Şaumyanla dost olan, erməni terrorunun qurbanı Daxili İşlər nazirimiz-ARAŞDIRMA

Şaumyanla dost olan, erməni terrorunun qurbanı Daxili İşlər nazirimiz-ARAŞDIRMA
14 noyabr 2013
# 13:00

44 yaşında erməni terrorunun qurbanı olan Behbud xan Cavanşir Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxili işlər naziri olub. O, Qarabağ xanı Pənahəli xanın nəticəsi, Azad xanın oğludur.

Behbud xan Cavanşir 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub, oranı müvəffəqiyyətlə bitirib. Həmin məktəbdə Behbud xan Tiflis mağazalarından birinin xidmətçisinin oğlu olan Stepan Şaumyanla 8 il bir sinifdə oxuyub. Erməni dilini öyrənməkdə ona Şaumyan kömək edib. Sonralar Behbud xan Şaumyanı dəfələrlə işə düzəldib, sürgünlərdən və həbslərdən xilas edib. 1908-ci ildə Şaumyan Behbud xanın sayəsində “Xalq evi”nin müdiri təyin olunub. Dubinski Muxadzenin “Şaumyan” kitabında bu məsələyə toxunulur. Qeyd edilir ki, realnı məktəbdə birgə oxuyub ürək sirlərini bir-birlərinə açan azərbaycanlı xanın oğlu Behbud Cavanşirin erməni Şaumyanın həyatında rolu böyük olsa da, Stepanla Behbud çox vaxt eyni yolla getməmişlər. Onları bir-birindən çox şey ayırırdı: ictimai vəziyyət, həyat idealları, siyasi baxışlar.

Behbud xan 1902-ci ildə Almaniyaya gedib dünyada ilk ali texniki məktəb sayılan Frayberq Dağ-Mədən Akademiyasına daxil olub. O, burada mükəmməl təhsil alaraq mühəndis ixtisasına yiyələnib və akademiyanı fərqlənmə diplomu ilə bitirib. Behbud xan həmin akademiyanın ilk azərbaycanlı məzunudur. Behbud xan ingilis dilini öyrənmək üçün İngiltərəyə gedib Londondakı birillik təkmilləşdirmə kurslarında da oxuyub. O, ümumilikdə altı dili- ingilis, alman, fransız, rus, gürcü və erməni dillərini sərbəst bilib.

1907-ci ildə yüksək ixtisaslı neft mühəndisi kimi vətənə qayıdan Behbud xan Cavanşir Bakının neft mədənlərində çalışmağa başlayıb və tezliklə şəhərin zəngin adamlarından biri olub.

O, Əhməd Ağaoğlunun yaratdığı “Difai” partiyasına daxil olub və bu partiyanın Mərkəzi Komitəsinin üzvü seçilib. Behbud xan həm də xeyriyyəçiliyi ilə də tanınıb. O, Bakıdakı “Müsəlman xeyriyyə cəmiyyəti” idarə heyətinin üzvü olub, bir neçə azərbaycanlı gəncə öz hesabına ali təhsil verib, anadilli mətbuata ardıcıl şəkildə yardım göstərib.

Birinci rus inqilabından sonra Behbud xan siyasi məsələlərlə yaxından maraqlanıb. Onun milli hərəkatdakı xidmətləri Qafqaz gizli polisinin diqqətini çəkmiş, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topçubaşov, N.Nərimanov və başqa Azərbaycan ziyalıları kimi onun da adı canişinliyin “qara kitabına” düşmüşdü.

Behbud xan Cavanşir 1917-ci ildə Müsavat partiyasına daxil olub. 1918-ci il də o, Azərbaycan parlamentinə üzv seçilib. 1918-ci il iyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutan Behbud xan, həmin il oktyabrın 6-dan ilin sonuna qədər eyni zamanda həm də sənaye və ticarət nazirinin funksiyalarını da yerinə yetirib. Bu vəzifədə o, yerli sənayenin inkişaf etdirilməsində, Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrlə əlaqələrinin yaradılmasında da əhəmiyyətli işlər görüb.

Milli, müstəqil polis orqanlarının təsis olunması və inkişafı məhz Behbud xan Cavanşirin adı ilə bağlıdır. Bir daxili işlər naziri kimi Azərbaycan hökuməti onun təqdimatı ilə 1918-ci il iyulun 2-də Gəncə quberniyasının doqquz qəzasında azərbaycanlı kadrların üstünlük təşkil etməsilə müstəqil, milli ilkin milis orqanlarının təsis edilməsi barədə qərar qəbul edib. Hazırda qüvvədə olan 2 iyul Polis Günü həmin qərar əsasında rəsmi status alıb.

Siyasi motivlərə görə 1918-ci ilin yayında Müsavat Partiyasından uzaqlaşdıqdan sonra Behbud xan Cümhuriyyətin süqutuna qədər sərbəst deputat kimi parlamentdə fəaliyyət göstərib. O, parlamentdə iştirak etməklə yanaşı, 1919-cu ildən “Dəyanət” kommersiya şirkəti açıb, xarici ticarətlə məşğul olub və bu sahədə görünməmiş uğur qazanıb.

O dövrdə Qarabağda yolların abadlaşdırılması da ora ilk avtomobil gətirmiş Behbud xanın adı ilə bağlıdır.

Bolşevik işğalından sonra Behbud xan hələ Azərbaycanda idi. Həmin dövrdə Behbud xanla Bakıda görüşən doktor Rza Nur özünün “Moskva-Sakarya” xatirələri” “Bir Azəri vətənpərvəri: böyük şəhid Behbud Cavanşir” bölümündə yazırdı: “Behbud Cavanşirlə tanış oldum. Gənc, gözəl, fövqəladə zəkalı və məlumatlı bir şəxsdir. Vaxtı ilə Almaniyada mühəndislik təhsili alıb. Bolşeviklik əleyhinə olanlardandır. Ruslardan əvvəlki Milli Azərbaycan Respublikasında nazir imiş. Ruslar gələn kimi onu da həbs etmişdilər. Lakin neft mədənlərini kimsə dürüst işlədə bilməmişdi. Cavanşiri həbsdən çıxarıb ora göndərməyə məcbur olmuşlar. O da işi yoluna qoymuş. Bu adam çox türkçü və vətənpərvərdir”.

1921-ci ildə Xalq Komissarları Sovetinin sədri N.Nərimanovun tapşırığı ilə Cənubi Qafqaz Soveti Xarici Ticarət təmsilçisi kimi Behbud xan neft-mədən avadanlığı almaq üçün Almaniyaya göndərilib. Almaniyaya gedərkən İstanbulda görkəmli ədib Yusif Vəzir Çəmənzəminli ilə görüşən Behbud xan vətənə qayıtmaqda (Y.V.Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Türkiyəyə səfir göndərilmişdi. Onun köməkçisi də Cahangir bəy Qayıbov idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onlar tutulacaqlarından ehtiyatlanaraq İstanbuldan vətənə gələ bilmirdilər) ona kömək edəcəyinə söz verib. Lakin Yusif Vəzirə kömək etmək Behbud xan Cavanşirə nəsib olmadı... Onun özünü də faciə gözləyirdi.

Behbud Cavanşir 1921-ci ilin yayında milliyyətcə rus olan həyat yoldaşı Tamara xanım, qardaşları Surxay və Cümşüdlə birlikdə İstanbulda o vaxt Malta adasında sürgündə olan Əhməd bəy Ağaoğlunun qonağı olur. Ə.Ağaoğlunun qızı Sürəyya xanım xatirələrində yazır: “Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi özünə vəzifə bildiyini və buna görə də hərəkət etmək lazım gəldiyini söylədi...

Azərbaycan daxili işlər naziri Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə başındakı evimizdə beş gün gizli yaşadı. Ancaq rus əsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən, evimizi tərk edib “Pere Palas” mehmanxanasına yerləşdilər. Ertəsi gün səhər tezdən anamla Behbud xanın axşam “Pere Palas” mehmanxanasına gələrkən bir erməni tərəfindən vurulduğunu eşitdik”.

1921-ci il iyulun 17-də Behbud xan həyat yoldaşı Tamara xanım, qardaşları Surxay və Cümşüdlə axşam saat 23-də “Təpəbaşı” ailə kazinosunun İtaliya səfirliyinə baxan qapısından çıxaraq “Pere Palas” otelinə tərəf yönələrkən arxadan qaçaraq gələn, şapkasını gözünün üstünə qədər endirmiş cılız bir erməninin “Mauzer” markalı silahdan açdığı atəşlə ağır yaralanıb.

Üç dəfə dalbadal açılan atəşdən sonra Behbud xan erməni qatilin üstünə gedərkən üzüstə yerə yıxılıb. Növbəti güllə Tamara xanımla birgə qatilin silah tutan əlindən yapışmış 20 yaşlı Cümşüdün yanağını sıyırıb. Bu zaman Qalatasaray Mərkəzi Karakolunun polis məmuru hadisə yerinə yetişərək terrorçu Misaq Torlaqyanı qandallayıb.

Ağır yaralı halda xəstəxanaya çatdırılan Behbud xan 35 dəqiqədən sonra heç bir tibbi müdaxilə edilmədən dünyasını dəyişib. O ölməmişdən qabaq “Cənablar, pəncərəni açın, hava çatışmır, mən ağırlaşıram!” –kəlmələrini söyləyib.

Həmin vaxt qatil ingilis hərbçilərinin qərargahının yerləşdiyi “Kroker” otelində saxlanılırdı.

Behbud xan ölümündən üç gün sonra, 20 iyul 1921-ci ildə İstanbulda- Beşikdaşda torpağa tapşırılıb.

Ermənilər Behbud xanı öldürməkdə “əsas” da gətiriblər. Onlar deyirdilər ki, 1918-ci ilin sentyabrında birləşmiş Azərbaycan-Türk hərbi qüvvələri Bakını bolşeviklərdən və ermənilərdən təmizləyərkən guya şəhərdəki bütün erməniləri kütləvi surətdə məhv edilib. Həmin dövrdə ADR-in daxili işlər naziri olan Behbud xan Cavanşir guya nəinki bu soyqırımına imkan yaratmış, hətta baş nazir Fətəli xan Xoyski ilə birlikdə imzaladığı əmrdə “erməniləri qanundan xaric” elan etmiş və bununla da onların öldürülməsini qanuniləşdirmişdir. Həmin dövrdə Bakıda olan “Daşnaksütyun” partiyasının üzvü Misaq Torlaqyan guya millətinin düşdüyü bu dəhşətli vəziyyətdən sarsılmış və aradan üç il keçəndən sonra “erməni soyqırımının təşkilatçısı” Behbud xan Cavanşiri İstanbulda görərkən həmin dəhşətləri göz önünə gətirərək onu öldürməkdən özünü saxlaya bilməmişdi.

Behbud xanın məhkəmə prosesi haqqında canlı şahid Sürəyya Ağaoğlu yazır: “Kiçik, zəif adam olan qatil tir-tir titrəyirdi. Prokuror onun üçün ölüm cəzası istədi. Tələb bizi də heyrətləndirdi. Bu gənc zabitdən belə cəsarəti gözləmirdik. Lakin həmin prokuror 24 saatın içərisində Türkiyədən uzaqlaşmağa məcbur edildi. Yerinə gələn yeni prokuror isə müttəhimin bəraətini istədi. Təbii qatilə bəraət verildi və həmin gecə buradakı ermənilər tərəfindən vəkili ilə birlikdə Amerikaya qaçırıldı”.

1922-ci il yanvarın 4-də məhkəmənin hökmü elan edilib. İngilis Hərbi Məhkəməsi qatil Misak Torlakyanın cinayəti affekt halında, kəskin psixoloji sarsıntılar əsasında törətdiyini əsas gətirərək onu hüquqi cəhətdən müqəssir saysa da, tibbi baxımdan cəzadan azad olunması haqqında qərar çıxarıb.

Behbud xanın kiçik qardaşları Cümşüd və Surxay ömürlük Türkiyədə qalsalar da, Tamara xanım ömrünün sonunadək Moskvada yaşayıb. 1948-ci ildə sürgündən qayıdan Behbud xanın bacısı oğlu Əkbər Cavanşir yolüstü Tamara xanımın qonağı olarkən ondan nə əcəb ailə qurmadığını soruşub. Tamara xanım belə cavab verib: “Behbud xan kimi bir kişi tapmaq mümkünsüzdür”.

Mənbə:

V.Quliyev, Behbud xan Cavanşirin məhkəmə prosesi, 2008.

“Azərbaycan” qəzeti, 2006, 24 sentyabr

“Kaspi” qəzeti, 2012, 16 may.

# 5554 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #