Virus dövrü ədəbiyyatı

Virus dövrü ədəbiyyatı
6 aprel 2020
# 17:19

Kulis.az yazıçı Varis Yolçuyevin "Virus dövrü ədəbiyyatı" yazısını təqdim edir.

Bu şeirləri hamı iki dəfə dalbadal oxuyur

Hazırda dünya siyasəti, iqtisadiyyatı, elmi, mədəniyyəti, turizmi, idmanı - bir sözlə mövcud olan hər bir sahə böhran içindədir. Baş verənlərdən dərin sarsıntı keçirən yazıçılar da şedevr yazıb-yarada bilmir, öz yaradıcılıqlarını, bir növ, əkinçilər kimi dincə qoyurlar.

İndi insanlıq bir fobiya yaşayır, hamı şəraitin girovudur. Sərhədlərini bağlayıb hər gün karantinlərini bir az da şərtləşdirən dünya dövlətlərində yeganə aktiv sahə isə, təbii ki, virus infeksiyası ilə cəngə çıxmış tibb, bir də, qismən, informasiyadır, onun istehsalı və istehlakıdır.

Bununla belə, nəşriyyatların, mətbəələrin qapandığı, çap məhsullarının tam dayandığı bir şəraitdə bəzi ədiblər elektron mediada, xüsusən sosial şəbəkələr üzərində ədəbiyyatın, hər halda, mövcudluğunu isbatlamağa çalışırlar. Məsələn, qərbdə maraqlı şeir nümunələri yayılmaqdadır. Hətta bəzi ədəbiyyat funksionerləri yarızarafat, yarıgerçək bu şeirləri “karantinizm” cərəyanına aid edirlər.

Oxuculara onlardan birini təqdim etmək qərarına gəldim. Düzdür, adətən sətri tərcümədə şeir bədiiliyini tam itirir, amma məna yükü və mesajı tam olaraq qorumağa çalışmışam.

Müəllifi Conatan Riddir. Siz onu iki dəfə dalbadal oxuyacaqsınız. Niyə? Birinci dəfəsini oxuyun, səbəbini sonda izah edəcəyəm.

Şeirin adı “İtirilmiş nəsil”dir.

Mən itirilmiş nəslin nümayəndəsiyəm.
Və mən inanmaq istəmirəm ki.
Mən bu dünyanı dəyişə bilərəm.
Başa düşürəm, olsun ki,
bu sizi hiddətləndirəcək, amma
“Xoşbəxtlik artıq sənin içindədir”.
- Bu, həqiqətən yalandır.
“Pul məni xoşbəxt edəcək!”.
Və otuzumda öz övladıma danışacam ki,
O - mənim həyatımda ən vacib kəs deyil.
Mənim bossum mütləq biləcək
Mənim prinsiplərim belədir:
İş.
Ailə.
Birinci daha vacibdir.
Uzun illərdir ki,
İnsanlar ailə halında yaşayır
Amma buna baxmayaraq
Cəmiyyət heç vaxt əvvəlki kimi ola bilməyəcək.
Ekspertlər mənə deyir,
Otuz ildən sonra öz boşanmamın on illiyini qeyd edəcəyəm.
Mən düşünmürəm ki,
Mən sonadək özüm qurduğum ölkədə yaşayacağam.
Gələcəkdə
Təbiətin məhvi bir norma olacaq.
Heç kim inanmır
Biz öz gözəl planetimizi qoruya biləcəyik.
Və əlbəttə
Mənim nəslim artıq itirilib.
Səfehlik olar düşünmək ki,
Ümid var.

İndi isə şeiri axırdan əvvələ cümləbəcümlə oxuyun. Şeirin adı bu dəfə “Ümid var”dır.
Oxudunuzmu?

Bax bu tip şeirlər müasir insan inkişafının əksliklərini, ziddiyyətlərini özündə xarakterizə edir. Düzdür, onlar elə də dəyərli ədəbi nümunələr deyil, amma motivasiya baxımından çox əhəmiyyətlidirlər.

Günümüz də məgər belə deyil? Baş verən qorxunc hadisələr - koronavirus pandemiyasının gətirdiyi fəlakətlər və zorən izolyasiya insanları depressiyaya salmaqdadır. Amma şərə məğlub olmamaq üçün, yaşamaq üçün pozitiv qalmaq da əsas şərtdir. Hər bir şərin əks tərəfində xeyir var, şərə boyun əyməyək deyə xeyirə söykənməli, ondan güc almalıyıq.

# 2766 dəfə oxunub

Müəllifin son yazıları

# # #