İsmayıl Qarayevin ədəbi portreti - Vaqif Yusifli

İsmayıl Qarayevin ədəbi portreti - Vaqif Yusifli
11 mart 2025
# 17:30

Kulis.az Vaqif Yusiflinin "İsmayıl Qarayevin ədəbi portreti" yazısını təqdim edir.

Əvvəli burada

Sağlığında İsmayıl Qarayevin iki romanı nəşr olunmuşdu. 1971-ci ildə «Ömür», 1973-cü ildə «Gecə keçir» – hər iki roman «Gənclik» nəşriyyatında işıq üzü görmüşdü. İllər keçəndən sonra onun otuzdan çox romanı da üzə çıxdı (Oğlu Qoşqar İsmayıloğlunun tərtibi və naşirliyilə).

Əlbəttə, bu romanlar yazıldığı vaxtda çap olunsaydı, ədəbi ictimaiyyətin diqqətindən yayınmazdı. Amma mümkün idimi? – çünki İsmayıl Qarayev bu romanların çoxunu həbsxana divarları arasında yazmışdı, azad edildikdən sonra da qələmə aldığı romanlar var, amma ona yanaşma məlum səbəblərə görə bu əsərlərin çapına imkan vermədi. Fəqət, ortada otuzdan çox roman var və məqamı gəlib ki, bu titan əməyini qiymətləndirək.

İsmayıl Qarayev bu əsərlərin bir çoxunu «mikroroman» adlandırıb (ya özü ya da təribçi tərəfindən). Bunu yalnız həcminə görə belə adlandırmaq olar, çünki o «mikro romanların bir çoxu janr baxımından ancaq povest anlamına uyğun gəlir.

Onu bir romançı kimi səciyyələndirməli olsaq, ilk növbədə «Gecə keçir» romanı üzərində dayanmalıyıq. Çünki bu əsər onun bütün romanları üçün örnək olasıdır. Milli romanlarımıza xas olan bütün səciyyəvi keyfiyyətlər bu romanda öz əksini tapır. Romanda təsvir olunan hadisələr və onların bir-birilə qarşılıqlı əlaqəsi, bitkin xarakterlər, milli-mənəvi dəyərlərin təbliği, süjet və kompozisiya quruculuğunun yetkin formada inkişafı, dilin bədiiliyi və xəlqiliyi bu romanda ustalıqla ifadə olunub.

Bu romanın mövzusu, orada baş verən hadisələr Xalq yazıçısı İsmayıl Şıxlının «Dəli Kür» romanını xatırlatdı. «Dəli Kür»də Cahandar ağa XIX əsr Azərbaycanının bütünlüklə rəmzi ola biləcək bir obraz kimi təqdim olunurdu. XIX əsr feodal Azərbaycanı sanki Cahandar ağa ilə başa çatır. Kişilik, cəngavərlik, mənsub olduğu sinfin qatı təəssübkeşliyi bu məğrur, ipə-sapa yatmayan insanı dəyişməyə doğru gedən dünya ilə üz-üzə qoyur. Cahandar ağanın süqutu ilə Azərbaycan bəyliyi sürətlə tənəzzülə doğru gedir. XX əsrin əvvəllərində isə bəylik artıq öz komediyasını yaşamağa başladı. İsmayıl Qarayevin romanında da bəylik öz faciəsini bir daha yaşamalı olur. Doğrudur, bu romandakı ağa, bəy obrazları ilə möhtəşəm Cahandar ağanı müqayisə eləməyə dəyməz. Amma faciə elə həmin faciənin davamıdır. Sadəcə olaraq, İsmayıl Qarayevin romanındakı zaman XX əsrin bəy-xan ağalığının sonuncu versiyası kimi diqqəti cəlb edir. «Ayı biləkli, kəl sinəli Alazan ağa mağarın baş tərəfində oturub mütəkkəyə dirsəklənmişdi. Buxarı papağının dalını qaldırıb üzünə kölgə salmışdı. Qartal baxışları ilə mağarın o başında bir-birinə qısılmış yaşmaqlı zənənləri süzür, gözləri ilə doyub toxtayandan sonra lopa bığlarını tumarlayır, fil sümüyündən düzəldilmiş şirmayı təsbehini şaqqıldadırdı. Onun yan-yörəsində səf çəkib əyləşmiş qaçaq və bəyzadələr mağarın arı pətəyi kimi qaynayan ağzı səmtdə boy-boya vermiş «gədə-güdələrə» oğrun-oğrun təşəxxüs satır, ədalı-qadalı nəzərlərini onların üstündə dolanırıb bir az da şişirdilər». Alazan ağanın külli-ixtiyar sahibi kimi özünü çox ötkəm aparması, buraya toplayan kişilərin zənənlərini oynadıb tamaşa etmək istəməsi… o zaman üçün adi, normal bir vəziyyət idi. Amma birdən… bu mənzərəni, bu harınlıqdan doğan tamaşanı sona vardırıcaq bir hadisə baş verir. «Boylu-buxunlu Zalanla anası Bəsti» yaxşı bilirlər ki, qonşu kəndin yiyəsi Alazan ağa Xatınoğlunun çobanı Sarışın arvadı Güldəstəyə gözü düşüb.

Odur ki, buna – baş verə biləcək bu namussuzluğa son vermək lazımdır. Kişi qeyrətli Bəsti tapançasını üzünə qaldırıb Zalana əmr edir ki, «bu qırışmalların tüfəng-tapançasını, papağını yığışdır. Bura kişilənib gələn sarsaqları topuqlayıb kənddən çıxarın, qoyun arvadlarının yanına arvad kimi piyada getsinlər». Alazan ağa üçün papağının əldən getməsi ölümə bərabər idi. Beləliklə, romanın lap əvvəlində bir kənddə baş verən sinfi ziddiyyətlərin binövrəsi qoyulur. Zalanla anası Bəsti üçün böyük təhlükə yaranır. Amma nə Alazan ağanın, nə Xatınoğlunun, nə də onları müdafiə edən «yuxarıların», «zorluların» təhdidlərinə baxmayaraq Zalanla anası Bəsti bütün çətinliklərə, ölüm-itim havasına sinə gərirlər. Artıq zaman da Alazanların, Xatınoğluların istədikləri zaman deyildi. Get-gedə onların ağalıqlarının sonu gəlmişdi. Romanda təsvir olunan kənd, köç-yaylaq «səyahətləri», maldarlıq-əkinçilik təsərrüfatları müəllifin təhkiyəsində son dərəcə təbii təsir bağışlayır və hiss edirsən ki, İsmayıl Qarayev Azərbaycan kəndini çox yaxşı tanıyır. Artıq elə bir dövr gəlir ki, çar hakimiyyəti devrilir, Çopur Yəhya, Gödək Məmməd kimi bolşeviklər hərəkətdədirlər. Alazan ağalar, Xatınoğlular isə var-dövlətləri ələn çıxmış bu ağaların sonudur.

Xatınoğlu «vər-vər qaralan əkin yerlərinə, vərlərin arasındakı otlaqlara, kövşənliklərə yayılmış ağlı-qaralı bölük-bölük qoyunlara, hər biçənəyin bir səmtinə hörüklənmiş atlara, inəklərə» baxıb köksünü ötürür, Alazan ağa isə qaçmağa məhkumdur. Roman beləcə bitir. Əlbəttə, bu romanda bizə ən çox təsir bağışlayan müəllifin xalq ruhunun ifadəsi olan etnoqrafik detallar, əsərin bədii dilidir.

İsmayıl Qarayev hər bir obrazın zahiri görünüşündən tutmuş onun daxili aləminə doğru «səyahət» edir. Əlbəttə, obrazın ilk baxışda nəzərə cəlb edən zahiri heç də onun xarakteri haqqında təsəvvür yaratmır, çünki biz bu obrazların dəyişilmə prosesi ilə rastlaşırıq. Romanın lap əvvəlində Alazan ağa hakimi-mütləq, hamıya zəhmli təsir bağışlayan, kefindən ötrü nəşələnən bir Ağa kimi nəzərə çarpırsa, az sonra papağı əldən gedəndə özünə yer tapa bilmir, getdikcə ona dov gələn Bəstinin, Zalanın qarşısında öz əvvəlki simasını itirir. Xatınoğlu isə lap əvvəldən xaraktercə zəif, hər iki tərəfə əyilən bir adamdır, amma yeri gələndə kəmfürsətlik də edə bilər. Bir obraz da var – Taygöz Nağı. O, Bəstinin ərinin qatilidir, amma Bəsti bunu bilə-bilə onu öz oğlundan ayırmır və Nağı get-gedə bir insan kimi yaxşı mənada dəyişilir. Bəsti və Zalana gəldikdə... müəllif roman boyu onların haqq-ədalət tərəfdarı, elin namusunu, xalqın ən gözəl keyfiyyətlərinin təcəssümü kimi təqdim edir.

İsmayıl Qarayevin bütün romanlarında təsvir olunan qəhrəmanlar adi insanlardır, amma müəllif bu adi insanların çox təmiz, işıqlı mənəviyyata sahib olduqlarını təsvir edir.

Yazıçının romanlarında qaldırılan məsələlər, təsvir olunan hadisələr sovet dövrünə aiddir. Amma burada İnsan amili birinci sıradadır, yəni müəllif demək istəyir ki, İnsan hansı dövrdə yaşayır-yaşasın, öz əməlləriylə, həm yaxşı işləri, həm də bəd, insanlığa ləkə gətirən hərəkətləri ilə yaddaşlara həkk olunur.

Onun romanlarında bir-birinə zidd hadisələrin, bir-birilə konfliktə girən obrazların təqdimi mühüm yer tutur. O, müsbət planda təsvir etdiyi obrazları da birtərəfli və sxematik şəkildə təqdim eləmir, onların da yeri gəldikcə səhvlərini, nöqsanlarını gizlətmir.

Öncə qeyd etdik ki, İsmayıl Qarayevin romanlarında hadisələrin əksəriyyəti sovet dövrünə aiddir. Sovet dövrü isə bir sıra müsbət cəhətləri ilə yanaşı, insanı mənəvi burulğana, çıxılmazlığa yuvarladan, haqsızlığın ərşə dirəndiyi, bir çox namuslu insanların repressiyaya məruz qaldığı bir dövr idi. İsmayıl Qarayev də bir çox qəhrəmanları kimi bu dövrün acı həqiqətlərini dadmışdı. Onun bir neçə romanı sovet dövrünün həbsxanalarında əzab çəkən insanlardan söz açır. Ən bariz nümunə kimi «Sxodka» romanını göstərə bilərik. Bu romanda müəllif sovet həbsxanasında əzab çəkən günahsız insanları da unutmur, təbii ki, o həbsxanaya salınan insanların bir çoxu kriminal aləmin nümayəndələridir. Amma onların içərisində də Yavər kimi «filosofluq» edən adamlar var. Onlar həyatda baş verən hadisələrin, qanunsuz halların səbəbləri barədə düşünürlər.

smayıl Qarayevin «Məni tanıdınmı?» romanı (qeyd edək ki, bu əsər onun «Gecə keçir» romanından sonra həm mövzu, həm də bədii-sənətkarlıq baxımından mükəmməl, dolğun bir romandır) sovet dövrünün həbsxana mühiti barədə geniş təsəvvür oyadan əsərdir. Romanda həm həbsxana mühitində ömrünü çürüdən cəzalıların həyatı (onların içərisində günahsızlar da var), həm də hüquq-mühafizə işçilərinin cəzalılara qarşı amansızlığı, humanizmə zidd hərəkətləri öz əksini tapır. Romanda bir elmlər namizədinin – ədəbiyyatçının – Heybət müəllimin həbsxanada keçirdiyi sarsıntılar, onun tez-tez fiziki işgəncələrə məruz qalması təsvir olunur. Onun nəyə görə həbsə düşməsi də diqqətdən yayınmır, tələbələrindən biri – Töhfə onu sevir. Və təbii ki, bu sevgi qarşılıqlı deyil. Amma nə etmək? Töhfənin öz müəlliminə sevgisi qarşısıalınmazdır, gündəliyində də bu haqda yazır və günlərin birində intihar edir. Romanda isə bu hadisə o qədər də ciddi məna kəsb eləmir, əsas məsələ həbsxana mühitində hökm sürən qeyri insani hərəkətlərdir. Bu mühitdə Əhlimanov, Kattayev kimi cəllad xislətli orqan işçiləri öz zorakı hərəkətləri ilə ad çıxarırlar. Bir səhnəyə diqqət edin: «Dərim döyülməkdən aşılanmışdı, indi mənə elə gəlirdi ki, ağrıyan, sızıldayan da o deyil, hər zopa sümüklərimdə təzə yaralar açır. Zopanın ikisi bir yerə dəyəndə elə bilirdim sümüklərim çıxır. «Müqavimət göstərdiyimə görə» qoluma qandal vurdular». Və romanda bundan dəhşətli cəza səhnələri ilə tanış oluruq və bu səhnələr sovet həbsxanalarının «şəkilləridir».

Bir çox belə romanlarda sovet gerçəkliyinin mahiyyəti – insan ömrünün bu gerçəklikdə mənəvi məhvə doğru sürüklənməsi əks olunub və müəllifin təsvirləri bəzən sərtliklə, bəzən yumşaldıcı şəkildə diqqəti cəlb edir. Belə qənaətə gəlirik ki, İsmayıl Qarayev, necə deyərlər, gəmidə oturub gəmiçi ilə mübarizə aparırmış.

İsmayıl Qarayevin yaratdığı obrazlar həyatdan, gerçəklikdən, gördüyü, müşahidə etdiyi yaşadığı mühitdən gəlirdi. Onun romanlarında dəniz həyatı, bir müddət yaşadığı kənd-kolxoz mühiti, müəllimlik – məktəb aləmi – bütün bu məkanlar təbii ki, bilicilik tələb edir. Obyekti, məkanı təfərrüatına qədər bilirdi və bunları öz romanlarında əks etdirirdi. Amma ən əsası o idi ki, onu İNSAN, ONUN MƏNƏVİ aləmi daha çox düşündürürdü.

«Ömür» onun sağlığında çap etdirdiyi ilk roman idi. Bu romanda Əşrəf adlı bir kəndli cavanın özünü dərk edənə qədər keçdiyi həyat yolu işıqlandırılır. Onun kənd həyatı qalmaqalsız keçmir, sevdiyi Çəmən adlı qıza olan məhəbbəti ona ruh verir, amma Əşrəf dənizə üz tutur, onun xarakteri orada özümləşir.

Canlı insan xarakterləri axtarmaq istəyirsinizsə, İsmayıl Qarayevin «Budaqlar» romanındakı Qonaq, Budaq və Diliş obrazlarına diqqət yetirin. Siz görəcəksiniz ki, insanın yaşadığı mühit, ailə həyatı yaxşı təməl üzərində qurulmayıbsa, onun bir insan kimi mənən saflaşması, durulması mümkün olmayacaq. Amma tənhalıqdan bezmiş iki insan bir-birini anlayanda, dərk edəndə onların həyatında yeni bir dövr – çiçəkli, günəşli, xoşbəxt bir həyat başlanar. İsmayıl Qarayevin «Şirzad kişi» romanını bəlkə də kiçik bir «məhəbbət hekayəsi» adlandırmaq olar. Bir raykom katibi – Süsən xanımla ailə-uşaq sahibi olmayan, az qala bütün ömrünü təklik-tənhalıq içində yaşayan bağban Şirzad kişi (onların hər biri artıq ekvator yaşına çatmışlar) arasında xoş bir ünsiyyət yaranır və bu ünsiyyət iki insanın mənəvi birliyinə yol açır. Amma insan özünə həyatda yer tapa bilməyəndə, ömrünü-gününü sərxoşluğa, mənasız işlərə sərf eləyəndə «İntihar» romanının «qəhrəmanı» İltifat kimi ölümə məhkumdur, O, hətta qatilə də çevrilir.

İsmayıl Qarayevin bir nasir kimi bədii-sənətkarlıq xüsusiyyətlərdən də geniş söz açmaq olar. Amma qısaca onu deyə bilərik ki, onun romanlarında hər bir təsvirin, hər bir obrazın keçirdiyi əhval-ruhiyyənin bədii mənalandırılması, həmçinin obrazların psixoloji duyumları incəliklə verilib. Xüsusilə, onun romanlarında təbiət təsvirləri sanki sözlə çəkilən rəsmlərə oxşayır. Həm də bir nəğmə çilənir o sətirlərə.

Baxın: «Bu gecəyə özüm düşmüuşəm. Böyük gecədir, uzun gecədir, qaranlıqların qaranlığıdır. Sönməz inam olub yanmaq istəyirəm bu gecədə, işıqlı bir fikir olub çaxmaq istəyirəm bu gecənin hakim zülmətindən, şər səltənətindən, nur olub çilənmək istəyirəm bütün dünyaya bu zülmətin aramgah heçliyindən, mahnıya dönüb sərhədlərdən keçməkdir arzum, bir qəmli nəğmə kimi yaşamaqdır arzum» («Dərə çəkir adamı» romanından). «Göylərin yanar kürəsi dağların dalına çoxdan dığırlansa da, torpağın nəfəsi soyumamışdı, yerin tövşəyi axşamın şərli torapnlığını boğub qaraldır, evlərə, bağlara, çəpər-çalılara yamanıb gələ-gələ yaxınlaşan üfüq dairəsini də bir aydın görümlükdən alıb toyuq korluğuna döndərirdi» («Bir kəndin soraqları» romanından). «Hava yenicə işıqlanırdı. Şiddətli şimal küləyi onsuz da oynayan mavi Xəzəri təlatümə gətirmişdi. Bir-birini qovaraq sahilə çatmağa can atan güclü dalğalar Nargin adasından yenicə uzaqlaşmaqa olan gəminin gövdəsinə çırpılıb üsyankar bir səslə şahə qalxır və havada parçalanıb dala çəkilirdi. Gəmi gah o yana, gah da bu yana əyilərək beşik kimi yırğalanırdı. Dənizin uğultusuna qarışaraq dalğaların müşayiəti ilə sahilə çatdırılan həzin qabarıq şikəstəsi adamın ruhunu oxşayırı» («Xəzər çalxalananda» oçerklər kitabından).

Bu yerdə İsmayıl Qarayev haqqında yazılan ədəbi portreti (tam və bitkin olmasa da!) bitirmək istəyirik. Amma İsmayıl Qarayevin «Getmə oğul» şeirlər kitabını vərəqlədik. Onun şairliyi, ilham odu şeirlərində daha parlaq göründü. Və bu yazını İsmayıl Qarayevin bir kiçik şeiri ilə bitiririk:

El üçün ağlama – gözdən olarsan,
Zər-ziba axtarma – bezdən olarsan,
Özünə dost gəzmə – dizdən olarsan,
Unutma, unutma, unutma məni!

Sevinc bir cilvədir – itər, bilinməz,
Kədər – basma naxış, gözdən silinməz,
Fərəh – bir toy-bayram, qüssə – lal-dinməz,
Unutma, unutma, unutma məni.

Unutmadıq….

# 255 dəfə oxunub

Müəllifin son yazıları

# # #