Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə
12 dekabr 2024
# 09:00

Tələt Rəhmanov...

Bəzimiz onu "Qaynana" filmindəki Əli, bəzimiz "Kişi sözü"ndəki kolxoz sədri Bayandur, bəzimiz də "Arşın mal alan"dakı nökər Vəli kimi tanıyırıq.

"Qaynana"dakı "“Bibi, bibi, can bibi, Can sənə qurban bibi” oxuyub rəqs elədiyi səhnəni necə unutmaq olar ki?..

"Mozalan" satirik kinojurnalındakı rolları ilə ürəklərə yol tapdı, ailəmizin bir üzvünə çevrildi.

Kulis.az Ülvi Bahadırın sevimli aktyorumuzun nəvəsi Kəmalə Zəki ilə müsahibəsini təqdim edir.

- Babanızı xatırlayarkən nələr yadınıza düşür?


- Çox qayğıkeş idi. Hər zaman bizi düşünərdi. İlk dəfə xarici səfərə, Moskvaya məni babam aparmışdı. Bir əməliyyata girmişdi, əvvəldən əhd eləmişdi ki, inşallah, sağ-salamat çıxım Kəmaləni özümlə Moskvaya aparacam. Mənim dediyim heç bir sözü iki eləməzdi. Tək mənə yox, hamıya eyni münasibəti göstərib. Özü görmədiyi, yaşamadığı uşaqlığı bizə yaşadıb. Çalışıb ki, biz o çətinlikləri görməyək. Qoymayıb ki, atamgildə qalaq. Hamımızı yanında saxlayıb. Birlikdə böyümüşük. Problemlərini heç vaxt büruzə verməzdi. Hara gedib məclisin mərkəzi o olub. Özünəməxsus enerjisi var idi.

- Digər aktyorların müsahibələrini oxuyanda fikir verirdim ki, aktyorluq onların uşaqlıq arzusu olub. Ancaq Tələt bəy bir növ, əlacsızlıqdan seçib bu sahəni.

- Əmisi Hüseyn Rəhmanov Nazirlər Soveti sədrinin müavini idi. Hüseyn Rəhmanova “xalq düşməni” damğası vuruldu. Bundan sonra babam üçün hər şey o qədər də asan olmadı. Neft Akademiyasına qəbul olunmuşdu, lakin dərsə gedəndə ona demişdilər ki, sən “xalq düşməni”nin qardaşı oğlusan, daha gəlmə. Belə olan halda o da Teatr Texnikumuna daxil olmuşdu.

Sonradan atası da repressiyaya məruz qaldı. Ondan sonra həyat onun üçün daha da çətinləşdi.

Ancaq onun həmişə həvəsi olub bu sahəyə. Sevilən aktyorumuz Hacıbaba Bağırovla bir məhəllədə böyüyüblər. Həvəskar tamaşalar qurub qonşulara göstərirdilər. Özü danışırdı ki, çadra bağlayıb səhnələr göstərirdik. O istedad həmişə olub babamda. Heç sonradan da aktyor olmaq istəmirdi. Ancaq tale onu bu sahəyə gətirdi. Epizodik rollar oynamasına baxmayaraq, ən kiçik rola belə möhürünü vururdu. Hamı onu tanıyırdı.

- Özü əmisinin, atasının repressiya olunması barədə nə danışırdı?

- Onlar üçün çox çətin idi. Dörd uşaq ana və nənənin himayəsində qalıblar. Sonradan universitetə qəbul olunmaq istəyəndə də bütün qapılar üzünə bağlandı. Bu proses onlar bəraət alana qədər davam elədi. Təsəvvür eləyin ki, o boyda evlərini əllərindən aldılar. İki otağını saxladılar. Qalan otaqlarını payladılar. Onda altı yaşı var idi, çox da hiss eləmirdi, ancaq böyüdükcə bu damğa həyatına çox təsir elədi. Hara getsə də, xalq düşməninin oğlu sayılırdı.

Babama o damğanı vuranlar sonradan onunla bir evdə yaşadılar. Babamla bir yerdə işlədilər. Ancaq özü bunları danışmırdı, bölüşmürdü.

Onu istəməyənlər, qısqananlar çox idi. Ad vermək istəyəndə nazirlikdə adının üstündən xətt çəkirdilər. Qabağa getməyə qoymurdular. Deyirdilər ki, bu onun üçün çoxdur, bu qədər bəsidir. İmkan vermədilər ki, heç olmasa, Əməkdar artist olsun. Halbuki küçədə görənlər elə bilirdi ki, Xalq artistidir. Əleyhinə anonim məktublar yazılırdı. Gözü götürməyənlər çox idi.

- Minə xanımla sevgisi dillərə dastan idi. Onunla necə tanış olmuşdu?

- Təsadüfən tanış olublar. Babam onu küçədə görmüşdü, xoşu gəlmişdi. Ancaq nənəm istəmirdi. Xoşu gəlmirdi ondan. Ancaq münasibətləri yaranandan sonra aralarında çox böyük sevgi oldu. Öləndə də axırıncı sözü “Minə” idi.

- Biz onu daha çox filmlərdən tanıyırıq. Xasiyyəti, xarakteri necə idi?

- Oynadığı rollarda, demək olar ki, özü idi. Duzlu-məzəli, zarafatı sevən idi. Çox vaxt deyirlər ki, aktyorlar həyatda qaraqabaq olurlar, ancaq biz heç vaxt onu elə görməmişik. Çox emosional idi. Hər şeyi ürəyinə salırdı. Metroda terror hadisəsi zamanı Rafiq Babayev vəfat edəndə çox pis olmuşdu, depressiyaya düşmüşdü. Hər xırda problemi özünə dərd eləyirdi. Məsələn, bizdə uşaqlardan biri yıxılanda çox böyük həyəcan keçirərdi. Qıraqdan elə görünməsə də, əslində, çox həssas adam idi.

Diqqətcil idi. Çalışırdı ki, nə qədər çətinlik olsa da, biz onu hiss etməyək.

- Həm aktyor, həm rejissor assitenti, həm də film direktoru kimi fəaliyyət göstərib. Evinizə kimlər gəlib-gedirdi?

- Kimlər gəlib-getmirdi ki… Evimiz hər zaman qonaqlı-qaralı idi. Eldar Quliyev, Oqtay Mirqasımov, Anar, Mərahim Fərzəlibəyov, Rasim Balayev… Çox adam gəlirdi evimizə. Ən yaxın dostları Hacıbaba Bağırov və Eldar Quliyev idi. Elə bir gün olmurdu ki, evimizdə qonaq olmasın. Gecə belə evimizdə qonaq olurdu. Özü də qonaq sevən idi. Bir də görürdün, evdə oturduğu yerdə zəng eləyirdi ki, gəl bizə, yemək yeyək. Evin boş qalmasını sevmirdi. İstəyirdi ki, ev həmişə səs-səmirli olsun.

- Aktyorlar nə qədər də səhnədə deyib-gülən görünsələr də, çox ciddi, mühafizəkar olurlar. Tələt bəy necə, qısqanc adam idi?

- Hə, çox qısqanc idi. Anam aktrisa olmaq istəyirdi, qoymadı. Kinostudiyada işləyirdi, ancaq baş vəzifədə. O vaxt “Tənha narın nağılı” filmi üçün sınaq çəkilişlərində iştirak etmişdi. Şəklini çəkmişdilər. O da şəkli görüb cırıb atmışdı, skandal yaratmışdı. Demişdi ki, nə ixtiyarınız var, mənim icazəm olmadan onu niyə çağırmısınız? Anamla da ciddi söhbəti olmuşdu. Beləcə anamın aktrisa kariyerası başlamadan bitdi.

- Niyə razı olmurdu?

- Mən də o vaxt qınayırdım, ancaq özüm bu sahədə işləməyə başlayanda başa düşdüm ki, bəlkə də, hardasa haqlıdır. Çox vəfasız sənətdir. Azərbaycanda qədir-qiyməti yoxdur. Qıraqdan baxanda asan görünür, içinə girəndə başa düşürsən ki, elə deyil. Mən də istəmərəm ki, övladlarım incəsənət sahəsində olsunlar.

- Özü sonradan peşman oldu, yoxsa həmişə öz fikrində qaldı?

- Yox, heç vaxt peşman olmadı. Öz fikrində qaldı. Məsələn, mən o vaxt xoreoqrafiya məktəbinə sənədimi vermişdim, əvvəl heç nə deməmişdi. Sonradan adi orta məktəbə qoydular. Düzdü, mən sonradan Mədəniyyət və İncəsənət Universitetinə qəbul olundum, ancaq yaş ötdükcə başa düşdüm ki, kişi elə düz deyirmiş.

- Bəlkə, özünə olan münasibəti görəndən sonra bu qərara gəlmişdi.

- Hə, əlbəttə, bunun da rolu böyükdür. Çünki özü çox çətinliklər görmüşdü. Film direktoru olanda hər filmdə stres yaşayırdı. Eldar Quliyevin əksər filmində film direktoru işləyib. Çoxu da tarixi filmlər idi. Heç vaxt başdansovdu yanaşmayıb işlərinə. Elə insanlar üçün həyat çox çətin olur.

- Evdə nizam-intizam qaydaları var idi?

- Məni çox ərköyün böyüdüb. Ata-anam nəyisə qadağan eləyəndə bilirdim ki, babaya deyəcəm, icazə verəcək. Mənə qarşı çox həssas idi. Geyim barədə danışırdı. Qısa geyinəndə müdaxilə eləyirdi. Elə geyinməyimizi istəmirdi. Qəddar adam deyildi.

Hə, ailə başçısı idi. Bilirdik ki, nə olar, nə olmaz. Axşam işdən gələndə 1-2 saat yatmalı idi. Bilirdik ki, onda sakit olmaq lazımdır.

- Bizim daim gülərüz gördüyümüz Tələt Rəhmanovu ən çox nə özündən çıxara bilərdi?

- Haqsızlığa dözümü yox idi. Fərqi yoxdu, özünə, yoxsa dostuna qarşı. Dostunun dərdini öz dərdi bilirdi. Qohum əqrəbada nə problem olsa, hamı onun üstünə gəlirdi. O da hamısına şərik olurdu.

- Ad ala bilməməsinə münasibəti necə idi?

- Bildirmirdi, ancaq incikliyi var idi. Heç vaxt çölün sözünü evə gətirməzdi, ancaq biz hiss eləyirdik. Verilməməsinin səbəbi də şəxsi qısqanclıqlar idi. Ailəsi artıq 60-cı illərdə bəraət almışdı. Ancaq yenə də mane olmaq istəyənlər çox idi.

- Baş rola dəvət olunmaması öz istəyi idi, yoxsa bu da intriqaların nəticəsi idi?

- Film direktoru işləyəndən sonra çox da çəkilmək istəmirdi. Böyük rollara marağı yox idi. Təşkilatçılığı çox sevirdi. Sadəcə, rejissorlar özləri onu çağırırdılar. Bəzən filmdə onluq rol olmurdu, sırf o oynasın deyə kiçik səhnələr yazırdılar ki, çəkilsin. Ancaq özünün rol arzuları yox idi.

- Yolagedimli adam idi?

- Yox, çox inadkar idi. Sözü bir dəfə deyirdi, heç kim onu fikrindən döndərə bilməzdi. Fərqi yoxdu, evdə ya işdə.

- Evdə məşq eləyirdi?

- Yox. Onun çəkildiyi rolların çoxu improvizə idi. Elə yerindəcə düşünürdü necə oynayacağını.

Həyatda da səhnədəki qədər rahat idi. Xüsusən də ailədə, dost arasında.

- Sizi çəkilişlərə aparırdı?

- Əlbəttə. Hara getsə, məni də aparırdı. Məsələn, "Gümüşgöl əfsanəsi”nin çəkilişlərində olmuşam. Sonra “Ölülər”in çəkilişlərini görmüşəm. Dağıstana aparmışdı məni. Onunla hər yeri gəzmişik.

Mənim aktrisalığa yox, rejissorluğa marağım var idi. Qəbul olundum, işlədim, sonra ailə vəziyyətimlə bağlı davam eləyə bilmədim.

- Vəfat etdiyi an yanında idiniz?

- Hə. Noyabrın biri idi. Valeri Kərimovun sənədli filmi çəkilirdi dəniz qırağında. Noyabr olmasına baxmayaraq, çox sakit, mülayim hava var idi. Gəlib oturdu içəridə. Mənə dedi ki, bir çay dəmlə, içim. Nənəyə danışırdı ki, dəniz qırağı elə gözəl idi… Birdən qəşş elədi, başını atdı arxaya. Mən də içəridə idim. Nənəm dedi ki, bəsdir də aktyorluq elədin. Elə bildi ki, zarafat eləyir. Sonra gördük ki, yox, məsələ ciddidir. “Minə” qışqırdı bircə… Bir nənəm idi, bir də mən. Aşağıdakı mənzildə təmir gedirdi. Orada işləyən ustalar gəlib kömək elədilər, divana uzatdıq, təcili yardım çağırdıq, ancaq artıq gec idi. O qədər çox zarafat eləyirdi ki, bir anlıq inanmamışdıq, elə bilirdik ki, oyun oynayır bizimlə. Hər şey yuxu idi sanki. İnanmırdıq ki, o, artıq yoxdur. Babam elə bir insan idi, elə bilirdik ki, o, həmişə olacaq. Ağlımıza da gəlmirdi ki, bir gün olmaya bilər. 65 yaşı olmalı idi. Yubileyinə hazırlaşırdı. Ordan-burdan nələrsə tapıb alırdı ki, özümə yubiley eləyəcəm. Qismət olmadı.

Heç xəstəxanaya da çatdıra bilmədik. Qəfildən getdi.

- Ondan sonra həyat necə oldu?

- Mən batil inanclara inanmıram, ancaq anası, nənəsi həmişə deyirdi ki, onun ayağında uğur var. Mən təbii ki, onları görməmişəm. Sonradan danışırdılar. Doğrudan da, babam rəhmətə gedəndən sonra ailəmiz qara zolağa düşdü. Nənəm xəstəlik tapdı. Düzdü, dörd il yaşadı, ancaq ona yaşayış demək olmazdı. Çünki o, babamla nəfəs alırdı. Anam dərin depressiyaya düşdü. Çox gözlənilməz oldu vəfatı.

- Ona həmişə demək istədiyiniz, deyə bilmədiyiniz nələr var idi?

- Ona təşəkkür eləyərdim. Bizə qayğısız həyat yaşadıb. Heç bir problemimiz yox idi. 90-cı illərdə hamı problem içində idi. Ancaq biz hiss eləməmişik, elətdirməyib. Onun vəfatından sonra böyüdüm.

- Ən çox sevdiyi rolu hansı idi?

- “Arşın mal alan”dakı rolunu daha çox sevirdi. Çünki o rolu ilə tanınıb. Ancaq bütün rolları eyni idi onun üçün.

Aktyorlar, adətən, öz filmlərinə baxmağı sevmirlər. Ancaq o, elə deyildi. Hamımızı bir yerə yığırdı ki, gəlin, təzə filmimə baxaq.

Ən çox “Qaynana” filmindəki rolu ilə tanınır. Orada da kamera arxasında idi. Əslində, o rolu Nəsibə Zeynalovanın oğlu oynayacaqdı. Ancaq rejissor razı olmadı. O, dedi ki, Tələt oynasın. Babam da oynadı .

- Küçədə gedəndə tanıyırdılar?

- Hə, hamı tanıyırdı onu. Bazara gedirdik, hamı gəlib görüşürdü. Yolda polis görürdü, tanıyırdı, əlini sıxıb deyirdi ki, sağ olun, sənətkar. Xüsusən də “Mozalan”dakı rolları ilə çox tanınır, sevilirdi.

Narahat olmurdu buna görə. Çox xoş təsir eləyirdi ona. Diqqəti sevirdi.

- Vəfat edəndən sonra sənət dostları vəfasızlıq etdi, yoxsa yada saldılar?

- Yox, gələnlər var idi. Sonradan mən universitetə qəbul olunanda da hamı mənə kömək etməyə çalışırdı. Akif Rüstəmov axıra qədər yanımızda oldu. Eldar Quliyev gələ bilmirdi, ancaq zəng eləyirdi. Bizə gələndə çox pis olurdu. Deyirdi ki, bura gəlib Tələti görməmək, səsini eşitməmək dəhşətlidir.

- 90-cı illər çox ağır illər idi. O dövrlər sizin üçün necə keçirdi?

- O vaxt çarəsizlikdən tamadalıq eləyirdi. Əvvəl də dost məclislərini o aparırdı. Duzlu-məzəli əhvalatları, lətifələri çox idi. Pozitiv atmosfer yarada bilirdi. Ancaq studiyaya da gedib-gəlirdi. Ora onun ikinci evi idi sanki.

Düzdü, hər məclisə getmirdi, ancaq yenə də tamadalıq eləməyi ona çox pis təsir eləyirdi. Çox narahat olurdu. Ancaq o vaxt çox adam məcburiyyətdən bu sahəyə yönəlmişdi. İşini çox sevirdi. Balaca rolu olsa da, çox həssas yanaşırdı. Kostyum-filan seçirdi. Rekvizitləri çox vaxt evdən aparırdı. Rəssamlara da kömək eləyirdi.

Evdə də çöldəki kimi zarafatcıl idi. Bəzən nəsə eləyirdi. Ciddi qəbul eləyirdik. Üstündən bir az keçəndən sonra öyrənirdik ki, sən demə, zarafat eləyirmiş.

- Aktyorluğu çox sevirdi, yoxsa film direktorluğunu?

- Əlbəttə, aktyorluğu. O sahədə daha rahat idi. Film direktorluğu ona xeyli çətin görünürdü. Çünki məsuliyyəti böyük idi.

- Birinci infarktından sonra vəziyyəti yaxşı idi?

- Üstündə həmişə dərmanı olurdu. Ağrıyan kimi atırdı. Tam keçməmişdi.

- İndi burada olsa idi, ona nə demək istəyərdiniz?

- Qucaqlayardım, deyərdim ki, baba, çox tez getdin.


Foto: Emil Rasimli

# 7497 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #