Əcələ qaçan deputat və ya İsmət Qayıbovun sonuncu yemək sifarişi MÜSAHİBƏ

Əcələ qaçan deputat və ya İsmət Qayıbovun sonuncu yemək sifarişi MÜSAHİBƏ
20 noyabr 2013
# 15:26

Salman Alıoğlu 30 ilə yaxındır jurnalistika fəaliyyəti ilə məşğul olur. “Qarabağ”, “Ədalət” və başqa qəzetlərdə çalışıb. O, 1991-ci il 20 noyabr vertolyot qəzası zamanı hadisə yerində olmuş jurnalistlərdən olub. Kulis.Az Salman Alıoğlunun 20 noyabr hadisəsi ilə bağlı müsahibəni təqdim edir.

- Bildiyimizə görə Qarakənd faciəsi baş verməmişdən qabaq və sonra siz Ağdamda olmusunuz. Bu hadisənin şahidlərindən sayılırsınız. Necə xatırlayırsınız?

- 1991-ci ilin yay aylarından başlayaraq Dağlıq Qarabağda və ətraf rayonlarda bütün quru yolları bağlanmışdı. Ermənilər həmin yollara nəzarət edirdi. Həmin vaxt bölgədə fövqəladə vəziyyət və komendant saatı tətbiq olunmuşdu. Buna baxmayaraq ermənilər azərbaycanlılar yaşayan kəndlərə gedən yollarda terror aksiyaları həyata keçirir, pusqu qurur, maşınları, avtobusları gülləbaran edirdilər. Bölgədə çox çətin və ziddiyyətli vəziyyət yaranmışdı. İnsanlar fövqəladə vəziyyətə arxayın olsa da, ermənilər sabitliyi pozurdu. Yerli idarəetmə orqanları isə buna biganə idi. Kəndlər bir-bir işğal olunurdu.

1991-ci ilin noyabrın 18-də, Xocavəndin işğalından sonra bir qrup dövlət və hökumət nümayəndələri Ağdama gəldi. Ağdamda vəziyyət olduqca gərgin idi. Ağdamın mərkəzi meydanı məcburi köçkünlərlə dolmuşdu. Noyabrın 20-də səhər dövlət katibi Tofiq İsmayılovun rəhbərliyi ilə dövlət və hökumət nümayəndələri Ağdamda əhali ilə görüş keçirdi. Zal tamamilə dolu idi. Rəyasət heyətində Tofiq İsmayılov əyləşmişdi. Digər rəsmilər də zalda əyləşmişdi.

Mən o vaxt şəkillər çəkmişdim. Rəhmətlik Alı Mustafayev tribunaya söykənib dayanmışdı. İşğaldan, öldürülənlərdən, əsirlərdən danışdılar. Qarabağın komendantı Jinkin də ordaydı. Tofiq müəllim ona sual verdi ki, “Siz hərbi komendantsınız, bölgəyə cavabdehsiniz. İnsanlar isə erməni vəhşiliyindən danışır. Niyə tədbir görmürsünüz?“ Hərbi komendantla Tofiq İsmayılovun çox sərt söhbəti oldu. Xocavənd istiqamətində getmək qərarı həmin iclas zalında verildi. Qəfil qərar idi və əvvəlcədən belə qərar yox idi.

Tofiq İsmayılov şəxsi silahını çıxarıb Jinkinə dedi ki, əgər orda azərbaycanlılar öldürülürsə, talanırsa mən özüm sənin cəzanı verəcəyəm. Dramatik və gərgin vəziyyət idi. Təxminən bir saat, bir saat yarım iclas keçirildi.

- İclasda hansı qərar qəbul edildi?

- Qərar qəbul edildi ki, dövlət və hökumət nümayəndələri və komendantlığın əməkdaşları Xocavəndə uçsunlar. Rəhmətlik Osman Mirzəyev mətbuata elan elədi ki, jurnalistlər və müxbirlər də Ağdam aeroportuna gəlsin. Ağdamın prokuroru Zakir müəllim İsmət Qayıbova dedi ki, artıq nahar vaxtıdır, yemək yeyib sonra yola çıxın. İsmət Qayıbov da cavab verdi ki, artıq Tofiq müəllim aeroporta yola düşüb. Gecdir. Biz gələnə yaxşı bir Qarabağ plovu dəmlədərsən, yemək yeyib Bakıya yola düşərik. Aeroport Ağdam şəhərindən xeyli kənarda yerləşir. Biz düşüb maşınlara minəndə bir hərbi UAZ böyük sürətlə Stepanakertə (Xankəndi-red.) tərəf yola düşdü. Onların kim olduğunu müəyyənləşdirmək mümkün deyildi.

- Uçuş necə baş tutdu?

Mülkü vertolyot hazır idi. Rəsmilər minəndən sonra Osman Mirzəyev elan elədi ki, artıq yer yoxdur və jurnalistlər gedə bilməyəcək. Yalnız AZTV gedə bilər. Vertolyot yerdən bir metr qalxmışdı ki, bir UAZ özünü yetirdi. Çatanda gördük ki, bu SSRİ xalq deputatı Vaqif Cəfərovdur. Vertolyot artıq yerdən qalxdığı üçün köməkləşib Vaqif müəllimi vertolyota mindirdik. Deməli bir neçə dəqiqə geciksə Vaqif müəllim sağ qala bilərdi. Təxminən saat 4 radələrində mən eşitdim ki, vertolyot qəzaya uğrayıb.

Mən bunu komendantlıqda eşitdim. O vaxt gecələr fəaliyyət göstərmək üçün komendantlıqdan jurnalistlərə xüsusi vəsiqə verilirdi. Həmin vəsiqəni almağa gələndə gördüm ki, komendaturada gərgin vəziyyətdir. Dedilər ki, vəsiqə veriləsi vaxt deyil, vertolyot qəzaya uğrayıb.

Mən “Qarabağ” qəzetinin redaksiyasına gəldim və redaksiyanın maşını ilə Qarakənd istiqamətində yola düşdük. Mərzilini keçəndə hərbiçilər bizi saxladılar və o əraziyə heç kəsi buraxmadılar. Bir sutka bizi ərazidən uzaq saxladılar. Biz əraziyə gedəndə ruslar və ermənilər ərazidə ciddi təmizləmə işi aparmışdılar. Vertolyot yerə düşmüş və onlar vertolyotu yerdə yandırmışdılar. Vertolyotdan təxminən 500-600 metr məsafədə nazir müavini Qurban Namazəliyevin cəsədi vardı. 700-800 metrlikdə Osman Mirzəyevin cəsədi vardı. Mən o vaxt dediyim versiyada qalıram ki, onlar vertolyotu endirəndə içindəkilər sağ olublar.

- Bayaq qeyd etdiniz ki, Tofiq İsmayılov şəxsi tapançası ilə komendantı hədələdi. Hökumət və dövlət nümayəndələri arasında silahlı şəxslər var idimi?

- Səfərdən əvvəl İsmət Qayıbov və Məhəmməd Əsədov kürk geyinmişdi və mən onların kürkünün altında İsrail istehsalı olan avtomatları görmüşdüm.

Respublika Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Adil Ağayev kriminalist kimi və Ağdam prokuroru orda idi. Mən jurnalist kimi müşahidə etdim ki, vertolyotun bəzi yerlərində içəridən atılan güllə yerləri var. Orda Qazaxıstandan olan müşahidəçilər də vardı. Mənim versiyam belə idi ki, vertolyotun içində yüz faiz atışma olub. Ona görə ki, vertolyotun heyəti ruslar idi və ruslar ermənilərlə əlbir olub, hökumət və dövlət nümayəndələrini əsir ala bilərdi. Bu versiyanın üzərində hər zaman dayanıram. Çünki hadisə onlar gedərkən olub və vertolyotu yerdə yandırmışdılar. Cəsədlərin vertolyotdan xeyli uzağa düşməsi, vertolyotun yandırılması belə düşünməyə əsas verir. Nə silahlar, nə də cəsədlərin qolundakı saatlar yerində deyildi. Çox dəhşətli mənzərə idi. Bir sutkaya yaxın Azərbaycan tərəfindən heç kəsin əraziyə buraxılmaması çox müəmmalı məsələdir.

İkinci bir məsələ. Biz meyitləri tabutlara yerləşdirəndə vertolyotda olanlarla, tabutda olanların sayı düz gəlmədi. Təxminən üç-dörd cəsəd yox idi. Belə bir versiya var ki, vertolyotdakı ruslar öldürülməyib və ermənilər onları xilas edib.

- Ermənilərin terror edə biləcəyini öncədən hiss etmək mümkün idimi?

1991-ci ilin yayında Daxili İşlər nazirinin müavini Şahin Cahangirovla görüşəndə Şahin müəllim dedi ki, Goranboydan bir milis kapitanımız yaralanıb və girov düşüb. Mən onu azad etmək üçün danışıqlara gedirəm. Maraqlıdırsa, səni də aparım. Amma diktofonu da götür. Mən səni kapitanın qardaşı kim təqdim edəcəyəm.

Birlikdə Ağdərəyə getdik. Erməni tərəfdən xeyli insan gəlmişdi və hər kolun arxasından bizə bir avtomat tuşlanmışdı. Mənim kimliyimi soruşdular. Dedik ki, girov kapitanın qardaşıyam. Bu vaxt bir erməni yaxınlaşdı mənə və qoluma girdi. Məlum oldu ki, bu sürücüdür və milis kapitanını yolda yaralı görüb və evinə gətirib. Həmin sürücünün də bir oğlu itkin düşüb. O bizim milis kapitanını müalicə etməyə cəhd etsə də ermənilər kapitanın qıçını kəsib. Mənə dedi ki, sənin qardaşın sağdır və mənim evimdədir. Amma qıçının birini kəsiblər. Sən mənim oğlumdan bir xəbər gətir, qardaşını verək. Həmin erməni ilə söhbətlər yazıldı. Erməni mənə dedi ki, sizin televiziya yaxşı şeylər demir. Sizin prokuror İsmət Qayıbov deyir ki, ermənilərin ciyərini çıxaracam. Bizə hədə-qorxu gəlir və bunlar yaxşı söhbətlər deyil. Geri qayıdanda mən söhbəti Şahin müəllimə danışdım və diktofon kasetini ona verdim.

Bu söhbət 1991-ci ilin yayında olmuşdu. Artıq ermənilərdə bizim dövlət adamlarına qarşı kin və nifrət vardı.

- Vertolyotu idarə edən rusların cəsədləri də yandırılmışdı?

- Təkrar vertolyot qəzasına qayıdaq. Bizə şəkil çəkməyə icazə verilmirdi. Güc-bəla, gizli yolla bir-iki şəkil çəkə bildik. Cəsədləri tabutlara qoyanda İsmət Qayıbovun, Məhəmməd Əsədovun meyitləri qohumları tərəfindən tanındı. Amma üç rusun meyitini mən görə bilmədim. Tabutlar hazırlanıb ünvana göndəriləndə, yenə rusların cəsədləri görünmədi. Amma Qazaxıstandan olan nümayəndələrin yandırılmış cəsədləri orda idi.

1991-ci ilin sentyabrında Yeltsin, Nazarbayev və Mütəllibov Ağdamdan Stepanakertə getdi. Mən də jurnalist kimi onlarla idim. Biz təşkilat komitəsinə getdik, ermənilər Mütəllibovu danışıqlara buraxmadılar. Ermənilər jurnalistlərə qarşı çox böyük vəhşilik etdilər. Bir türk jurnalisti oğurlamışdılar. Bizi isə döydülər. İki gün türk jurnalistinə görə danışıqlar getdi. Nadejda İsmayılova da təhqir olundu. Biz ordan Xocalıya, Ağdama qayıtmalı idik. Bizi BTR-lə Şuşaya apardılar və biz ordan Ağdama uçduq. Yeltsin və Nazarbayev bir saatdan sonra çıxdı və mitinqdə çıxış etdilər. Sonra mitinq dağıdıldı. Təximinən 50-60 min erməni mitinqə yığışmışdı. Bu görüşdən cəmi 5 ay sonra ermənilər bütün Dağlıq Qarabağı azərbaycanlılardan təmizlədilər.

- Necə oldu ki, fövqəladə vəziyyətə və komendant saatına baxmayaraq, gərginliyi nəzərə almayaraq bu qədər hökumət adamı Xocavəndə getməyə qərar verdi. Ümumiyyətlə bu qərar hansı şəraitdə verildi?

- Hökumət və dövlət nümayəndələri qərarlı şəkildə Ağdama gəlmişdilər. Onlar Dağlıq Qarabağdakı gərginliyə görə iclas keçirirdilər. Xocavəndə getmək qərarı da iclasda verildi. Artıq üç Azərbaycan kəndi işğal olunmuşdu və sonuncu Xocavənd idi. Qərara görə hərbiçilər də onlarla Xocavəndə getməli, oranın vəziyyəti ilə tanış olmalı idi. Maraqlı məqam budur ki, Xocavəndə niyə mülki vertolyot getməli idi? Niyə vertolyotu heç bir hərbi vertolyot müşayiət etmirdi? Bu beynəlxalq cinayətdir. Çünki orda Qazaxıstan nümayəndə heyəti də vardı. Bunu o vaxt araşdırmaq çox çətin idi.

- Sonrakı illərdə bu faciələrlə bağlı araşdırmalar apardınızmı?

Mən Qarakənd faciəsi ilə bağlı müxtəlif yazılar yazmışam. Hətta “Sonuncu şəkil” adlı bir yazı yazmışdım. Həmin heyətin son fotosunu biz çəkmişdik və “Qarabağ” qəzetində işıq üzü gördü. Sonralar vertolyotun “qara qutu”su Azərbaycana qaytarılmadı. Həmin dövrdə yaranan istintaq qrupu çox böyük fədakarlıqla materiallar toplamışdı. Çox təəssüf ki, heç kəsi həbs etmək olmadı. İstintaq qrupunun rəhbəri Adil Ağayev və istintaq qrupu cinayətin səbəbləri ilə bağlı çoxlu faktlar toplamışdılar. Həmin dövrdə kimlərsə bu hadisəni gizlətməyə cəhd edirdilər. Rəsmi məlumatda deyirdilər ki, vertolyot dağa dəyib və partlayıb. Mən inanıram ki, bu faciənin üstü açılacaq və cinayətkarlar cəzasını alacaq.

# 7212 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #