İlahi, ilahi, yurd dağılarsa... – Qarabağ şeirləri

İlahi, ilahi, yurd dağılarsa... – <span style="color:red;">Qarabağ şeirləri
26 fevral 2018
# 09:00

Kulis.az Xocalı faciəsinin 26-cı ildönümü münasibəti ilə Qarabağ mövzusunda yazılmış seçmə şeirləri təqdim edir.

Məmməd Araz

Dilənçi qaçqın

İlahi, varımdan yox oldum bu gün,

Mən öz yumruğumdan yıxıldım bu gün.

Elə bil dağ uçdu başıma birdən,

Bir uşaq dayandı qarşımda birdən.

Əl açdı, "rəhm edin", qaçqınıq - dedi:

Bir az aralıda dayanan qadın

Uşağın sözünü təsdiq elədi:

"Qaçqınıq - dedi"

Uşaq da ananı təsdiq elədi:

"Qaçqınıq - dedi".

İlahi, ilahi, yurd dağılarsa,

Qayalar, dağlar da sökülüb gələr.

Çaylar, bulaqlar da tökülüb gələr

Dərə aşağı...

Şirlər balasını öyrətməz belə,

Qurdlar balasını öyrətməz belə,

Quzğunlar, qartallar öyrətməz belə,

İlanlar - çayanlar öyrətməz belə,

"Kişiyəm" - deyənlər öyrətməz belə,

Bu da azadlıqdır, bəlkə, ilahi.

Dilənçi yetirir ölkə, ilahi!

Vuruşa bilərmi dilənçi sabah?

Kimə arxalana bu ölkə sabah...

Bir sürü canavar yığaq bəlkə biz,

Göndərək bizimçün vuruşa bəlkə,

Bir mərmi yükləyək hər quşa bəlkə,

Göndərək bizimçün vuruşa bəlkə...

Daşlara süd verən yurdum hardasan?

"Vətənim!" - hayqıran ordum, hardasan!

İlahi, kardımı, kordumu dünya!

Bu ağ həqiqəti görmürmü dünya?!

May, 1992

Image result for Qaçqınlar

Tofiq Bayram

Qarabağı vermərəm!

Bütün aləm danışır

mənim səxavətimdən,

Dostlara pay verəndə

bahasını verərəm.

Qonağa süfrə açıb

öz halal nemətimdən,

Evimin ipəyini,

xarasını verərəm.

Lazım gəlsə yolunda

keçib, can sərvətimdən

Çıxarıb ürəyimin

parasını verərəm.

Kimlər ki, şəfqət tapır

öz ana təbiətimdən

Dərman kimi dağların

havasını verərəm.

Fəqət dağı vermərəm,

Mən heç zaman dönmərəm.

Fikrimdən, niyyətimdən,

lazım gəlsə, gözümün

Qarasını verərəm,

Qarabağı vermərəm!

Əgər yer-göy dağılıb,

dönsə baharım qışa

Parça-parça doğranıb,

yem olsam da qurd-quşa

Allah da göydən enib,

başlasa yalvarışa

Qara keşiş yumşalıb,

Kərəm ilə barışa

Göyçə gölü birləşib,

Göy-gölümlə qarışa

Yüz-yüz çaya Turşsutək

bir bulağı vermərəm

Mən canımı verərəm

Qarabağı vermərəm!

Bu necə qonşuluqdu,

üzük mənim qaş onun?

Mən öz başımdan keçim

çiynimdəki baş onun?

Torpağımdan pay verim

olsun könlü xoş onun?

Bu Qarabağ nə vaxtdan

məskəni olmuş onun?

Əli sınsın tarixi

belə düzüb, qoşanın.

Gözüm yoxdur üstündə

bircə qara daşının

Ağ dumanlar gəlinlik

duvağıdır Şuşanın.

Mən gəlinin üzündən

o duvağı vermərəm.

Namusum, ismətimdir

Qarabağı vermərəm!

Bu nə oyundu? - deyib

Vaqif qalxar məzardan,

Məqbərəsi od tutub

əriyər intizardan.

Lənət daşı yağdırar

Xan qızı daş hasardan.

Görən Üzeyir bəyə

çatıbdır bu səs hardan,

Qarabağın çənidir

tunc heykəli bozardan.

Nərə çəkir Koroğlu

cəngi çalır saz hardan.

Qıratdımı şığıyan

göyə qalxır toz hardan?

Çıxıb cıdır düzünə Nigar,

Xan Eyvaz hardan.

Kür burdan hay qoparır

kükrəyir Araz ordan.

Vətən satlıq mal deyil

əl çəkin bu bazardan.

Millətçilik deyilən

ən dəhşətli azardan.

Millət xilas olmasa

qurtarmaz ahu-zardan

Torpağıma girişən

Qarabağa gor eşən

Hər növ mərdi-məzardan,

cana doyub deyirəm

Əlin qopmasa ordan

köynəyim bayraq olub,

Seçilməz laləzardan,

mən əsgərəm əlimdən

O bayrağı vermərəm,

öz canımı verərəm,

Qarabağı vermərəm!

Image result for Xocalı

Fikrət Qoca

Qaçqın gəlinə

Yayda yaylağa gedərlər,

Səni sürdülər arana

Yayın cırcırama çağı

Mən də duz basdım yarana.

Xəyalın dağlar qoynunda,

Yarpızlı dovğa bulayır.

Dağda sənsiz qalan yurdun

Axşam qurd olub ulayır.

Evi viran qalan bacım,

Gözü-könlü talan bacım.

Ala gözə bulud qonur,

Göz yaşın qəlbinə axır.

Sinəni yandırır, yaxır,

Yuxarıdan tanrı baxır,

"Yaxan düymələ, düymələ".

Yollar uzun, dağlar uzaq,

Bu dərd varaqlara sığmaz,

Bu dərdi yollara yazaq.

Eyvanda qalan kitabı

İndi külək varaqlayır.

Siz dərəyə qaçan yerdə,

Hələ də bulaq ağlayır.

Məhlədə qalan yüyrüyü

Hansı xəyal yırğalayır?

Ağzı açıq qalan evlər

Axşam qurd olub ulayır.

Xəyal zəncir qırar qaçar,

O səsdən ürək çapalar,

Ürəyin sinəndən uçar,

"Yaxan düymələ, düymələ".

Bir gün köçün dönər geri,

Gözündə ümid işığı,

Ürəyində yanıq yeri…

Yurd üçün susuz dodağın,

"Oxqay" - deyib öpər yeri.

Darvazasız məhlələrin,

Divarı, daşı kövrələr.

Ürəyimdə daşa dönmüş,

Gözümün yaşı kövrələr,

Susub qəlbimdə inlərəm:

"Bəndləri uçuq ellərim,

Yaxası açıq evlərim,

Yaxan düymələ, düymələ".

Image result for qaçqınlar

Zəlimxan Yaqub

Xocalım, ay Xocalım

Bu dağların qoynunda yaşıl bir kənd varıydı,

Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.

Neçə dodağı şəkər, söhbəti qənd varıydı,

Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.

Yoxdu daha, nağıldı,

İtdi, batdı, dağıldı.

Mənim şirin qafiyəm, mənim üçcə hecalım,

Xocalım, ay Xocalım!

Ağzından alov saçan silahlar yedi səni,

İştahalar, nəfslər, tamahlar yedi səni.

Bağışlanmaz, yuyulmaz günahlar yedi səni,

Göydə Allahı danan “allah”lar yedi səni,

Heç Allah götürərmi qisasımı gec alım?

Xocalım, ay Xocalım!

Neçə ki yer üzündə yamanlar, pislər yaşar,

İçi dolu qurd olan nankor xəbislər yaşar,

Dumanlı beyinlərdə dumanlı hisslər yaşar,

Neçə ki bu şeytanlar, cinlər, iblislər yaşar,

Gərək hər gün, hər saat yağılardan öc alım,

Xocalım, ay Xocalım!

Quruyub cadar olmuş dodaqlara nə deyim?

Kəsilmiş biləklərə, barmaqlara nə deyim?

Qar içində buz olmuş ayaqlara nə deyim?

Yaxınlar eşitmirsə, uzaqlara nə deyim?

Tanrı rəva bilməsin, mən bu dərdlə qocalım,

Xocalım, ay Xocalım!

Nə möcüzə göstərim, nə cürə imkan tapım,

Qan itirən kəslərin damarına qan tapım?

Hansı yolu seçim ki, dərdinə dərman tapım,

Amansız cəmiyyətdə sənə nə aman tapım?

Millətəmi güvənim, torpaqdanmı güc alım?

Xocalım, ay Xocalım!

Sənə yas verənlərə yas dalınca yas gərək,

İgidlərim öyməli, oğullarım xas gərək.

Dəmirdən geyim gərək, poladdan libas gərək,

Ölümə ölüm gərək, qisasa qisas gərək,

Gərək səndən ötəri qala yıxım, bürc alım,

Xocalım, ay Xocalım!

Həyat şirin, yol çətin, ölüm ucuz, can baha,

Baş qaldırıb ağrılar, dözmür ürəklər daha.

Təslim olmaq yaraşmaz bu gün ağrıya, aha,

Yalvarmaq istəyirəm peyğəmbərə, Allaha,

Haqqımı qaytarmağa bir ömür də borc alım,

Xocalım, ay Xocalım!

Töküldülər üstünə quduz kimi, ac kimi,

Şumladılar yer kimi, qırdılar ağac kimi,

Dağıtdılar çöllərə əsir, yalavac kimi.

Səni qaldırammasam başım üstə tac kimi,

Tarixin yaddaşında çətin qalxım, ucalım,

Xocalım, ay Xocalım!

Bizdən ürək istədin, ürək vermədik sənə,

Bizdən kömək istədin, kömək vermədik sənə,

Bizdən qanad istədin, lələk vermədik sənə.

Aylarla su vermədik, çörək vermədik sənə,

Buraxdıq özbaşına əlimizdən cənnəti,

Sənsiz nəyimə gərək Məkkə görüm, Hac alım,

Xocalım, ay Xocalım!

Təzədən yandı xallar muğamın nəvasında,

Bayquşlar ötür bu gün bülbülün yuvasında.

Biqeyrət oğulların şan-şöhrət havasında,

Kəmfürsət övladların vəzifə davasında,

Harayına çatmağa tapılmadı macalım,

Xocalım, ay Xocalım!

Yerbəyer eləməmiş sevincimi, dərdimi,

Bir-birindən seçməmiş mərdimi, namərdimi,

Əjdahalar əlindən qurtarmamış yurdumu.

Tanrının qırmancına döndərməmiş ordumu.

Qoy gəlməsin ölümüm, qoy çatmasın əcəlim,

Xocalım, ay Xocalım!

Xocalım, ay Xocalım!!!

Image result for Xocalı

31 yanvar 1997

Sabir Rüstəmxanlı

Halımı sorma

Nəyi itirmişdim, nəyi qazandım,

Harda şaxta vurdu, harda qızındım?

Ömrün payızıdı,

Halımı sorma!

Bu da bir yazıdı,

Halımı sorma!

Vətənim yaralı, elim yaralı,

Ürəyim yaralı, əlim yaralı

Qaçqınam, köçkünəm -

Halımı sorma!

Sıx məni köksünə,

Halımı sorma!

Yarımçıq ürəklə - sevgimiz haram,

Mən belə səadət arzulamaram

Şəhidəm, itkinəm -

Halımı sorma!

Qisas gününəcən -

Halımı sorma!

Bəhmən Vətənoğlu

Darıxdım

Axşam da qəribdi, mən də qəribəm,

Nələr ürəyimdən keçdi darıxdım.

Zalım ayrılığın kamil ovçusu,

Ox atdı sinəmi deşdi, darıxdım.

Nə kövrək saatdı, nə kövrək andı,

Nəfəsim təngidi, ürəyim yandı.

Kəpəzdən bir əlçim bulud boylandı,

Xəyal uzaqlara uçdu, darıxdım.

Qoy yazım varağı, qalmasın ağı,

Kim çəkər həsrəti Bəhmənsayağı!

Çox da müqəddəsdir Gəncə torpağı,

Kəlbəcər yadıma düşdü, darıxdım.

Sücaət

Mən yaxşı bilirəm...

Mən yaxşı bilirəm qaçqınlıq nədir,

Mən yaxşı bilirəm "köç" nə deməkdir.

Doğma qardaşın da himayəsinə,

Sığınıb yaşamaq "heç nə" deməkdir.

Saxla qürurunu, get özün yaşa!

Çox da bel bağlama dosta, qardaşa.

Mən yaxşı bilirəm dildə "Düz başa -

Buyur" nə deməkdir, "keç" nə deməkdir.

İnsan göz dikibdi insan ətinə,

Dövran acıyarmı Sücaətinə?!

Mən yaxşı bilirəm: "Düşsən çətinə-

Utanma,yanıma qaç” - nə deməkdir.

Image result for Xocalı

Kərim Kərimli

Salam, Şuşam!

Salam, Şuşam, iki gözüm, əzizim!

Sürünüm yollarında mən dizin-dizin.

Sürtüm üz-gözümü “sürünçək” daşlarına,

Açım qollarımı gur sel yağışlarına,

Küləklərin oxşasın pərişan tellərimi,

Haraylayım, haylayım didərgin ellərimi.

Salam, Şuşam, mənim şəhdim, şəkərim!

Salam, Şuşam, mənim şəhid şəhərim!

Salam, Şuşam!

Oğulları qırılmış, kişiləri vurulmuş,

Od içində boğulmuş, qan içində yuyulmuş,

Buludları doluxmuş, çiçəkləri soluxmuş,

Körpələri qocalmış, qocaları yorulmuş,

Qananı “nadan” olmuş, nadanı “qanan” olmuş

Üfüqləri qaralmış, adamları saralmış,

Salam, Şuşam, tale ülkərim, salam!

Var ikən yox olan şəhərim, salam.

Salam Şuşam!

Xanimanı dağılmış, oy... yurdu yağmalanmış.

Sarayları sökülmüş, var-dövləti talanmış,

Min illik xəzinəsi tonqallara qalanmış,

Min cür böhtan, yalanla günahsız damğalanmış,

Uğrunda övlad qanı sellənmiş, laxtalanmış,

Ramizini itirmiş, çalın-çarpaz dağlanmış,

Salam, Şuşam, unudulmuş şəhərim!

Haqqına daş basılmış susdurulmuş şəhərim!

Salam, Şuşam!

Keçəydim yollarından elə payi-piyada,

İçəydim sularından min ləzzət dada-dada.

Qucaydım dağlarının başında buludları,

Görəydim mən ölməmiş o doğmaca yurdları.

Topa-topa daşlara lopa-lopa qar yağa,

Xizəkli körpələrin şütüsünlər sol-sağa.

Qarqar daşsın yaz ağzı, sellər, sular hayqırsın,

Şimşəklərin kişnəsin, qartalların qıy vursun.

Salam, Şuşam, basılmış basılmazım!

Gözgörəti satılmış basılmazım!

Salam, Şuşam!

Salam, Şuşam, siyasətin qurbanı!

Aman! Şuşam-xəyanətin qurbanı!?

Şuşasız bu ölkə Vətən deyilmiş,

Sənə bu dünyada da heç tən deyilmiş,

Gələcəm qoynuna dizlərim üstdə,

Ölsəm, Xarıbülbül məzarım üstdə,

Qalsam, bir daş kimi yonsunlar məni,

Uçuq divarına qoysunlar məni.

Salam Şuşam, iki gözüm, əzizim!

Sürünüm yollarında mən dizin-dizin...

Bakı 1993

Murad Köhnəqala

Ziyarət

Məkkəyə gedirsən ziyarətə

Cəhənnəmə,

gedirsən ziyarətə

Ziyarət ziyafət deyil

Ayağı aç

qarnı yalın

cocuq var nə qədər

zarafat deyil

Məkkəyə getmirsən

Sən məzhəkəyə gedirsən

Mənim ağzım əyilməz

Sənin ağlın əyilib

Səccadəyə qul olunca

Get bir yetimin saçını öp

Ərəbin daşını öpüncə

Xəritədə Laçını öp!

Image result for Xocalı

İlham Qəhrəman

Gedəcəm

Başımı götürüb çıxacam evdən,

O əsir dağları deyib gedəcəm.

Yoluma yeməyə çörək qoymayın,

Yol boyu həsrəti yeyib gedəcəm.

Gülün dəli üçün, havalı üçün,

Havalı başımın yığvalı üçün,

Birdən qayıtmadım - halallıq üçün,

Dədəmə, nənəmə dəyib gedəcəm.

Quşlar göy üzündə səf bağlasınlar,

İlham nələr çəkdi, hesablasınlar...

Deyin, ovçulara səhv salmasınlar,

Canavar dərisi geyib gedəcəm.

Şərif Ağayar

Humanizm

O dağın ətəyindəki kəndi görürsənmi

sakit və xoşbəxt həyatıyla

qibtə hissi doğurur adamda

evləri biri-birinin sobasına qızınacaq qədər yaxın

ağacları baş-başa verib pıçıldaşır küləklərin eşqinə

adamları mehriban

qızları gözəl

gəlinləri həyalı

itləri qonağa hürməz heç zaman

azan səsiylə oyanır o kənd

şəhadət kəlməsiylə yuxuya gedir

hücum etməli o kəndə!

kişilərini yerindəcə güllələməli

ağzı dualı qocalarını ağaclara sarıyıb yandırmalı

uşaqlarını dəmir borulara doldurub qaynaq etməli

hücum etməli o kəndə

qızlarını zorlamalı

saçından yapışıb sürüməli hamilə gəlinlərin

şişman qarınlarını nallı çəkmələrlə təpikləməli

süngüylə yırtıb çıxarmalı

canına yenicə qan hopmuş rüşeymləri

hücum etməli o kəndə

bağdakı itlərə belə aman verməməli

evlərin hamısına od vurmalı

dünyanın gözündən yayınıb

sakit bir guşədə şad-xürrəm yaşamağın

nə demək olduğunu anlatmalı onlara

darmadağın etməli o kəndi!

bir nəfər belə sağ buraxmamalı

…sağ buraxmamalı bir kimsəni

o kəndin acılarıyla yaşamağına qıymamalı

Image result for Xocalı

Zahir Əzəmət

Əsgər məktubu

sizə zəfər gətirəcəyik

bizə məktub yazın heç olmasa

sətirlərdən ürəyiniz boy versin

səbirlə dinləyin şikəst qayıdan

əsgər yoldaşlarımızın gecə sayıqlamalarını

üz çevirib getməyin uşaqlarımız dilənəndə

su verin

çörək verin!

atalarımıza siqaret

analarımıza ürək-dirək verin…

sizə zəfər gətirəcəyik

bizə barıt qoxusu dadmayan

səhər saxlayın

bir az günəş

bir az dəniz…

bir az da soyuq xırdalan pivəsi

şəxsən mənim üçün

və sevməyin ay əclaflar

bizi gözləyən qadınları...

Aqşin Yenisey

26 fevral 1992

Sudan keçərkən adamlar

Aldatmaq üçün düşməni

Kişiyə oxşadı su

Qadına oxşadı su

Qarışdı kişi və qadın sular

Su gözlü çocuqlar doğdu çay.

İlk dəfə deyildi ki,

Böyüklər kimi öldürülürdü çocuqlar

Balaca cənazələri

Böyüklərin cəsədləri arasında

Bir “və” bağlayıcısı

Dəhşət önündə

Səsə çevrildi çocuqlar

çocuq səsin, səs çölün içində gizləndi

Səs çölün balasıydı

Sonsuzdur səssiz çöl!

Çocuq qadının, səs çölün balasımı?

Balası...

Çocuq və səs

Görən hara getdilər bəs?

Çöl və qadın

Qan izinə üz tutub

Gəzər balalarını

Qan izi ümid yoludur.

Pərviz Axund

Hana quracaqdı anam

Hana quracaqdı anam

Bir qucaq yun əyirdi də

Yel döyürdü qapımızı

Biz köçüncə döyürdü də

Hər yerdə qıran-qırana...

Dağdan yol aldıq arana

İt hürdü bizim karvana

Arxamızca yüyürdü də!

Gözüm gördü bir qayanı

Yəqin qürbətdi o yanı

Atam bu əclaf dünyanı

Aradabir söyürdü də

Fələk, susursan niyə sən?

Çox şey bilirsən guya sən?

Xətrinə dəydim deyəsən,

Fikir vermə... şeirdi də...

Ramil Əhməd

Müharibədən sonra

Müharibədə ayağını, qolunu

itirmiş kişilərdən qorxub

qaçardıq həmişə...

Hərdən yuxuma girirdi

Qədim kişinin itkin əlləri,

tutub boğurdu məni.

Böyük uşaqlar ölümün

nə demək olduğunu bildiyindən

başa düşürdülər atalarının öldüyünü.

Analarından gizlədərdilər

küçədə döyüldüklərini.

Taxtadan tapança düzəldərdilər

atalarının qisasını almağa...

Canavarlar Qarabağda qaldı,

hərə əlində bir ovuc torpaq,

ağzında bir qurtum su,

ciyərlərində bir udum hava gətirdi ordan...

Sözlü qızlar sevgilərini

qaçaqaçda salıb itirdilər.

Hər şəhid bir ananın ümidiydi,

məryəm qızların toppuş

çocuqlarının atasıydı...

Hər evə böyüdülmüş

bir əsgər şəkli qaldı və...

qızlar bu şəkillərə baxıb doğdular...

Bu şəkil çocuqlar öz atalarının ögey balalarıydı...

Nə qonşulardan bir havar varıydı,

nə qohumlardan.

Neçə gündü tifilləri ac qalan

dul Sürəyya

pəncərə önündə çarmıxa çəkilmişdi,

yardım maşınını gözləyirdi...

Qurdlu ciyər,

qaralmış ət,

iylənmiş ürək satan qəssab Qulam

“Bu üç yetimi necə dolandırır,

bəlkə, ürəyini satır xəbərimiz yoxdu?”, – deyirdi...

Balaca qızcığaz

gizlənqaç oynayırdı ki,

gözlərini açanda atasını tapsın...

Sürəyya deyirdi:

“Boyu uzun buray qızım,

saçı uzun suray qızım,

üç gecə yatandan sonra atan gələcək”.

O üç gün gəlib çıxmadı –

qızcığaz saymağı bacarmırdı çünki...

# 3098 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #