21-ci əsrin 21-ci ilinin 21-ci günü – Bu gün nə baş verəcək?

21-ci əsrin 21-ci ilinin 21-ci günü – Bu gün nə baş verəcək?
21 yanvar 2021
# 11:03

Adətən insanların bu cür tarixlərdən böyük gözləntiləri olur. Nəsə çox möhtəşəm bir hadisə, ya da böyük bir fəlakətin olacağını ehtimal edirlər.

Yadınızdadırsa 12.12.2012 tarixində də planetimizin dağılacağı deyilirdi. Bunu Maya təqviminin bu tarixdə bitməsi ilə əlaqələndirənlər də çox idi. Hər kəs mağazalara axın edib özü üçün xeyli azuqə yığmışdı. Hamı bacardığı qədər makaron, düyü, çörək və çoxlu su alıb evində ehtiyatını görmüşdü.

Həmin gün evə çörək almalıydım, amma heç bir mağazada tapmamışdım. Həyatımızda ilk dəfə yarpaq dolmasını çörəksiz yemişdik. Yarpaq dolmasını çörəksiz yeyəndə, özümü oliqarxlar kimi hiss eləmişdim.

Mağazalardakı bütün şamlar satılmışdı.

Elə bil dünyanın dağılışını şam işığında izləyəcəkdilər.

Yaxşı ki, bu gün üçün elə proqnozlar verilməyib. Yoxsa onsuz da karantin rejiminə görə əziyyət çəkdiyimiz bu vaxtda bir də dükan-dükan gəzib çörək axtaracaqdıq.

Əslində mən də rəqəmlərin mistikasına inanan adamam. Düzdü, telefonumda, ya kompüterimin monitorunda saat 11:11, ya 22:22 olanda ürəyimdə bir dilək tutmuram, amma rəqəmlərin də nədənsə xəbər verdiyinə inanıram. Ən azından bir saatın, bir günün, ya bir ayın bitməsindən xəbər verə bilirlər.

Rəqəmlər insan üçün ən önəmli məfhumlardan sayılan zamana verilən ad, ya da şifrədir. Bu şifrələrlə mütləq ki, hansısa həqiqətin üstünü açmaq olar.

Bəs biz bu gün bu tarixdən nə gözləyirik?

Vanqa, Nostradamus, qədim Maya qəbiləsi və digər münəccimlər bu günü görməzdən gəliblər. Bəlkə də nəzərlərindən qaçıb.

Bizim insanların isə hazırda bu gündən bir gözləntisi var: QAR!

Münəccim proqnozlarına yox, hava proqnozlarına fokuslanmışıq. Xalq olaraq uşağa dönmüşük və qar arzulayırıq. Bir qalıb meydanlara axışıb camaat şəklində qar duasına çıxaq.

Hələ gün qarşıdadır. Gözəl nələrsə baş verə bilər. Ən azından qarın daha güclü yağacağına ümid etmək olar.

Belə də iş olar?! “Günəşli” təmiz qar içindədi, “Xətai”də isə qar hələ yerə düşməmiş əriyir! 21, göstər kəramətini!

# 3827 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #