Kulis.az Ümid Nəccarinin yeni yazısını təqdim edir.
İkinci kurs tələbəsiydim, iyun ayının imtahanları bitmişdi. On günlük öz doğma şəhərim Təbrizə dönməyə qərar verdim. Quru yol vasitəsiylə Biləsuvara ged ib, oradan sərhəddə yaxınlaşdım. İki ağır çamadanı sürüyə-sürüyə sərhəddən o tayın Biləsuvar tərəfinə keçdim, qapıdan bir az çölə çıxanda taksi şoferləri məni görüb, üstümə qaçdılar.
– Təbrizsən, Ərdəbil? Astaraya da maşın var, indi çıxır. Bir nəfər lazimdi.
– Qardaş, döz görək bir, nəfəs alım, deyəcəm də... Təbrizə gedəcəm.
Biri heç aman vermədi, qaçdı əlimdən iki çamadanı da aldı, birini çiyninə atıb, birini yerdə sürüyür. Maşının baqajını açıb yerləşdirdi. Çox arıq bir kişi idi, baxanda “O olmasın, bu olsun” kinosunda hambal obrazını xatırladırdı. Üz-gözündən tər axa-axa gözlərini gözlərimə saldı, “50 min tümən verəcaxsan haa, adamın biri 50 mindi, iki-üç nəfər də mindirim gedax, sən geş qabaxda otu, hacı.”
Hava çox isti idi, maşının içi isə təndir kimi. Beş-on dəqiqə sonra taksinin qapısı açıldı, iki xanım arxada oturdular. Hər birisinə çəkidən ən azı 120 kq vermək olardı. Maşına oturanda, maşın yırğalandı, sanki, gəmi limandan ayrılır. Maşın çalxalanandan sonra, qadınlar dərhal başladılar:
– Bacı, bu da İran.
– Hə... şükür. İsti bir tərəfdən, astma da bir təfərdən, nəfəsim çıxmır.
– Olsun, bacı, darıxma sabah həkimdən qəbul vaxtı almışam, sağalacaqsan, İran həkimləri başqa olur, az. Həm də bazarı gəzərik. Baxma, ədviyyə-zad rayonda baha olur. Uşaqlara peçenye də alarıq, çox ucuz olur.
Sürücü maşına oturub, boynundakı qırmızı parçayla alnının tərini sildi. Maşını işə salıb yola düşdük.
– Xanımbacı, hara gedəcaxsız?
– Şəhnaz xiyabanı deyiblər bizə, yəqin tanıyırsan.
– Hən baba, məşhurdu da ora. Hətmən döhdürə gedirsüz?
– Hə... Buranın həkimləri yaxşı olur. Bizdə həkim yoxdu ki...
– Yoo... buranın dödhürləri çox qəvidi. Maşallah olsun, sizin tərəfdən çox gəlillər burda döhdürə. Allah saatbədən (sağlamlıq) versin!
Bir-iki saat yol qət edəndən sonra sürücü üzünü mənə tutub zil səsiylə “Qərdəşoğlu, sən hardan gəlirsən?” – dedi. “Bakıdan gəlirəm, Danişcuyam(tələbəyəm), evə gedirəm”- dedim. “Hən, Allah müvəffəq eləsin, bizim kişvərdə (ölkədə) dahı bir şey qalmiyib. Oxu, oxumasan mənim kimi ranəndə (sürücü) olarsan, günün belə yollarda geçər”.
Bir az keçəndən sonra sürücüyə zəng gəldi, telfonunun zənginə bir fars mahnısı qoyub: “Mixam berəm dəryakenar...(Dənizkənarına getmək istəyirəm)”.
– Əlo, nəcürsən, dadaş? Yolduyam, Əhərə az qalıram. Hən baba, gətirirəm. İki dana gözəl quşi almışam, gətirirəm. Lap sən diyəndi, təğəllubi(geydirmə) yox haa... əsli quşi!
Eləcə bu dialoqu eşidən anda sürücünün arxasında oturan qadın dəri çantasıyla sürücünün başından ilişdirdi. Yanındakı qadın da arxadan sürücünü şapalaqlayır. Qadınların biri qışqırıb deyir:
¬– Quş anandı, bacındı! Quş özünsən, əclaf gedə! Namusun, qıryətin yoxdu sənin?! Sən necə taksi sürənsən, çək qırağa, düşürük, çək!
Yanındakı qadın da deyir:
– Boyuvu yerə soxum, əxlaqdan kənar şərəfsiz. Adam qonağnan belə davranar?!
Sürücü maşını çətinliklə yolun kənarındakı torpaqlığa çəkdi. Təngnəfəs vəziyyətində mənə deyir, “qərdəş, sən bir söz deginən, bulara noldi? Sən bir söz dedin? Ay xanım, mən nə dedim axı?”
Gördüm iş uzanacaq, qadınlar da sürücünü döyməkdən yorulmurlar. Arxaya dönüb “ay xanım, əl saxla görək. Bu yazıq nə dedi ki?” – dedim.
– Ta nə deyəcək, eşitmədinmi?! Telefonda dostuna deyir, iki dənə quş gətirirəm. Quş bunun anasıdı, bacısıdı. Tərbiyəssiz eşşək!
– Ay xanım bu quş demədi e, “quşi” dedi. Quşi İranda telefon deməkdi. Boşuna niyə kişini döyürsüz?
Sürücünün üzü cızılıb, yanaqları portləmiş halda qıraqdan deyir, “hən, Əbilfəz həqqi mən quşi dedim. Mənin sizinən nə işim var, bacı? Biz xanivadə (ailə) adamıyux. Tilfun, mobayl almışam mərzdən (sərhəddən), dostlarıma aparıram. Nə quşu?!”.
Qadınlar bir az özlərinə gəldikdən sonra başladılar üzrxahlıq etməyə.
– Qardaş, bağışla sən Allah, arxaya səs qəribə gəlir, elə bildim quş deyirsən. Üzünə bir şey olmadı? Olsun, birazdan maşından düşəndə bacın özü üzüvü yuyub, təmizləyəcəy.
Sürücü məyus bir baxışla güzgüdən arxaya baxır, “olsun, bacım, suitəfahum(anlaşılmazlıq) oldu da, neyniyə bülərux? Biz eldarux, maşına hər cür adam minir da, gərəh çox fikir vermiyax”.
Sürücüyə dedim, “ta uzatma məsələni, zəbti (radionu) aç qulaq asax”.
Tərini bir də sildi, əlini atıb tez radionu açdı: “Elə bildim ötəri bir həvəsdir, sən bilmədin bu sevginin qədrini” (Könül Xasıyeva oxuyur).
***
Bir az keçəndən sonra sürücü çay içmək üçün yolkənarı bir kafedə saxladı, birlikdə düşdük, mənə yaxınlaşıb deyir:
– Qərdəş, sən bülürsən buların dilini. Quş nəmənədi ki, bular belə hirsləndilər? Mən nəmənə dedim axı?
– Quş orda pis sözdü, yamandı! Quş yanı qolay (keyfiyyətsiz) xanım. Bə sən bu məsirdə(istiqamətdə) işliyirsən, hələ də quş nədi bilmirsən?
– Qolay xanım nəmənədi? Bülmədim heş nə diyirsən?
– Qərdəş, quş yanı fışqa(fit)
– Hən... indi büldüm nəmənə diyirsən. Yox baba, mən onu nəzərdə almamışdım. Quşi dedim daaa, özün eşitdin ki...
– Hən, eşitdim. Yadında saxla belə sözləri, bunnan sora quşlama.
– Quşlama nəmənədi?!
– Eh, sən də... Heş zad. Çalış maşını sürə-sürə telefonunan danışma!
– Yaxcı, baba. Danışmarux. Çəşm!