Bayram təbriki - Ulucay Akif yazır...

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

20 mart 2023
# 20:26

Kulis.az Ulucay Akifin "Ömrümüzü məhv edən reklamlar" adlı yeni yazısını təqdim edir.

Bayramınızı təbrik edirəm! Novruz gözəl bayramdır. Baxmayın ki, xristianların Yeni ili qədər reklamı yoxdur. Düzgün, ağıllı piarı aparılsa, bu dəqiqə bütün dünya Novruz bayramını qeyd edərdi.

Bir şey ki, xristianların Yeni ilinin mahiyyətində səhv var. Adamların yeni ili qışla başlayır. Çox absurddur. Qış ilin başlanğıcı ola bilməz. Başlanğıc mütləq daha gözəl, daha canlı olmalıdır. Necə ki yazda hər şey yenidən başlayır.

Hə. Dediyim kimi, piarı düzgün qurulsa, yaxşı reklam edilsə, Kosa və Keçəl obrazları Santa Klausdan daha maraqlıdır, məzəlidir. Nəysə. Bir daha bayramınızı təbrik edirəm. Yeni iliniz uğurlu, düşərli olsun.

Bu yazımda sizə elə reklamlardan danışacaqdım.

Feysbukdan çıxandan sonra özümə İnstaqramdan siyasi sığınacaq almışam. Hərdən Instagrama girib orda başımı qatıram. Əgər mənim Instagram profilim qarşınıza çıxsa (ulucay_akif__, ulucay altdan xətt, akif altdan iki dənə xətt), görərsiniz ki, orda sadəcə iki nəfəri izləyirəm. Yəni orada xüsusi izlədiyim kimsə, ya səhifə yoxdur. Hərdən "keşfet" bölməsindəki videolara baxıram. Amma hər dəfə "keşfet" bölməsinə girəndə başa düşürəm ki, İnstaqramda məşhurlasmağın bir yolu var. Ora ancaq yarıçılpaq qadınların, qızların şəkillərinə baxmaq üçün girirlər.

İndi camaat artist-artist başlayacaq ki, "yəqin sən eləsən, biz Instagrama elmi səhifələr izləməyə giririk, maariflənirik!'. Yaxşı, yaxşı, elə olsun.

Mən özlüyümdə İnstaqramın təyinatını bəlli etmişəm.

İnstaqram şirkətlərin, mağazaların palpaltar, aksesuar, adi insanların isə özünü satdığı bir sosial şəbəkədir. Sizin üçün nədir, bilmirəm. Özünüz bilərsiniz.

Feysbuk isə bir az başqadır.

Feysbuk ən sevdiyim sosial şəbəkələrdən biri idi. Ən əsası ona görə ki, feysbuk vizuallıq üzərində yox, fikir üzərində qurulmuş sosial şəbəkədir. Bir şəbəkə ki, adında "book", kitab sözündən istifadə edilib. Tvitter də belədir, amma orada fikir də satışa hesablanmışdı əzəldən. Çünki orada mətnə işarə məhdudiyyətinin qoyulması insanları daha qısa və daha maraqlı nəsə deməyə çalışmağa vadar edir. Yəni mən belə düşünürəm.

Təəssüf ki, zaman irəlilədikcə nəyisə satmaq, nəsə qazanmaq, məşhurlaşmaq zehniyyəti Feysbuka da nüfuz elədi. Adamlar başladılar fikir alış-satışına.

Nə yazım ki, daha çox layk gəlsin?

Necə zaraf edim ki, daha çox haha atsınlar?

Nə deyim ki, daha çox ürək atsınlar?

Necə kədərlənim ki, daha çox üzgün smaylik atsınlar?

İnsanlar qəbul etsə də, etməsə də bu zehniyyət onların şüurunda özünə yer elədi.

Belə-belə ən hörmət ediləsi adamlar da bambılılaşmağa başladı. Adamlar sosial şəbəkədəki layk, haha, ürəklərlə xoşbəxt ola bildilər.

Xoşbəxt ola bildilər?

Bədbəxt idilər ki?

Dünyada nə qədər xoşbəxt olmaq istəyən adam var.

Milyonlarla, milyardlarla.

Hamı xoşbəxt olmaq istədiyini deyir.

Bu adamlara xoşbəxt olmadıqlarını kim deyib ki?

Bu adamlar necə belə qərara gəliblər?

Bu adamlar doğrudanmı xoşbəxt deyillər?

Xoşbəxt olmayan adam nədir? Bədbəxtdir.

Açığı, mən dünyada bu qədər bədbəxt adamın olduğunu düşünmürəm.

Bu adamlar özləri də bir az bu haqda düşünsələr, bədbəxt olmadıqlarını deyəcəklər.

Bəs niyə onlar xoşbəxt olmaq üçün dəridən-qabıqdan çıxırlar?

Çünki onlara xoşbəxt olmadıqları təlqin olunur.

Necə?

Elə sosial şəbəkələrlə, TV ekranlarından, küçələrdəki reklam lövhələri ilə.

Reklamlara baxın.

Bütün reklamlarda gülən, xoşbəxt bir adam olur. Mütləq.

Reklamdakı həmin o xoşbəxt adam mütləq nəsə (reklam edilən məhsul) alır və aldığı şey onu xoşbəxt edir.

Misal üçün, son model telefon. Ya maşın. Ya da ki, ev.

Bütün reklamlarda belədir. Mətbəx mebelidir, aldın, güldün. Soyucudur, aldın, güldün. Şokoladdır, aldın, sevindin. Kameraya bax, gülümsə. Çox xoşbəxtsən.

Adamlara bu təlqin olunur.

Sən son model telefonu almalısan, alsan, xoşbəxt olacaqsan.

Filan rezidensdə evin olsa, ailən də, sən də xoşbəxt olacaqsan.

O maşını al, dostlarının arasında ən xoşbəxti sən olacaqsan.

Və adamlar xoşbəxt olmaq üçün daim nələrisə almağa çalışırlar. Həmin o şeyi alsa, xoşbəxt olacağını düşünür, alanda isə xoşbəxt olmur, ya da həmin o saxta xoşbəxtlik hissi tez keçir, çünki başqa bir şey reklam edilir. Beləcə, "xoşbəxtlik" arxasınca fasiləsiz bir qaçış davam edir.

Adamlar kasıb deyillər, adamlar ac deyillər, amma özlərini xoşbəxt hiss etmirlər. Çünki onlara daim "xoşbəxtlik üçün nəsə çatışmır" fikri yeridilir. Nədir o çatışmayan şey?

Son model Ayfon? Ya Mersedes?

Daim qaça-qaçda olan, daim təzə nəsə istəyən və heç xoşbəxt olmayan bu robotlaşmış insanlardan, onlardan birinə çevrilməkdən qorxuram.

Mənə daim nələrinsə reklam edilməyini, "bunu al, bunu al xoşbəxt olacaqsan!" fikrinin təlqin edilməyini istəmirəm.

Ətrafımdakı adamların bu düşüncədə olmağını istəmirəm. Son model Ayfonla, maşınla, yaşadığı evlə ölçməsinlər xoşbəxtliyi. Belə şeylərə sərf etməsinlər ömürlərini.

Allah haqqı, ömür çox qısadır. Öləndə başa düşəcəksiniz.

# 1609 dəfə oxunub

Müəllifin son yazıları

# # #