"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər
17 aprel 2024
# 17:00

Kulis.az Tural Turanın yeni şeirlərini təqdim edir.

Öpdü yanağından ayın işığı,
Sarıldı boynuna ulduzlu gecə.
Danyeri sinəndən düşdü aşağı,
Dodağın gülüncə, dilin gülüncə...

Pərdələr ağ geydi telli sazımda.
Qol açıb oynadı alın yazım da.
Bu görüşün ağ üzünə qızındım,
Tanrı da sevərmiş bəndə sevincə...

Gülüşündən gecəyə də içirdim.
Qəşş eləyib sevincindən keçindi...
Baxışını ovucuma köçürdüm,
Sonra əllərimi çəkdim üzümə.

***

Bir axar gəzirəm alnımı yusun.
Yorğun alın yazım bir az uyusun!
Gəlmişəm, layla de, dilsiz ana su...
Salam, axar sular, gününüz aydın!
Yolunuz haradı, yönünüz aydın?!

Yenə gözlərimdə mürgüləyir su;
Yaman olur gözyaşının yuxusu.
Məzarım yovşandı, başdaşım yosun.
Salam, axar sular, gününüz aydın!
Yolunuz haradı, yönünüz aydın?!

Bükdüyüm bu ovuc - Tanrının evi!
Yaradan da məni ovcumdan sevir.
Yatan göz yaşıma sözünüz nədir?
Salam, axar sular, gününüz aydın!
Yolunuz haradı, yönünüz aydın?!

***

2022-ci ilin gündəliyi

İndi ölümlə Allah arasından
bir körpə baxışları iməkləyir.
Alınyazımı kölgəm sürüyür
o baxışların arxasınca.

Alnımdakı itmiş səngər kimidi
son nəfəsimə inamım;
Güllələyirəm bütün
kirayə duaları.

Güllələyirəm,
Tanrıların hər gecə
göy üzünə çəkdiyi,
öz səsini tanımayan bayraqları!

Güllələyirəm,
keyimiş inancların and içdiyi boşluğu!
Güllələyirəm,
şimşək səsindəki iniltini də,
güllələyirəm,
gülüşlərimin qanını içə-içə...

...Və içimdəki əlil yuxulara baxıb
güllələyirəm
heroqliflərin ağuşundan boylanan
bütün kimsəsiz tanrıları!

Güllələyirəm, ölümlə Allah arasında...
Ey başımın üstəki,
göy üzünü salma çiynimə,
kölgəmə söykənib yatıram...

***

Bulaqlara məktub yazma bu gecə;
Eşitdim... səsində can ağrısı var.
Axışına ağız büzmə bu gecə,
gözündə payızın son ağısı var.

Bulaqlara məktub yazma bu gecə,
yorğundu, tanrının üzünü yuyub.
Bezib taleyindən, alnını yuyub,
uzanıb bu gecə alnının üstə...

***
Yalnız intihar edənlər bilir
ölüm tarixlərini!
Heç Tanrı da bilmir,
alınyazısından üzüaşağı sürüşənlərin
son addımını!
Bir də əli kürəyində olan kölgələri...

***

Tanrı, evin tikilsin,
niyə qollarını qandalladın dualarımın?
Dünən yox idin,
beşgünlük körpəmi
əllərimlə göndərdim sürgünə!
Olmayan evimin duaları
üzünə tüpürdü yaddaşını itirmiş duaların!
Tüpürdü ki, göy üzü irkilsin...

...Cırıb atdım dualarımdan
bütün bayraq və vətən fotolarını.
Cırıb atdım,
tanrının ağ-qara şəklini də...
Cırdım ki,
beşgünlük oğlumun...

Bağışla, oğlum,
səni böyütməyə gücüm çatmadı.
İndi beşgünlük tanrını böyüdürəm
sonuncu nəfəsimi

ünvanını unutduğum
kirayə qaldığım evdə...

***

Bakı, İçərişəhər, axşamtərəfi...
Bulaq suyu ilə öpüşür bir sarışın qız.
Sonra silir dodağındakı bulaq şehini.
Bir qoca
sinəsindəki göyüzünün medallarını sığallayır.
Bir az aşağıda
mer binasının saatı
çıxarır qalstukunu,
və baş əyir
martın boğazındakı
kəlağayının butalarına.
Qala divarları isə salam göndərir,
məzuniyyətə çıxmış əsgər çəkmələrinə.
Beləcə, Bakı nöqtə qoyur axşam peyzajlarına.
Gecə birə işləyir,
İçərişəhər küçələrinin nəbzi dayanır
Qız qalasının biləyi burxulmuş qollarında...

***

Yenə səssizliyin nəbzi döyünür,
bu aylı gecənin qara saçında.
Dönüb arxasını yağış yuyunur,
gecənin içində, gecin içində...

Susur baxışları kilsə zənginin,
karıxıb bu axşam azan səsi də!
Bütün səslər güllələyir rəngini,
Məscid tavanında, minarəsində...

Küçə işığının tökülür qanı,
səkilər can verir üzü gecəyə.
Ovcunda ölürəm bu son duamın,
ölürəm.., Tanrıya - getmə, qal - deyə...


***
Yenə ötən günün qaçır yuxusu,
yenə laylasını çalır dualar.
Yıxılır ovucdan ölüm qorxusu,
bəlkə də əlindən salır dualar.

Açır qapısını şah damarımın,
boylanır ovcuma Ulu Yaradan!
Baxır ki, ovcumda dua qarımır,
susur bu ovsuna Ulu Yaradan...

Günə başlayıram bir gün geridən,
Dualar hayqırır: - Tanrı, geri dön!

# 1624 dəfə oxunub

Müəllifin son yazıları

# # #