Kulis.az güneyli aşıq Çingiz Mehdipurla müsahibəni təqdim edir.
– İlk sazınız yadınızdadırmı?
– Mən aşıq ailəsində dünyaya gəlmişəm. Gözümü açıb evdə saz görmüşəm. İran inqilabından öncə Pəhləvi dövründə dostlardan biri mənə dedi ki, sən bilərsən, gəl birlikdə gedib Tehrandan saz alaq. Heç demədim ki, mən də sazı bilmərəm. Getdik, Tehranda Dilşad adında bir saz satan var idi. Sazlardan birisini seçib aldıq. Bir neçə aydan sonra həmin bu dostum səfərə gedirdi, mənə dedi, sazı evdə qoya bilmirəm, olar ki, sazımızı sizin evinizə qoyum. Mən də qəbul etdim. Saz evə gələndən, bu sazı götürüb çaldım. Əmimin sazı var idi, ancaq götürüb çalmağa icazə verməzdi. “Gedin hələ dərsinizi oxuyun” deyərdi. Nəhayət, dostum gələnə kimi “Dubeyti” havasının oxuyan hissəsini bənzədə bildim. Ondan sonra sazın kökləməsini yavaş-yavaş öyrəndim. Bu dostum gələnə kimi beş-on havanı oxşada bildim. Qayıdanda təəccüblə dedi, bu havaları sən necə çala bildin? Həmin dostum sonralar bu sazı bibimin oğluna satdı. Elə haçan evlərinə getsəm, sazı götürüb çalırdım. O ərəfədə inqilab oldu. Biz öz məntəqəmizə – Xudafərinə – köçdük. Əmimdən sazın kökləməsini öyrənməyə başladım. Bir iki il sonra böyük saz ustadı Hüseyn Əsədi ilə tanış oldum. Qaradağlı idi, ancaq Tehranda yaşayırdı. Çox peşəkar solo ifaçısı idi, ondan çox şey öyrəndim. Həm də yaxşı sazbənd idi. Birinci sazımı rəhmətlik Hüseyn Əsədi mənə bağışladı. O sazla uzun müddət məşq edə bildim.
– Sizcə aşıqların geyimləri necə olmalıdır?
– Bir çox yerdə konsertimiz olduğuna görə, orada aşıqların geyimi ilə bağlı bizə çox sual verirlər. Aşıqların burada geyindiyi paltar qətiyyən bizim aşıq və milli paltarlarımıza uyğun deyil. İstəyirlər oxşadalar, ancaq o deyil. Təbrizdə yaxşı bir dərzi var idi, rəhmətlik Hüseyn Cəlali. Yaxşı və aydın düşüncəli birisi idi. Biz 100-200 il öncənin şəkillərini araşdırıb, bu dərziyə təqdim etdik. Həmin geyimlər Səttarxanın dövründə də mövcud idi, 60 il öncəyə kimi Təbrizin bazarında satışda olub. Bizdə iki növdə paltar olur, biri aşıqlar döyüşə çağırış verəndə geydikləri, biri də sülh zamanında geydikləri. Azərbaycana məxsus rəngləri və səhnəni nəzərə alaraq bu geyimləri müasirləşdirib “Dalğa” qrupunda istifadə etdik. Həm də Azərbaycanın motivlərindən yararlandıq.
– Qərb, Şirvan və Güney aşıq məktəblərinin arasında hansı fərqlər var?
– Demək olar ki, bizdə Qaradağ aşıq məktəbidir. Məsələn, Gədəbəy, Tovuz, Kəlbəcər, Göyçə, Borçalı eyni məktəbdir. Sadəcə Borçalı aşıq məktəbi bizim Urmu aşıq məktəbi kimi ifa tərzi fərqlidir. Borçalı aşıqları Urmu aşıqları ilə əlaqədə olduğu üçün birbirindən təsirləniblər. Qərb aşıq məktəbi də ayrı bir məktəbdir. Oradan 27 havanı yazmışam, Türkiyəyə yaxın olduqlarına görə oradan da təsirləniblər. Şirvan aşıq məktəbi isə, tam başqa bir məktəbdir. Orada özünəməxsus şikəstə, peşko havaları var. Bizdə “peşko” sözü Əlbülqadir Marağeyinin kitabında qeyd olunandan sonra yarandı. Azərbaycan aşıq musiqi janrlarında ancaq Şirvan aşıq məktəbində on dənəyə yaxın “peşko” havaları vardır. Dediyim kimi, Qaradağ aşıq məktəbi bura ilə eynidir. Urmu, Zəngan, Sulduz, Həmədan, Qaşqay, Həşdəri, Xalxal aşıq məktəbləri ayrıca aşıq məktəbləridir. Ad çəkdiyim bu yerlərdən biz 900-ə yaxın hava işləmişik.
– Sizcə müasir dövrdə aşıq toya getməlidirmi, tamada kimi toyu aparmalıdırmı?
– İndiki dövrdə Güney Azərbaycan toylarında yenə də aşıq sənətinə yer vardır, millət sevir. Ancaq burada aşıq sənəti toylarda məhv olur. Məntiqlə baxsaq, biz bilirik ki, bizim aşıq sənətimiz tarix boyu toylarda yaşanıb. Yəni aşıq millətimizin xeyir və şər məclislərində xeyir-dua verib və el arasında olub. Bütün məclislərdə iqtidar aşıqların əlində olub və məclisi öz bilgiləri əsasında aparıblar. Ancaq indi məclis aşıqların əlində deyil, pula görə aşıqlar özünü buraxıb və millətin sözünə uyublar. Sözümün canı odur ki, aşıqlar gərək bu sənəti millətə tanıtsın, bizdə əksinədir, millət gəlib öz istəyini aşığa sifariş verir. Aşıq sənəti bizim tarixi varlığımızdır, təəssüf ki, bu gün burada bu sənətə yaxşı baxılmır. Aşıq sənətinə dağ milləti, köçəri millətinin sənəti kimi baxılır. Dünya səviyyəli musiqilərimizdən bir neçəsini sadalayaq, məsələn, “Koroğlu” operasıdır. Bu aşıq musiqisindən götürülüb. Bunun 60-70 faiz melodiləri aşıq musiqisindən götürülüb və bunu sübut etməyə də hazıram. Hətta “Qərib Şahsənəm”, “Şah İsmayıl”, “Leyli Məcnun”, “Əsli və Kərəm”in opera musiqisi də buna aiddir. İndi 30 ildir ki, mən burada Azərbaycan musiqisi görmürəm, çünki bəstəkarlar kökdən uzaqlaşıblar. Aşıq musiqisi gərək konservatoriyada bəstəkarlara da tədris olunsun. Sovet dövrünün bütün bəstəkarları bunları bilirdilər.
– Son illərdə belə bir fikir formalaşıb ki, saz primitiv alətdir və müasir musiqisi ilə ayaqlaşa bilmir. Həm də biz bilirik ki, saz bizim milli kimliyimiz, tariximizdir, siz bu barədə nə düşünürsünüz? Doğrudanmı, saz müasir musiqi ilə ayaqlaşa bilmir?
– Bu sözü deyən adamların musiqi savadı yoxdur. Bu sazşünaslıq mövzusudur. Əsasən, tar özü orkestr musiqi aləti deyil, solo musiqi alətidir. Tarın üzü dəridir, 500 nəfərlik zalda insanların nəfəsinin təsirində dəri oturar və bütün orkestrin işini məhv edər. İlkin qopuzların üzü də dəridən olub, getdikcə taxtaya çeviriblər, yəni bu standart musiqi alətidir. Siz baxsanız simfonik orkestrdə heç bir dərili musiqi aləti istifadə edilmir. Bunları bilməyərək danışmaq, bizim milli musiqimizə zərbə vurur. Sazın yeddi kökü var. Siz baxın sazın akkord sisteminə, sazın ümumi kökündə bütün havaları ifa etmək olar. Ümumi kökdə re, so, do. Tarda isə, do, sol, do. Yəni iki səsi var. Sazın akkord sistemi də ondan genişdir. Tarda dəyişiklik ediblər, mən də sazda bir balaca dəyişiklik etmişəm. Məsələn, bir dəfə rəhmətlik Balaoğlan Əşrəfov televiziyada dedi ki, “Üzeyir bəy rusların təşəbbüsü ilə tarda pərdə sistemimizi dəyişdi”. Çünki bu adamın musiqi savadı yox idi. Olsaydı bilərdi ki, Üzeyir bəy Farabiyə, Əbdulqadir Marağayi, Səfiyəddin Urməviyə istinad edib. Tarın pərdələri 17 pillədən asılıdır, çox adam elə bilir ki, bu çetverton və ya ruh pərdələri təkcə Azərbaycan və İranda olur. Bunlar 2700 il bundan öncə Yunanıstanda olub. Bu musiqi pərdələri bəzən depressiya və ruh xəstəliklərinə gətirib çıxarırdı. Buna görə də, tədricən bunu musiqilərindən təmizlədilər. 11-ci əsrdə Avropa musiqilərində daha çetverton pərdələri görə bilməzsiniz.
– Milli musiqi alətlərimizin əksəriyyətini ermənilər öz adlarına çıxdılar, əksəriyyətinin dünyada başqa forması mövcuddur. Ancaq sazı nə ermənilər oğurlaya bildilər və nə də beynəlxalq bənzəri var.
– Təəssüflə deyirəm ki, son zamanlar saza da göz dikiblər. Tehranda bir musiqi müəssisəsində Səhba Mütəllibi adında bir xanım veriliş hazırlamışdı ki, xarici medialarda da yayımlandı. Bu xanım iddia edir ki, aşıq sənəti 17-ci əsrdən başlayır və erməni aşıqlarından Azərbaycan aşıqlarına keçir. Guya ermənilərin Azərbaycan musiqisinə böyük təsiri olub. Bu məsələni bildim, çox narahat oldum, indi bu haqda bir məqalə yazıram. Bu iddialar düzgün deyil. Bir fikrə görə Şamanlar və ozanlardan aşıq musiqisi yaranıb. Biz bu tarixi nəzərə alsaq, ozan ilə aşıqların yaranması arasında 800 il fasilə vardır. Bu 800 ildə biz aşıq Paşanı, aşıq Molla Qasım olub. 13-cü əsrdə aşıq ədəbiyyatını biz Yunis Əmrədə də görürük. 15-16-cı əsrdə Qurbanini görürük. Bu xanım 17-ci əsrdə yaşayan Sayat Novanı nəzərdə tutur ki, əllərində heç bir sübut yoxdur. Hətta Sayat Novanın erməni olduğu belə bəlli deyil. 1870-ci illərə qədər ermənilərin dili qrabar və ya kilsə dili olub. Qrabar dilində söz ehtiyatı o qədər azdır ki heca şeiri belə yazmaq olmaz. Sayat Novanın anası Sara xanım Tiflisli və atası Karapet Suriyadan gələn idi. Bunlar Albaniyadan köçən türk xristianlardırlar.
– Təbrizdə bildiyimə görə, xeyli tələbəniz vardır, bəs Bakıda necədir?
– Burada mən çox çalışdım ki, sənətə xidmət edim, rəsmi bir kurs açım. Təəssüf ki, yaranan bəzi paxıllıqlar buna imkan vermədi. Ancaq burada bir neçə nəfər vardır ki, onlara xanəndəlik və saz dərsləri keçirəm.
– Yaxında yeni bir konserti düşünürsünüzmü?
– Mən çox çalışıram konsert verək. Amma bildiyiniz kimi sponsor olmayanda çox çətin olur. Təəssüflə, hələ bizim millətimiz tam formalaşmayıb. Millətimiz başa düşmür ki, bu konsert gələcək nəslimizə necə təsir edə bilər. Bu musiqinin bizim bütün musiqi janrlarımıza təsiri vardır. Bu musiqinin qorunub saxlanmasını o qədər də ciddi hesab etmirlər. Kafelərdə iki aşığın cibinə 100 manat pul qoymaqla düşünürlər ki, aşığı biz saxlayırıq. Məncə, bu konsertlərlə aşıq sənəti qorunub saxlanmalıdır. Bu növ musiqi janrları daha dünyanın heç bir yerində toylarda istifadə edilmir. Biz bu musiqini əldən versək daha heç bir şeyimiz yoxdur. O biri musiqilərimiz başqa millətlərdən bizə keçib.
– Çoxu sizi “Saray” filminin musiqisi ilə tanıyır.
– Bəli, bu filmi çox bəyənib, seviblər. Bu iş tələsik oldu, filmin rejissoru rəhmətlik Yədullah Səmədi çəkilişlərə bir həftə qalanda mənə dedi. O bir həftədə çətin şəraitdə musiqini bəstələdim. Bu filmdə aşıq havalarının yerində oturması tamaşaçıların xoşuna gəldi. Bu tayda da çoxu bəyəndi.