Nəsiminin qəbri üstündə nə yazılıb? – İradə Musayeva yazır

Nəsiminin qəbri üstündə nə yazılıb? – <span style="color:red;">İradə Musayeva yazır
24 fevral 2016
# 15:14

Kulis İradə Musayevanın "Ədəbiyyatşünaslığın klassik irs problemi: İmadəddin Nəsimi" yazısını təqdim edir.

Birinci yazını burdan oxuya bilərsiz.

Nəsimiyəm bu gün bilənlərə mən,

Bilməyənlərə müşkilatiləyəm...

Bizim elmi-ədəbi düşüncəmizdə Nəsimi müşkülü var. Bəlağətli, pafoslu, standart ifadələr və terminlərlə nəql edilən “Nəsimi nağılları” hətta akademiklərin, professorların əsərləri siyahısına “elmi” məqalə kimi girir. ..

“Çox təəssüf ki, nəsimişünas yetişdirmirik. Bu boşluq sabah daha çox hiss olunacaq... bu günə qədər Nəsiminin əsərlərinin elmi-tənqidi mətni hazırlanmayıb. Düzdür, 1973-cü ildə şairin əsərlərinin 3 cildlik tənqidi mətni nəşr olunub. Ancaq nəşr saysız-hesabsız nöqsanlarla doludur… Təşkilati işlərə lazımi səviyyədə diqqət yetirməməyimizdən. EA-nın Ədəbiyyat İnstitutunun nəzdində Azərbaycanın mütəfəkkir şəxsiyyətlərinin həyat və yaradıcılığını tədqiq edən xüsusi şöbələr fəaliyyət göstərməlidir. Bir vaxtlar nizamişünaslıq şöbəsi fəaliyyət göstərirdi, onu da sonradan ləğv etdilər (nizamişünaslıq şöbəsi sonradan bərpa olundu – İ.M.)…”

Qədim və orta əsrlər ədəbiyyatı tarixinin araşdırıcısı Əlyar Səfərli haqlı olaraq nəsimişünaslığın problemlərini sadalayır və təsdiqləyir ki, Nəsiminin elmi tərcümeyi-halı yaradılmayıb. Bu barədə monoqrafiya və məqalələr yazılıb. Ancaq bunlar qənaətbəxş deyil, Nəsiminin dünyaya gəldiyi məkan bəlli deyil. Şairin türk və fars divanlarında anadan olduğu məkan haqqında heç bir işarəyə rast gəlinmir. Həmçinin Nəsimi ilə bağlı orta əsr mənbələrində - təzkirələrdə, xronikalarda, cünglərdə, tarixi əsərlərdə anadan olduğu yer barədə heç bir məlumata rast gəlinmir. Bütün bunlarla yanaşı, bəzi qaynaqlarda bir neçə fərziyyə irəli sürülür. Ərəb tarixçiləri yazırlar ki, Nəsimi Təbriz şəhərində anadan olmuşdur. Türk mənbələrində Nəsiminin Diyarbəkirdə, Nisibində və b. yerlərdə dünyaya göz açdığı qeyd olunur. XIV əsrdə yaşamış təzkirəçi Qəstomonlu Lətifi yazır: “Nəsimi Bağdadın Nəsimi qəsəbəsində anadan olub. Nisbəsi, təxəllüsü də elə anadan olduğu yerlə bağlıdır”. Bütün bunlar elə fərziyyə və ehtimal olaraq qalır…

Ərəb və türk tarixi mənbələri, eləcə də klassik şərq ədəbiyyatı və fəlsəfəsi, təriqətləri haqqında əldə edilən materiallar mərkəzləşmiş işçi qrupu tərəfindən öyrənilə bilməzmi? Axı bu qədər çətin, müşkülə çevrilmiş, müəmmalar və qeyri-müəyyənliklərlə dolu və ədəbiyyat tariximiz üçün isə bu qədər önəmli mövzu fərdi tədqiqat obyekti kimi çözülə bilməz. Ə.Səfərlinin də qeyd etdiyi kimi, bəlkə EA-nın ədəbiyyat institunun nəzdində nəsimişünaslıq şöbəsi açılmalıdır...

Nəsiminin əsərləri ilk dəfə 1844-cü, sonra isə 1871 və 1880-ci illərdə İstanbulda nəşr еdilmişdir. Bizdə isə Salman Mümtaz 1926-cı ildə Nəsimi divanını ərəb əlifbası ilə nəşr еtmişdir. Lakin hələ də onun əsərləri tam və mükəmməl tərtibatla nəşr olunmayıb...

“Biz şairin еlə bеytlərini görmüşük ki, bir əlyazmasında o birisindən fərqli şəkildə yazılmışdır. Şübhəsiz ki, burada Nəsimini islah еtmək istəyən və bəzən onun işlətdiyi ifadələri başa düşməyən katiblərin də az rolu olmamışdır. Bundan əlavə şairin əsərlərinin üzünü köçürən özbək, türkmən və türkiyəli katiblər də onun dilini az dəyişdirməmişlər”. (T.Kərimli)

Nəsimi irsinin ciddi araşdırıcılarından biri olan S.Şıxıyeva yazır ki, bir qayda olaraq, mənaqibnamələr təriqət mürşidləri, təriqət ocaqlarının sahibləri haqqında yaradılıb. XVII əsrin sonu XVIII əsrin birinci yarısında yaşamış türkmən şairi Nurmuxammet Əndəlib “Risaleyi-Nəsimi” adlı məsnəvisini qələmə almışdır. Həmin məsnəvinin əvvəlində verilmiş qeydlərdən aydın olur ki, qələmə alınmış əhvalat ərəb dilində mövcud imiş, o sadəcə nəzmə çəkilib. Bunu onun etirafı təsdiqləyir: “Ərəbcə idi, türk dilinə çevirdim”. Bu qısa qeyddən çıxış edərək deyə bilərik ki, Nəsimi barədə ərəb dilində də rəvayətlər mövcud olub. Söhbətgedən risalədə Nəsiminin hələ kiçik yaşlarında göstərdiyi kəramətlərdə vəlilik məqamının sahibi, Tanrının seçilmiş bəndələrindən olmasından danışılır. Həmin risalədə Nəsimi mifikləşdirilir. Əndəlibin məsnəvisində Nəsiminin, Həllac Mənsurun külündən yarandığı da yazılıb.Bir sıra qaynaqlarda Nəsiminin faciəli sonluğunu öncədən gördüyü qeyd olunur. Qastomonlu Lətifinin təzkirəsində Sultan Şüca Dədə təkyəsində qonaq olan Nəsiminin önünə təkyədarın ülgüc qoyması və Fəzlullahın Hələb şəhərindən çəkinmə ilə bağlı xəbərdarlığı bu qəbildəndir.Lətifi təzkirəsində Nəsiminin aşiqi-vasil məqamı və bu yolla ilahi həqiqətlərdən xəbərdar olmasından söhbət açır.Nəsiminin faciəli həyat sonluğu bir çox rəvayət və əsərlərin mövzusuna çevrilib. Nəsiminin diri-diri dərisinin soyulması, əzablı, işgəncəli ölümü, edam kürsüsündə belə sınmaması dillərdə dastan olmuşdur...

Gördüyümüz kimi, Nəsimidə hər şey - zaman, məkan, tərcümeyi-hal, taleyi, aqibəti, inancı ilə bağlı hadisələr – hər şey ziddiyyət, qalmaqal, məchulluq və şübhə içərisindədir. Bu müəmma onun tədqiqatçılarının fikirləri ilə də bağlıdır. Demək olar ki, onun bir neçə məsələdə ortaq məxrəcə gələn iki tədqiqatçısı belə yoxdur…

Nəsimi haqqında yazan və danışan çox ola bilər, amma onun sistemli araşdırıcıları içərisində S.Mümtaz, H. Araslı, M. Quluzadə, C. Qəhrəmanov, Ə.Səfərli, S.Şıxıyeva, Q.Paşayev, R.Əliyeviın xidmətləri danılmazdır. Türkiyədə isə Fuad Köpürlüdən başlayaraq Abdulbaqı Gölpinarlı, Vəsfi Mahir Qocatürk, İbrahim Olqun, Hüsyn Ayan, İraqda Ə.Bəndəroğlu, Avropa və rus şərqşünaslarından isə H. Purqştal, E.C.Gibb, K.Buril, A.Krımski, Y.Bertels, İ.Braqinski, V.Smirnov Nəsimi şəxsiyyəti, dili, dini-fəlsəfi görüşləri, hətta siyasi baxışları haqqında müxtəlif aspektli tədqiqatlar ortaya qoymuşlar.

Lakin qəribədir ki, bizim ən qiymətli ədiblərimizin və abidələrimizin ilk tədqiqatçıları, ümumiyyətlə, ən mükəmməl faktlar ortaya qoyan araşdırıcıları başqa ölkələrdən, başqa millətlərdən olub. “Kitabi Dədə Qorqudu”n tədqiqi 1815-ci ildən, alman alimi F.Ditsdən başlayır. Daha sonra Avropa şərqşünaslıq elmində maraq doğuran dastanı 1894-cü ildə rus alimi Bartold, 1916-cı ildə türk tədqiqatçısı Kilisli müəllim Rifət araşdırdı. 1938-ci ildə yenə də türk alimi Orxan Şaiq Gökyay araşdırır, 1952-ci ildə İtaliya şərqşünası, professor Rossi tərəfindən tərcümə və nəşr edilib. Teodor Nöldeki, İohan Hayn, Hans-Peter Əhməd Şmide, Faruk Sümər, Əhməd Uysal, Uorren Uolker, Pavel Antokolski, Lui Bazən, Altan Göyalp və digər şərqşünas alimlər Dədə Qorqudun şəxsiyyəti, dastanın əhəmiyyəti, hadisələrin cərəyan etdiyi zaman və məkan məsələləri, əsərin dili, üslubu və sair haqqında ciddi tədqiqatlar aparıblar…

Azərbaycan ədəbiyyatşünaslığında bu abidənin tədqiqi XX əsrin 20-ci illərinin əvvəlindən Əmin Abidlə başlayır. Daha sonra (1923) M.Mirbağırov, 30-cu illərdən başlayaraq isə tədqiqatlar B.Çobanzadə, H.Zeynallı, A.Musaxanlı, H.Araslı, M.Rəfili, M.Quluzadə, Ə.Dəmirçizadə, Ə.Sultanlı, M.Arif, M.Təhmasib, H.Əfəndiyev, Ş.Cəmşidov, T.Hacıyev, F.Zeynalov, S.Əlizadə, S. Əliyarlı, E. Əlibəyzadə, Ə. Fərzəli, K.Vəliyev, A. Məmmədov, P.Əfəndiyev, K. Abdulla, A.Nəbiyev, P.Xəlilov,Ə.Səfərli, Q.Namazov, B.Abdulla, N.Cəfərov, A.Acalov və başqalarının adı ilə bağlıdır.

Gördüyümüz kimi, F.Ditslə, Ə.Abidin tədqiqi arasında bir əsrlik zaman fərqi var… Tariximizə, ədəbiyyatımıza qarşı bir əsrlik gecikmə… əgər xarici tədqiqatçılar bu kitabı bizim abidə kimi nişan verməsəydi, (məsələn, Bartoldun “bu abidə Qafqazda yaşayan tüklərə məxsusdur” fikri və s.) çox ehtimal ki bu gün “Dədə Qorqud”suz qalacaqdıq… Bizim öz mənəvi sərvət və xəzinələrimizə bu qədər laqeyid olmağımız, sahiblənməyi bacarmamağımız bəzən şübhə də doğurur: sanki bu dəyərlərin yaradıcısı biz deyilik. Qarabağın və ondan əvvəllər də öz tarixi torpaqlarımızın itkisinə laqeyidlik ekvivalenti Nizami, Nəsimi, Füzuli irsinə biganəlikdə də özünü göstərir. “Bu söz-fikir nəhənglərimizin irsinə sahiblənmək və bu sahədəki beynəlxalq elmi araşdırmaları yönləndirmək əvəzinə, bir sıra alimlik iddiaçıları kölgələrə sığınır və spekulyasiyalarla gözə kül üfürürlər. Xüsusilə də Nizami, Nəsimi, Xətai və Füzulinin şəxsiyyəti ilə bağlı qətiyyətli mövqe nümayişinin olmaması, bəzilərinin saxta türkçülüyündən qaynaqlanan qeyri-elmi yanaşmalar son nəticə etibarilə bu bənzərsiz şəxsiyyətlərin Azərbaycana aidiyyətinin şübhə altına alınmasına gətirib çıxarır. Bir neçə örnəyi qeyd etməklə kifayətlənirik: Türkmənistanda İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Cahanşah Həqiqi və Məhəmməd Füzuli türkmən olaraq təqdim olunur. Son illərdə Türkmənistanda keçirilən konfranslarda müştərək və ya ayrıca bir türk xalqına məxsus tarix və ədəbiyyatın birtərəfli və biristiqamətli öyrənilməsi də bu mövqenin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan elmi fikri və bütövlükdə ölkəmizin mövqeyi isə çox zaman diletantlar tərəfindən təmsil olunur. İranda yazılan araşdırmalarda farsdilli şair və müəlliflərimizin farsmənşəli olaraq təqdimi bilinən və acı gerçəklərdəndir. Bunun müqabilində yenə də azərbaycanlı mütəxəssislər və mütəxəssislik iddiasında olanların laqeydliyi və susqunluğu müşahidə olunur. Ən yaxşı halda isə bu kimi hallara qarşı güclə eşidilən zəif səslə etiraz edilir...” (S.Şıxıyeva)

M. Kazımoğlu Q.Paşayevə həsr edilmiş kitabda yazır ki, soydaşlarımızın toplu halında yaşadığı hər han­sı ərazini öz evi bilən Q.Paşayev çoxumuzdan fərqli ola­raq, İ.Nəsiminin Bağdad yaxınlığındakı Nəsim kəndində do­ğulması ilə onun böyük Azərbaycan şairi olması arasında ən­dişəyə səbəb olacaq bir nöqtə görmür.

İ.Nəsimi və M.Füzuli yaradıcılığını daha çox Azərbay­can türkcəsinin məhsulu sayan, Azərbaycandakı ədəbiyyatı­mızla Azərbaycandan kənardakı ədəbiyyatımız arasında ən böyük bağlılığın dil bağlılığı olduğunu diqqət mərkəzində sax­layan Q.Paşayev İraq-türkman araşdırmalarını ilk növbədə dil araş­dır­malarından başlayır.

“Mən Türkiyədə klassik ədəbiyyat üzrə magistrlik oxumuşam. Ona qədər mən də Nəsiminin Şamaxıdan olduğunu düşünürdüm. Bir dəfə dərsdə bunu söylədim. Professor soruşdu: “Bunu haradan çıxardın?”. Kitablarda yazıldığını bildirdim. Dedi ki, bu sizə elə gəlir. Nəsiminin, ümumiyyətlə, nə vaxtsa hazırkı Azərbaycan coğrafiyası ilə bağlılığına dair heç bir mənbə yoxdur. Bundan sonra mən Azərbaycanda Nəsimi haqqında aparılan bütün araşdırmaların demək olar hamısını oxudum və bir dənə də mənbəyə rast gəlmədim. Hamısı ehtimaldır. Nəsiminin Şərqi Anadoluda, İraqda, Suriyada olması ilə bağlı müəyyən mənbələr var, amma Azərbaycanla bağlı heç nə yoxdur. Bizim alimlər daha çox onun dil və üslubuna əsaslanır və bu zaman əski əlifbadakı boşluqlardan istifadə edirlər. Əgər əsgi əlifba ilə bağlı bilginiz varsa, məni anlarsınız”. (N.Qocabəyli)

Bəli, bu yazıları və burada misal göstərə bilmədiyim bu məzmunlu onlarla yazıları oxuduqca qəribə hisslər keçirir insan... Və şəxsən mən artıq inanıram ki, bizim əlimizdən heç nəyi almırlar, sadəcə özümüz veririk – laqeyidliyimiz, elmsizliyimiz, məlumatsızlığımız və Azərbaycan adına itkilərə etinasızlığımız ilə...

Hələb şəhərinə alim, tədqiqatçı kimi yox, turist kimi gedib Nəsiminin qəbri ilə şəkil çəkdirmək, kədərli memuarlar nəşr etdirmək, “Nəsiminin məzarı önündə göz yaşları tökdük, nisgilləndik, bir-birimizi qucaqlayıb ağladıq” və s. bu kimi emosional çıxışlardansa, tədqiqatçılar çiyin-çiyinə, fikir-fikirə, dil-dilə çöykənib Nəsimini bizə qaytarmalıdır...

Nəsimişünas, ciddi araşdırmalar müəllifi, Nəsimi şəxsiyyəti və yaradıcılığı yolundakı mücadiləsində həmişə öz prinsipial mövqeyi ilə seçilən S.Şıxıyevanın səmimi narahatlığı anlaşılandır: “Halbuki əqli-mənəvi sərvətimiz olan bu ədəbiyyatın ayrı-ayrı örnəklərinin elmi-tənqidi mətnlərinin hazırlanması və nəşrində sovet dövrü ənənəsindən nəinki irəli gedilməyib, əksinə, mütəxəssislik iddiasında olanlar tərəfindən əski nəşrlərin yeni əlifbada təhrif olunmuş variantları təqdim edilir. Bunun üçün yalnız Nəsiminin türkcə divanının yeni nəşrinə baxmaq yetər. Çoxcildli “Azərbaycan ədəbiyyatı tarixi”nin orta çağ poeziyasına həsr olunmuş oçerklərində də eyni vəziyyət hökmrandır. Sovet dövründən - təqribən 1968-ci ildən - hazırlanmasına başlanılmış bu oçerklərdə günün tələbinə cavab verən, sosial sifarişi ödəyən məqamlar azlıq təşkil etmədə, bəzi yazılar saxta müəllif və ya “şərik”lərin adıyla oxucuya təqdim olunmaqdadır. (15 il əvvəl “Azərbaycan ədəbiyyatı tarixi”nin redaksiya heyətinə təqdim etdiyim başıbəlalı “Nəsimi” oçerki də mənim razılığım alınmadan bu problemin araşdırılmasına heç bir aidiyyəti olmayan birisinin “həmmüəllifliyi”, həm də mətndə gərəksiz ixtisar və yersiz müdaxilələrlə nəşr olunub). Bu kimi nəşrlərlə çağdaş oxucu aldadılmaqla yanaşı, həqiqi tədqiqatçıların haqqı da mənimsənilmiş olur”.

Bu gün bizi narahat edən klassik irsin tədqiqindəki sistemsizlik, qeyri-müəyyənlik, tarixə, real faktlara, sənədlərə söykənmədən fərziyyələr yürütmək və tələm-tələsik nəşrlərin çox olmasıdır. Öz elmi fəaliyyətini, ədəbiyyatşünas istedadını Nəsimiyə həsr edən alimlərimiz bir, ya da iki nəfər ola bilər. Nəsimi fenomeni, şəxsiyyəti ilə bağlı problem mövzuların sayı-hesabı yoxdur. Nəsimi yaradıcılığı yolunda nəinki bir şöbə, hətta bir institut belə işləsə azdır… Lakin ədəbiyyatçıların böyük əksəriyyəti Nəsimi haqqında bəlağətli məqalələrini öz kitablarına “bəzək” kimi əlavə edirlər… Yəni bu klassik ədəbi simanın adından sui istifadə edib (desinlər ki, klassikanı da bilir) professor, akademik adı alırlar.

Müəllimlər isə auditoriyalarda Nəsimi haqqında verilən suallara məntiqli cavab vermək üçün həmin akademikin kitabından bir tutarlı cümlə tapa bilmir… Nəticədə, artıq diletantlar belə Nəsimi irsi üzərində ehtimallarla hökm çıxardır, fərziyyələrlə təhlillər aparır…

“Eşq əlindən yandı canım, ya Əli, səndən mədəd. Mən qəribi-binəvayəm, ya Əli, səndən mədəd. Sən dərdimə, lütf və kərəmdən bir çarə qıl, şah sənsən, mən gədayam, ya Əli, səndən mədəd”. Bu küfrdür.” G.Gəncalp bu misraları şeirin ümumi mətnindən təcrid edərək mənalandırır, ya da, əksinə, mənasızlaşdırır. Bu uzun bir şeirdir və mən tam təhlil etmək istəmirəm, orada əhli-beyt vəsf olunur. Amma müəllifin dediyi kimi, Nəsimi Əliyə müraciətlə onu allahlaşdırmır, diqqət edin: Sən dərdimə lütf və kərəmdən bir çarə qıl –deyir, lütfündən və kərəmindən – demir. Lütf və kərəm sahibindən mənim üçün çarə qıl, çarə istə... Düzdür, Allah insana şah damarından da yaxındır və Onunla ünsiyyətə heç bir vasitəçi olmadan girmək lazımdır. Lakin sonrakı misralarda şair vurğulayır :

Həq Təala öz nurundan xoş yaratmış şahım,

Qüdrəte sirri xudasan, ya Əli səndən mədəd.

Həq Təala Əlini seçilmiş (Allah öz nurundan ona daha çox əta etmiş, onu xoş yaratmışdır), Xudanın (özünün) sirrinin qüdrəti kimi yaratmışdır. Allah yolunun bu fəzilətli, qüdrətli imamından kömək diləməyi niyə küfrə yozmalıyıq? Onda klassik ədəbiyyatdakı qəsidənin nət, minacat, mədhiyyə, fəxriyyə, mərsiyyə növlərində yazılan hər bir mətnə də bu gözlə baxılmalıdır? Nəsimi bürtün şeir boyu “ya Əli səndən mədəd” desə də, sonda ilahi həqiqəti – nicatımız yalnız Həqdəndir, Allahdandır – ideyasını təsdiqləyir:

Ey Nəsimiye şekəste, Həqdən istərsən nicat,

Coreye tövhid meyindən, ya Əli səndən mədəd.

Coreye tövhid meyindən (Tövhid qorasının şərabından), Əlidən kömək diləməyin də Allaha sığınmaq məntiqi var şeirdə.

“Küfr”, “kafir” sözləri sıradan kəlmələr deyil, bu ilk səslənişdəncə ittiham assosiasiyası yaradır. Məsuliyyət tələb edən hökmdür. Kimisə bu günahla suçlamaq asan məsələ sayılmır, həqiqəti danan, gizlədən, haqqı inkar edən insanın baxışında ola bilər küfr, Nəsimiyə bunu necə aid etmək olar? Yaxşı ki Nəsimi neçə yüz il öncə bu ittihama özü cavab verib:

Ey aşiqə kafir deyən imana gəl, uslan

Kafir demə aşiqlərə, neyçün ki yalandır

Nəsiminin qəbri üzərində yazılmışdır: “Bu, şəhid bəndə, böyük sufi arif, Allahın dostu, Şeyx Əli İmadəddin Nəsiminin qəbridir. O, 824 hicri ilində şəhid olmuşdur. Allah ona rəhmət eləsin. Qəbri müqəddəs olsun” .

Allahın dostu, şəhid bəndə Nəsiminin məhkəməsi əsrlərdir bitmir ki, bitmir... Fəqət, yaxşı ki hər ittihama cavabı Nəsiminin özündən ala bilirik:

Ey küfrü şirk içində sanan özünü mö’min,

İslamü şər’ü iman məxsusi-övliyadır.

Dəccal tə’nəsindən xövf eyləməz Nəsimi,

Niçün ki, ruhi-qüdsə övnü müin xudadır.(s.19)

Sirri-ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm,

Həm həq derəm, həq məndədir, həm xətmi-insan gəlmişəm.

Həm Lövhü Tovratü Zəbur, Incilü Qur’anü Sühəf,

Həm mən kəlami-natiqəm, həm cəm’i-Qur’an gəlmişəm.

Həm ayəti-rəhman mənəm, həm rəhməti-rəhman mənəm,

Həm vəhyi-mütləq söylərəm, həm nuri-yəzdən gəlmişəm. (s.23)

Bir günəşdir Nəsimi kim, anın

Neçələr zərrəsinə həsrətdir. (s.29) və s.

Nəsimi özü müsəlman olsa da, fəlsəfi, ideoloji araşdırmada hədəfi, ümumiyyətlə, İnsan, Bəşər idi. Nəsimi ilə bağlı söhbətdə tədqiqatçının (R.Əliyevin) “Nəsimiyə müsəlman demək olmaz” - fikri açılmamış qalır. Əlbəttə, özünü Allahın yerdəki surəti sayan, hətta bəzi məqamlarda yerə-göyə sığmayan Nəsimini bir dinə, bir təriqətə, konkret bir zamana və məkana aid etmək olmur. Nəsimi bütün dinləri bilirdi, bu dinlərin kitablarına, peyğəmbərləri haqqında müəyyən bilgiyə bələd idi. Amma istinadı və sirri Qurani-Kərim ilə bağlı idi. Həzrəti Mövlana deyir: “Qurani-Kərimin zahirini bir qab mürəkkəblə yazmaq mümkündür. Ehtiva etdiyi bütün sirrləri ifadə etməyə isə sahilsiz dəryalar mürəkkəbə, yer üzündəki bütün ağaclar da qələm olsa, yenə də kifayət etməz”. (T. O.Nuri) Türk divanında Nəsimi Qurani – Kərimin 114 surəsinin 73-dən istifadə edib. (S.Şıxıyeva) Mənən müsəlman olmağın başqa göstəriciləri varmı?

Klassik ədəbiyyatın tədqiqi ədəbiyyatşünaslığımızın “toxunulmaz” və özəl sahəsi kimi (az qala bir əsrdir ümidimizi ərəb və fars dillərini bilən mütəxəssislərə bağlamışıq, onların da böyük əksəriyyəti məlum əfsanə və rəvayətləri təkrarlamaqla məşğuldur) həmişə xüsusi mütəxəssislərə tapşırılıb. Bu belə də olmalıdır. Lakin bu mütəxəssislərin işinin nəticəsi çox zaman nəticəsizliklə tamamlanıb...

Biz müstəqil, təkbaşına, sərbəst şəkildə sevə bilmirik, biz qiymət verə bilmirik, biz irsimizə, tariximizə sahiblənə bilmirik. Bizim ədəbiyyat və onun “şünasları” da bunu bacarmır, bunu ruhla, ilahi sevgi, mənəvi məsuliyyət və ilhamla deyil, rəsmi göstərişlə icra edirlər (yəni yaratmır, icra edirlər)...

“Mən Nəsimi haqqında roman yazmaq fikrində deyildim. Ulu öndər, gözəl insan Heydər Əliyev Azərbaycan tarixini bərpa etmək istəyirdi. Nəsimnin 600 illiyi yaxınlaşanda görkəmli ictimai xadim və şair Rəsul Rzanı Suriyaya, Hələb şəhərinə göndərdi. Sonra KQB-yə məktub gəlmişdi ki, köhnə almanaxlarda Nəsimi haqqında çoxlu yazılar var. Rəsul Rza getdi və Hələbdən Nəsiminin 4 divanını gətirdi. Biri farca, biri əsərbcə, ikisi türkcə. Bunları gətirəndən sonra Həsən Seyidbəyli dedi ki, a kişi, bu qədər yazıb-pozursan, Nəsimi, Nəsimi deyirlər e, onun haqqında yaz da, mən də çəkim. Başladım Nəsimi ilə maraqlanmağa. Rəsul Rzanın gətirdiyi materialların hamısını oxudum. Nəsimi yerdə yaşayıb, yerdə yazdığına baxmayaraq Bağlardan biridir... 1971-ci ildə film hazır oldu. Moskvada qəbul olundu, yenə məni ittiham etdilər ki, bu adam yer kürəsində olmayan dini təbliğ edir. Halbuki, bu, elmdir”. (I.Hüseynov)

Dünya bizim ədəbiyyatımızı, mədəni-mənəvi kamilliyimizi, fəlsəfi-intellektual mükəmməlliyimizi klassiklərimizə görə qəbul edir. Əsrlərdir bu özül üzərində pərvəriş tapırıq. Ə.Xaqani, N.Gəncəvi, İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli və onlarla digər mütəfəkkirlərimizin ədəbi irsinə elmi yanaşmadakı boşluqlar, biganəliklər milli mövcudluğa “alim” xəyanətinin təzahürüdür. Unutmayın! Qarabağdan ermənilərin oğurlayıb daşıdığı və İngiltərədə, Fransada “qədim erməni xalçaları” adlı sərgilərdə nümayiş etdirdiyi maddi-mənəvi sərvət itkiləri (xalçalar və onlarla bu qəbildən olan milli-etnik mövcudluq nişanələri) ilə paralel mənəvi-elmi xəzinəmiz də talan edilməkdədir. İ.Nəsimi də bu itkilər sırasında yox olmaqdadır...

# 3022 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #