Xocalı soyqırımına musiqi həsr etmiş fransız bəstəkarın müsahibəsi

Xocalı soyqırımına musiqi həsr etmiş fransız bəstəkarın müsahibəsi
8 aprel 2013
# 11:09

“Xocalı”Pyer Tilloy 1970-ci ildə Fransanın Nansi şəhərində dünyaya gəlib. O, Lüksemburq Konservatoriyası və Zaltsburq Motsart Milli Akademiyasında musiqi təhsili alıb. Pyer Tilloy bir çox beynəlxalq müsabiqələrin finalçısıdır.

O, Ümumi Musiqi Müsabiqəsinin, F.F.E.M, Berlin Guardini Fondunun "Olivye Messiane" Beynəllxalq Mükafatının laureatı adını qazanıb. Bəstəkarın 5-ci simfoniyası və 5-ci kvarteti nüfuzlu Rokfeller Nyu-York Fondunun laureatı olub. Pyer Tiloy həmçinin "Hamlet və ya qətl günləri", uşaqlar üçün "Romalı dost", "Arıların yolu" operalarının müəllifidir.

Bununla yanaşı, fransız Pyer Tilloy müxtəlif dirijor və tanınmış ifaçılar tərəfindən improvizə edilən 200-ə yaxın əsərin müəllifi, Ovni və Kord ansambların banisidir. O həm də “Xocalı 613” əsərinin də müəllifidir.

Kulis.Az Xocalı soyqırımına musiqi həsr etmiş fransız bəstəkarının diaspora.gov.az saytında dərc olunmuş müsahibəsini təqdim edir.

- Müsyö Pyer, Azərbaycana, xüsusən onun musiqisinə marağınız necə başladı?

- On iki il bundan əvvəl Fransanın Azərbaycandakı Səfirliyinin keçirdiyi bir tədbirin təşkilində iştirak etdim. Əslində işlər bir ay sürməli idi, amma üç ay Bakıda qalası oldum. Elə o zaman da Azərbaycan musiqisi və mədəniyyəti ilə yaxından tanış olmaq fürsəti yarandı. Sözsüz ki, bu mədəniyyətə ilk baxışdan vuruldum. Mənim fikrimcə, mədəniyyət insanlar deməkdir. Bakıda olduğum müddətdə çox şəxsiyyətlər, bəstəkarlar, aktyor və musiqiçilərlə görüşdüm. Onların kübarlığı məni tamamilə heyran etdi və beləcə Azərbaycan mənim ürəyimdə məskən saldı.

- Siz ötən ilin sonunda Bakıda Beynəlxalq Muğam Mərkəzində muğam ifaçılarımızla birlikdə konsert proqramı ilə çıxış etmisiniz. Konsertlə bağlı təəssüratlarınızı bilmək istərdik.

- Bəli, ötən ilin dekabr ayında Muğam Mərkəzində keçirilən konsert mən deyərdim ki, unudulmaz bir macəra idi. 2012-ci ilin aprel ayında axşamların birində dostum, pianoçu Murad Hüseynovla çay süfrəsi arxasında oturarkən bu layihənin ideyası yarandı. Mən Azərbaycan milli musiqisi və "savant" üslubunda yazılan əsəri sintez etməyi təklif etdim. Fransanın Azərbaycandakı Səfirliyinin o vaxtkı mədəniyyət üzrə məsləhətçisi Hugues Baltzinger də bu layihəni təsdiqlədi. Beləliklə, Muğam Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Fransanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə konsertimiz baş tutdu. Konsert zamanı tamaşaçıların reaksiyası məni çox həyəcanlandırmışdı. Sanki nə isə sehrli bir şey baş verirdi... Məni xoşbəxt edən mədəniyyətlərin məhz bu cur, musiqi dilində vəhdətinin uğurlu sonluğu idi.

- Ümumiyyətlə, Azərbaycan musiqisi, muğam sizin üçün nə deməkdir?

- Azərbaycan musiqisi fərqli bir fenomendir. Ənənəvi və klassik musiqi üzərində qurulan «savant» adlı milli musiqili komposiziya məktəbi mövcuddur. Coğrafi baxımdan kiçik bir ölkədə orientalizmdən uzaq çox təsirli şərq musiqisi vardır. Azərbaycan musiqisi - istər klassik olsun, istərsə də ənənəvi - dünyada mənşəyini inkar etməyən, gələcəyə də laqeyd olmayan bir musiqi modelidir.

- Siz Xocalı soyqırımına həsr olunmuş “Xocalı 613” əsərinizin Parisdə, Londonda təqdimatını keçirmisiniz. İstərdik əsərin yaranması barədə söz açasınız. İşgəncələrlə öldürülən dinc əhalinin iztirablarını musiqi dilinə çevirmək sizə çətin gəlmədi ki?

- «Xocalı 613» əsəri həyatımda çox böyük məna kəsb edir. Hansısa bir ölkədə müəyyən müddət yaşamaq və onun yaralarına biganə qalmaq mümkün deyil.


- Yeri gəlmişkən, Xocalı soyqırımının 21-ci ildönümü günü Fransa Assambleyasının binasında Azərbaycanın Fransada fəaliyyət göstərən diaspor fəalları vəhşicəsinə döyülüb. İstərdik, bu barədə münasibətinizi bildirəsiniz.

- Bu cür təcavüz absurd və ağlasığmazdır. Heç bir vasitə bu hərəkətə haqq qazandıra bilməz. Milli Assambleyanın divarları içərisində baş verən bu hadisə onun törədənlərin düşünülməmiş addımdır. Ən acınacaqlısı isə odur ki, bu fundamentalistlər ölkənin imicini sarsıdır və etnik nifrətin yaranmasına səbəb olur. Zənnimcə, bu gün sülhün bərqərar olmasına ehtiyac duyulur. Mədəniyyət dünyada sülhün ən böyük səfiridir və sülhsüz gələcəyi qurmaq qeyri-mümkündür! Təbii ki, başqa yerlərdə olduğu kimi burada da problemlər yaşanır.

- Sirr deyilsə, Azərbaycanla bağlı gələcək planlarınız nədən ibarətdir?

- Mənim Azərbaycanla bağlı layihələrim çoxdur, amma hələ ki, sirr olaraq qalsın deyə şərqsayağı cavab verəcəm: «Yaşayarıq görərik, İnşallah!»

Ülviyyə Heydərova

Fransız dilindən tərcümə Nigar Gərayzadə

# 3087 dəfə oxunub

Müəllifin son yazıları

# # #