Almanların bombardmanı altında keçirilən Nizami yubileyi

Almanların bombardmanı altında keçirilən Nizami yubileyi
25 dekabr 2017
# 21:00

Kulis.az Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Nizami Gəncəvi işığının sehri” yazısını təqdim edir.

Bir əsərin tarixçəsi - LAYİHƏ

Haqqında söz açmaq istədiyimiz rəngkarlıq əsəri müasir dövrdə yaradılsa da duyulası bədii-tarixi əhəmiyyətə malikdir. Hazırda Bakıda – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində nümayiş olunan bu tablo “Nizami işığında” adlanır. Əlavə edək ki, əsər Bakıda yox, 1987-ci ildə uzaq indiki Sankt-Peterburqda (keçmiş Leninqrad) yaradılıb. Müəllifi də bir vaxtlar Rusiyanın “Şimal paytaxtı” ayamasını daşıyan bu şəhərdəki İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun rəngkarlıq şöbəsində təhsil alan Vaqif Ucataydır. O dövrdə gənc rəssamın “diplom işi olaraq Nizami işığında” adlı tablo yaratması təsadüfi deyildi...

Tarixdən məlumdur ki, Sovet hökuməti SSRİ məkanında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi haqda qərar qəbul etsə də, qəflətən İkinci Dünya Müharibəsinin başlanması onun keçirilməsini təxirə salmağa məcbur etmişdi. Nizamisevərlər yubileyin ertələnməsindən üzülsələr də, o vaxtlar Dövlət Ermitajının direktoru vəzifəsində çalışan İ.A.Orbeli hələ də tədbirin keçirlməsi arzusu ilə yaşayırmış. Odur ki, onun almanların bütün cəbhə boyu hücumunun gücləndiyi və sovet qoşunlarının geri çəkilməyə məcbur olduğu bir vaxtda, yəni, 1941-ci ilin sentyabrında yubileyin keçirilməsi arzusunu Leninqrad Vilayət Partiya Komitəsində ideoloji sahəyə rəhbərlik edən N.Tixonova bildirməsi ciddi etirazla qarşılanır. Belə ki, şəhər artıq avqustun 8-dən blokada şəraitində yaşayırdı. Odur ki, N.Tixonov muzey direktorunun təklifini Leninqrad Vilayət Partiya Komitəsinin katibi A.A.Jdanova çatdırmaqda tərəddüd edir. O, bildirir ki, Dövlət Ermitajının və Rus muzeyinin qiymətli eksponatlarının iki dəfə eşalonla Urala yola salındığı, üçüncünün isə bombardman təhlükəsi üzündən geri qayıtması qarşılığında mən hər gün bombalanan şəhərdə yubileyin keçirilməsini hansı üzlə A.A.Jdanova deyə bilərəm. İ.A.Orbeli isə geri çəkilmək istəmir, onu katiblə görüşdürməyi tələb edir. Üstəlik, N.Tixonova artıq cəbhədə olan və yubileydə iştirak etməsi nəzərdə tutulan 120 alimin siyahısını da verir və əlavə edir ki, onlar geri çağırılmalıdırlar. Bu böyük siyahı N.Tixonovu lap hövsələdən çıxarır və o, əsəbi halda bir alimin 1000 adi adam qiymətində olduğunu muzey direktoruna bir daha xatırladır. Bunun cavabında İ.A.Orbeli də bildirir ki, heç bir insan itkisi olmayacaq. Biz hər şeyi nəzərdə tutmuşuq, əsas ciddi məsələ tədbirin keçirilməsini almanlardan gizli saxlamaqdır. Almanlar dəqiq xalqdırlar, biz onların hava hücumuna nə vaxt başlayıb, nə vaxt qurtardıqları rejimi artıq bütün dəqiqliyi ilə müəyyənləşdirmişik. Biz tədbiri məhz həmin fasilə vaxtı keçirəcəyik. O, bütün bu fikirlərini çox inandırıcı şəkildə həm də A.A.Jdanova bildirəndən sonra katib nəhayət...təslim olur. Ehtimal etmək olar ki, o, bu addımı məsələni Moskva ilə razılaşdırandan sonra atıb. Çünki bu yubileyin ziyansız baş tutması qarşılığında müharibə ilə baş-başa qalan sovet xalqının mübariz ruhunun möhkəmləndirilməsində önəmli rol oynaya bilərdi. Odur ki, Leninqradda Nizami bayramının keçirilməsinə icazə verilir...

Yubiley oktyabrın 19-a təyin olunur. Almanlar saat 14-17 arasında hava hücumuna ara verdiklərindən tədbirin də məhz saat 14-də başlanması qərara alınır. Arxiv materiallarında yubileydə 95 nəfərin iştirak etdiyi qeyd olunub. Yubiley tədbiri də lap vaxtında, yəni, hava hücumunun başlanacağı vaxtdan azca əvvəl saat 16.50-də tamamlanıb. Səhəri isə bütün mərkəzi qəzetlər Leninqradda Nizaminin yubileyinin qeyd olunduğundan yazmışdı. Bu, heç şübhəsiz, mühasirə şəraitində yaşayan şəhər əhalisinin mənəvi qələbəsi idi...

Etiraf edək ki, Vaqif Ucatayın 1987-ci ildə diplom işi olaraq ərsəyə gətirdiyi “Nizami işığında” rəngkarlıq əsəri mənəviyyat tariximizin çox maraqlı səhifələrindən birini işıqlandırdığı üçün tamaşaçı üçün həmişə qalacağı birmənalıdır.

Hazırda Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində göstərilən bu tabloda Ermitajın “Məktəbli kabineti” kimi tanınan 160 kvadratmetrlik yerdə baş tutan yubiley mərasimi - elmi sessiya təsvir olunub. Başqa sözlə desək, Nizami dühasının işığına toplaşan Leninqradın elm adamları bir araya gətirilib. İri ölçülü tabloda (208x160 sm) yubiley təntənəsi əks olunsa da, bütünlükdə əsərdə müharibə ruhu, blokada ab-havası duyulur. Yeddi metrlik pəncərələrin müharibə şəraitinə uyğun örtülməsi, yeri gələndə onların qarşısını örtməli olan pərdələrin “döyüşə hazır vəziyyətdə açılışı və heç şübhəsiz, yubiley iştirakçılarının (onların əksəriyyəti cəbhədən geri çağırılmış ədəbiyyatşünas-alimlər idilər) hərbiləşmiş qiyafələri, az qala tamaşaçını rəssamın hansısa gizli yığıncağı görüntüyə aldığı qənaətinə gəlməyə məcbur edir. Heç şübhəsiz, bunu Vaqif Ucatayın baş verənləri yüksək sənətkarlıqla təsvir etməsi şərtləndirir.

Əlavə edək ki, əsər üzərində çalışarkən gənc rəssam həmin tarixi elmi sessiyanın sağ qalmış iştirakçıları ilə görüşmüş, onlardan tablonun təsirliliyinə kömək edə biləcək məsləhətlər almışdır. Məhz belə tövsiyələrin sayəsində o, kabinetdəki adamların yerlərini dəqiqləşdirmiş, bununla da məkanda baş verənlərin reallıqla təsvirinə nail olmuşdur. Onun tədbirdə istifadə olunan mebel nümunələrini və digər atributları tapıb təsvir etməsi də kompozisiyanın inandırıcılığına təsir göstərmişdir, desək, yanılmarıq. Qənaətimizcə, müəllifin həm vətənpərvərliyini nümayiş etdirən bu əsəri tarixi janrdan duyulası kasadlıq çəkən təsviri sənətimizə yaddaqalan töhfə saymaq olar...

Yeri gəlmişkən deyək ki, təhsil sonrası Bakıya dönən rəssam uzun illərdir ki, davamlı olaraq uzaq-yaxın tariximizi əks etdirən əsərlər yaratmaqdadır. Onun “Şərəfli insanlar”, “Sevda”(Azərbaycan toyu”), “Dədə Qorqud” və “Ədəbiyyatşünas-alim Əziz Şərifin portreti” kimi rəngkarlıq əsərlərini, eləcə də Qarabağ probleminə və onun ağrılarına həsr olunmuş 69 lövhədən ibarət “Bax! “Gör!” “Unutma” qrafik silsilənin adını çəkmək olar...

Mənbə: “Mədəniyyət” qəzeti

# 1312 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #