#

Bu Azərbaycan romanı deyil - ÜLVİ BABASOYUN MƏQALƏSİ

Bu Azərbaycan romanı deyil - <span style="color:red;">ÜLVİ BABASOYUN MƏQALƏSİ
6 fevral 2017
# 11:35

Azərbaycan jurnalında (2017, I) ədəbiyyatşünas Ülvi Babasoyun ““Fələk qırmancı” romanında postmodern elementlər və sosial funksiya” məqaləsi çap edilib. Kulis.Az həmin məqaləni təqdim edir.

Azərbaycanın müstəqillik əldə etdikdən sonra ədəbiyyat sahəsində sürətlə dövrün müasir yazı metodları mənimsənilməyə başlandı, bir-birinin ardınca postmodern ədəbiyyat nümunələri yarandı. Postmodern ədəbiyyatda retrospektiv cəhətlər çox olduğu üçün, zənnimcə, biz də geriyə və irəliyə sıçrayışlar edə bilərik.

Həyat qısadır. Yazı uzundur. Yazmaqdan bərk yapışdıq ki, qısa ömrü yazıyla uzadaq. Tanrı Adəmə əşyaların adını öyrətdi. Dolayısıyla, yazıb-oxumaq da bura daxil oldu. Bilgi meyvəsini isə yasaqladı. Çünki Adəm çox bilsə, onu idarə etmək çətinləşəcəkdi. Elə də oldu. Adəm təbiətinə uyğun hərəkət etdi və idarəedilməz varlığa çevrildi. Tanrı da yaxşı bilirdi ki, Adəm təbiətincə yaşayacaq. Ancaq gələcək nəsillərin genetik yaddaşı öz axarında davam etmədi. Ruh və cəsəd arasında “lazımsız”(?) mübarizə başladı. Neandertallar, Homo Sapienslər də həyatı mağara yazıları ilə dərk etdilər. Musa, İsa və Məhəmməd ruhu tərbiyə etməyə çalışdı. Feyerbax, Haydegger və Freyd daha çox cismin patologiyası ilə məşğul oldu. Yazıçılar hər iki xəttin qızıl ortasını tapmağa çalışdılar. Beləcə, yazmaq arzu və ehtirası baş qaldırdı ürəkdə. Ömrün ölən dəqiqə və illərinin yazıda yaşayacağına inandıq.

Şair və yazıçılar həyatın mənasını yazıda gördülər. Yazıda yaşamaq, yazıda var olmaq xəstəliyinə yoluxdular. Oxucu, yazıçı və mətn çevrəsi yarandı. Yazıçılar oxucuya gözəlliyi, dürüstlüyü və mənəvi ucalığı aşıladılar. Postmodern epoxada isə vəziyyət bir qədər başqa cür davam etdi. Çünki roman bütün çılpaqlığı ilə göstərilsə mətnin sehri, ovsunu ölə bilərdi. “Romanın ölümü” başlayardı. Ədəbiyyat, söz sənətində Aristotel çağından postmodernizmə qədər yaşam da, yazmağın özü də yazının içində dövrə vurdu. Qapalı məkan və zamandan kənara çıxa bilmədi. Əslində heç kəs bunu istəmirdi. Hamı sonsuzluğa, sərhədsizliyə meyl edirdi. Bu, əbədilik arzusudur. Hər zaman var olmaq istəyi. Alın yazısına bel bağlayanlar da oldu. İdeoloji və teoloji tabularla ömür puç edənlər. Kar-kor “yaşayanlar”. Günü-günə qurban verib baş girələyənlər də həyata davam etdilər. Postmodern erada rəngsiz, süst mühiti yeniləyən yenə də sənət oldu. Memarlıq, qrafika, rəssamlıq, teatr, rəqs, musiqi, kino sənətləri postmodern dünyagörüşündə “avanqard estetikanın mexanizmini yenidən canlandırır”. (1) Ədəbiyyat isə bir çox sənət sahələrinin kollajından yeni struktur və metodlar tətbiq edir. Azərbaycan ədəbiyyatında Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” triosu, Şərif Ağayarın “Harami”, “Kərpic kəsən kişinin dastanı”, ”, Səxavət Sahilin “İsanın qadını” Mirmehdi Ağaoğlunun “Küləyi dişləyən” və başqalarının əsərlərində postmodern estetikanın bir çox xüsusiyyətləri işlənib. Qan Turalının “Fələk qırmancı” romanının texnikası və məzmunu ədəbiyyatımızda yeni roman modeli tətbiq edir. Romanda oxucu və yazıçı mövqeləri də dəyişir. “Fələk qırmancı” postmodern ədəbiyyata xas oxucu tələb edir. Bu tip oxucu yaradıcı oxucudur. Yazıçı isə bir ideyanın, vahid fikrin ətrafında dövrə vurmur. “Açıq mətn”(2) anlayışla yazı prosesində iştirak edir. Bu açıqlıq həm ideyada, həm də məzmunda əks olunur. Hər bir düşüncə sistemi və xarakter mütaliə prosesində oxucu tərəfindən yenidən yaradılır, şərh və izah olunur. Deməli, “Fələk qırmancı”nda çoxsəslilik təkcə intertekstuallığa söykənmir. Eyni zamanda fikir qatında polifoniklik nəzərə çarpır. Müdaxiləsiz, sərhədsiz azadlıq ideyasını aşılayır. Bu, postmodernizmin ən vacib komponentidir. Daha sonra mətnlərarası əlaqə genişlənir. Diaxron bir zaman və əlaqə müstəvisi yaranır. Vaxt qrafiki bu gündən dünənə, dünəndən bu günə diaxron bir istiqamət cızır. Orxan Pamukdan Tolstoya doğru geriyə gedən estetik xəritə mətnlər arasında səyahət yaradır. “Yeni həyat” romanı ilə ünsiyyətə girən “Fələk qırmancı” bir çox sirləri, rəmzləri yenidən işləyir. Pamukun qəhrəmanı Osmanın oxuduğu ən böyük kitab öz həyatıdır. Təkkə mühitində, sxolastika bataqlığında ömür çürüdən Mehdi və digər müridlər öz həyat kitablarını oxuya bilmədikləri üçün azad deyillər. Qan Turalı həm polifonik roman arxitekturası qurur, həm də ideya qatını zənginləşdirir. Postmodernizmin ən vacib estetik cəhətlərindən biri olan intertekstuallıq quruca rəmz, simvol səviyyəsində əks olunmur. “Fələk qırmancı” bunu zəruri mətləb və qayəyə çevirə bilir. Əlbəttə ki, bəzən sadəcə zövq xatirinə Ramiz Rövşən, Əli Kərim, Mirzə Cəlil, Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı ilə diaxronik ədəbi görüş yaranır. Pastijlər, eyham və ironiyalarla başqa bir postmodern elementə keçid və imkan formalaşır. Bu da seçim haqqı olan, elitar, avanqard romana yeni imkan və şərait yaradır.

“Əlbəttə ki, Roman təkcə həyatda olanları, seçdiklərini nəql etməz. Yaşadığımız həyatın hamısını göstərmədiyini də nəzərə alsaq, nəyi seçib, nəyi kənara qoyacağına özü qərar verir. Roman anlayışlarını bir-birindən fərqləndirən, romanın seçdiyi yoldur”. (3) Qan Turalı eyni “qapalı” yazı prosesində insanın yazmadan belə, yaza və yaşaya bil(məyə)əcəyini yazır. Postmodern həyatın, postmodern yazıçısı kimi çıxış edir. Seçim və məqsədi uydurulan yasaq və qadağaları alt-üst edir. Tabularsız yaşamağın formulunu ədəbiyyata gətirir. Özü də tabularla dolu bir mühit metaforunda. “Fələk qırmancı” romanı yaşamaq və yazmaq xəstəliyinin simptomudu. Fələyin qırmancı şüur və intuisiya kosmosunda yellənir: Ədəbiyyat və həyatın total əqidəsini qamçılayır. Senzuralı ədəbiyyatı və yaşamı bir yerdə təqdim edir. Qan Turalı nəsrində hər şey şüurda mövcuddur. Ən romantik və duyğusal anlar belə. İntellekt və lirik ovqat bir-birini tamamlayır. Romanın qurğusu modern və texnogendir. Bu, ədəbiyyatımızın strukturunu totallıqdan çıxarır. İdeyası çoxsəslidir. Bu da düşüncə miqyasını qloballaşdırır. Dünya dilində danışır. “Fələk qırmancı” Azərbaycan romanı deyil. Sərhədlər keçilir və Qan Turalı dünya ədəbi-estetik mündəricəsinə qoşulur. Şəksiz ki, əvvəla, ədəbiyyatımız qazanır. “Fələk qırmancı”nda postmodern estetikanın bir çox xüsusiyyətləri özünü göstərir. Sosial-mədəni həyatla iqtisadi vəziyyət öz postmodern epoxasını yaşayır. Beynəlxalq şirkətlərin aparıcı ticari bazaya çevrilməsi, istehsal və istehlakı öz idarəetmə sistemlərinin bir hissəsi etmələri və ciddi məşğulluq problemi, “ağır media olan televizor çağından yüngül media internet dövrünə keçidlər”(4), informasiya bolluğundan yaranan xaos ədəbiyyatda da “postmodern vəziyyəti”(5) tələb edir. “Bütün ölkələri, insanları, cəmiyyətləri, mədəniyyətləri təsiri altına alan və texnoloji ixtiralara söykənən yeni həyat tərzinin ədəbiyyatdakı əksi postmodernizmdir. Özünəməxsus bir ritorika ilə həyatı, şəxsiyyəti, mədəniyyəti yaratmaq funksiyası vardır. Postmodern ritorika dil, gerçəklik, dəyərlər, mədəniyyət, insan tipologiyası, ifadə tərzi kimi bir çox anlayışı yeni bir gözlə göstərmək arzusuna sahibdir”.(6) “Fələk qırmancı”nda da intertekstuallıq, dekonstruksiya və dekanonizasiya bizim ədəbiyyatda yeni olan bir formatı, postmodern mətn tipologiyası sərgiləyir.

Romanda paralel zamanlar şərtidir. Əslində dövrlər arasında sərhədlər götürülür. Mehdinin taleyi, Zeynəbin ölümü və insanın bütün dövrlərdə xilas yolu axtarma(mama)sının patologiyası tədqiq edilir. Pastiş və parodiyalar çələngi hörülür. Hörülən sözlərin dolaşığı açılır və zamanlar arasında rabitə yaradılır. Çoxsəsli postmodern romanın xalis nümunəsi yaranır. Müstəqillik illərində bir neçə müəllif polifonik roman yazmağa cəhd etsə də xalis nümunələr kifayət qədər deyil. Bir çoxu yaxşı qələm məşqi sayıla bilərdi. “Fələk qırmancı” uğurlu nümunədir.

Qan Turalı nəsrimizdə çoxsəsli, plüralist estetika erasını başladır. “Fələk qırmancı” həm estetik, həm də ideya cəhətdən plüralist, polifonik romandır. Yeknəsək ədəbiyyat dövrünün sonu, çoxqatlı, elit və eyni zamanda əyləncəli estetikanın başlanğıcıdır. Ötən əsrin 80-ci illərində Yusif Səmədoğlu estetik sıçrayış etdi. “Qətl günü” dünya ədəbiyyatını 30-50 il geridə izləyən Azərbaycan nəsr kəfkirini irəli çəkdi. İyirmi birinci yüzildə zəruri estetik cərrahiyyə işini “Fələk qırmancı” gördü. Qan Turalının kəfkiri də çaparaq fırlandı. Gecikmiş cərrahiyyə əməliyyatını tamamlamaq üçün tələsdi. “Fələk qırmancı” “montaj – kollaj” texnikası ilə yazılmış romandır. Artıq, sürət və temperament əsrində uzun-uzadı hadisələr romanı yazmaq əbəs idi. Və Qan Turalı da bundan imtina etdi.

Oktavio Paz bu prosesi belə izah edir: “Müasir dövrdə roman yenidən şeirə çevrilir”. (7) Yeni roman hadisə və qəhrəman mərkəzli deyil. Qurğu və struktur əsasında formalaşır. “Fələk qırmancı”nda da “Media çağı”nın ədəbiyyatına xas çaparaqlıq mövcuddur. Məhz bu səbəbdən klassik yazı metodu yoxdur: Geniş təsvirlər, təmtəraqlı məcazlar və dövrün “koloriti”, məişəti, dili axtarılmamalı. Qan Turalı modernist romana xas seçicilik, elitarlıq və postmodern ekspirementləri birləşdirir. “Fələk qırmancı” intellektual nəsr nümunəsidir. Zaman da, məkan da deskriptivdir. Qan Turalını təkkə mühitinin naturası deyil, mahiyyəti maraqlandırır. Bura dövrün özü də daxildir. İstənilən yazı tərzi orqanik alınırsa qəbulediləndir. Sənətdə yazıçının qarşısına şərt qoymaq etik deyil. “Fələk qırmancı” romanının xarakteristikası soyuq, təmtəraqsız, intellekt bazası olan təhkiyə tələb edir. Əgər roman 19-cu əsr roman məntiqi ilə yazılsaydı, çox şey itirərdi. Onda heç bir yenilikdən söhbət gedə bilməzdi. Mətnin enerjisi hadisələrin təsvir və şərhinə xərclənərdi.

Qan Turalı mahiyyətdən uzaqlaşmır. Sadə və anlaşıqlı təhkiyə donmuş, statik cəmiyyətin süst və mənasız yaşamını sufilərin təkkəsində cəmləyir. Yazıçı Mehdinin qərarsız həyatını, qurtuluş üçün çabalayan modern insanı simvolizə edir. Bu, təkcə yazı-pozu adamının faciəsi, mənəvi və fiziki deqradasiyası deyil. Məsələ daha qlobaldır. Xristian-islam təfəkkür və əqidəsində var olan “Mehdilik” xətti “Fələk qırmancı”nın postmodern yozumuna məruz qalır. Hər iki dində “Mehdi” xilasedici qüvvədi. Qan Turalı mehdiliyi, qurtuluşu fərdin özündə axtarır. Dinlər fərdin, şəxsiyyətin kamilliyini vacib görür. Qan Turalı azad seçimi, düşüncəni ön plana çəkir. Azad olmayan insan necə kamil ola bilər? Köləcəsinə işlənən əməllər insanı necə xilas edə bilər ki? Nə İsa-Mehdi, nə də Məhəmməd-Mehdi burda köməyə gələ bilməz. İdeoloji məsələlərə hissi, kor-koranə bağlılıq xilas yolu deyil.

Mixail Baxtin “dialoqlaşan” və “karnavallaşan” romanların nəzəri-estetik xəritəsini çəkdi. Postmodern ədəbiyyatın nəzəri əsasları da Baxtinin manifesti ilə üst-üstə düşdü. Postmodern nəsrdə bir-birinə zidd olan fikirlər qarşılaşdırılır. Klassik romanda olan nizam və harmoniya axtarışı yoxdur. Vahid bir fikir, düşüncə və konsepsiyaya xidmət etmir. “Fələk qırmancı” Azərbaycan postmodern nəsrində “kokteyl” romandır. Qan Turalı yazmaq və yazmamaq, ruh və bədən, mələklik və şeytanlıq qavramları ilə dialoqa girir. Heç bir ideologiya və anlayışın tərəfində olmadan yazı prosesində iştirak edir. Çünki məqsəd fərqli düşüncə və anlayışlardan ibarət karnaval yaratmaqdır. Bu, ədəbi-estetik karnavaldır. Başqa romanlarla mətnlərarası əlaqə karnavalı daha da zənginləşdirir. Misalçün Mehmed Selimoviçin “Dərviş və ölüm” romanında Nurəddin xarakteri qardaşının qatilini axtarır. Orda süjet cinayət üzərində qurulub. Hər şey konkretdir. “Fələk qırmancı”nda sufi Mehdi özünü axtarır. İtmiş şəxsiyyət axtarışındadır. Mehdinin axtarışları lokal çərçivədən çıxır. Bütün insanlığın özünü axtarışına çevrilir. Selincerlik, yazmamaq sindromunun bədii təsnifatını verən Qan Turalı Amerikan ədəbiyyatı ilə mətnlərarası əlaqəyə girir. Bernard Malamud, Con Apdayk, Sol Bellou, İsaak Başevis və Filip Rotun romanlarının ideya xəttinə qoşulur. Romanlararası əlaqə təsadüfi xarakter daşımır. Mehdinin (Qan Turalının) Selincer sevgisi hərlənib-fırlanıb əsaslı ədəbi-estetik ünsiyyət yaradır. Malamud “Kiyevdəki Adam” romanında günahsız Yakovun sarsıntılarını göstərir. Kiyevdə özünə sığınacaq tapan yəhudi Yakov şərlənərək həbs edilir. Mehdi ilə Yakovu birləşdirən cəhət mənəvi əsarət yaşamalarıdır. Mehdi boz və despot mühitdə tənhadır. Özünə həbs olub. Yakovu da üzən, ona mənəvi əzab verən həbsxana həyatı deyil. İnsanların onu başa düşməməsidir. Mehdi Apdaykın “Dovşan, qaç”, Bellounun “Herzoq”, Başevisin “Düşmənlər”, Rotun “Əlvida Kolombus” romanlarının qəhrəmanları ilə bənzər tale və dünyagörüşü bölüşür. Şəxsiyyət və mənəvi iflas problemi “Fələk qırmancı” və bu romanlarda qırmızı xətlə keçir. Mənəvi iflas cəmiyyətin aynası olur. Xüsusən, Başevisin qəhrəmanı Herman və Mehdinin həyata ironiyası, güclü yumor hissi və üsyankarlığı cəmiyyətin vəziyyətinə eyhamdır. Qan Turalı və Başevis roman sənətinin böyük kəşfi olan “yumoru” ironiya xəmiri ilə yoğururlar.

“Fələk qırmancı”nın dilində əskik, yarımçıq tərəflər var. Bu barədə geniş izahlara ehtiyac yoxdur. Müəllif bəzi məqamlarda quru, spontan cümlələrə üstünlük verir. Romanın bədii aurasını zəiflədir. Qan Turalıdan bu mövzuda həssaslıq gözləyirik. Qustav Flober “Madam Bovari”ni 5 ilə yazıb. Özü də təbiətin qoynunda. Sıx meşəlik romanın poetikası ilə ünsiyyətə girib. Hər gün yazılan hissəni qışqıra-qışqıra, yüksək intonasiya ilə oxuyur. Qulağa yatmayan ən kiçik ifadəni belə dəyişir. Bəzi cümlələri dəfələrlə yazır. Bülbüllərin cəh-cəh vurması və çayların şırıltısı ilə səsləşməyən söz və cümlələri romandan çıxarır. Qan Turalı da ən ciddi qüsur dil məsələsidir.

Sara Oğuzun “Kəpənək ömrü” hekayəsində üç ziyalı qadının ziyasız mühitdə keçən çətin, əzablı günlərindən danışılır. Rəssam Sara xanım bu dəfə fırçanı qələmlə əvəz edir. Keçid dövrünün çətinliklərini tablolaşdırır. Qadınlar ətraflarına işıq saçırlar. Günəş kimidilər. Çətin güzəran, əxlaqsız mühit onların əhvalını poza bilmir. Xanımların həyatında hər şey kəpənək ömrü kimi zərif və qısadır. Zeynəb də kəpənək ömrü yaşayır. Əslində hər bir insanın kəpənək ömrü yaşamırmı? Həyatımız incə və zərifdir. Dəyərlidir. Qan Turalı dəyərli ömrü dəyərsizləşdirən “dəyərlərin” bədii xarakteriskasını göstərir. Mehdinin davranışları təhtəlşüurun ağılmərkəzçi diktələridir. Mühakimələr əsasındadır. Zeynəb ürəyi ilə hərəkət edir. Ürəyi ilə danışır, gülür, kədərlənir. Mehdi də emosionaldı. Onda intellektual emosiyalar güclüdür. Zeynəb duyğusal, sentimental emosiyaların təsiri altındadır. Zərif və kövrəkdir. Mehdiyə olan saf və məsum sevgisi nəyə desən dəyər. Qan Turalının ən böyük uğuru sosial-ictimai mövzu daxilində modern eşq hekayəti yaza bilməsidir. Zeynəb vulqar əxlaq təəssübkeşlərinin qurbanıdır. Zeynəbin ölümü Salman Rüşdinin “Şeytan ayətləri” romanından bir səhnəni xatırladır: Romanın qəhrəmanlarından Ayeşa (Ayişə) həcc ziyarəti üçün camaatı başına yığıb yola düşür. İnsanlar düşünmədən, sorğu-sual etmədən Ayeşanın ardınca gedirlər. Qarşılarına dəniz çıxır. Ayeşa inananların suyun səthində yeriyə biləcəyini deyir. Özlərini suya vuran əhali boğulub ölür. Nadan, fanatik əqidə ölümlə nəticələnir. Salman Rüşdi dinə fanatik baxışı təhlil edir. Qan Turalı dini fanatizmlə yanaşı, həyata maksimalist baxışın məsum qızı məhv etməsini şərh edir. Dini alətə çevirən sistemlər də fələyin qırmancına tuş gəlir. “Sufi” Mehdi müstəqil seçim edir. Gəncləri ruhla cəsədin istəkləri arasında can verməkdən xilas edir. Müridlərin “zina etmələri” insan təbiətini dəyişməyin mümkünsüzlüyünü simvollaşdırır.

Zeynəbin sevgisi çox alidir. O, Mehdiyə deyir: “Sən kəpənəyin yuxususan. O kitabı mənim əsarət, özünün səyahət günlərində yazmısan. O kitab sənindir, əzizim”. Zeynəb özü kəpənəyin yuxusuna çevrilir. Şirin və məhzundur. “Fələk qırmancı” Zeynəbləri əsarətə, Mehdiləri intihara aparan səbəblərin bədii tədqiqatıdır. Əsarətsiz və intiharsız dünya axtarışıdır. Kəpənəyin yuxusu, Zeynəbin arzusudur.

“Fələk qırmancı” romanında dekonstruksiya, dekanonizasiya, pastiş, parodiya, diaxron və paralel zaman qrafiki və b. postmodern elementlər romanın sosial funksiyasına xidmət edir. Postmodern romanda sosial funksiya həm ciddi sosial-ictimai problemləri, fərd, şəxsiyyət məsələlərini əhatə edir, həm də oxucu ilə mətn arasında əlaqəni gücləndirir. Artıq gündəlik dərd və zəhmətləri unutmaq istəyən oxucu mətnin rəngli və əyləncəli “yalan” dünyasına daxil olmaq istəyir. “Fələk qırmancı” sosial funksiyası çoxqatlı bir romandır. Hamının romanıdır. Oxucu sayı qədər ideya və fikirlərə yol açan postmodern elementlər sosial funksiya anlayışını elastikləşdirir. Yaradıcı oxucuları romanın başqa, alternativ dünyasına daxil edir.

İstifadə olunmuş ədəbiyyat:

1 - Connor S. Postmodernist Culture – An Introduction to Theories of the Contemporary. Oxford Blackwell. 1996/ s., 353

2 - Umberto Ekonun məşhur tezisi və kitabının adı. Bax: Umberto Eco and the Open Text: Semiotics, Fiction, Popular Culture. Cambridge University Press, 1997. s., 237

3 - Gümüş S. Yazının Sarkacı Roman. Can Yayınları. 2011. s., 15

4 - Eco U. Yengeç Adımlarıyla Sıcak Savaşlar ve Medyatik Popülizmş. Çevirmen: Şemsa Gezgin. Doğan Kitap. 2012, s., 12

5 - Fransız filosof Liotarın məşhur kitabının adı. Bax: (Lyotard J. The Postmodern Condition. University Of Minnesota Press. 2011. s., 144

6 - Aşkaroğlu V. Postmodernizm Sınırsız Özgürlük mü? Özgürlüğün Sınırı mı?. Kültür Ajans. 2015. s., 7

7- Paz O. Modern İnsan ve Edebiyat. Remzi Kitabevi. Çeviren: Turhan Ilgaz 1993, s, 23

# 2990 dəfə oxunub

Müəllifin son yazıları

# # #