Xəyanəti bağışlamaq olarmı? - Reportaj

Xəyanəti bağışlamaq olarmı? - Reportaj
4 dekabr 2024
# 12:30

Kulis.az Ülviyyə Heydərovanın eyniadlı hekayəsi əsasında səhnələşdirilən "Pələng" monotamaşası haqqında Ülvi Bahadırın yazısını təqdim edir.

Tamaşanın quruluşçu rejissoru Ümid Abbas Nihani, Pələng rolunun ifaçısı isə Kamran Muradlıdır.

Tamaşa Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində oynanılıb.

Yuva

Kəsilmiş fotoşəkilləri xatırlayıram...

Uşaq vaxtı bilməzdik mənasını... Kəsilən yerləri xəyalımızda “birləşdirərdik”, adamlaşdırardıq.

Bəzən o adamlarla qarşılaşardıq küçələrdə, getdiyimiz yerlərdə.

Böyüdükcə uçulardı yuvalar, evlər, hasarlar...

***

“Yuva”da işıqlar sönür. Gözlər səhnədə... Bir “it” hürə-hürə səhnəyə daxil olur.

O, kimsəsizdi, sahibsizdi... Kəsilmiş fotoşəkillərin saralmış küncündə vurnuxur... Bir kişi ona sahib çıxır, yuva olur ona... Həyat yoldaşına hədiyyə edir onu... Adını da nə qoysalar yaxşıdı, – Pələng.

Pələng adı onun üçün bir yük olur həm də. O, artıq cəsarətli olmağa, yuvasını, sahibini qorumağa məcburdur. Axı o, adi küçük yox, Pələngdir. Yuvası bir növ, onu təsdiq edən sənəddir, şəhadətnamədir.

Yuva odur.

Yuvadan kənarda o saralmış fotoşəklin kəsilmiş, unudulmuş hissəsidir.

Bəs sən necə, yuvadan kənarda kimsən? Pələng, yoxsa xatırlanmayan yuxu?..


Hasar

Hər kəsin öz hasarı var. Aşmaq istədiyi... Aşa bilmədiyi... Yanında dayanıb ağladığı, güldüyü... O tərəfini düşündüyü...

Pələngdə də belədi. Onun da öz hasarı var – Pələng.

Bir tərəfdə məsum, sevgi və şəfqət dolu həyat... Bir tərəfdə nərilti, ahu-zar, giley-güzar...

O, həyatda ən çətin şeyi etməlidir – öz hasarını aşmalıdır. Adı ilə böyüməlidir.

Ancaq necə? Kimdir sənə o fürsəti tanıyan? Nəsə olmalıdır. Nəsə...

Xəyanət...

Onun hansısa halda bağışlamaq olarmı? Elə olur da. Elə aşılır hasarlar... Ya sevgidən, ya da xəyanətdən...

Onda da elə oldu.

Sahibinin – ona yuva olan adamın xəyanətə məruz qaldığını görəndə... Adını xatırladı... Axı o Pələngdir.

Hansı hasar dayana bilər qarşısında? Kim qurtula bilər pəncəsindən....


Bəs sən necə, hasarın o tərəfində kimsən? Pələng, yoxsa qabındakına qane olan küçük?

Qəbir

“Birləşdirdiyin” fotodakı adamla rastlaşdınmı?

Yuxunun çin çıxdığına sevindinmi?

Qabındakına qane olmadığına görə kəsillib atıldınmı?

Bəlkə, səni də gələcəkdə kimsə “birləşdirəcək”...

Bəlkə, səni də kimsə xatırlayacaq – yuxusundakı adamı...

Bəlkə, o da qane olmayacaq qabındakına... Xatırlayacaq Pələng olduğunu...

Gələcək qəbrinə, hürəcək bir ağız... Üzünü sürtəcək “üzünə”... Gülümsəyəcəksən... Alıb aparacaq səni özü ilə... Fotoşəkillərin kəsilmədiyi yerə...

Bəlkə, sən də kiminsə xəyalında “birləşdirdiyi” fotodakı adamsan...

Bəlkə, üstündən aşdığın hasarlar, oyunlar oynadığın yuvalar...

Bəs sən necə, yuvadan kənarda kimsən? Bəs sən hasardan kənarda kimsən? Bəs sən qəbirdən kənarda kimsən?

Yoxsa sən də...

Foto: Emil Rasimli

# 913 dəfə oxunub

Oxşar xəbərlər

Musiqili Teatrda premyera olacaq

Musiqili Teatrda premyera olacaq

09:57 4 dekabr 2024
Vüsal Mehrəliyev:  "O, sənətlə yox, başqa işlərlə məşğuldur..." - Müsahibə

Vüsal Mehrəliyev: "O, sənətlə yox, başqa işlərlə məşğuldur..." - Müsahibə

09:00 2 dekabr 2024
Aktrisa:  "Heç teatrda bilmirəm kimin neçə uşağı var"

Aktrisa: "Heç teatrda bilmirəm kimin neçə uşağı var"

09:24 26 noyabr 2024
Musiqili Teatrın dekabr repertuarı

Musiqili Teatrın dekabr repertuarı

09:35 25 noyabr 2024
Opera və Balet Teatrında ilk dəfə "Nəsimi" operası

Opera və Balet Teatrında ilk dəfə "Nəsimi" operası

09:26 21 noyabr 2024
Gənc Tamaşaçılar Teatrında "CırtdaNino" adlı yeni tamaşa

Gənc Tamaşaçılar Teatrında "CırtdaNino" adlı yeni tamaşa

17:20 20 noyabr 2024
#
#
# # #