keçir yenə heç nə baş vermir. Yaz gəlir heç nə baş vermir. İl keçir heç nə baş vermir. Sonra illər keçir yenə heç nə baş vermir. Hər şey keçmişdə qalır və xatirəyə çevrilir. Bu fəsildə keçmiş bitir və biz İlyasla yenidən ilk fəsildəki Sovetskinin söküldüyü ana qayıdırıq.

Burda vacib bir məqam var. İlyasın amanabəndliyi təkcə Şəhlaya görə deyil, (kimə görədir, sonuncu fəsildə bilinir) amma həm də bu, mənə olduqca primitiv bir çöküş kimi gəlir. Onsuz da, müəllif özünü tez ələ verib, I fəslin 16-cı səhifəsində yazmışdı:

"Taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxdı. (İlyasın böyüklüyündən söhbət gedir. Artıq hər şey sökülüb və hər kəs gedib. Təkcə İlyas qalıb). Qapını cırıltı ilə açıb bir vaxtlar Şəhlagilin yaşadığı evə girdi. Hər dəfə bu qapını ürəyindəki cılız bir ümidlə açırdı, elə bilirdi ki, içəridə kimisə görəcək, amma qapıdan içəri girməsiylə amanabənd ümidlərinin çiliklənib boş evin içinə tökülməsi bir olurdu.

Kitabın ilk səhifələrində, yuxarıda yazdığım anasının "gözəl qızları da taleyi pis olur" ifadəsində və Qulu ilə olan danışığında (getdin ilişdin bir qıza pis günə qaldın) artıq hər şey bəlli olur.

XVI FƏSİL
İdeyalar məğlubedilməzdirsə, qərəzlilik yaranır.

Bu fəsli nəfəsimi tutub oxudum. Hər şey yerli-yerindədir. İlyas söküləcəyi evi üçün ona verilən pulu götürüb, nəhayət hərəkətə keçir. Əvvəlcə Sovetski problemi yenidən açılır. Sən demə heç kim hazırkı haldan məmnun deyil.

İlyas uzun illərdən sonra ilk dəfə Şəhlayla görüşəcək. Bəzənib-düzənib, yaxşıca yemək yeyib vacib işinin dalınca tələsir. Edam məhbusunun son günü kimi. Bu illər ərzində isə Şəhlanın atası ölüb və o bir dəfə boşanıb. İlyas isə zərgər işləyir. Anası artıq yoxdur. Anasına az sonra yenindən qayıdacağıq.

İlyasın Şəhlaya iki təklifi var:

1. Şəhlanı evə dəvət edəcək. Hansı ki, artıq ev deyə bir şey yoxdur. Hər yeri söküblər. O, elə fikirləşir ki, əgər Şəhla bu təkliflə razılaşsa, ürəyində dinclik tapacaq. Ona elə gəlir ki, evdən çıxmamağı, həyatının ardıyca gedə bilməməyi, Sovetskidə ilişib qalmağı məhz Şəhlaya görədir. Bu mənəvi bağlılıq Şəhlanın yenidən əvvəlki məhəllələrinə gəlməsi ilə bitə bilər.

2. Əgər Şəhla bu təkliflə razılaşmasa, Sovetskidən aldığı pulları sevişmələri müqabilində ona təklif edəcək. Əgər bununla da razılaşmasa, nəhayət ürəyində ağ bayraq qaldıracaq və həyatına bir az olsun rahat şəkildə davam edəcəkdi.

Neçə illərdən sonra nəhayət, Şəhlanı işdən çıxanda tutur və danışmaq istədiyini bildirir, İlyas. Şəhlanın maşınında gəzməyə başlayırlar. Görürük ki, Şəhla həmişəki kimi rahat, azad və ağıllı olaraq qalıb. Hətta ona saqqız təklif edir. Bu incə körpüylə müəllif onların ilk görüşünə işarə vurur. Onda İlyas saqqız təklif etmişdi Şəhlaya.

Şəhla İlyasa çoxdandır görmədiyi əziz dostu kimi davranır. Ondan anasının taleyini soruşur. Və biz nəhayət ki, romanın ən maraqlı personajı olan Vəfanın taleyini öyrənə bilirik. Vəfanın başına gələnləri bilə-bilə yazmıram ki, romanı oxumayıb, yazını oxuyan oxucular maraqda qalsınlar, gedib əziyyət çəkib romanı oxusunlar. Ta əvvəldən hörülə-hörülə gələn Vəfanın maraqlı keçmişi çox gözəl şəkildə qələmə alınıb. Ürəkağrıdan hekayəni oxuyanda bizə aydın olur ki, İlyasın amanabəndliyi Şəhladan çox Vəfaya görəymiş. Bu detal romanı primitivlikdən xilas edir, onu daha ciddi qəbul etməyimizə səbəb olur. Ana-oğul münasibətləri romanın ən gözəl və ən təsirli hissələridir.

İlyas Şəhlaya onu sevdiyini axır ki, etiraf edir. Şəhla isə təəccüb dolu fikirləriylə, nə cavab verəcəyini bilmir. Qəhrəmanlar artıq iki yetkin adam kimi danışırlar. Şəhla bunun yeniyetməlik səhvi olduğunu bildirir və İlyası bilmədən incitdiyi üçün üzrlər istəyir. Sonda məlum olur ki, hər şeyi məntiqlə ölçüb-biçən Şəhla, İlyasın xəyalpərəstliyi üçün darıxır. O da, əslində, öz məntiqli həyatından bezib, yaşamaq, gəzmək, aşiq olmaq istəyir. Amma indi həyatında nəyisə dəyişməkdən qorxur.

İlyasa həmin illəri xatırlamadığını deyən Şəhla, sən demə, yalan danışırmış. Onun Rusiyadan köçüb Sovetskidə yaşadığı illər yaxşı yadındadır. Hətta İlyasın onu indi də dəlicəsinə sevməyi bir tərəfdən xoşuna gəlir. Hələ İlyası Vəfaya görə bəyənməsi isə ayrı bir dərddir. İlyas anasından utanırmış, amma bütün həyatını qurban verdiyi qız anasına görə onu bəyənibmiş. Detallar həqiqi ədəbiyyat xiridarlarının tüklərini biz-biz edir.

Birinci fəsildəki İlyasın gördüyü "SOVETSKİ MƏLƏSİ, BİZ ÇIXMIRIĞ" yazısını sonda Şəhla da görür və körpülər indiyə atılır.

Sonluq isə... Sonluq çox əladır. Romanın belə bitəcəyini ağlıma gətirmirdim. Hekayəni iki qat möhtəşəm edən şey isə sonluğudur. Sonluğu da yazmıram ki, romanı oxumayanlara spoiler olmasın. Gedib, əziyyət çəkin, alın, oxuyun.

Cavidi qiyabi tanıyıram. Həqiqətən, çox sevindim ki, müasir Azərbaycan ədəbiyyatına bu adda, bu problemdə, bu cür strukturda, belə dildə yazılmış bir roman gəldi. Cavidi təbrik edirəm. Bunu mənim deməyim nə qədər doğrudur və nə qədər yekəxanalıqdır bilmirəm. Bəlkə də, düzgün deyil. Cavid surroqat, kartondan, yalançı deyil. O əsl yazıçıdır. Uğurlar və can sağlığı arzu edirəm.

# 3279 dəfə oxunub

Müəllifin son yazıları

# # #