Anaların duası, ataların açıq alnı...

Anaların duası, ataların açıq alnı...
23 fevral 2024
# 16:21

Kulis.az Ülvi Bahadırın yeni yazısını təqdim edir.

Əvvəllər elə bilirdim ki, qaranlıq adamları yeyir.

Ona görə payızda, qışda anamla yol gedəndə onun əllərindən bərk-bərk yapışırdım.

Yapışırdım ki, qaranlıq onu da yeməsin.

Ta xocalıları dinləyənə qədər.

Onda başa düşdüm ki, adamları qaranlıq yemir.

Onda başa düşdüm ki, adamları adamlar yeyir.


Əvvəllər elə bilirdim ki, Allahverdi Bağırov dərsliklərdə oxuduğumuz mifik qəhrəmanlardan biridi.

Ona görə haqqında yazılanları oxumaz, çəkilənlərə baxmazdım.

Baxmazdım, dərsliklərdə yazılanlara inanmadığımdan...

Ta ağdamlıları dinləyənə qədər.

Onda başa düşdüm ki, Allahverdi Bağırov anaların duası...

Onda başa düşdüm ki, Allahverdi Bağırov ataların dik beli, açıq alnı...

Əvvəllər elə bilirdim ki, futbol, sadəcə, bir əyləncə...

Ona görə sinif yoldaşlarım gecələr yığışıb futbola baxanda mən filmə baxardım.

Daha faydalı, daha lazımlı görünərdi mənə...

Ta ki, Qurban Qurbanovun çıxışlarına baxana qədər...

Onda başa düşdüm ki, iradə bir insanın sahib ola biləcəyi ən ali keyfiyyət.

Onda başa düşdüm ki, futbol meydançası həyatın imitasiyası.


Tələbəliyin ilk günləri... Həyət evində qalırdım. Yatanda qapını bağlayırdılar.

Ta əzəldən qapılarımız açıq yatardıq. Əmin-arxayınca...

Bir gün evə qayıdanda gördüm ki, bizim qapımızı da bağlayıblar.

Soruşanda:

“İndi o vaxtlar deyil, ehtiyatımızı görək” dedilər.


Ancaq dünən... Elə həmin küçədə...

Bütün qapılar taybatay... Hamı küçələrdə...


O gecə hamımız güvənirdik... O gecə hamımız əmin-arxayınca...


Çünki o, orada idi...

Qurban Qurbanov və rəqibi donduran soyuqqanlılığı...

Onun ən böyük sirri...


Çünki o, orada idi...

Allahverdi Bağırov və çin çıxan yuxusu...


Ulu Nazim Hikmət necə demişdi:

“Sən yanmasan, mən yanmasam, biz yanmasaq,

Necə çıxar qaranlıqlar aydınlığa?!

# 7714 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #