Ürəyimi titrədən çex gözəlinin arxasınca

Ürəyimi titrədən çex gözəlinin arxasınca
16 iyun 2016
# 12:56

Ülvi Babasoy

Praqa baharında bu nə işiydi özümü saldım

“Kavarna Slavia” Bethovenin “Ay işığı”na qərq olub. Nazim Hikmətin masasından Heminqueyə zilləmişəm gözlərimi. Fikrim yaman dolaşıb. Axı, mən necə oldu bura gəldim? Bu gün təkcə Qədim Praqanı gəzəcək, Kozna küçəsində qaraladığım italyan restoranında şam edəcəkdim. Sonra da nağıl şəhərin əsrarəngiz gecəsinə qarışacaqdım. Bu nə işiydi e özümü saldım. Lap Kundera düşən vəziyyətə düşdüm. Yox, mənimki daha betərdi.

Çex gözəlinin ardınca

Hə, bir saat əvvəl Kozna küçəsində italyan restoranından çıxanda gözüm bir xanıma sataşdı. Ucaboy, ipincə, sarışın. Qısa ətəkli donunun yarığı tərpəndikcə baldırından bədheybət bir ilan boylanır. Yarıq yığılanda ilan qıvrılıb yuvasına girir, açılanda yenidən başın çölə çıxarır.

İlk baxışdan adamın ağlına pis-pis şeylər gəlir. Yox, elə deyil. Əvvəlcə mən də zənn etdim ki… Pol Qoqenin “Nə zaman evlənirik” tablosu belə ağlıma gəldi. Tatudu. Ancaq ağlasığmaz bir məkanda, fantastik bir görkəmdə. Xanım da ki, xalis çex gözəli. Təkcə yerişi bəsdi onu tərifə. Adamın için yırğalayır. Restoranın qarşısına çatar-çatmaz, üzün mənə sarı çevrilib baxdı. Baxdı, baxdı… Bir dəfə deyil, iki dəfə deyil. Dəfələrlə…

Çex gözəlinin aramsız baxışlarına laqeyd qala bilməzdim. Ürəyim titrədi. Bruno şəhərində türk restoranında aldığım məsləhətlər məni ürəkləndirdi. Astaca irəlilədim. Onun incə bədənindən yayılan şaftalı qoxulu ətir adamı özünə çəkirdi... Tramvaya mindik. Qız öndə, mən arxada əyləşdim.

Bruno əhvalatını dönə-dönə xatırlayırdım. Cəsarətim artırdı. Sevincək olmuşdum: Restoranın şireksifət, danadiş kababçısı soda dadı verən, tamsız “dürümün” ikincisini soxuşdura-soxuşdura gözəlləmə düzüb qoşurdu. “Abi, çek kızları çok güzel. Enfes, harika...” Mən gülümsəyib: “Rus kızları mı daha güzel, çek kızları mı?”, - deyirəm. “Sen ne diyon ya, abi. Rus kızlarına taş çıkarırlar. Haa bir de türk, azeri erkeklere bayılırlar, bak ben yedi senedir Brunodayım, ne kızlar götürdüm, ne kızlar. Brunoda azeri öğrenciler çok. Hepsi de bizim müşterimiz. Onlar da…” Şireksifet, yekəbaş kababçı “Kötü Kedi Şerafettin” animasiya filminin personajı Cəmili xatırlatdı... “Film kimi danışırdı”.

Arxa oturacaqdan yavaşca sürüşüb keçdim qızın yanına. Ağzımı açıb nəysə demək istəyirdim ki, şaftalı qoxusu tündləşdi. Beynimə, ordan ürəyimə doldu. Sulandı. Su şirəyə, şirədə qəribə hissə, həyəcana çevrildi. Ordan da üzüaşağı axmağa başladı. Bədənimi dolaşdı… Onun yanında özümü yüksək sürətli avtomobildə hiss edirdim. Əyləc qəflətən basılır və qəribə bir boşluğa düşürsən e. Sürətdən yaranan həyəcanqarışıq ilıq bir şəhvət. Bir yandan da uşaqtək saf bir duyğu bürüyür canını. Nə edəcəyini bilmirsən. Elə.

Tramvay “Narodni” prospektinə burulanda həyəcan qorxuya təhvil verdi yerin. Yox, ora getməsin, nolar getməsin. Ora gedirsə, deməli, kiminləsə görüşəcək. Yox, yəqin gəzməyə gəlib, sağa dönüb yuxarı, Çarlz körpüsünə sarı qalxacaq… “Narodni” dayanacağında düşdük. Qız Kafe Slavia tərəfə keçdi. Ürəyim guppuldadı. Təzədən yolun o biri tayına adladı. Sakitləşdim. Ətrafa boylandı. Tələsik yeriyib “Narodni divadlo” (Milli teatr) binasının qarşında dayandı. Çantasın eşələyib telefon çıxardı. Zəng elədi…

Əğyar Heminquey

Kafe Slavia’ya sarı addımladıq. Kafenin tən ortasında 50-55 yaşlarında topasaqqal bir kişi qarşıladı onu. Xəfifcə öpüşdülər. Kişi Heminqueyin birinci dərəcədən kopyasıydı.

Bir müddət sərsəm halda ortalıqda gəzişdim. Nə edəcəyimi bilmirdim. Hərlənib pianistin başının üstün kəsdirdim. Qaradərili pianistin barmağı piano dilləri ilə rəqs edirdi. Yavaş-yavaş rəqsin sürət və tempi artır, eyni nöqtəyə zillənən gözlərim qaralırdı. Kafeni dövrə vurub gəldim Heminqueylə sevgilisinin pivə içdiyi masanın qarşısına. Ətrafa göz gəzdirdim.

Nazim Hikmətin masası boşuydu. Əyləşəndə piano dil deyib ağlamağa başladı. Pianist yenə də heyrətə saldı məni. Kafe Slavia’ya ilk gəlişimdə Bethoven, Mozart ifalarına təəcüblənmişdim. Bitter şokolad kimi qara və acısifət oğlanı görəndə isə dilimi dişləmişdim...

Fərqi yoxdu...

Ofisiant yaxınlaşıb istəyimi soruşur. Mənsə Heminqueydən, daha doğrusu, sevgilisindən gözümü çəkmirəm, çəkə bilmirəm. Ucaboy ofisiant qızın dolu bədəni masamı kölgələndirir. Altdan yuxarı süzürəm qızı. Ətli dodağı, dolu bədəni, dovşan dişləri. Enerji vampiri. İstəyimi bir də soruşur. Kəkələyə-kəkələyə “fərqi yoxdu” deyirəm. Qız gülümsəyir: “Necə?”, “Fərqi yoxdu?”. Məni dəli bir gülmək tutur. O da mənə qoşulub gülür. Toxtayıb bir fincan Slavia qəhvəsi sifariş verirəm. Təzədən uğunub gedirəm. Bəlkə də dünyada yeganə xalqıq ki, bizə fərqi yoxdu. Çay və ya kofe. Araq və ya pivə. Soyuq və ya isti.

Bir dəfə bir amerikan professor Azərbaycana gəlir. Qaldığı otelin foyesində azərbaycanlı həmkarını qəbul edir. Və onu içkiyə dəvət edir. Amerikan azərbaycanlıdan soruşur: “Fanta, yoxsa kola?”. Həmyerlimiz “fərqi yoxdu” deyir. Amerikalı çox təəccüblənir. İş elə gətirir ki, professor tədqiqat işiylə əlaqədar 6 ay Azərbaycanda qalmalı olur. Çoxlu “fərqi yoxdu”larla qarşılaşır. Necə olur ki, fantanın sarı və turş, kolanın qara və şirin olmasını seçə bilmirik. Eləcə də... Nə isə.

Kunderadan beş betər

Slavia qəhvəsini acı-acı qurtumlayıram. Zəhər kimidir. Boğazım düyünlənir. Qəfildən Bethovenin “Ay işığı” fikrimi işıqlandırır. Əlimi çənəmə yaslayıb bir müddət xəyala dalıram. Qızla əl-ələyik. Letna parkda gəzişirik. Ağaclar üstümüzə çətirtək açılıb. Vltavanın suyu dupduru. Onun çəhrayımtıl dodaqları...

Ayılanda Heminqueylə sevgilisi şampan içir. Arabir qız mən tərəfə dönüb gülümsəyir. Bu gülümsəmə daha çox söyüş əvəzi bir şeydi. Heminquey isə məni adam yerinə qoymur. Heç bir reaksiya vermir. Burda heç kimi, heç kəsi kəsmir. Məndən başqa. Əsl Şərq insanı olduğumun fərqinə varıram. Milan Kundera Parisə hicrət edəndə özünü şərq insanı adlandırır.

Axı Praqa Parisə nisbətdə Avropanın şərqində yerləşir. Kunderanın şərqli olması təkcə məkanla bağlı deyil. Qərbi Avropanın Praqa tarixini, incəsənətini və məişətini Şərq və Slavyan hadisəsi kimi görməsi Kunderanı qıcıqlandırır. Böyük Yan Qusu Martin Lutherdən üstün saymaları. Halbuki, Luther Yan Qusu özünə ustad bilirdi. Kunderanı isə Dostoyevski, Qoqol, Bunin, Pasternakla müqayisə edirlər və onlara bənzədirlər. Sənətkarların cərgəsində olmaq Kundera üçün çox xoşdu. Ancaq bənzətmə səhvdi. Kundera Kafka, Brox, Muzil triosunun xələfidir. Mənsə təpədən dırnağa Şərq insanıyam indi.

Sadə və qürurlu heykəllər

1884-ci ildən bəri fəaliyyət göstərən Kafe Slavia Kafkanı, Rilkeni, Kunderanı, Vaslav Havel və bir çox dünya yazıçılarını, sənət adamlarını, siyasətçiləri qonaq edib. Bir də Nazim Hikməti. Nazim iki il fasiləsiz hər gün bura gəlib. Bir çox şeirlərini burda yazıb.

Görəsən, o da mənim kimi Şərq insanı olmağı bacarıbmı? Yox, Nazim Kafe Slaviadan Vltava çayını seyr edib. Vltavanın bulanıq, hüznlü axışı Boğazı, İstanbulu xatırladıb ona. Balaca Memeti. Ögey Memet doğma olmuşdu Nazimə Kafe Slaviada. Mən də öz sevgilimi xatırlayıram. “Başım sızlıyor, yüreyim sersem”. Özüm özümdən utanıram. Ayağa qalxıb hesabı ödəyir və arxama belə baxmadan “Narodni” prospektində insanların içinə qarışıram. Küçəni tam mərkəzində qaradərili bir oğlan içkiyə dəvət edir...

Narodnidən sağa dönüb qaranlıq bir küçəyə daxil oluram. Yuxum gəlir. Otelə getmək istəyirəm. Bir dəstə çılpaq bədənli, qısa şortikli cavan oğlan əllərində pivə butulkası ucadan qışqıra-qışqıra veyllənirlər. Yolun kənarında siqaret çəkən oğlana yaxınlaşıb otelə necə gedəcəyimi soruşuram. Bilmir. Səkidə dayanan mini ətəkli gözəlcə məni səsləyir. Masaja dəvət edir. Bir az getməmiş qaradərili bir qız da masaj və başqa şeylər təklif edir. Uzaqdan gələn taksiyə əl edirəm. Sürücü gülərüzlə qarşılayır məni. Otelə piyada necə gedə biləcəyimi soruşanda əsəbiləşir. Çexcə nəysə söyüb qapını üzümə çırpır. Ürəyim döyünür. Bədənim ürpəşir. Danlayıram özümü. Qınayıram. Avropada bu qədər pərt olmamışdım. Qaranlıqlar diyarından “Narodni” küçəsinə qaçıram...

“Kafe Slavaia”nın yanından keçib Vltava çayının sahilində dayanıram. Çarlz körpüsündə qaralan heykəllər Praqanın keşiyində dayanan qarovul dəstəsinə bənzəyirlər. Vltavanın sahilində yerləşən restoranların işıqları közərir. Çayın bulanıq suyu çiskinli, qaşqabaqlı havayla izdivaca girib sanki. Vltava Dunay çayından ayrılıb gəlir. Gəlib Praqanı da iki yerə ayırır. Başqa şəhərləri böləntək.

Körpünün üstünə çatanda çiskinləyir. Praqanın qurucusu 4-cü Çarlzın möhtəşəm heykəlini keçib sürətlə irəliləyirəm. İsa peyğəmbərin heykəlini görəndə yavaşlayıram. İsa Məsihin yazıq və tənha vəziyyəti kədərləndirir. Onun yerinə çarmıxda olmaq istəyirəm. Məsihlə üz-üzə dayanan Məryəm ana heykəli mərhəmət umur. Məndən, Praqa əhlindən və bütün yer üzündən... Yan Qusun heykəli sadə və qürurludur. Özünü oda-közə vuran Don Kixotu andırır. Don Kixotda şüursuzca olan fədakarlıq Yan Qusda təbiidir. Gündüz vaxtı Yan Qus heykəlinə yaxın düşmək olmur. Turistlər bu heykəlin başına dolanır. İnsanlığı kilsə ağalığından, fanatizmdən xilas uğrunda can verən Yan Qusun heykəli məbəddir. Azadlıq məbədi. Yan Qus ölümü ilə gerçək teoloji azadlığın simvoluna çevrilib...

Kafka muzeyinin həyətində Habil-Qabil

Yan Qusun yanından baxanda Kafkanın ev muzeyi görünür. Muzey Vltava çayına boylanır. Ondan yuxarıda da qəsr. Kafkanın qəsri. Görəsən, Kafka 21-ci əsrdə yaşasaydı, “Qəsr”i yazardı? İnanmıram. Nəinki “Qəsr”i. Heç “Çevrilmə”yə belə vaxt sərf etməzdi. Yaşadıqlarımız “K.”nı da, Zamzanı da adiləşdirib...

Üzüaşağı Kafka muzeyinə düşürəm. Muzeyin həyətinin qarşısında iki sevgili bir-birlərinə dolanıblar. Oğlanın əlində pivə butulkası var. Fasilədə pivələyirlər.

Muzey bağlı olsa da həyət qapısı açıqdı. David Çerninin Kafkaya olan hədiyyələri öz əməllərindən geri qalmırlar. Çoxları bu heykəlləri sırf siyasətçilərin murdar oyunlarına ironiya kimi oxuyurlar. Əslində isə Çerni kafkaist üslubda ümumi bir lövhə yaradıb. Yer üzünü kirləyən, murdarlayan insanlar. Sadəcə heykəltəraşın “Qəsr” modeli Çexiyadır. Çevrilmənin fərqli və modern formatı. Habil və Qabildir onlar. Əslində Qabildə günah olduğu qədər, Habildə də var. Dünyamızın çirklənməsində Habilə də pay düşür. Qardaşının onu qısqandığını bilirdi. Ancaq geri addım atmadı. Güzəştə gedə bilmədi, bilmədik. Özümüzü başqasının yerinə qoya bilmədik. Noldu bəs? Nəticə göz qabağındadı...

Qarın qurultusu deyil, elə bil maşın mühərrikidir

Kafkayla və Habil-Qabil qardaşları ilə sağollaşıram. Çünki sabah tezdən yola düşəcəm. Bratslavaya. Yuxarı, Vitus Katedralına qalxıram. Katedral bağlıdır. Gecə vaxtı katedralın uzaqdan görünüşü adamı ürküdür. 12-ci əsrə aid olan Katedral kilsənin gücünü, insanlar üzərində ağalığını göstərmək üçün xüsusi texnologiya ilə tikilib. Anlatmaq əbəsdi. Bir söz yetər. Möhtəşəmdi...

Qala divarlarının üstü turist qaynayır. Bir qrup amerikalı qız yüksək səslə deyə-gülə pivələyir. Çinlilər obyektivlərin Praqa gecəsinə tuşlayıblar. Sakitcə mənzərənin kefin çıxarırlar. Hindlilər qışqır-bağır salırlar. Qadınlar hansısa mövzuda kişilərlə razılaşmırlar. Yaşlı hindli qadın şəhadət barmağın yellədə-yellədə kişiləri hədələyir. Yanımda dayanan gonbul hindlinin qarnı quruldayır. Əslində buna qarın qurultusu demək olmaz. Elə bil güclü maşın mühərriki işə düşür. Diksinirəm. Yekəqarın, lopabığ kişiylə baxışlarımız toqquşur. Kişi utanıb başın aşağı salır və cəld yanımdan sivişir. Qalxıb otururam qala divarlarının zirvəsində.

Slavya Kahvesinde oturan dostum

Praqa ayaqlarımın altındadır. Avropanın ürəyindəyəm. Şəhərlərin anası Praqa və durmadan təzələnən Vltava çayı göz oxşayır. Bu gözəlliyə nəğmə də qoşarsan, şeir də, hekayə də. Var olmağın dözülməz yüngüllüyündəyəm. Çünki yazıda yaşamağı seçirəm. Bu dözülməzlik yazısızlığa qarşıdır. Varlığın ağırlıq bürcü lazım deyil. Onsuzda nə vaxtsa özün yetirəcək. O gəlmədən yazmaq və yazmaq lazım. Yazıda var olmaq. Durmadan Yazmaq. Belə bir dünyada təkcə yazmaq olar. Praqada. Ədəbiyyatda var olmağın şəhərində. Gülüşlərin və unuduluşların canlı kitabəsində. Burda gülüşlər unudulmur. Yazıya köçürülür. Ağlamaqsa zatən varlığın yüngüllük bürcündə həmişə var. İndi onsuz da keçinə bilərik. Gülək və yazaq. Son nəfəsəcən. Bu da olar roman.

London və Parisdən sonra Praqanın üçüncü Avropa şəhəri olması ilə razılaşmıram. Praqa canlı tarix London və aşiqlər şəhəri Parisdən geri qalmır. Cibimdən telefonumu çıxarıram. Wİ-Fİ axtarıram. Qala hasarlarının dibindəki doğma qəhvəxanaya birbaşa qoşuluram. Google’a girib “Nazım Hikmet ve Slavya kafe” yazıram. “Slavya kahvesinde oturan dostum...” Şeiri zümzümə edirəm. Nağıl şəhərin gözündən yuxu tökülür. Mənim də. Nazim layla çalır Praqaya:

Slavya kahvesinde dostum Tavfer’le

Viltava suyuna karşı oturup

tatlı tatlı yarenliği severim.

hele sabahları hele baharda.

Hele sabahları hele baharda

Konuşurken dalar dalar gideriz,

Bir yitirir, bir buluruz birbirimizi

Hele sabahları hele baharda

Prag şehri yaldızlı bir dumandır

Ve kızıl kocaman bir elma gibi

Nezval geçer taze çıkmış kabrinden.

paramparça yüreciği de elinde

ve Orhan Veli ile karşılaşırlar

Urumelihisarı’ndan gelir o

Ve telli kavağa benzer Orhan’ım

Yüreciği delik deşik onun da.

Biz de aynı loncadanız biliriz Tavfer

zanatların en kanlısı şairlik

sırların sırrını öğrenmek için

yüreğini yiyeceksin, yedireceksin.

Prag şehri yaldızlı bir dumandır.

Viltava suyunun köpüklerine

Martı kuşlarıyla gelir İstanbul.

Lejyonerler köprüsüne gidelim Tavfer,

Martı kuşlarına ekmek verelim.

# 1986 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #