Əkrəm Əylisli aldandı, yolundan sapdı...

Varis Yolçuyev, yazıçı

Varis Yolçuyev, yazıçı

3 iyul 2024
# 16:30

Kulis.az Varisin "7 iyunun yazısı" adlı yeni yazısını təqdim edir.

“25-ci saat” adında brend yaratmalıyam, günümüzdəki bu vaxt qıtlığında hər kəs 25-ci saata hədsiz ehtiyac duyur.

“Kimsəsizlər küçəsində apokalipsis” adlı roman yazmalıyam, zatən bütün tənhaların bir qan qohumluğu qədər yaxınlığı var.

Amma “Unuda bilməzsən” (You can’t forget) adlı film çəkməyə daha istəkliyəm. Bir gün sən də anlayacaqsan. Anlayacaqsan ki, keçmiş daim insanı qarabaqara izləyir, məqam gəzir ki, onu yolundan sapındırsın. Və anlayacaqsan ki, heç sən də UNUDA BİLMƏZSƏN!

1-ci etüd

Yaz və yay yağışlarını o qədər sevirəm ki.

Hətta bu yaşımda belə yazda, yayda yağış yağdımı, eynən uşaqlar kimi qaçıb əllərimi yana açaraq, üzümü səmaya tutaraq, islandıqca islanmaq sərməstliyi yaşayasıyam.

Və bir də. Elə ki səssizlikdə içimin sükutuna dalıram, birdən hardansa lap uzaqlardan qulağıma musiqi sədası gəlir. Tam diqqət kəsiləndə bəlli olur ki, bu səs içimdən gəlirmiş.

Mən daim bu iç musiqimin – o bir simfonik əsərdir – hansı bəstəkara məxsus olduğunu araşdırırdım, Bethovenin, Motsartın, Şopenin, Baxın, Ştrausun, Listin, digərlərinin əsərlərini dinləyirdim... Amma həmin musiqiylə rastlaşmırdım ki rastlaşmırdım. Və axır ki, bir gün Madriddəki Kafedral kilsə-muzeydə o ilahi musiqini eşitdim. Dərhal başılovlu halda xidmətçilərə yaxınlaşıb Tomazo Albinoninin “Adajio”su olduğunu öyrəndim. Ecazkar musiqinin müəllifi 17-ci əsrdə Venesiyada yaşamış Barokko epoxasının bəstəkar-skripkaçısı imiş.

Bu yağış sevgisinin də, bu daxilimdə musiqi səslənməsinin də səbəbinin nə olduğunu uzun illər bilmədim ki bilmədim...

Anamın vəfatından sonra şəxsi əşyaları içində bütün bu illərdə bizdən gizlətdiyi xatirə dəftərini aşkarladıq. Ordan oxuyanda ki, dünyaya gəldiyim 7 iyun günündə yağış yağırmış, xeyli təəccübləndim. Oxuyanda ki, həmin gün doğum evinin hava radiosunda da simfonik musiqi səslənirmiş, heyrətdən donub qaldım.

Magik realizm!

2-ci etüd

Qorxudan ibadət etməklə sevərək ibadət etməyin fərqi böyükdür.

3-cü minillikdə dünya ədəbiyyatının inkişaf tendensiyasında başlıca amil elitar və kütləvi ədəbiyyat sərhədlərinin aradan götürülməsidir. Kanonik klassisizmin yaratdığı ehkamlar da uçulub dağıdıldı, postmodernizm bastionu da çökdü. Non-fiction son on ilin ən tələbolunan kitabına çevrildi.

Bu gün bütün Amerikanın başılovlu halda Conatan Franzenin kitablarını axtarması, yəni, sizə heç nə demir?

Qəssab dükanında da, gül dükanında da eyni mənzərə var əslində. Birində başları kəsilərək, digərində kökündən qoparılaraq öldürülən canlıların ruhları dolaşır. Di gəl, bunların hər ikisi insanların böyük həvəslə baş çəkdikləri məkanlardır.

Keçmiş Nobel prospekti ilə gedirdim, bərk tıxaca düşdüm və nədənsə eyniadlı mükafat barədə düşünəsi oldum. Bax, Milan Kunderaya Nobeli vermədilər və o, dünyadan küskün getdi. Ondan öncə Umberto Ekoya da Nobeli verməmişdilər və o da dünyadan küskün getmişdi. Haruki Murakamiyə də Nobeli verməməkdə israr edirlər və onun da dünyadan küskün getməsinə çalışırlar.

Nobel başbilənləri bir şeyi anlamaq istəmirlər ki, ən yaxşılara veriləsi nəsnə ən yaxşılara qismət olmadıqca dəyərini itirir. Anlamaq istəmirlər ki, “Ölməzlik” elə “Qızılgülün adı”ndadır, “Norveç meşəsi”ndədir.

Bakının Nobel prospekti artıq tarixdir. Ədəbiyyat üzrə Nobel mükafatının da tezliklə tarixə çevrilməyəcəyinə kim zəmanət verər ki?

Mənfəətgətirici bütün nəsnələr ya o qədər qaynardır ki, əl vuranda yandırır, ya da o qədər soyuqdur ki, toxunanda dondurur. Bizimsə əllərimiz ilıq və sərinlərə öyrəşib. Odur ki, onlarsız keçinməli oluruq.

İnsan ömrü adi günlərin xoşbəxt və bədbəxt günlərə nisbətindən ibarətdir. Bir bədbəxt gün iki xoşbəxt günü aparır - “Qızıl cib saatı” romanımın epiqrafıdır.

Bu tarixi trillerə həddən çox zaman və enerji qoydum. Ədəbi elitanın onu bəyənməsini yazılan resenziyalar, oxucuların bəyənməsini yüksək satış faizi isbatlayır. Eyni zamanda hər iki cəbhədən rəğbət almaq çox çətindir.

Amma sözüm bunda deyil, sözüm ondadır ki, insan ömrünün adi günlərin xoşbəxt və bədbəxt günlərə nisbətindən ibarət olması bir həqiqətdir. Qələmlərə qara mürəkkəb çatdırmaq olmur. Qırmızı mürəkkəbsə əksərən istifadəsiz qalır.

Və xoşbəxtlik

Yer kurəsinin hansısa okeanına,

dağına,

meşəsinə,

Yaxud hansısa şəhərinin

insan uzdihamı arasına düşən

bir iynə.

Axtarıram onu

Ömrümü yelə verə-verə,

Deyinə-deyinə.

3-cü etüd

İnsan biləndə ki, qanadı var, gec-tez uçacaq.

Div-insanlar adi insanların görmə bucaqlarını bütün zənginliklərə bağlayaraq bir tikə çörəyə açmaq üçün, o çörəyə əlləri çatınca isə onları “min şükür” deməyə alışdırmaq üçün yaranıblar.

Sevinc kədərə, şənlik yasa, arzu puçluğa ağ bayraq qaldırdıqca, fasiləsiz ağ parça istehlakçısına çevrilirsən. Və bir gün ağ parçalar tükənir, sonuncunu bürmələyirsən, ömür ölümə ağ bayraq qaldırır.

Qatilin əksi öldürdüyü adamın gözündə ilişib qalır. Öləndə gözlərimdə Qəddar Həyatın əksi qalacaq.

Bürkülü yay gecəsinin

Havasızlığına qapanmışam.

Bu böyük, gen məmləkətin

Yuvasızlığına tapınmışam.

Ulduzlar göz qırpırlar,

Gah yanır, gah sönürlər.

Xatirələr əlçim-əlçim

Başıma tökülürlər.

Dərd bölməyə kimsə yoxdu

Bu da yağı, o da yağı.

Ömür dediyimiz nəsnə

Arzular qəbristanlığı.

Haqqı nahaqqa çevirən

Konveyerlər qoşulubdu.

Orda qılınc çəkən gördüm

Burda silah tuşlanıbdı.

Bilmirəm, harda dayanım,

Bilmirəm, hayana gedim.

Deyiləsi çox şeylər var.

Mən lap azcasını dedim.

4-cü etüd

Palçıqdan çıxmaq üçün ətrafdakı quru adacığı görmək lazımdır.

Dekadentçilər müasir dövrdə yenə əl-ayaq açıblar, “sənət sənət üçündür” taftalogiyası ilə silahlanaraq, artıq kuluarlarda da deyil, efirlərdə, mətbuat səhifələrində, sosial media statuslarında iddia edirlər ki, yaxşı filmi, yaxşı musiqini, yaxşı rəsm əsərini, yaxşı romanı kütlə anlaya bilməz, bunlara nə baxan olar, nə bunları dinləyən, nə də oxuyan. Deyirlər, yaxşı deyilən hər nə varsa pisdir, pis hesab edilənlərsə yaxşıdır.

Bu əbləhlərə kimsə niyə başa salmır ki, bəs niyə yüz illərdir ki, yüz milyonlar Rembranta, Da Vinçiyə heyranlıqla tamaşa edir, Fellinini, Kurasavanı durmadan izləyir, Şopendən, Bethovendən qopmaq bilmir, Hüqonu, Markesi heyrətlə oxuyur?

Qaranlıq və işıq sözləri var, adi halın ifadəsidir. Biri də var qaranlığın və işığın metaforası. Bizimçün illərdir ki, bu iki söz metaforik anlam daşımaqdadır.

Çağdaş Azərbaycan ədəbiyyatının klassikası, təkrar edirəm, çağdaş ədəbiyyatımızın klassikası deyiləndə ilk əvvəl həm poeziyada, həm prozada dörd ad yada düşür. Poeziyada bu dörd ad Ramiz Rövşən, Nəriman Həsənzadə, Vahid Əziz və Sabir Rüstəmxanlıdır. Prozada isə bu dörd ad Anar, Elçin, Kamal Abdulla və...

Əkrəm Əylisli aldandı, yolundan sapındı, bir səhv buraxıb xalqın sevimli yazıçısından “Daş yuxular”ı yazan Əkrəmə çevrildi, sonradan da bunun altını çəkməyə məcbur oldu. Yoxsa ki, “Adamlar və ağaclar”ı, “Mənim nəğməkar bibim”i, “Ürək yaman şeydir” i yazan Əkrəm nöqtələrin yerində dayanacaqdı.

Kaş ki, bunu edə biləydik. Kaş ki, onu başa çatdıraydıq. Kaş... kaş... kaş... İstəklərimiz balina, imkanlarımız kilkə balığı...

Sumqayıtdakı mənzilimizin üç otağı və iki eyvanı kitablarla, eləcə də “Ədəbiyyat və incəsənət” qəzetinin, “Azərbaycan” və “Ulduz”jurnallarının toplam sayları ilə dolmuşdu. Atam yeni kitab seriyalarına, qəzet və jurnallara abunə olduqca ədəbiyyat əlindən evimizdə tərpənmək olmurdu.

Amma anam heç vaxt gileylənməzdi, işdən gələndə yorğun-arğın otaqlara əl gəzdirərkən səbirlə kitabların, qəzet-jurnalların tozunu alardı.

Düşünürəm ki, indi ədəbiyyatımızın tozunu almaq üçün mehriban əllərə yamanca ehtiyac var.

5-ci etüd

Baharda yollarına o qədər gül-çiçək səpdim…

Bilə-bilə ki, payız onları solduracaq.

Amma payızdan qabaq, onları ayrılıq soldurdu…

(Bu məmləkətdə minlərlə sevgi hekayətini müharibə yarımçıq qoyub)

İki rəfiqə tanıyıram. Birinin 51 yaşı var, 1993-cü ildə nişanlısı 1-ci Qarabağ müharibəsinə gedib və şəhid olub. O vaxtdan ailə həyatı qurmayıb, gedəninin bir gün qayıdacağına inanaraq yaşayır.

Digərinin 24 yaşı var. 2020-ci ildə nişanlısı 2-ci Qarabağ müharibəsinə gedib və şəhid olub. O da gedəninin geri dönəcəyinə inanaraq yaşayır.

Onları dərd birləşdirir, bir də inam. Bəlkə də, inamı dərd qədər mətinləşdirən başqa nəsnə yoxdur.

Dəbdəbəli sarayların şəhid tabutları çıxan kasıb daxmalara necə qibtə etdiyinin dəfələrlə şahidi olmuşam.

Qapına gedən cığırları

bir azdan bəyaz qar örtəcək.

Qar sevincini götürüb də

küknardan oyuncaq tək asaq.

Amma nə yazıq, o qarlı kandardan

içəri adlaya bilməyəcəm.

Sənə doğru yollar

yasaq mənə,

yasaq.

6-cı etüd

İndi bir para ağzıgöyçək peyda olub. Bunlar Stalin dönəmində yaşamış ziyalılarımızı satqınlıqda, xainlikdə ittiham edərək onlara çamur atırlar. Arxivlər açıldıqca, o dəhşətli illərin real mənzərəsindən xəbərdar olduqca bu üzdəniraqlara nifrətim lap artır.

1953-cü ildə Elmlər Akademiyasının prezidenti Musa Əliyev, vitse prezidenti Səməd Vurğun idi - iki dost. Fevral ayında Azərbaycanın rəhbəri Mir Cəfər Bağırov səhər saatlarında Musa Əliyevə zəng vuraraq dərhal Səməd Vurğunla Mirzə İbrahimovun Akademiyadan xaric edilməsi əmrini verir, “tapşırığımı yerinə yetirməsən, özündən küs” deyir. Bu tapşırıq iki böyük şəxsiyyətin yalnız Akademiyadan xaric edilməsi deyildi, onların vurulma prosesinin başlanğıcı idi. Gerisi nə olacaqdı, aydın duyulurdu.

Musa Əliyev tam çıxılmaz vəziyyətə düşür.

Bəzən Allah özü insanın köməyinə yetmirmi? SSRİ rəhbəri İosif Stalinin vəfatı xəbəri gəlir, Mir Cəfərin başı qarışır, verdiyi ultimatum bir müddət yadından çıxır. Amma iyul ayında Bağırov yenidən bu məsələnin üstünə qayıdır. Onun emissarı Musa Əliyevin yanına gedib ertəsi gün saat 11-ə kimi ona məsələni həll etməyi tapşırır. Musa Əliyev səhərədək gözünü yuma bilmir. O, xalqın ən öndə olan ziyalılarını güdaza verə bilməyəcəkdi, buna onun kişiliyi, ləyaqəti yol verməzdi, demək, özü qurban getməliydi.

Allah böyükdür, bu dəfə də gözlənilmədən Musa Əliyev xilas olur. Həmin dönəmdə o, Akademiya prezidentliyi ilə yanaşı, SSRİ Ali Soveti deputatı kimi ağır sənaye seksiyasının da sədri idi. Və saat 11-ə sayılı dəqiqələr qalanda Kremldən onun adına teleqram gəlir ki, Ali Sovetin növbədənkənar iclası keçiriləcək, təcili Moskvaya gəl. O, Moskvaya uçası olur, bir həftə davam edən iclaslarda iştirak edir, fikri isə Bakıda qalır, axı orada Mir Cəfər onun hökmünü çıxarmağa hazır vəziyyətdə yolunu gözləyirdi.

Möcüzə bəzən insanın bütün ümidləri üzüləndə, hətta yapışmağa saman çöpü belə qalmayanda gəlir. Həftənin tamamına bir gün qalmış – iyulun 12-si səhər ertə bir xəbər ildırım kimi çaxır, gündəmi zəbt edir. SSRİ rəhbərliyinin elitasında qərarlaşmış ən mənfur şəxs, Mir Cəfər Bağırovun da havadarı Lavrentiy Beriya həbs edilmiş, Bağırov da işdən qovulmuşdu. Beləcə, həm Musa Əliyev, həm də Səməd Vurğunla Mirzə İbrahimov qurtulur.

Dünyada bir vəfa borcu, bir kişilik deyilən anlayış da var, onları yerinə yetirəndə hər şeyi, ölümü belə göz altına alırsan. 1954-cü ildə Bağırovun yerinə yeni birinci katibin seçilməsi üçün Mərkəzi Komitənin plenumu keçirilir. Kremlin nümayəndəsi öz namizədlərinin adını çəkibmiş – MK-nın kənd təsərrüfatı üzrə katibi işləmiş İmam Mustafayev. Seçki-filan, bunlar çox formal şeylər idi, təklif gəlirdi və yekdilliklə hamı deyilən şəxsə səs verirdi. Amma bu dəm gözlənilmədən plenum üzvü Səməd Vurğun yerindən qalxıb tribunaya yaxınlaşır və deyir ki, bu şəxsi seçməkdənsə mən daha layiqli şəxsin – akademik Musa Əliyevin namizədliyini irəli sürürəm.

Bu gözlənilməz addımdan hamı təəccüb içində qalır. Səməd Vurğunun şair qəlbi onu dostunun etdiyi yaxşılığa yaxşılıqla cavab vermək, bununla özünü misilsiz bir təhlükəyə atmağa vadar etmişdi. Bu dəm onu xilas etmək üçün Musa Əliyev yerindən qalxıb söyləyir ki, mən öz namizədliyimi geri götürürəm...

İndi arxaya boylandıqca, tarixin saralmış səhifələrini vərəqlədikcə görürük ki, biz necə insanları itirmişik. Musa Əliyevlər, Səməd Vurğunlar həqiqətən də xalqın kisəsindən gediblər.

Heç iki il keçməmiş - 1956-cı il mayın 24-də cəmi 50 yaşında Səməd Vurğun vəfat edir. Ən yaxın dostunu, sirdaşını, arxa-dayağını itirmək Musa Əliyev üçün çox sarsıdıcı olur. Səməd Vurğun gənclərin kumiri, bütün SSRİ-nin sevimlisi, Azərbaycanın mədəniyyət simvolu idi. Musa Əliyev sonradan xatirələrində bir dəfə Səməd Vurğundan eşitdiyi bu kəlmələri qeyd edəcəkdi: “Mən gecələr yatmıram, çamadanla divanda otururam. Gözləyirəm, onlar nə vaxt dalımca gələcəklər. Yaxınlarım üçün çətinlik yaratmaq istəmirəm. Gəlsələr, ləngimədən onlarla gedəcəyəm”.

Səməd Vurğun da repressiya qurbanı idi. Nə fərqi var, səni gülləylə ödürələr, ya çərlədib öldürələr?

“Bir dəfə yaşayırıq, hərəmiz bircə dəfə…” - Bu məşhur mahnını kim dinləməyib? Çox təəssüf ki, bu bir dəfə yaşantımızda haqqımıza girənlər bizi xoşbəxt olmağa qoymurlar. Yalnız əzab, əziyyət, zülm çəkmək olur qismətimiz.

7-ci etüd

Bizə Nyu-Yorkda “Bestseller yazmağın qızıl qaydaları”ni tədris edəndə 3-cü minillik insanının mobil telefondan və internetdən qopub kitaba inteqrasiyası üçün yazıçıya cəmi 3 abzas şans verildiyini bildirmiş, uzunçuluqdan, müəmma və mücərrədçilikdən, bol bədii ifadə vasitələrindən qaçmağın lüzumunu sübut eləmiş, əsas oxucu kütləsi sayılan, hədsiz sosiallaşmış Z nəslinin maraq dairəsini nəzərə almağı tövsiyyə etmişdilər. Və ən əsası, təlqin olunmuşdu ki, hər bir bədii əsər öz mesajı ilə dəyərlidir.

Bəs nə edəsən ki, əksər oxucularımız hadisə təfsilatına, təhkiyəyə uyurlar, amma mesajlara önəm vermirlər?

Bakı Kitab Klubunun elan etdiyi kimi, Azərbaycanda ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanımı oxuyanlar bir uğursuz sevgi əhvalatına təəssüflə acıyırlar. Halbuki, o romanda sevgi əhvalatı yalnız butaforadır. Canlı olan isə "məqsəd vasitələri doğruldur” deyərək ən əyri, ən alçaldıcı yollarla məqsədlərinə çatanlara bu sayaq yüksəlişin sonda çöküş olacağı qanunauyğunluğunu sübut etməkdir.

Keçmişdə Leyli və Məcnun, Romeo və Cülyetta, Tristan və İzolda sevgilərində sevənlər yalnız ürəyin hökmüylə sevirdilər, onları ürək buxovlayırdı. İndisə bütün sevgilərin əsas idarəedicisi beyindir. O vaxtın sevgisi özünÜ fəda etmək idi, indisə özünƏ fəda etməkdir.

Mən səni heç sevmədim ki…

Görüş yerlərimizdə cövlan edən

Sənin saçlarını qarışdıran küləyi sevdim…

Bütün umu-küsülərin fövqündə dayanan,

Səni durmadan bağışlayan, bağışlayan

ürəyi sevdim…

Mən səni heç sevmədim ki…

Gecələrin bizlərə tamaşa edən lal sükutunu,

uyuyan günəşə keşik çəkən Ayı sevdim…

Gündüzlərin şaqraq səs-sədasını,

Az qala hər gün bizə görüş bəxş edən

həmin qızmar yayı sevdim…

Səni heç sevmədim…

Gülüşünü, baxışını, oturuşunu-duruşunu,

naz-qəmzəni, öpüşünü sevdim…

Tində dayanıb, o ki ürəyi döyünə-döyünə

yolunu gözləyirdim,

qaçaraq gələn, həyəcan səpən görünüşünü sevdim.

Mən səni heç sevmədim ki...

Sevgi badəsini sərxoşcasına başıma çəkib

Dumanlı beynimdəki ayıqlığı sevdim.

Mən səni heç sevmədim...

Bizdən çox-çox uzaqlarda dayanan

Amma işıq sürəti ilə üstümüzə səkən

ayrılığı sevdim...

8-ci etüd

Arxaizmlərlə neologizmlərin sərhədi itəndə bizə arxaizmlər neologizmlər kimi sırınır.

2024-cü ildə gənc ədiblərin yazdığı postapokaliptik fantaziyalar, feyk memuarlar, elfpanklar, kiberpanklar ədəbiyyat generallarını təəccübləndirə bilməz, amma yazdıqları antik dövr vodevilləri və farsları isə təəccübləndirər. Janr ierarxiyası qol-budaq atdıqca mamır basmış köhnələr improvizə üçün daha cəlbedici görünmürmü?

Maddi ölüm yaşasaq da, mənəvi ölüm yaşamağa haqqımız yoxdur.

Cəlil Cavanşirlə Şəhriyar del Gerani çox istedadlı şairlərdir, ancaq onlar bir çox şəxsi problemlərin məngənəsində boğularaq yaradıcılıqla məşğul olmağa məqam tapmırlar. “Giriş qadağandır” işarəsini qoyaraq, problemlərin onlara basqısını əngəlləyə bilmək necə də gözəl olardı.

Antoqonist cəmiyyətlər daha sürətlə inkişaf edir. Ya proqresə, ya reqresə doğru.

Ömründən bitmək bilmədən buz sırsıraları asılanın qış fəslindən nə qorxusu.

Uşaq vaxtı biz qızlı-oğlanlı ortadaqaldı oynayardıq. Bir nəfər ortada qalar, iki nəfər hərə bir səmtdə onu topla vurmağa çalışardı. Vuranların işi asan idi. Nə var ki, rahatca yerində dayan və topla vur. Ortadakı isə zillət çəkirdi. Daim həyəcan, təşviş içində topludan topsuza tərəf qaçmaq, zərbələrdən yayınmaq çox çətindi. Yalnız bəlli vaxta qədər duruş gətirməliydin ki, ortada qalmaqdan xilas olasan.

Hərdən mənə elə gəlir, yaradıcı insanlar hələ də o oyundadılar, hələ də yaddan çıxıb ortada qalıblar. Həyəcanla, təşvişlə üstlərinə gələn toplardan yayınmağa çalışırlar...

Bir yandan müharibələr, təbii fəlakətlər, epidemiyalar... Bir yandan insanlığın deqradasiyası... Dünyamızdan yaman nigaranam. Yaman nigaranam dünyamızdan.

Mən nə arzulayıram axı.

Bir qədər azadlıq,

Bir qədər rahatlıq,

Bir qədər bəxtiyarlıq...

Sabah “nə olacağ”ın, “necə olacağ”ın

nigarançılığından qopub

günəşin çıxmasına,

batmasına baxım,

Ağrısız, acısız

çiçəkləri qoxulayım,

baxışlarımla mavi dənizə axım...

Arzuya bir bax:

Köhlən ata minərək

istəklərin dalınca çapmaq,

Yorulmadan, usanmadan

hey yazmaq, yazmaq.

Nə qədər olar,

Nə qədər, nə qədər, nə qədər olar,

bu iynə ilə gor qazmaq?

Mən nə arzulayıram axı,

deyirəm, ümidləri qırmayın,

yaxşılarasa qıymayın...

Şər üçün şumladığınız torpaqda,

Nə olar, bir az da xeyir toxumları əkin.

Hamı əməlinə görə

cəza almalıdır, deyilmi?

Di gəlin, məni də

arzularıma görə

çarmıxa çəkin.

9-cu etüd

- Qalxın, məhkəmə gəlir!

Özümə bir şeyi bağışlamayacağam. Saysız-hesabsız fikirlərimi qətlə yetirməyimi. Onlar beynimdə embrion kimi yarandılar, kağıza köçürüb doğuşlarını təmin etməliydim, mənsə “bu gün-sabah” deyə-deyə gündəlik qayğılardan vaxt tapa bilmədim, nəticədə zaman keçdikcə unuduldular, beyindəcə öldülər fikirlərim…

Beyin fikir qəbristanlığıdır və məndə bu qəbristanlıq tamamilə dolub. Yenisini inşa etməkçün yeri haradan tapım? Qəbir yerləri axı indi od qiymətinədir.

İlk insanların - ağlığından, qaralığından, sarılığından asılı olmayaraq, bütün bəşər övladlarının ən ulu baba-nənəsi sayılan Adəmlə Həvvanı Allah torpaqdan yaratdı deyə, öləndə də hamımızı torpağa basdırırlar ki, cəsədimiz torpağa qarışsın. Yəni, hardan başlamısansa orda da bitməlisən.

Bəs minaya düşən, təyyarə qəzasına uğrayan, yaxud dənizdə batan və meyitləri ələ gəlməyənlərin, yəni ki, torpağa basdırılmayanların Adəmlə Həvvaya aidiyyatı yoxdurmu?

Gənclərin də arzuları var, qocaların da. Fərq yalnız ondadır ki, vaxtları gen-bol olduğu üçün gənclərin arzuları daha uzaqlara pərçimlənir, qanadlıdır. Qocaların arzularısa seytnotdadılar deyə, sanki bir addımlıqdadır, qapı dalındadır, əl uzatsan çatar.

- İnşallah, uşaqlar böyüyəndə evi daha böyüyünə dəyişərik.

- Allah qoysa, qışdan çıxaq, əyin-başımızı təzələyərik.

10-cu etüd

Hovodorovskinin fikridir, deyir, gəldiyin yeri bilmirsənsə, getdiyin yerə yetişəmməzsən.

Hər bir insan dünyaya öz pazlını yığmaq üçün gəlir. Və yığıb qurtardıqda da çıxıb gedir. Kimisinin bəxtinə lap sadəsi düşür, bu məşğuliyyət cəmi 1-2 il çəkir, kimisinə isə çətinin çətini düşür, hətta 90-100 il yığmağa, yaşamağa davam edir.

Lap uşaqlıqdan təsəvvür etmək istəyirdim ki, görəsən insanın sonu necə olur. Amma heç vaxt da işıqda durub zülməti görə bilmirdim. Bax bu 2024-cü ilin 7 iyun günündə həmin görüntünü, hər halda, ala bildim.

Sonra yorğunluq gələr,

Ayaqlarını ardınca sürüyüb,

Yorulub əldən düşərsən.

Sonra bezginlik gələr

Nəyə əl atmaq istəsən

ona ilişərsən.

Sonra da təkliyin növbəsi çatar.

Ətrafında nə yaşıdların qalar,

nə dostların.

Ardınca iştahdan da kəsilərsən,

Yox olar məclislərin,

yox olar tostların.

Gileylənərsən ki,

bu möhnətə necə dözüm,

Şikayətlənərsən ki,

Necə tab gətirim bu zülmə.

Və küləkli bir gündə

Çıxıb upuzun bir küçəyə

Bir taksiyə oturub deyərsən ki

Apar məni ölümə.

P.S. Amma mən ölümdən sonrakı həyata inanıram. Və hətta mənə elə gəlir ki, insanlar dünyadan köçərkən bu dünyada dada bilmədikləri, məhrum olduqları xoşbəxtlikləri Gözəgörünməz bir boxçaya yığıb onların qoltuğuna vurur ki, o dünyada geninə-boluna istifadə edə bilsinlər.

O dünyanın insanları adi insanlardır. O dünyanın div-insanları yoxdur.

Rəsmin müəllifi Varis Yolçuyevdir

# 9279 dəfə oxunub

Müəllifin son yazıları

# # #