Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı

Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
22 yanvar 2018
# 17:30

Kulis.az İradə Musayevanın “Sözlərin rəng assosiasiyası... Qara rəngli “repressiya”...” yazısını təqdim edir.

Repressiyanın 80 illiyinə həsr olunur...

VII məqalə

əvvəli burda

XIX əsrin sonu, XX əsrin əvvəllərində baş verən qlobal mahiyyətli hadisələr, inqilablar, müharibələr, modernləşmə prosesi və s. bizim ictimai-siyasi və ədəbi-mədəni görüşlərimizdə intibahi çevriliş yarada bilmişdi. Qarşıda Türk və islam mədəniyyəti, türkləşmək, müasirləşmək, islam dəyərləri, fəlsəfi görüşləri səviyyəsində özünü, milli mövcudluğunu isbat etmək sınağı dayanmışdı. C.Əfqani, İ.Qaspirallı, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topşubaşov kimi mütəfəkkirlərin ideya mexanizmi təkcə Azərbaycanın deyil, bütün türk-islam dünyasının şüurunda inqilab etməkdə idi. Azərbaycan cümhuriyyəti süquta uğrayandan sonra bu ideya məşəl kimi əldən-ələ gəzdi, şüurlarda kök atdı… 1920-ci ildə hakimiyyəti “sosialist inqilabı” adı ilə ələ alan Rusiya öz işğalçı siyasətini ilk növbədə elmi-mədəni, ictimai-siyasi düşüncə, təfəkkür tərzinə diktə edirdi. 1930-cu illərdə bu tendensiya daha israrla davam etdirilirdi. Azərbaycan insanının və ümumilikdə sovet adamının şüuruna zorla yeridilən “formaca milli, mahiyyətcə sosialist mədəniyyəti” anlayışı iflasa uğramaqda idi. Bu məğlubiyyət təkcə ədəbi-mədəni süquta yox, həm də siyasi tənəzzülə aparıb çıxarırdı. Ona görə də Stalin öz qəti qərarı ilə ilk növbədə elmi-ədəbi, mədəni sahələrdə repressiya əməliyyatına start verdi. Ədəbiyyatın bütün sahələrində “təmizlənmə” işi aparıldı.

Repressiya illərində ədəbi tənqid öz sözünü deyə bilirdimi?-sualı da yazı boyu məni düşündürürdü. Ədəbi tənqidin mövqeyi seçilirdimi və ümumiyyətlə, ədəbi tənqid sahəsində kimlər vardı?

Daha çox Əli Nazimin adı hallanır... Və maraqlıdır ki, həm “satan”, həm də “satılan” kimi...

Əli Nazim S.Vurğun və S.Rüstəmlə eyni zamanda - 1906-cı ildə anadan olmuşdu. Amma Təbriz şəhərində... Fars və rus dilini mükəmməl bilirdi. Bir müddət Batumda yaşamışdı. Onun da fəaliyyətində sovet sistemində işləyərək “türkçü” olmaq missiyası danılmamalıdır. Ədəbi yaradıcılığa 15 yaşında şeir və məqalələr yazmaqla başlayıb. Maraqlıdır ki, bütün SSRİ miqyasındakı türkçülük hərəkatının gizli şəkildə inkişaf etdirildiyi bir zamanda, 1925-ci ildə Ə.Nazim Leninqrada gedir və orada şərqşünaslıq fakültəsinə daxil olur. Bir fakt artıq haqqında bəhs etdiyimiz bir çox repressiya qurbanının bioqrafiyasında rastlaşdığımız “Türkiyəyə ezam olunma” ştrixi ilə üst-üstə düşür. Ə.Nazim də şərqşünaslıq fakültəsində oxuyarkən, 1927-ci ildə Türkiyəyə elmi ezamiyyətə göndərilir. Və orada F.Köprülüzadə ilə görüşür, ondan öz gələcək fəaliyyəti ilə bağlı proqram xarakterli məsləhətlər alır. Həmin illərdə sovetlərdə fəaliyyət göstərən türkçü ziyalıların Türkiyədə çap olunan “Türk yurdu” dərgisi ilə sıx əməkdaşlığı olub. Və bu əməkdaşlıq 1937-ci il sorğulamalarında “cinayət faktı” statusu aldı... “Moskva Kommunist Akademiyasında aspirant”, “SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi”, “Ədəbiyyat ensiklopediyasının redaktoru”, “Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin və ədəbi mətbuat orqanı redaksiya heyətlərinin üzvü” kimi sovet elmi strukturlarında yer tutan Ə.Nazimin “türkçülük”, “millətçilik” fəaliyyəti haqqında qovluq 1937-ci ildə tam hazır oldu və elə həmin ilin mart ayında həbs olundu. Oktyabr ayında isə çox qısa bir məhkəmə prosesinin qərarı ilə 10 il azadlıqdan məhrum edildi. Amma 1941-ci ildə, H.Cavid ölən ildə o da həbsxanada vəfat etdi... Həyat yoldaşı Ste­fa­ni­da Se­me­nov­na Mah­mud­­z­adə də elə 1937-ci ildə “Vətən xaininin ailə üzvü” kimi 5 il azadlıqdan məhrumluq cəzası aldı...

Ə.Nazimin bəraət məktubunu 1956-cı ildə Əli Nazimin oğlu Ramin Mahmudzadənin SSRİ DTK-nə yazılan ərizəsinə əsasən 21 may 1956-cı il tarixdə Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn, Məmməd Arif, Mir Cəlal Paşayev, Əli Vəliyev, İlyas Əfəndiyev və Bəxtiyar Vahabzadə imzaladı...

Yazıçılar İttifaqının sonralar işdən çıxarılan və “əksinqilabçı” kimi ittiham edilib sürgün olunan sədri S.Şamilovun o ağır illərdə Ə.Nazimə qarşı qəzəbinin bir səbəbi də “layiq olmadığı halda cibində M.Qorkinin imzası olan kitab gəzdirməsi faktı” olmuşdu... S.Şamilov iclasların birində deyir: “Yoldaşlar, ədəbiyyatımızda bir çoх konturrevolyusenerlər haqqında, tənqidimizin liberallığı haqqında da qeyd etmək istəyirəm. Siz Əli Nazimin liberallığın bilirsiniz. Siz bilirsiniz ki, Əli Nazim ədəbiyyatımızda qabaqca atını sürmüşdür. Çoхları avantüristliklə məşğul olmaqla bərabər, yazıçılıqla da məşğul olmuşdur. Lakin aхır zamanlarda Əli Nazim ifşa edilmişdir. Bu bir çoх işlərdə olmuşdur. Hətta mollalıq da etmişdir (yerlərdən on bir arvadı vardır). On bir qadını vardır, ona çoх söz deyə bilərlər. Əlbəttə bu sizi sevindirdi ki, biz o adamı ortamızdan götürdük”. (A. Kənan. XX əsrdə repressiyaya məruz qalanlar. Bakı, 2011)

Ə.Nazim zamanının nüfuzlu ədəbiyyatşünası, tənqidçisi idi. Əlyazmaları, əsərlərinin böyük bir qismi məhv edilmişdi. B.Çobanzadə H.Cavid haqqındakı ifadəsində Ə.Nazimin müsbət rəylərini örnək göstərirdi. Ə.Nazim H.Cavidi “zamanın tək böyük şairi” kimi dəyərləndirirdi. Baxmayaraq ki, zaman gələcək və Ə.Nazim H.Cavidin “Sədəfli saz” və “Şəhla” əsəri səhnə üçün yararsız və zərərli elan olunanda başqa söz deyəcək: “Mən, şəxsən “Şəhla” pyesini oxumamışam, amma Hacı Baba Nəzərli, Əli Kərimov, Əli Ələkbərli və başqalarının sözlərindən məlum olur ki, onun yararsız elan edilməsi Sovet ruhuna uyğun gəlməməsi, sənətkarlıqdan uzaq olması ilə əlaqəlidir”.

Ə.Nazim B.Çobanzadənin əleyhinə ifadə verməyə məcbur ediləndə S.Vurğunu və S.Rüstəmi də da “əksinqilabçı və müsavatçı” kimi təsdiqləyir... Amma sonralar mətbuatda nədənsə, sağ qalan S.Vurğun və S.Rüstəm “satan”, Ə.Nazim isə ancaq “ələ verilən” “satılan” kimi qeyri-obyektivcəsinə təqdim edildi və insanların o zamankı repressiya prosesinə qarşı münasibəti yanlışlıqlarla səciyyələndi. B.Çobanzadə Ə.Nazimlə 1932-ci ildən birgə əksinqilabi təşkilatlarda fəaliyyət göstərdiyini yazmışdı. V.Xulufluya da eyni məzmunlu ifadələr verdirilmişdi. O, Ə.Nazimi 1927-28-ci illərdən etibarən, Leninqradda oxuduğu zamandan “millətçi” kimi tanıdığını yazırdı. Həm də bildirirdi ki, Türkiyə mətbuatında anti-sovet ruhlu məqalələr yayımlayıb. “Ə.Nazim mənimlə söhbətdə ÜĠK(b)Partiyasının rəhbərliyinə, onun milli məsələlər üzrə mövqeyinə qarşı etirazını bildirib, sistemli şəkildə ona böhtan atırdı. Azərbaycanda elmi mütəхəssislərə qiymət verilmədiyini, eyni zamanda respublikanın özünün milli mütəхəssisi olmadığını tənqid edirdi. 1934-cü ildə Ə.Nazim mənim evimdə ZSSFR hökumətinin siyasətini tənqid edərək qeyd edirdi ki, guya Gürcüstana büdcədən çoх vəsait ayrılır, nəinki Azərbaycan SSR üçün”. (A. Kənan. XX əsrdə repressiyaya məruz qalanlar. Bakı, 2011)

Əvvəlki məqalələrimin birində də qeyd etmişdim ki, 1925-1926-cı illərdə SSRİ miqyaslı türkçülük, millətçilik ideyasının və fəaliyyətinin xüsusi vüsət almasının obyektiv səbəbləri vardı. 1925-ci ildə Səmərqəndə Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Başqırdıstan, Dağıstan, Azərbaycan və başqa məmləkətləri bir vahid türk dövləti daxilində birləşdirmək ideyası sırf anti-sovet ideya üzərində qurulmuşdu. Ona görə də həmin gizli təşkilatın fəaliyyət dairəsi Bakını bu təbliğat strategiyasının mərkəzinə çevirdi. Tatar türkoloqu Əziz Qubaydullinin və başqa türkçü alimlərin, ziyalıların Bakıya köçməsi də bu səbəbdən idi. Diqqət edəndə görürük ki, bizim repressiya qurbanlarının mühakimə qovluğunda qeyd edilən “cinayətkarlıq tarixi” də daha çox məhz həmin illərlə əlaqəli şəkildə göstərilir. H.Zeynallı da Ə.Nazim haqqında verdiyi ifadəsində 1925-1926-cı illər zamanından bəhs edir.

Ə.Nazim özü də “Türk yurdu” jurnalında çap olunan məqaləsində anti-sovet mövqeyindən peşmanlıq duyduğunu “etiraf” edir və göstərirdi ki, 1927-ci ilə qədər “pantürkçü” olub, Türkiyədə yayımlanan yazılarında, təbliğatlarında sovet hökumətinə şər, böhtan atıb, bu əməlindən artıq peşmandır...

Məqalənin əvvəlində də qeyd etdiyim kimi, Ə.Nazim də tutulan başqa yazarlar haqqında ifadələr verir, onları “satırdı”... Məsələn, onun 1937-ci ildə verdiyi şahidlik ifadələri arasında həm də H.Nəzərli haqqında ittihamları var idi. O, H. Nəzərlini “əksinqilabçı”, “millətçi”, “partiya daxilində ikiüzlü” olan, “osmançılığı yayan”. “türk xəlifə mədəniyyətinin tərəfdarı olan” biri kimi səciyyələndirirdi: “1933-34-cü illərdə H.Nəzərli mənə şəхsən dəfələrlə deyirdi ki, Azərbaycanın partiya rəhbərləri ilə mübarizə aparmaq lazımdır”.

Aydındır ki, 1930-cu illərin ədəbi prosesində bizim başa düşdüyümüz anlamda ədəbi tənqidçi mövqeyi ola bilməzdi. Ə.Nazimi sovet ideologiyası deyil, ümumtürk, ümummilli əqidə tendensiyası formalaşdırmışdı. Ona görə də onu H.Cavid və o masştablı yazıçıların yaradıcılığı maraqlandırırdı. O öz fəaliyyəti boyunca həqiqi sovet tənqidçisi ola bilmədi...

Amma həmin illərin başqa bir ədəbi siması vardı ki, Ə.Nazimdən sonra onu ədəbi tənqid sahəsinə “ezam” etmişdilər... Bu Mehdi Hüseyn idi...

“Mehdi Hüseynin yaradıcılıq yolu hamar olmamışdır. Dövrün səhvləri, ədəbi irsə olan yanlış münasibət ədibin də yaradıcılığına təsir etmişdir. O, APYC (Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti) fəal rəhbərlərindən biri idi. Bu, onun da yaradıcılığının başlanğıcında müəyyən səhvlərə yol verməsinə səbəb olmuşdu. Amma o dövrün ədəbi mühitini təhlil etdikcə bir çox məqamlar aydınlaşır. Klassiklərə ögey münasibət, onların inkar edilməsi haqsızlıq idi. Mehdi Hüseyn kimi qələm sahibləri isə bu yanlışlığı sonadək apara bilməzdilər. Sonralar ədib öz yazılarında bu məsələyə toxunmuşdur: “Biz sovet ədəbiyyatı uğrunda mübarizədə yanıldıq. Çünki milli ədəbiyyata qarşı çıxmışdıq”. (F.Xəlilzadə)

M.Hüseyn 1920-1930-cu illərdə Ə.Nazim ədəbi tənqidinin davamçısı kimi deyil, sırf sovet ideologiyası təbliğatının yazarı oldu. 1927-ci ildə o “Qoyun qırxını” hekayəsini yazmaqla bədii yaradıcılığa başladı, 1930-cu illərdə isə qadın azadlığı, sosializm quruculuğu, inqilabın kənd və qəsəbələrdə, şəhərlərdə təntənəsi və s. bu kimi mövzularda çıxış etdi. O bədii ədəbiyyatda sanki nümunə göstərir və digər sovet yazarlarından da bu mövqeni ədəbi tənqidçi kimi tələb edirdi... 1930-cu ildə çap olunan “Ədəbi döyüşlər” adlı tənqidi məqalələr toplusunun adı artıq çox söz deyir...

V.Yusifli M.Hüseynin tənqidçi kimi fəaliyyətini yüksək qiymətləndirərək yazırdı ki, “A­zər­bay­can ədə­bi tən­qi­di­nin 1930-1965-cı il­lər mən­zə­rə­si­ni Meh­di Hü­seyn­siz tə­səv­vür et­mək müm­kün de­yil. M.Hü­seyn ədə­bi tən­qi­din ən cə­sa­rət­li, sö­zü vax­tın­da, həm də kəs­kin­li­yi­lə söy­lə­yən bir nü­ma­yən­də­si idi və tən­qid­çi həm­kar­la­rın­dan da­ha çox bu cə­hə­tiy­lə se­çi­lir­di ki, çox za­man tən­qi­din bə­dii əsər­lər, ədə­biy­ya­tın ya­ra­dı­cı­lıq prob­lem­lə­ri ilə bağ­lı ilk sö­zü­nü o, de­yir­di. Otu­zun­cu il­lər­də ya­ra­dı­cı­lıq me­to­du ilə bağ­lı mə­sə­lə­lər, ədə­biy­ya­tın ye­ni nəs­li, kom­mu­nist ya­zı­çı­la­rın ya­ra­dı­cı­lı­ğı, qır­xın­cı il­lər­də Azər­bay­can ədə­biy­ya­tı­nın mü­ha­ri­bə döv­rü və­zi­fə­lə­ri, əl­lin­ci il­lər­də ro­man jan­rı­nın in­ki­şa­fı, şei­ri­mi­zin, nəs­ri­mi­zin və dra­ma­tur­gi­ya­mı­zın o dövr­kü mən­zə­rə­si, alt­mı­şın­cı il­lər­də ədə­biy­ya­tı­mı­zın in­ki­şa­fın­da ye­ni bir mər­hə­lə­nin xü­su­siy­yət­lə­ri ilk də­fə tən­qid­çi Meh­di Hü­sey­nin mə­qa­lə­lə­rin­də öz ək­si­ni tap­mış­dı. Əgər söh­bət ay­rı-ay­rı sə­nət­kar­la­rın ya­ra­dı­cı­lı­ğın­dan dü­şər­sə, de­yə bi­lə­rik ki, Meh­di Hü­sey­nin xü­su­si diq­qət­lə ya­naş­dı­ğı, ya­ra­dı­cı­lı­ğı­nı qay­ğı və həm də tə­ləb­kar­lıq­la iz­lə­di­yi ya­zı­çı­lar ol­muş­dur. O, M.S.Or­du­ba­di­nin, Sə­məd Vur­ğu­nun, Sü­ley­man Rüs­tə­min, Əbül­hə­sə­nin, Sa­bit Rəh­ma­nın, Mir Cə­la­lın, Məm­məd Ra­hi­min, Sü­ley­man Rə­hi­mo­vun, Əli Və­li­ye­vin, Əh­məd Cə­mi­lin ya­ra­dı­cı­lı­ğı­na dö­nə-dö­nə mü­ra­ciət et­miş­dir”.

Sovet ideologiyası bizim ədəbiyyatı böyüməyə, dünya ədəbi-estetik düşüncə arenasına çıxmağa qoymadı. Bizim ədiblərin çoxu çox-çox sonralar anladı ki, bir ömürlük ədəbi fəaliyyət, mübarizə və mücadilə yanlış yola doğru addımlamaq imiş. Bu ədəbi simalardan biri M.Hüseyn idi.

İ.Əfəndiyev “Yeri görünən adam” adlı memuarında M.Hüseynlə repressiya illəri haqqındakı söhbətini belə ifadə etmişdi: “Bir dəfə 50-ci illərin ortaları idi, ona dedim ki, mən orta məktəbdə oxuyanda, qəzetlərdə tez-tez sənin Cəfər Cabbarlı haqqında kəskin məqalələrin çıxardı, özün dilçi olmadığın halda böyük dilçi, professor B.Çobanzadəni, haqsız olaraq ittiham eləyirdin. Nə üçün heylə eləyirdin axı? O, boğulurmuş kimi dərindən köks ötürüb: - Bunlar hamısı, - dedi, - lənətə gəlmiş vulqar sosiologizmin təsiri idi. Özü də mən tək deyildim. Biz cavan idik. İndi fikirləşirəm ki, vulqar sosiologizm bizi estetikadan uzaq salmışdı. Biz tribunada döşümüzə döyüb Cəfər Cabbarlı kimi, Cavid kimi gözəl sənətkarlarımızın, Əhməd Cavad, Sanılı kimi şairlərimizin, hətta, Mirzə Cəlil kimi böyük ədibimizin hərəsinə bir-bir damğa vururduq. Kimini pantürkist, kimini xırda burjua yazıçısı, kimini də nə adlandırırdıq... Biz, Yusif Vəzir kimi, Cavid kimi təmiz insanlara siyasi böhtanlar atmaqdan çəkinmirdik. Biz o tribunalardan, hətta, klassiklərimizə də atəş açırdıq. Amma mən indi “böhtan” deyirəm, o zamanlar isə, dediklərimə inanırdım. Onun bu cür əsəbiliyi, ürək yanğısı mənə də təsir eləyirdi. Mən hələ yazmağa başlamazdan əvvəl, 1936-37-ci illərdə günahsız adamların başlarına gətirilən çox faciələrin şahidi olmuşdum. Xüsusən böyük artistlərin faciəsi mənə çox təsir etmişdi. Mən də əsəbiliklə dedim: - Abbas Mirzə Şərifzadə də, Ülvi də o illərin qurbanı oldu... - Abbas Mirzə kimi qurbanlar bir deyildi, yüz deyildi... Ayrı söhbət danış, - deyə o, papiros yandırıb küçəyə baxan pəncərənin qabağına keçdi”.

Bütün bu dəyərləndirmələrdə həqiqət çalarları olsa da, M.Hüseyn sadəcə sovet tənqidçisi oldu... Onun istər S.Vurğuna, istərsə də digər ədiblərə qarşı kəskin və cəsarətli çıxışı belə sovet ədəbiyyatı, sovet ideologiyası təbliğatının ədəbi tənqid tribunası ampluasını tərk edə bilmədi, sona qədər... Artıq, Stalinin ölümündən sonra, 1960-cı illərdə “Yeraltı çaylar dənizə axır” müəllifi olmaq ədəbi qəhrəmanlıq sayıla bilməzdi...

M.Hüseyn tarixi mövzuda dram əsərləri (“Ni­za­mi”, “Ca­van­şir” və “Şeyx Şa­mil”) yazanda da, müharibə ədəbiyyatı (“Fəryad” pyesi), zavod, fabrik sənayesinin inkişafına dəstək ola biləcək romanlar yazanda da ancaq və ancaq sovet yazarı oldu...

Ümumiyyətlə, repressiya illərindən sonra ədəbiyyatımızda ən çox qlafda qalan, öz müstəqil ideya və məramnaməsi ilə mövqe nümayiş etdirə bilməyən sahə kimi ədəbi tənqid sahəsi diqqəti çəkdi, düz 1960-cı illərə qədər... O illərə qədər ədəbi tənqid sahəsindəki boşluğu elə çox zaman yazıçı və şairlərin, dramaturqların özü doldurur, bir-birlərinin yeni çap olunan əsərlərinə münasibət bildirirdilər. M.Arif, M.Cəfər, C.Xəndan, Ə.Sultanlı, P.Xəlilov və başqa ədəbiyyatşünasların tənqidçi kimi fəaliyyəti də həmin məlum tendensiyalı yanaşma həddini keçə bilmədi... Bu müəlliflər hamısı ədəbi tənqidimizin mövqeyini sosializm realizmi platformasında stabilləşdirdi... On illərlə ədəbi tənqidin didaktika, öyüd-nəsihət və sosializm realizmi tendensiyalı olması tənəzzülünün əsil səbəbi yenə də repressiya illərinin sözə, ədəbiyyata qaldırdığı qanlı qılınc faktı oldu... Ədəbi tənqid kimi yaradıcılıq forması azad düşüncə, sərbəst özünüifadə və cəsarətlilik tələb edir. Repressiya qılıncının hədəfi isə məhz bu keyfiyyətləri aradan götürməkdən ibarət idi...

Ardı var

21.01.2018.

# 1418 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
# # #