Yarıçılpaq geyimi ilə diqqət çəkməyə çalışan, səhnədə ağzına gələni danışan stendapçı

Ülfət Bəşir, aktrisa

Ülfət Bəşir, aktrisa

21 yanvar 2022
# 15:01

Söz verdiyim kimi “Stend-up Baku”nun ictimai qınaqla bağlanması üçün yazdığım növbəti yazını təqdim edirəm.

Əlimdən sadəcə bu gəlir.
Bu dəfəki qınaq subyekti (bu ifadəni özüm kəşf etdim) “Stend-up Baku”nun əvəzedilməz siması Ülfət Bəşirdir.

Bu yazını yazmaq üçün xanımın əksər çıxışlarına ürəyim bulana-bulana baxmağa məcbur oldum. Bir şey müşahidə etdim ki, proqram öz səviyyəsizliyi ilə təkcə insanlara bayağılıq aşılamır, həm də onu təbliğ edir.

"Dekolteli", mini ətəkli, cazibədar, yarıçılpaq halda səhnəyə bir xanım çıxar və ağlına (oxu: ağzına) nə gəldi danışar. Ekran və səhnə arxasında oturan masturbatorlar da mədəni dillə desək, orqazm olar. Bir sənətçi əgər performansı ilə yox, digər şeylərlə tamaşaçını təsirləndirməyə çalışırsa, həmin sənətçini gətir vur mənim başıma.

Sənətçi yalnız öz sənəti ilə diqqət çəkməlidir. Yoxsa ki, Allahın sənə bəxş etdiyi və yaxud sonradan qazandığın hansısa məziyyətin ilə tamaşaçının diqqətini özünə cəlb etməyə çalışırsansa, qıraqdan karikatura kimi görünürsən. Tamaşaçı sənin bədəninə yox, göstərdiyin şouya baxmağa gəlib. Ona qalsa, mən də şəhərin ortasında soyunub bir saniyəyə bütün diqqətləri özümə çəkə bilərəm.

Demək, bu insanlar öz istedad və bacarıqlarına o qədər güvənmirlər ki, diqqətləri digər şeylərlə öz üzərində saxlamağa çalışırlar. Bu natamamlıq kompleksinin bariz göstəricisidir. Əgər sən insanları danışdığın şeylərlə güldürəcəyinə əmin deyilsənsə, onda səhnəyə çıxma. Yaxud, get model ol. Nə bilim, başqa şeylər elə.

Ümumiyyətlə, hamımıza məlumdur ki, dünyada, xüsusən də şərqdə qadın problemi var. Qadının sosial cəmiyyətlərdə statusu həmişə "ikinci cins" olaraq qalmaqdadır. Hər il minlərlə qadın zorakılığının, yüzlərlə qadın ölümünün, istismarının şahidi oluruq. Bu hər kəsin gözü qarşısında baş verir.

Biz dünyaya izləyici olaraq gəlməmişik, hadisələrə müdaxilə etmək şansımız var. Sırf qadın olduğu üçün öldürülən nə qədər qadın var. Mən elə bir yerdə böyümüşəm ki, orda illərdir ki, balaca qızları məktəbdən çıxarıb, ərə verirlər. Gəlinlər qaynatalarının ayaqlarını yuyur. "Kişinin səhvini səbirlə, qadının səhvini qəbirlə" deyimi olan bir ölkəmiz var.

Bunun müqabilində normal düşüncəli, sağlam təfəkkürlü qadınlar nə edirlər? Bu cür problemlər kimə nə qədər maraqlıdır? Feministlər hara baxır? Niyə Ülfət Bəşiri çıxışlarına görə tənqid etmirlər? Nə üçün heç kim bu xanıma demir ki, sənin danışdıqların cinsiyyətçilikdir, seksizmdir, qadın haqlarının tapdalanmasıdır?

Adamın ürəyini ağrıdan vacib bir məsələ də var ki, bu şeyləri edən də qadındır. Simon de Buvuar hazırda qəbirdə tərs dönmürmü? Dönür.

Gəlin bu xanımın ürəyim bulana-bulana izlədiyim bəzi videolarından bir neçə çıxışına baxaq.

O danışır: (redaktə etmədən, necə var elə də verəcəyəm)
"Mənim 25 yaşım var və bu 25 il ərzində həyatda hər şeyi eləmişəm. ... Hamınıza məlumdur ki, biz qadınlar siz kişilərdən fərqli olaraq, bir-birimizə məlumat ötürməyi çox sevirik. Yəni kim kimlə ayrıldı, kim kimlə sevgili oldu, kim kimə nə yalan danışdı və s. Və mənim əlimdə olan bir məlumata görə ən gülməli, eyni zamanda da ən ağlamalı primitiv tanışlıq növləri evli kişilərdə olur. Mənə elə gəlir ki, evli kişilərin hamısına bir ssenari verilib və tapşırılıb ki, nəbadə improvizasiya edəsən. 99,9 % evli kişilərin hamısı yeni bir qadınla tanış olanda bu cür hekayə danışırlar ..."

İlahi, bu qadın nə danışır? Əgər əlimdə bir mikrofon olsa və dünyaya müraciət etməli olsam, bütün dünyaya həqiqətən bu sualı verərdim: Bu qadın nə danışır? Necə yəni evli kişilərin tanışlığı eyni olur?

Bir sənətçi niyə öz şousunda bu mövzudan gülə-gülə, rahatlıqla danışır? Evli kişilərin bu xanıma yazmağı niyə ona normal və gülməli bir şey kimi gəlib ki, götürüb bunu camaata danışmaq istəyir? Bəlkə, onu kimsə məcbur edib? Baş açmaq olmur, vallah.

Bu çıxış qadın hüquqlarının göz yuma-yuma, səssiz qala-qala, normal, hətta onların fikrincə "gülməli" şəkildə tapdalanmasıdır. Üstəlik, bir qadın tərəfindən. Bu, birmənalı olaraq belədir.

Növbəti çıxış: (redaktə etməyəcəyəm, necə danışır elə yazıram)
"Əziz xanımlar, mən sizə bidənə məsləhət verəcəm. Əgər sevgiliniz hər dəfə yeni Ayfon çıxan kimi onu gətirib sizə hədiyyə verirsə, 10 çıxır 10, 11 çıxır 11, 12 çıxır 12, 12 promax çıxır 12 promax, əgər evdə mamayla dalaşırsızsa və beş dəqiqə sonra oğlan sənə yazırsa ki, can balam əsəbləşmə, olan şeydir, mən hiss edirəm ki, sən əsəbisən, ya da nə bilim, padruqana yazırsan ki, ürəyim suşi istədi, bir də görürsən ki, yarım saat sonra suşi gəlir sənin evinə, sevgilin deyir ki, balam mən hiss elədim ki, sən acmısan, sən də suşi xoşlayırsan deyə, suşi göndərdim ye... Birdən elə bilərsiz ki, sizin ulduzlarınız toqquşur. Və ya nə bilim, sevgilinizi o qədər sevirsiz ki, onu hiss edirsiz. Yox, yalan söhbətdi, boş söhbətdi, inanmayın. O qaqaş, sizin telefonunuza proqram yükləyib. O program hansı ki, lokeyşn, şəkillər, qalereya, nə bilim kimlə yazışırsızsa, hamısı onun əlində proqramdı. Qaqaş da niyə həmişə təzə telefon alır? Çünki sizin telefonunuz onun əlində keçmir axı hər dəfə onu yeniləsin..."


Əvvəlcə bunu aydınlaşdıraq. "Balam" nə deməkdir?
"Bala" sözü, "balaca" sözünün azaltma dərəcəsində olan bir variantıdır. Burdakı "m" şəkilçisi də mənsubiyyət bildirir. Ana öz körpəsinə "balam" deyə müraciət edir, ata öz uşağına "balam" deyə bilər. Bala – körpə, uşaq, azyaşlı, zəif, hələ tam formalaşmamış, gücsüz sifətləri ilə sinonimdir. Hər şeyin balası olur. İnəyin, pişiyin, eşşəyin, insanın və s. Valideyn öz uşağına bala, balam deyib onu əzizləyir.

Yaxşı, bəs, yekə-yekə adamlar niyə bir-birinə "balam" deyirlər? Ülfət xanım kimin "bala"sı olub ki, bu sözü işlətməklə fəxr edir. Hər üç kəliməsindən ikisində "balam" sözünü işlətməklə, bəlkə, bunun gülməli olduğunu düşünür?

Əgər münasibətdə kişi qadına "balam" deyib əzizləyirsə, deməli, onu aşağılayır, uşaq yerinə qoyur, zəifliyini gözünə soxur, ondan asılı olduğunu vurğulayır, acizliyini göstərir. Və durub bunu hər kəsə göstərilən bir verilişdə reklam etmək, insanlar arasında yaymaq, səviyyəsizlik deyilmi? Hə? Səviyyəsizliyi qoyaq bir qırağa, qadın kimi acizliyini qəbul etmək deyilmi?

Bu xanım, ümumiyyətlə, ağzının danışığını həqiqi mənada bilmir. Cümlələr yarımçıq qalır, rus sözləri işlədir, nitqi səlis deyil, boş-boş, elə havaya nə gəldi danışır. Özü də əsas mövzudan yayınmayaq. Bu çıxışların bir qram gülməli tərəfi varsa, onda siz kül götürüb, gəlin tökün mənim başıma.

Bu nə danışıqdır, nə düşüncədir, necə bir səviyyəsizlikdir? Orda oturan adamlar niyə durub demirlər ki, ay qız, sən nə danışırsan səhərdən? Elə bilirsən ki, mini ətəyinə görə hər kəs sənə hörmət etməlidir? Açıq geyindiyinə görə nə danışsan da, sənə əl çalmalıdırlar?

Bu xanım, görəsən, çıxışlarından sonra öz videolarına yenidən baxıb heç utanırmı? Əgər utanırsa, niyə həmişə özünü biabır etməyi seçir, yaxud utanmırsa, niyə, hansı səbəblərə görə utanmır? Mən yazıq nə qədər onun-bunun yerinə utanmalıyam. Bu yazını yazıram ki, aidiyyəti adamlara çatsın və onlar daha öz yerlərinə utansınlar. Ümumdünya Səhiyyə Təşkilatı da deyir ki, hazırda bilmirəm nə deyiblər, amma 100% əminəm ki, bu haqda da nəsə deyərlər. Nəysə, mövzumuzdan uzaqlaşmayaq.

Heç kimin boynunun borcu deyil ki, qlobal və ağır, insanlığa lazımlı amma heç kimin vecinə olmayan şeylərdən danışsın, yazsın. Ey Ülfət Bəşir xanım, əgər sən güldürməyə çıxmısansa, heç olmasa onu bacar. Öz gündəlik həyatından danış, başına gələn maraqlı hadisələrdən danış, qadın olmaq nədir? Ondan danış, uşaqlığından danış, cəmiyyətdə baş verən və ötüb keçmiş problemləri lağa qoy, yeri gələndə özünü də lağa qoy, məlumat ver. Yoxsa bu belə davam edə bilməz.

Sabah bir qadın özünü öldürsə, təcavüzə məruz qalsa, balaca qız uşağını ərə versələr Instaqram storisindən əllərini çarpazlamış, ağlayan smaylik qoymaqla iş bitməyəcək, ey Ülfət xanım. Bu problemlər, cəmiyyətin xəstə təfəkkürlü fərdləri sənin səpdiyin toxumlardan yeyib, təcavüz edəcəklər, yolda nömrə qışqıracaqlar, evli ola-ola başqa qadınlara baxacaqlar, sevgililərini izləyəcəklər, xəyanət edəcəklər, döyəcəklər. Və o zaman, həmin qadınlar durub yarı çılpaq halda səviyyəsiz bir proqram səhnəsindən bunları camaata danışa bilməyəcəklər. Çünki sənin və sənə gülənlərin yaşadığı bir cəmiyyət artıq onları linç edib, işlədilmiş bir salfetka kimi büküb bir kənara atacaq...

Ümid etmirəm ki, siz öz hərəkətlərinizə və danışdıqlarınıza çəki düzən verəcək, hər kəsdən üzr istəyib, belə şeylərin daşını atacaqsınız. Amma bir qadın məişətdə hansısa bir problem yaşasa və bunda 1% belə sizin əməyiniz olsa, mən sizi günahkar biləcəyəm. Siz və sizin kimi düşünən qadınlar həmişə ikinci cins olaraq qalacaqsınız. Həyatda heç bir uğurunuz olmayacaq. Kiməsə sığınıb yaşamalı olacaqsınız, kiminsə arvadı olaraq, kiminsə bacısı olaraq, kiminsə gəlini olaraq həyatınıza davam edəcəksiniz.

Üzücü bir xəbərim var, heç vaxt və heç vaxt özünüz ola bilməyəcəksiniz...

# 28700 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #