Plastik əməliyyat, ayfon, kredit və əxlaqsızlıq - Ömər Xəyyam

Plastik əməliyyat, ayfon, kredit və əxlaqsızlıq - Ömər Xəyyam
5 may 2025
# 12:25

Kulis.az Ömər Xəyyamın "Arzusu olmayan sintetik xordalılar" yazısını təqdim edir.


Məlum, tərbiyəli olanların çoxu əxlaqsız, əxlaqlı olanların çoxu tərbiyəsizdir.

Di gəl, virtual/fiziki təlqinlərlə özlərini özgələrinin arzularına qurban vermiş şirin, yumru, balaca istismar/istehlak obyektləri bu həqiqətdən agah deyil və onların xəbəri yoxdur ki, izafi ehtiyac birbaşa reklam sənayesinin, pop-kulturanın, sosial medianın diktəsiylə yox, həm də əxlaqi aşınmayla yaranır.

Hamımız bilirik, arzunun mənbəyi fərdin özü yox, özgələridir.

Yəni, sən başqasının arzuladıqlarını arzulayırsan: Tutalım, Sabişkanın əlindəki ayfonu – yəni, Sabişkanın əlində tutduğu başqasının arzusunu – istəyirsən və müxtəlif üsullarla – kreditlə, borcla, gecə-gündüz işləyərək – haman uydurulmuş istəyinə çatırsan.

Yəni, özgələşirsən. Özünə, əslinə, kimliyinə yadlaşırsan, başqalarının arzularını reallaşdıran makinaya çevrilirsən.

Evli, (təkcə evlənmiş mənasında yox, həm də evi olan) işli, maşınlı… tez-tez səyahət edən, qışda yad ellərə xizək sürməyə, yayda okean sahillərinə çimməyə gedən… lüks həyatı olan kişi modeli… – müqayisə predmetidir.



O hardasa yeyir, sən arzulayırsan…
O hardasa içir, sən arzulayırsan…
O bahalı maşın alır, sən arzulayırsan…
O məmələrini böyüdür, sən arzulayırsan…
O filan yerini kəsdirir, sən arzulayırsan…

Beləcə, onun arzularını arzulayırsan. Müqayisə edirsən…
Ya o adama çatırsan, ya da o arzu səni depresiyaya salır, tamamilə məhv edir.
Hər iki halda başqalarının arzusu uğrunda özünü fəda edirsən.

Və bu qurbanvermə mərasimi səni cəmiyyətdə “kişi hədəf qoydu, hədəfinə çatdı”, “halal olsun, işlədi, işlədi, nəhayət, istədiyi yerdədir” oxşamalarıyla tərbiyəvi, nümunəvi fərd kimi səciyyələndirsə də, biləsən, tamamilə əxlaqsız prosesdir.

Nədən ki, bu məqsədəyetmə aktı tamamilə əxlaqazidd şəkildə baş vermiş…

Ümumiləşdiririk:
Arxasını böyüdən qadın, sözsüz, əxlaqsızdır.
Başqasının evini arzulayıban özünə əl qatan, özünü, kimliyini qurban verən kişi, əl-əlbət, əxlaqsızdır…

Tərbiyəli olsa da…

Üstəlik, prosesə "estetik əməliyyat" adı vermək... bilmirəm, şüurlu, yoxsa qeyri-iradi şəkildə baş verib.
Məsələnin, birbaşa estetikayla əlaqəsi yoxdur, əlbəttə, mən bu təsbiti başqa cür oxuyuram: yəni, estetikanı əməliyyat edirlər, kəsib götürürlər.
Müstəvinin fərqi yoxdur, əxlaqsız əməl həm də qeyri-estetikdir.

Beləliklə, əxlaqi dəyər erroziyaya uğrayır, sıradan çıxır və öz arzusu olmayan sintetik xordalılar yaranır.



“Çoxluqdan ötrü fərqi yoxdur.
Uşaq bezlərinə ucdantutma "pampers" deyir.
Yaxud elektrikli çaydan...
Əgər bir çaydan elektriklidirsə, adı "tefal"dır…”

ləzgi məsəli


Mağarada yaşayan ulu əcdadımız pitekantrop daşla/ağacla quş quşlayanda, ov ovlayanda... niyyəti eləcə yaşamaq idisə və bu qanlı istehlakın səbəbi instinktiv idisə, indiki təkmil pitekantroplar, yəni, biz - məməli, xordalı şüurlu canlılar meqapolisin ortasında, ticarət mərkəzinin bilməm neçənci mərtəbəsində, manipulyativ tələbat vitrinlərinin önündə meymunluq edirik.

Market arabasını ağzına kimi dolduran Hümbətin mahiyyət etibarilə fil dalınca qaçan əcdadından fərqi yoxdur.

Bu diktə edilmiş izafi istehlak, bu markamaniya fərdlərin təkcə rəngarəngliyini, özünəxaslığını öldürmür, həm də onların xarakterini eyniləşdirir.

Markamaniyanın əsas simptomu - zahiri oxşarlıq zamanla eyni cür yeyən, eyni cür geyinən, eyni cür sevən, eyni cür ayrılan... – bircür, yekrəng, təkcins xordalıların yaranmasına səbəb olur.

Əlifağanı ayfonun funksiyaları qətiyyən maraqlandırmır: o ayfonla elə "samsunq" telefonunda gördüyü işi görəcək: yenə kiməsə yazacaq, yenə tik-tokda sülənəcək.

Məsələn, on min cür qəndqabı satılır, milyon növ stəkan istehsal olunur, di gəl, hamısının funksiyası eynidir: qəndqabına qənd, stəkana maye.

Soruşarsan, məhsul çoxluğudur, çeşid bolluğudur... nəyi pisdir, rəngarənglikdir də... və beləcə, müxtəlif zövqləri, başqa müxtəliflikləri əsas gətirərsən, fəqət həqiqət bu ki, çeşid çoxluğu, növ müxtəlifliyi xordalı, məməli aliləri öz rəngindən, öz mahiyyətindən uzaqlaşdırdı; hamı dönüb oldu eyni cür, eyni rəngdə və eyni mahiyyətdə.

İndi növ çoxluluğu, zövq müxtəlifliyi, təxminən, artefaktdır.

Bir sözlə, vaxt keçir, fərdin məxsusiliyi, unikallığı itir.
Bir məhsulun yüzlərlə növü var. Bir məhsul yüzlərlə növdə, çeşiddə istehsal edilir. Biz də sevinirik ki, seçim azadlığımız var.


Beləliklə, yaşlandığımız beton cəngəllikdə özünü ifadə edə bilməyən, hisslərdən arınmış, heyrətlənmək hissini itirmiş, bir/birinə oxşayan, bir/biriylə eyniləşmiş, arzulaya bilməyən - başqalarının arzularından ibarət xordalılar çoxalır.

Bu beton cəngəlliyin çıxış qapısı isə elə cəngəlliyin girişindədir.

# 1213 dəfə oxunub

Oxşar xəbərlər

Gədəbəy Aşıq Məktəbinə Aşıq Ələsgərin adı verildi

Gədəbəy Aşıq Məktəbinə Aşıq Ələsgərin adı verildi

18:08 5 may 2025
“Aranda Kino Günləri” layihəsinin birinci mərhələsi başa çatıb

“Aranda Kino Günləri” layihəsinin birinci mərhələsi başa çatıb

17:40 5 may 2025
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:20 5 may 2025
Ledi Qaqadan yeni rekord

Ledi Qaqadan yeni rekord

16:45 5 may 2025
"Orqan musiqisi axşamı" adlı konsert keçirilib

"Orqan musiqisi axşamı" adlı konsert keçirilib

16:43 5 may 2025
Yəhudilərin borc əvəzinə istədiyi, girov qoyulan türk yurdu - Krım kimindir?

Yəhudilərin borc əvəzinə istədiyi, girov qoyulan türk yurdu - Krım kimindir?

16:41 5 may 2025
#
#
# # #