"Duam yaşadır tanrını!" - Tural Turanın yeni şeirləri

"Duam yaşadır tanrını!" - Tural Turanın yeni şeirləri
11 sentyabr 2026
# 15:00

Kulis.az Tural Turanın yeni şeirlərini təqdim edir.

Təbrizdə axşamçağı

Təbriz bazarı -
qırmızı kərpiclərin alnından
tər tökülür üzü axşamçağına sarı.

Şah gölü -
qu quşlarının qanadlarına boylanır
ayaqlarını itirmiş buludlar
və hönkürür
sonuncu ayaq izlərinə tərəf...

Ərk qalası -
Unutduğu alın yazılarından üzr istəyir
təqvimlərin sükut yeri...

İki Kamal Türbəsi -
Naxışlarından göyüzünə məktub yazır
qaranlıqdan qorxmayan divarlar...

Şüara məqbərəsi -
Şeirlərinin kölgəsinə sığınıb
bütün şair qəbirləri.

Təbrizdə axşamçağıdı,
qaranlıqlar himn oxuyur
bütün ayrılıqlar üçün...

Yuxulu ayrılıq yeri

Görüş yeri
yuxuluydu o axşam.
Saçların da
qorxurdu bu gedişdən,
Sükutun da qorxuluydu o axşam.
Alın yazın ayrılırdı özündən...
Ayrılırdı yaddaşından, izindən.

...İşıq yandı
duaların gözündə.
Göy üzü də
baxışında yuyundu.
Sən susanda
təqvimlərin üzündə,
Su səsinin
döyüntüsü dayandı.

Bir sükutun
gözyaşından utanıb
Ay işığı arxasını çevirdi.
Ayaq izin
ayrılığa atandı,
Bu gedişlə özünü
daha artıq sevdirdin...

Şaman tabloları

(Şair Rüstəm Behrudi əfəndiyə)

Bəzən
qurd dişinə söykənir,
Yovşan qoxusunun
yalquzaq tərəfi.

Bəzən
Tanrı dağları da
yıxılır öz zirvəsindən,
Yıxılır
sonuncu şamanın
ağrıyan tüstüsünə sarı.

Bəzən
at nalında büdrəyir,
büdrəyir
hələ çalınmamış şeypurun
kimsəsiz notları...

Bəzən də
Bir qopuz səsinə bəzənir,
bəzənir
Göy çadırın boynubükük duaları.

... Olur ki,
diz çökür
bütün əski əlifbalar,
diz çökür
son savaşına atılmış
bir şair misrası önündə!

Onda
bütün ayrılıqların
qapılarını döyür,
döyür yaddaşını itirmiş
itkin ayaq izləri...

Elə bu an gülümsəyir
Qurd dişinin kölgəsi,
Gülümsəyir üzü Tanrıya sarı!

Əllərimin yaddaşı

Əllərim dil açır gecənin
içindən keçən tənha işığa.
Yalvarır o işığın kölgəsiz addımlarına ki,
öz doğum günündə güllələməsin
yanaqlarına əsir düşən payızı.

Əllərimin səsi eşidilmir bu gecə də,
çıxıb gedir o tənha işıq,
çıxıb gedir
payızın sonuncu doğum gününə sarı.

...Və günəşin dirijorluğunda
yıxılır bütün küləklər
Ay işığının boynundan asılan
edam kötüklərinə tərəf...

O an dili tutulur ovuclarımın,
unudur gecə işıqlarına söykənən
bütün and yerlərini.
Silinir,
silinir əllərimin yaddaşından
bütün müqəddəslər...

Kölgə tablosu

Gəl, üzümə baxma, kölgəm -
Ölüm sənsən, yuxu mənəm!
Sən sonaqsan, mənsə ilkəm,
İçindəki qorxu mənəm!

Görürsənmi heç anrını;
Duam yaşadır tanrını!
Saçımdakı qış ömrünün
Buz bağlayan çarxı mənəm!

Batan günəş deyər ağı,
Çəkər köçünü yığnağın...
Ölüm adlı bir bulağın
Gen yatağı, arxı mənəm!..

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər