"Sümüklər üzərində rəqs edən rus hərbiçilər, altı yüz nəfərin öldürüldüyü teatr binası" - Ukraynadan reportaj

"Sümüklər üzərində rəqs edən rus hərbiçilər, altı yüz nəfərin öldürüldüyü teatr binası" - Ukraynadan reportaj
12 sentyabr 2023
# 14:00

Kulis.az Toğrul Dəmirlinin Ukrayna teatrlarından reportajını təqdim edir.

Ukrayna teatrı müharibə günlərində

Teatrla bağlı danışanda onu tez-tez gerçək həyatın bədii interpretasiyası adlandırırlar. Başqa sözlə, bu sənət baş verən hadisələrin ümumiləşdirilmiş obrazların dili ilə səhnədə əks etdirilməsidir. Lakin müasir teatr təkcə reallıqları səhnələşdirmir, həm də həyatın özünə təsir etməyə çalışır.
Müharibə şəraitində olan Ukraynada teatrların vəziyyəti necədir?

Rusiya təcavüzünün ilk günlərində teatr Ukrayna sosiumunun reaksiyasını dəqiqliklə əks etdirirdi.

Əvvəl-əvvəl heç kim genişmiqyaslı müharibənin başlayacağına inanmırdı.
Dneprdəki teatrdan bildirirlər ki, müharibənin ilk günlərində tamaşaçılar həmişəki kimi repertuarla maraqlanır, növbəti tamaşalara bilet sifariş edirdilər.
Həmin mesajlar “Theatre Fishing" onlayn platforması tərəfindən yayımlanıb.

Ancaq az keçməmiş teatrlar yardım mərkəzlərinə çevrildilər, öz imkanları daxilində ölkənin müdafiəsində iştirak etdilər. Xeyli teatr xadimləri Ukrayna Silahlı Qüvvələrinin sıralarına yazıldılar.

Qan gölünə çevrilən teatr



Ötən ilin martında Mariupoldakı Dram Teatrı bombalandı və teatra sığınmış 600 nəfər həlak oldu. Xatırladım ki, teatrın ətrafına rus təyyarəsinin olduğu hündürlükdən oxuna bilən, iri hərflərlə “UŞAQLAR” sözü yazılmışdı.
Şərqdə müqəddəs yerlərdə ölənlərin cənnətə gedəcəyinə inanırlar, görəsən, sənət ocağında həyatını itirənlər hara gedirlər...
İndi ruslar minlərlə insanın ölümü nəticəsində işğal etdikləri Mariupoldakı həmin teatr binasını yenidən bərpa edirlər. Ukrayna mediası rusların teatrla bağlı planını "sümüklər üzərində rəqs" adlandırır.

Köçkün truppalar



Hələ 2014-də Luqansk şəhəri işğal ediləndə oradakı Musiqili Dram Teatrının truppası həmin vilayətin kiçik Severodonetsk şəhərinə sığınmışdı. Bu dəfə də rusların aviasiya zərbələri onların pənah gətirdiyi bu teatrı darmadağın etdi, şəhər isə işğal olundu. Truppa ikinci köçkünlük ömrü başladı. İndi onlar Sumı şəhərində fəaliyyətini davam etdirir. Yeni ünvanda səhnəyə qoyduqları "Mən kiməm?" adlı ilk tamaşa böyük marağa səbəb olub. Köçkün tamaşaçılar aktyorlara zəng edib soruşurmuşlar ki, bu teatr məhz həmin teatrdırmı? Tamaşaya baxmaq üçün uzun məsafə qət edirmişlər.

Mariupol Dram Teatrının kollektivinin müəyyən üzvləri ölkənin daha təhlükəsiz qərb vilayətlərindən olan Zakarpatiyada - Ujqorod Teatrında sığınacaq tapıblar. İndi Ukrayna dili və mədəniyyəti uğrunda mübarizədə həlak olmuş donetskli şairi Vasili Stus haqqında pyes üzərində işləyirlər.
Yeri gəlmişkən, əgər müharibəyə qədər səhnələşdirilən əsərlər əsasən rusca olurdusa, artıq istisnasız olaraq dövlət dilində nümayiş olunur. Ona görə də bu teatr ideoloji cəhətdən ilk Ukrayna teatrı adlandırılır.

Dnepr teatrları



Dnepr Dram və Komediya Teatrı aviasiya zərbələrinə, işıqların tez-tez sönməsinə baxmayaraq ötən payız fəaliyyətini bərpa edərək yeni tamaşanın premyerasını keçirib.
"Hər şeyə rəğmən" tamaşası real hekayələrə və faktlara əsaslanır: Rus hərbçiləri, qaçqınlar, buçalı yeniyetmələr...
Teatrın əməkdaşı: “Tamaşa xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin 400 illik zəngin tarixi barədədir. Tamaşanın unikallığı sənədli olması, müasir dramaturgiyaya əsaslanmasındadır. Tamaşa boyu baş qəhrəman alma əkir - bu, hər şeyə rəğmən, öz işini görən əyilməz ukraynalıların obrazıdır”.

Dram və Komediya teatrında isə hərbi mövzulu "Kassandra" tamaşası oynanılır. Əsas mövzu Yunan-Troya müharibəsidir. Ana xəttin mərkəzindəki lazımsız görücü Kassandradır. Əsərdə aktual məsələlərə toxunulur: İnsanlar niyə yalanı həqiqətdən daha asan qəbul edirlər? Sevgi bu qədər ağrı-acıya səbəb ola bilərmi? Tale nədir? Ona qalib gəlmək mümkündürmü?
Teatrdan bu tamaşanın da anşlaqla keçdiyini və tezliklə təzədən səhnəyə qoyulacağını bildirdilər.

Opera və Balet Teatrında "Məğlubedilməzlər"

Müharibə zamanı ukraynalıların yaşadıqları bütün ağrıları, narahatlığı "Məğlubedilməzlər” baletinin rəqqasları çatdırmağa çalışıblar. Dnepr Opera və Balet Teatrından dedilər ki, bu müasir tamaşa Fransız bəstəkarı Cozef Ravelin "Bolero"sunun müşayiətilə oynanılır: "Ravelin "Bolero"sunda mübariz əhval var - nağaraların səsində bu, özəlliklə duyulur. Nağara həmişə narahatlıq, bir növ, həyəcan hiss etdirir. Ravelin "Bolero"su ölkəmizin vəziyyətini, 24 fevral 2022-ci ilin səhəri partlayışlarla oyanan xalqımızın üsyankarlığını xoreoqrafik şəkildə əks etdirmək üçün seçilib”

Volodimir adlı rejissor qeyd edir ki, müharibə başlayandan (2014 nəzərdə tutulur) tamaşaçının orta yaşı da dəyişib:
"Əgər əvvəllər teatra gənclər daha çox gəlirdisə, indi əsas tamaşaçı böyüklərdir. Tamaşaçılar dəyişib, amma teatrların repertuarı çox dəyişməyib. Məsələ bundadır ki, sənət ciddi surətdə yenidən düşünüb dərketmə tələb edir, ona görə də ani reaksiya və hazırki zamanın dərhal əks etdirilməsi mümkün deyil. İkinci Dünya Müharibəsindən bəhs edən ilk keyfiyyətli film "Uçan durnalar"dır. Bu filmin premyerası ilə müharibənin bitməsi arasında 10 ilə yaxın vaxt var. Teatr ədəbiyyat üzərində qurulub, ona görə də keyfiyyətli sənət nümunəsi üçün gözləmək lazımdır...
Ertələnən tamaşalar da olub. Dneprə raket atılanda aktyorlar tamaşanı yarımçıq qoyub tamaşaçılara kömək etməyə başaldı... Onların yeganə ilham mənbəyi tamaşaçıdır.
Bu ay dörd yeni tamaşanın premyerası olacaq, biletlərin hamısı satılıb. Bu, olduqca gözəldir, deməli, müharibə olsa da, biz - sənət unudulmayıb, deməli, biz hələ də kiməsə lazımıq!"

Derusifikasiya

2022-ci il fevralından sonra Ukrayna teatr sənətinin transformasiyasının ayrılmaz hissəsinə çevrilmiş mühüm proseslər arasında derusifikasiya özəl yer tutur. "Rus" sözü Kiyev, Nikolayev, Xarkov, Odessa və digər şəhərlərdəki teatrların adından götürülüb, əvvələr rusca nümayiş olunan tamaşalar yığışdırılıb. Hazırda ölkədə rusca tamaşa göstərən teatr yoxdur. Düzdür, bəzi tənqidçilər yeni pyeslərin bədii cəhətdən lazımi səviyyədə olmadığından gileylənsələr də, ukraynlaşma prosesi xatirinə prosesi müsbət qarşılayırlar.
İşğal və raket hücumlarına görə Ukrayna teatrları bir müddət fəaliyyət göstərməsə də, indi milli mübarizə ocaqlarına çevriliblər.
Derusifikasiya yalnız teatrların adlarında və tamaşanın dilində deyil, onların semantik məzmununda da aparılır.
Müharibə və milli kimlik mövzularını vurğulayan müasir Ukrayna dramaturgiyası və eksperimental əsərlər yazılır. Başqa sözlə, müharibə şəraitində Ukraynanın müasir teatr sənətində nəinki gerilik, əksinə onun yeni məzmunda canlanması hiss olunur.

# 1323 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #