Eyni anda yeddi peşə ilə məşğul olan jurnalist - Reportaj

Eyni anda yeddi peşə ilə məşğul olan jurnalist - Reportaj
11 may 2022
# 09:00

Kulis.az Vüqar Babazadənin reportajını təqdim edir.

“Azərbaycan nəşriyyatı”na ilk dəfə idi gedirdim. Hava gözəl idi, əynim yaxşı, qarnım tox, yanımda dostlarım – Ulucay və Ayxan vardı. Yazı yazmaq üçün bu cür gözəl şeylər kifayətdir.

Haqqında danışacağım adamın adı Malikdir. Malik sənətçidir. Keçəldir, sırğa taxır, qəribə üzükləri və gözəl bığı var, boyu uzundur, şirin ləhcə ilə danışır, dərisi qaratəhərdir. “Azərbaycan nəşriyyatı”nda balaca, 12 kvadrmetrlik balaca bir otağı var. O, burda öz sənəti ilə məşğul olur, kofe içir, siqaret çəkir, mahnı qoşub oynayır, qonaqlarını qəbul edir, uzanır, yemək hazırlayıb yeyir, mahnıya qulaq asır, dərzilik edir, rəsmlər çəkir, psixoloq kimi fəaliyyət göstərir, feysbuka daxil olub dostlarının şəkillərinə “ürək” atır, hərdən pəncərənin qarşısında dayanıb müasir Bakının sürətli dəyişikliyinə baxaraq fikrə gedir, qəribə və kədərli düşüncələr onu ağuşuna alır, insanların laqeydliyi, soyuqluğu onun həssas və kövrək ürəyini sıxır və narahat edir.

O deyir ki, Məhəmməd peyğəmbərin ümmətindən olsam da, İsa peyğəmbəri də çox sevirəm və bütün dinlərə, ideologiyalara hörmət edirəm. Onun otağında məscid şəkli də var, yəhudilərin ələmi də, erotik qadın dodaqlarının rəsmi də, qədimi təsbehlər də, “maşallah” posteri də. Bir sözlə, tolerant və olduqca mədəni bir adamdır Malik.

O, bir-birinə aidiyyəti olmayan, çoxlu işlər görür. On barmağında, on mərifət var. Quşu tükündən tanıyır, Malik. Gəlin görək o hansı peşələrlə məşğuldur:

1. Rəssamlıq

2. Professional masajçılıq

3. Dərzilik

4. Jurnalistlik

5. Natura modellik

6. Psixoloqluq

7. Musiqiçilik (qarmon ifa edə bilir)

Bu cür unikal, hər tərəfli, pozitiv enerjili, üst-başından yaşamaq eşqi, həyat sevinci fışqıran bir adamdır Malik.

Bir az da Malik danışsın və biz onu dinləyək...

– Uşaqlıqdan rəssamlıq və pilotluğu çox sevirdim. Pilot ola bilmədim, təəssüf. Rəssamlıqla da çox məşğul ola bilmədim. Musiqi sahəsinə yönəldim. Sonra dərzi-modelyer işlədim. Bu arada əsgərliyə (Malik əsgərlikdə Riqada olub – V.B.) getdim, orda bir psixoloq qadın vardı, ondan psixoloq dərsi aldım, sonra orda bir masajist xanım var idi, ondan klassik masaj praktikasını öyrəndim. Sonra Moskvada daha da ixtisaslaşdım. Mən heç vaxt bir sahənin üstündə durmağı sevən adam olmamışam. Həmişə özümü inkişaf etdirməyə, yeni şeylər öyrənməyə çalışmışam. Bir də görürsən rəsm çəkirəm, bir də görürsən dərzilik edirəm, darıxanda musiqi ifa edirəm.

– Rəsmlərini satırsan bəs, Malik? – soruşuram.

– Xeyr, özüm üçün, öz həvəsimi öldürmək üçün çəkirəm. Hə, harda qalmışdım, bir də görürsən şam əridirəm, ondan suvenir tipli şeylər hazırlayıram, bir də görürsən hansısa qadının psixoloji durumu pis olur, mən gedib onunla danışıram, onun psixoloji vəziyyətini yaxşılaşdırıram. İnsanlar müxtəlifdir, hərə bir cürdür. Yaxşısı da var, pisi də.

– Bəs psixoloqluqda başına gələn maraqlı söhbətlər nə olub?

– Bilirsən, əzizim, mənim başıma o qədər şey gəlib ki, o qədər şeylər görmüşəm, elə şeylər yaşamışam ki, artıq məni heç nə təəccübləndirmir. Sənə qəribə gələ biləcək şeylər, mənim üçün adi, sıradan bir şeydir.

– Yox da, indi mütləq başına nəsə qəribə bir hadisə gəlməmiş olmaz.

– Mənim yanımda sevgi, xəyanət məsələləri üstündə daha çox gəlirlər. Əslində, bunları danışmaq etik məsələlər deyil. İnsanlar sevginin nə olduğunu, necə bir hiss olduğunu dərindən bilmirlər. Sevginin növü çoxdur, Allaha, anaya, vətənə, dosta sevgi var. Müxtəlif növləri var sevginin. Misalçün, mən indi durub sənə desəm ki, Vüqar mən səni sevirəm... Hə, belə desəm sənə nə reaksiya verərsən? Gördün bax güldün.

– Yox, Malik, məni sevməyinə gülmürəm, hərdən olur, adamın səbəbsizcə gülməyi gəlir e, bax indi elə olmuşam. Bilmirəm nəyə gülürəm. Ola bilər ki, enerjin çox müsbətdir, otağın aurası çox gözəldir, özün də çox təbii və orijinal danışırsan, niyəsə gülməyim gəlir, məni üzrlü say.

– Yox, narahat olma. Nə qədər istəyirsən gül. İnsansan da. Mənə bir pislik etmirsən ki, gülürsən də. Həmişə gül. Hə, harada qalmışdıq, mən kiməsə deyəndə ki, səni sevirəm, bu o demək deyil ki, ona aşiqəm, onu arzulayıram. Bir dost kimi sevirəm. Onun ağrısını hiss edirəm, sevincinə şərik oluram, dərdinə yanıram və s. Adamlar sevginin nə olduğunu bilmir. Pasiyentlərə çox sadə dillə sevginin nə olduğunu, xəyanətin nə olduğunu izah edirəm və bu, həqiqətən, insanlara kömək edir.

Bir dəfə dumanlı bir hava vardı. Durub gəldim bura. Bir az sıxıntılarım vardı. Pəncərədən çölə baxıb, ağlaya-ağlaya düşünürdüm ki, görəsən, mənim bu həyatda məqsədim nədir? Nə üçün dünyaya gəlmişəm? Ailə? Ailəni bildik, o bir məsuliyyətdir, dostlar-filan, hamısı bir öhdəlikdir. “Bəs mənim əsl məqsədim nədir?” deyə düşünür, Allahla ürəyimdə danışırdım. Birdən bir zəng gəldi, xanım idi. Zəng elədi ki, nömrənizi bir dostumdan almışam, mənə kömək edin, yaxşı deyiləm. Mən də telefonu söndürüb, gözlərimi sildim və anladım ki, həyata nə üçün gəlmişəm. Mənim həyatdakı tək məqsədim insanlara kömək etməkdir.

– Malik, sırğan çox qəşəngdir. Mən də istəyirəm ki, sırğa taxım. Nə məsləhət görürsən?

– Bilirsən, bu sırğa mənim qalxanımdır. Deyim necə. Məni görən adam, əgər deyirsə, yekə kişisən, bu nə sırğadır, kişi belə şey eləməz, sırğama ilişirsə, həmin adamdan dərhal uzaqlaşıram. Çünki mənim sırğa taxmağımı qəbul etməyən adam, sabah hansısa qərarıma da müdaxilə edər. Ən yaxşısı ilk dəfədən onu həyatımdan çıxarmaqdır.

– Bəs masaj fəaliyyətin barədə nə deyə bilərsən?

– Masaj fəaliyyətimə uzun müddətdir ara vermişəm, bu haqda çox danışmaq istəmirəm. Amma masaj təfəkkürünün Azərbaycanda çox səhv başa düşülməyi məni narahat edir. Mən masaj etdiyim adamların evinə gedirdim, öz evlərində onları müalicə edirdim. Masaj fəlsəfəsi çox ciddi mövzudur və birbaşa anatomiya ilə bağlıdır. Amma buna baxmayaraq, Azərbaycanda çox səhv və yanlış anlaşılır.

– Masaj etdiyin vaxtlarda başına maraqlı bir hadisə gəlibmi?

– Yox, elə də çox fövqəladə hadisələr olmayıb. Bir neçə dəfə pasiyent çağırıb, gedib masaj eləmişəm, axırda çıxanda deyib ki, xırdam yoxdur. Mən də deyirəm ki, necə yəni, xırdan yoxdur? Məni çağırmısansa, haqqımı verməlisən. Nəysə, Azərbaycanda çox adam kobuddur.

– Masajı neçəyə edirdin?

– Saatı 20 manat. Artıq masaj haqqında sual vermə, zəhmət olmasa.

– Bəs dərzilik haqqında nə danışa bilərsən?

– Mənə o vaxtlar dedilər ki, get kişi dərzisində, kişi paltarları tikməyi öyrən. Mən də dedim ki, yox, mən qadın dərziliyini öyrənmək istəyirəm. Kişi dərzisi olmağa nə var ki? Bir şalvar, bir köynək, vəssalam. Amma qadın dərziliyi elə deyil. Yaradıcı olmalısan, rənglərlə işləməyi bacarmalısan, maraqlı ideyaların olmalıdır.

– Üstəlik, qadınlar həm də paltar mövzusunda çox kaprizli və tələbkar olurlar...

– Yox, mən damarı tuta bilirəm. Nəyi necə etməyi bilirəm...

– Bəs jurnalistika? Sənin jurnalistika fəaliyyətin də var.

– Hə, bu mənim ən sevdiyim peşəmdir. Vaxtilə qəzetlərdə işləmişəm, müsahibələr almışam, maraqlı işdir jurnalistika. Amma sonradan bəzi hadisələr oldu, uzaqlaşmalı oldum o sahədən.

– Hansı hadisələr?

– Nə bilim, bəzi yazılarım, müsahibələrim getmədi qəzetdə. Həvəsdən düşdüm. Gedirdim, araşdırırdım, məlumat gətirirdim, amma qəzetdə getmirdi. Mən də düşünürdüm ki, bəs mən niyə araşdırdım. Əgər getməyəcəkdisə niyə araşdırdım? Beləcə uzaqlaşdım o sahədən. Çox maraqlı müsahibələrim olub.

– Sən həm də natura-modelsən. Bu haqda danış bir az.

– Həə, İncəsənət universitetində natura modeləm. Gedib otururam tələbələr şəklimi çəkirlər. İnsan bədənini dəqiq görürlər, öyrənirlər. Çılpaq şəkildə oturduğumu eşidən adamlar deyirlər ki, “aaa, necə, nə cür-filan”. Başa düşmürlər ki, bu sənətdir. Bunun hüdudları yoxdur. Mən tələbələrə kömək edirəm.

– Bəs rəssamlıq?

– Rəssamlığın ali təhsilini ala bilməsəm də, üstündə çox işləmişəm. Peşəkarlaşmışam, öz üzərimdə xeyli işləyirəm. Mənə rəssamlar da çox kömək olublar. Bax tam səmimi deyirəm, indiyə kimi yüz dənə peşədə işləmişəm, amma ən saf, ən təmiz, ən ürəyiaçıq adamlar rəssamlar olur. Onlarda bir qram da paxıllıq olmur. Mənə boya verirlər, fırça verirlər, əsərlərimi müzakirə edirlər, təqdim edirlər. Rəssamlar çox gözəl insanlardır. Şükür Allaha, beynəlxalq sertifikat da almışam rəssamlıq üzrə. Çalışıram daha gözəl şeylər ortaya çıxarım.

Maliki ayrılanda yaxşı-yaxşı qucaqlayıram. O, gördüyüm ən pozitiv, ən şən adamlardan biridir. Müsbət aurası, həyat eşqi, dinamikliyi, unikallığı mənim ovqatımı o qədə açır ki, ona söz verirəm ki, bir də gələcəyəm. Kaş bütün insanlar Malik kimi, onun qəlbi kimi təmiz və pozitiv olaydılar.

Kaş...

# 3853 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #