Musa Yaqub: “Şair dostum qışın günü araqdan içib çaya atıldı” – YEMƏLİ SÖHBƏT

Musa Yaqub: “Şair dostum qışın günü araqdan içib çaya atıldı” – <span style="color:red;">YEMƏLİ SÖHBƏT
30 dekabr 2015
# 08:30

Kulisin “Yeməli söhbət” layihəsinin qonağı tanınmış şair Musa Yaqubdur. Musa müəllimlə evində görüşüb söhbətləşdik

- Musa müəllim necəsiz?

- Babatam. Bu yaş üçün babat özü böyük şeydir. Bu havalar necədirsə mən də eləyəm. Bəzən yaxşı oluram, bəzən pis.

- Sizin belə bir misranız var:

Qəfil görəcəksən çətirin də yox

Əsirsən bir soyuq yağışın altda.

Sizi yenə üşüdürlər?

- O məhəbbət şeiridir. O şeirdə insani münasibətlər əks olunur. Əli Kərimin belə bir şeiri var:

Sən mənim qədrimi biləsən deyə,

Bu cavan yaşımda ölümmü indi?

Belə şeylər olurdu. Bunları danmaq olmaz. Mən Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirini təhlil edəndə qeyd elədim ki, qadın gəlib ərinin baş daşının qarşısında ağlayır. Amma o kişinin ən böyük zülm etdiyi də, dərd verdiyi də odur, dərdinə ağlayanı da.

- Yazdıqlarınızın içində sizə ən doğma misra hansıdır?

- Mənə yaxın çox şeirlər var. Amma “Bu dünyanın qara daşı göyərməz” mənə lap yaxındır. Maarif Soltan demişkən, bu şeirin taleyi gətirib.

- Həyat yoldaşınız dünyasını dəyişdikdən sonra “Məni bu payızın içindən keçirt” adlı şeir yazmısız. Sizi bu payızdan kim keçirtdi?

- Mənim payız haqqında şeirlərim lap çoxdur. Payızın içindən adamı ümid, həyat keçirdir. Biri var qabaqdan kimsə səni səsləyir, biri də var arxadan kimsə səni itələyir ki, getməlisən. O vaxtlar məni payıza keçirdirdilər. Amma indi arxadan deyirlər ki, keçməlisən. Bu dünyanın işini bilmək olmaz.

- Zöhrə xanımsız sizə İsmayıllı, Bakı boş görünmür?

- O, ömrün boş hissəsidir. Şövkət Ələkbərova deyirdi ki, Rübabə Muradovanın çox yanıqlı səsi var. Çünki onun ürəyinin bir tərəfi boş qalmışdı. İnsan o yanğılı yerlə birgə yaşayır. Amma o yanğılı yer həmişə alovlanmır. O boşluğa uyğun söz də olur. Bu həyatın elə bir qanunudur ki, tək sənə həvalə olunmur.

- Təzə nə yazırsız?

- Mən bu il xeyli şeir yazmışam. “525-ci qəzet”də, “Təzadlar” qəzetində, “Azərbaycan” jurnalında çap olunub. İndi 5-6 şeir yazmağın özü də bir hünərdir. Şeir yazmaqdan bir az ehtiyatlanıram. Ona görə ki, yazmıram e, yazdırırlar. Payız gələndə xeyli şeir yazıram.

- Gənc yazarlara nəsə ustad sözünüz var?

- Bu şeir belədir ki, bunun məktəbi yoxdur. O vaxtlar mənə deyirdilər ki,müəllim bizə kömək elə şeir yazaq. Deyirdim ki, bu şeir xəndək qazmaq deyil ki, kömək edim bir yerdə yazaq. Şeir Allahdan gələn bir hissdir. O yoxdursa mən sənə kömək edə bilmirəm. Mən gənc yazarlara, ənənəni davam etdirmək şərti ilə sözdə hoqqabazlıq yaratmamağı, guya intellektual səviyyə sözünün altında Azərbaycan dilinə yaraşmayan söz gətirməməyi demək istəyirəm. Elə bu yaxınlarda mənim “Ədəbiyyat qəzeti”ndə Vasif Zöhraboğlunun bir şeiri diqqətimi çəkdi.

Bir də oyadaydım o saf sevgimi

Bir də oyanaydım, bir də baxaydım

O kəndli sevgimi, daşlı sevgimi,

Aparıb Bakıda darıxdıraydım.

Belə təzəliyi çox bəyənirəm. Amma gənclərə heç bir məsləhət verə bilmərəm.

- Bəs gənc yazarlardan kimi oxuyursuz?

- Səhər Əhmədin, Nisəbəyimin şeirlərini bəyənirəm. Cavanların çoxunun şeirlərini əzbər bilirəm. Amma adlarını yadımdan çıxardıram.

- Musa müəllim, sizin “Və Başqaları” adlı şeiriniz var. Necə oldu və başqalarından çıxıb Musa Yaqub oldunuz?

- O şeir 40 il bundan qabaq yazılıb. O vaxtlar poeziyadan hesabatlar olurdu. Həm “akademiya” həm də Azərbaycan Yazıçılar Birliyi hesabat hazırlayırdı. Orda adları çəkirdilər və bəzən də mənim adım gələndə və başqaları deyirdilər. O hisdən doğulmuşdu. Şeir-sənət belədir ki, gərək ona dövlət qarışmasın, millət qarışmalıdır. Dövlət qarışanda münasibətlər bir ar az ayrı cür olur. Deyirlər ki, sən yaxşı şair olsaydın dövlət sənə də qiymət verərdi. Bizə elin camaatın qiyməti lazımdır.

- Yamanca tuş oldum el qınağına

Təsəlli tapdığım şəraba görə.

Deyəsən əvvəllər içki ilə aranız pis olmayıb. İndi necədir vəziyyət?

İndi aram belədir :

Qara saç örtübdür ömür yaşımı

Kaş belə qalaydı axıra kimi

Enirdim aşağı süfrə daşımı

Mən indi araqdan çaxıra kimi.

İçki qınaq deyil. Bəzən şairlərə yazıçılara güzəştdir. Bəzən ailədə, xalqımızda şairlərə, yazıçılara belə məsələlərdə güzəşt edir. Amma indi içki ilə qurtarmışam.

- İsmayıllı mətbəxinin spesifik yeməyi hansıdır?

- Xəngəl, döşəməli aş. Xaşılı sevmirəm. Dolmanı o qədər yeyən deyiləm. Təmiz yeməkləri sevirəm. Mənim üçün ən çətin sual nə bişirimdi.

- Sizin ustaca bişirdiyiniz yemək var?

- Məndə o qabiliyyət, sözün düzü, çox yoxdur. Amma ocaq qalamağa yaxşıyam. Mənim yaxşı buğlama, kabab bişirən dostlarım var. Bizdə qəribə yeməklər olurdu. Çoban aşı, daş arası. Daş arasının hazırlanma qaydasını sizə deyim. Dağda nazik sac kimi daşlar olur. Həmin daşın altında balaca ocaq qalayırsan, sonra üstünə ov ətini düzürsən. Həmin ət məxmər kimi dadlı olur. Çöl yeməkləri lap dadlı olur.

- Sizə nəyisə xatırladacaq yemək var?

- Mən ətrafa qarınla yox, ürəklə baxıram. Məsələn daş arası mənə dostum Nəbini xatırladır.

- Musa müəllim, indi yazıçı, şairlərdən kimlə oturub durursuz?

- Əksəriyyəti ilə. Məmməd İsmayıldan tutmuş, Əjdər Ol, Ramiz Rövşən. Mən ona görə əksəriyyəti deyirəm ki, onların hamısı Buynuza gəlib. O körpüdən keçiblər. Bizim aramızda münaqişə, soyuq münasibət olmayıb. Mən o vaxt Bakıya köçəndə Məmməd İsmayıl, Məmməd Kazım, Fikrət Qoca, Əkrəm Əylisli və başqa dostlarım işlədikləri yerdə mənə şərait yaradırdılar. Biz bir-birimizə köməklə gəlmişik ədəbiyyata. Mən Bakıya gəlib çıxmamış Mirzə İbrahimova demişdilər ki, Musa bekardı. Mirzə İbrahimov məni Yazıçılar İttifaqına işə götürdü. Mən o köməyi indi az hiss edirəm. İndi bəzi bağlantılar gedib. O vaxt görüşə gedəndə bəzi yoldaşlar deyirdilər ki, filankəs ordadırsa mən getmirəm. Amma mən belə şeylərə fikir verməmişəm.

- O vaxtlar məclislərdə baş verən əhvalatlardan danışaq bəlkə.

- Xatirələr çoxdur. Maştağada 186 nömrəli məktəb var idi. Müdiri Sona xanım idi. Sona xanım gəlib bizdən xahiş elədi ki, şairlərdən beş-altısını bizim məktəbə görüşə gətirin. Tofiq Bayram, Bayram Bayramov və bir neçə cavan şair yığışıb getdik. Bizi çox böyük həvəslə qarşıladılar. O vaxt şairlər məktəblərə bir az çətin gedirdi. Amma Şərab zavoduna, kolxoza həvəslə gedirdilər. Sona xanım bizə dedi ki, çölə o biri qapıdan çıxın. Biz elə çıxmaq istəyəndə gördük ki, burda çox gözəl məclis qurulub. Bayram Bayramov məclisdə tamadalıq edirdi. Məclisin axırında məlum oldu ki, üç gənc şairin sağlığına içilməyib. Bayram Bayramov dedi ki, bu gün bizim üç qələm əhlinin, ədəbiyyatımızın gələcəyinin... elə bunu deyəndə İsgəndər Coşqun dedi, Bayram müəllim, sən Allah elə demə, iki araq qalıb.

Abbas Abdulla ilə mart ayında yaxşı yeyib içdik. Sonra gördüm ki, Abbas Abdulla girib çayda çimir. O qədər belə əhvalatlar olub ki...

- Tək oturub içdiyiniz olur?

- Mənim “Qaçmaq istəyirəm əzizlərimdən” adlı şeirim var. Adam bəzən təkliyə çəkilmək istəyir. Amma tək içmək çox az hallarda olur.

- Həyat yoldaşınızın bişirdiyi yeməklər yadınızda necə qalıb?

- Əslində o yemək bişirməyi anamdan öyrənmişdi. Təbii xörəkləri anam yaxşı bişirirdi. Xüsusilə döşəməli aşın, qutabın, xəngəlin ustası idi.

- Həyat yoldaşınızla restorana gedirdiniz?

- Xarici ölkələrə kurorotlara gedirdik. Orda restoranlara da baş çəkirdik.

- Xarici ölkələrdə sizi təəccübləndirən yemək olub?

- Xaricdə olan xörəkləri o qədər də ləzzətlə yeyə bilmirəm. Onların yeməkləri başqadır, bizimki başqa. Amerikada olanda yaponların işlətdiyi restorana getdik. Demək, o restoranda əti havadan asıblar. Orda bir stolun ətrafında oturduq. Sonra bildim ki, bu stolun üstü peçdir. Həmin asılmış ətin harasından istəyirsənsə sifariç verirsən və sənin oturduğun masada bişirib verirlər.

- Sonda nə demək istəyərdiniz?

- İndi əvvəlki vaxt deyil. Meyarlar, ölçü-biçi itib. Əvvəlki adət-ənənələr yaddan çıxıb. Bu qədər bu qarışıqlığın içində şeir sənətin sınağı çox çətindir. Əvvəl belə deyil. Hər hansı bir şeiri çap eləmək çətin idi. Amma indi hər cızma qaranı da nəşriyyatlar çap edirlər. Tofiq Bayram demişkən, şair də zəifləyəndə oxucu şairləşir. İndi hamı şair olub. Mən istərdim ki, ədəbiyyatın əzabını çəkən, münasibətə baxmadan yazan şairlərə qiymət verilsin. Bu saat ən ucuz əmək şair, yazıçı əməyidir. Çünki özü yazır, özü aparıb çap edir, sonra da kitabın vurur qoltuğuna. Biz kitab satan deyilik axı. Kitabların satılma mexanizmi yoxdur. Biz necə dolanmalıyıq? Mənim o vaxt bir kitabım çıxdı, onun puluna maşın aldım. Amma indi belə şeylər yoxdur.

# 3155 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #